İnsanlara hürriyət, millətlərə istiqlal!

BAKI İLƏ TEHRAN ARASINDA GƏRGİNLİK PİK HƏDDƏ ÇATDI

11696 31.05.2012 09:51 Gündəm A A
Qeyd edək ki, İranın Azərbaycandakı səfiri Məhəmməd Baqir Bəhrami də ötən həftə məsləhətləşmələr üçün Tehrana çağırılıb və hələ də geri qayıtmayıb.
Onsuz da gərgin olan münasibətlərin tamamilə korlanması “Eurovision 2012" ərəfəsinə təsadüf etdi. İran rejimi ”Eurovision-2012" mahnı yarışmasının Bakıda keçirilməsinə etiraz olaraq Təbrizdəki Azərbaycan konsulluğunun qarşısında etiraz aksiyaları təşkil etmişdi.  Buna cavab olaraq Bakıda İran səfirliyinin qarşısında keçirilən aksiyada səslənən şüarları isə Tehran özünün dini müqəddəslərinə təhqir kimi qiymətləndirərək səfirini Bakıdan geri çağırıb. Müşahidəçilər şübhə etmir ki, Azərbaycanın İrandakı səfiri də son hadisələrlə əlaqədar Bakıya çağırılıb, sadəcə, rəsmi Bakı bunu açıqlamağa lüzum görmür.
Bu arada İranın ali dini lideri ayətullah Əli Xameneyinin nümayəndəsi Fərid Əsrinin Azərbaycana daxil olmasına icazə verilməməsi münasibətlərdəki gərginliyi növbəti dəfə təsdiqləyən faktordur. İranın Azərbaycandakı səfirliyindən bildirilib ki, Əsri mayın 28-də Bakıda hava limanından geri qaytarılıb. İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi Ramin Mehmanpərəst də mayın 29-da keçirdiyi mətbuat konfransında bu mövzuda suala cavabında deyib ki, “İran mümkün təxribat cəhdlərinə qarşı Azərbaycan rəsmilərinin təmkinlə rəftar etmələrini gözləyir”. İran rəsmisi ardınca rəsmi Bakıya sərt tonda mesaj da verib: “Azərbaycan Respublikası rəsmilərindən istəyirik ki, bu ölkədə baş vermiş son hadisələri diqqətlə araşdıraraq dini müqəddəslərə hörmətsizlik edənlərə qarşı tədbirlər görsünlər və regionun ictimai rəyində mövcud olan atmosferin bu hərəkətlər nəticəsində mənfiyə doğru dəyişməsinə imkan verməsinlər”.
İran mətbuatı da ənənəsinə sadiq qalaraq Azərbaycan dövlətinə qarşı təxribatlarını davam etdirir. Ölkənin rəsmi xəbər agentliyi İRİB (İslamic Republik of İran Broadcasting) Azərbaycan Xalq Cümhuriyyətinin İran ərazisində qurulduğunu iddia edib. Bu barədə materialda Azərbaycan Xalq Cümhuriyyətinin 1918-ci ildə guya İran ərazisində qurulduğu yazılıb. Bu barədə anspress.com məlumat yayıb. Məlumatda “rüsvayçı Gülüstan və Türkəmənçay müqavilələri əsasında İran ərazisindən qoparılmış yerlərdə qurulan dövlətin İstiqlaliyyət Bəyannaməsi və digər rəsmi dövlət sənədlərində rəsmi adı məhz ”Azərbaycan Cümhuriyyəti" qoyulub. İran dövləti isə bu adın qoyulmasına ciddi etiraz etməyib. Baxmayaraq ki, Azərbaycan ərazisi əsasən İranın tərkibində yerləşirdi və keçmişdə Araz çayının şimalındakı İrandan qoparılmış ərazi başqa adlarla adlanırdı", deyə qeyd edilir. İranın rəsmi xəbər agentliyinin iddialarının arxasında rəsmi Tehranın dayandığına şübhə yoxdur.
Bu arada isə Azərbaycan iki gənc şairin - Fərid Hüseyn və Şəhriyar Hacızadənin taleyinə aydınlıq gətirilməsi məqsədilə İrana 3-cü notanı göndərib. Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev bildirib ki, notalardan biri Azərbaycanın Tehrandakı səfirliyi, digərləri isə Azərbaycanın Təbrizdəki baş konsulluğu vasitəsilə göndərilib. Onun sözlərinə görə, İran Azərbaycan vətəndaşları olan iki şairin bu ölkəyə gəlməsini rəsmən təsdiqləməyib. Azərbaycan tərəfi bir neçə məktub göndərib, həmçinin İranın müvafiq dövlət qurumları ilə bir sıra görüşlər keçirib, lakin bu səylər hələlik nəticəsiz qalıb.
