İnsanlara hürriyət, millətlərə istiqlal!

Bağlanan Laçın yolu deyil Klaar, Ağdam-Xankəndi yoludur!  

2930 19.07.2023 15:10 Yazarlar A A

Bir müddət əvvəl Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaarın Xankəndi yazması erməniləri və ermənisifətliləri möhkəm qəzəbləndirmişdi. Hətta Avropa Parlamentinin təhlükəsizlik və müdafiə məsələləri üzrə alt komitəsinin sədri, ermənipərəst Natali Lusui hirsindən “cilov gəmirirdi”.

Hərçənd başqa cür adlandırması absurd olardı. Amma bizi narahat edən digər məsələdir, məsələyə münasibətdir. Klaar “Bu səhər Xankəndi şəhərinə qazın verilişinin bərpa olunduğunu oxuyanda sevindim”-yazmışdı paylaşımında. Əcaib deyilmi? Yoxsa Avropa təmsilçisi sevinmək üçün bəhanə tapa bilmir bu aralar? Ümumiyyətlə, Avropanın aparıcı qurumunun rəsmisi niyə iş-gücünü atıb, Qarabağdakı bir ovuc erməninin qazının yanması, işığının kəsilib-kəsilməməsi, suyunun gəlməsi ilə məşğul olmalıdır? Niyə də? Yaxşı, Yasamal sakinlərini  qazla təmin edən magistralda qəza olanda Toivo Klaar niyə narahat olmur? Yasamalın əhalisi Qarabağdakından on dəfələrlə çoxdur axı...

Cənab Klaar bilmirmi Qarabağ ermənilərinə qazı Ermənistan verir, özü də qanunsuz şəkildə və artıq 30 ildən çoxdur! Azərbaycanın suveren ərazilərinə qeyri-qanuni şəkildə qaz, işıq, internet çəkilib! Heç bir ölkə buna yol verməzdi, Azərbaycan buna illərdir dözür. Amma nə vaxta kimi? Aİ rəsmisi Azərbaycan dövlətinin Qarabağ ermənilərinə normal vətəndaş kimi yanaşmasını, reinteqrasiya təşəbbüsünü, kommunikasiyalarla bağlı təkliflərini təqdir etməlidir, bunlara görə sevinməlidir, daha Ermənistandan qanunsuz verilən qaza görə “cuş”a gəlməməlidir. Axı, o, sıradan biri deyil, Avropa İttifaqının təmsilçisidir! Yaxşı, Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi olan Klaar Gürcüstanın ərazi bütövlüyünə qəsd edən abxaz, yaxud osetin separatçıların qazına, suyuna, işığına görə nə vaxtsa “toy libası” geyinib, qol qaldırıb oynayıbmı? Olmayıb və ola da bilməz! Çünki birmənalı şəkildə bəyan edirlər ki, onlar separatçıdırlar və Gürcüstanın ərazi bütövlüyünə Rusiya ilə birlikdə qəsd edənlərdirlər. Yaxşı, bəs, analoji münasibət niyə Azərbaycana münasibətdə sərgilənmir?

Rusiyanın mövqeyini başa düşürük, bu, yenilik deyil, 200 ildir çəkirik. Bəs, Avropa  niyə ikibaşlı oyunlar oynayır? Azərbaycan hətta Rusiyanın təzyiq və təhdidlərinə rəğmən, Brüsselin, həmçinin Vaşinqtonun təşəbbüslərinə dəyər verir, sülhün əldə olunması üçün addımlar atır. Amma hətta Paşinyanın Azərbaycanın 86,6 min kv.km-lik ərazi bütövlüyünü tanımasından, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin də eyni mövqeni ifadə etməsindən sonra ayrı-ayrı avropalı rəsmilərin Laçın yoluna, Azərbaycanın sərhəd-nəzarət məntəqəsinə burun soxmaq cəhdləri riyakarlıqdır, əbləhlikdir! Beynəlxalq Məhkəmə səviyyəsində Ermənistanın Laçın yolu və sərhəd qapımızla bağlı iddiası rədd edilib, məsələni yenidən müzakirəyə çıxarmaq cəhdi yolverilməzdir, həm