Politoloq Vəfa Quluzadə hesab edir ki, İran İslam Respublikası yaranan vaxtdan  - 1979-cu ildən keçən 33 il ərzində ABŞ-la bu ölkə arasında gərginlik var. Bu mənada Azərbaycanla İran arasında gərginlik nə qədər davam etsə də, sonda ciddi təhlükə gözlənilmir: “Buna görə çox da böyük narahat keçirməyə dəyməz. Fakt budur ki, Azərbaycanın bu gərginlikdə bir təqsiri yoxdur. Azərbaycan əvvəl İrana hansı münasibətdə idisə, o münasibətdə qalır, iqtisadi-siyasi əlaqələrini davam etdirir. Amma İran tərəfi Azərbaycanı təhqirə keçib. Təbii olaraq Bakıdan da müxtəlif strukturlar tərəfindən bu təhqirlərə cavab verilir. Ona görə də belə təsəvvür yaranır ki, İranla Azərbaycan müharibə səviyyəsindədir. Ancaq Azərbaycan-İran əlaqələri davam edəcək. Çünki hər iki ölkənin bir-birinə ehtiyacı var. Məsələn, İran Naxçıvana gedən yolu bağlamaq istədi. Amma az sonra açdı. Çünki bu yol İrana da sərf edir. Əks təqdirdə, Rusiyadan Azərbaycan vasitəsilə daşınan mallar İrana necə keçirilə bilərdi? Bu mənada Azərbaycanla İran qonşu, bir-birindən asılı dövlətdir. Odur ki, əlaqələrin ədəb-ərkan səviyyəsində olması, səddi aşmaması lazımdır”.
V.Quluzadə deyir ki, Azərbaycanın İrandan heç bir siyasi təmənnası olmadığı halda İranın təmənnası var: “İran Azərbaycana öz ideologiyasını açıq-aşkar surətdə eksport edir. İran Azərbaycanı dini dövlət qurmağa çağırır və İslam inqilabı ilə hədələyir. Azərbaycan öz müstəqilliyini və öz dövlət quruluşunu qorumalı, xaricdən başqa dövlət quruluşu eksportunun qarşısını almalıdır. İran da bundan əsəbiləşməməlidir. Tehran başa düşməlidir ki, Azərbaycan dünyəvi dövlətdir. Heydər Əliyevin vaxtında konstitusiya qəbul olunanda İran arzu etmişdi ki, orada ”Azərbaycan İslam dövlətidir" yazılsın. Ancaq onda biz bunu qəbul etmədik, İran da çox incidi. Bunun özü İranın bizdən nə istədiyini göstərən dəlildir. İran böyük dövlətdir və onun ideologiyasının Azərbaycana yayılmasının böyük təhlükəsi ola bilər". 
Politoloq indiki vəziyyətdən çıxış yolunu Avropaya sürətli inteqrasiyada və demokratiyanın bərqərar olunmasında görür: “Əgər Azərbaycanda demokratik ideologiya sürətlə yayılmasa, İran ideologiyası burada qalib gələcək. Sovet İttifaqı çökəndən sonra ölkəmizdə ideoloji vakuum əmələ gəldi. İndi Azərbaycan kapitalist ölkəsidir. Kapitalist ölkəsi rejimində olan ən qabaqcıl dövlətlər demokratik dövlətlərdir. Ona görə də Azərbaycan sürətlə demokratiyaya doğru getməlidir. Əks təqdirdə, Azərbaycan gəncləri bu vakuumu dini ideologiya ilə dolduracaqlar. Bunun qarşısını yalnız bir şey ala bilər - Azərbaycanda əsl, həqiqi, dünyəvi, demokratik dövlət qurularsa. İran nəyə görə ”Eurovision"a bu qədər sərt reaksiya verdi? Çünki “Eurovision” Qərbin, demokratik ölkələrin ideologiyasının tərənnümüdür, Azərbaycan da buna getdi. Bu mənada təkcə “Eurovision”la kifayətlənmək olmaz. Ölkədə bütün səviyyələrdə struktur dəyişikliklərinə, köklü islahatlara gedilməsi lazımdır. Götürdüyümüz öhdəliklərlə bağlı çox işlər görülsə də, bütün işlər görülməyib, əsas, köklü məsələlərə toxunulmayıb. Bizim müttəfiqlər də buna göz yumdular ki, hələlik Azərbaycan demokratiyasının texniki-iqtisadi bazası yaradılır. İndi bu texniki-iqtisadi baza var, neft kəmərindən külli miqdarda pullar da gəlir. Deməli, Azərbaycanda dəyişikliklərə hər cür imkan var. Ona görə gənclərimizə hər cür şərait yaratmalıyıq ki, başqa ideologiyaya üz tutmasınlar. Ya gərək biz İranın başqa formasına çevrilək, ya da demokratiya yolunu gedək. Əgər biz Qərbə möhkəm söykənməsək və Qərb dəyərlərini qəbul etməsək, İranın qarşısında tab gətirə bilməyəcəyik. O halda məcbur olacağıq ki, onların dəyərlərini qəbul edək. İndi Azərbaycan bu alternativin qarşısındadır".

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR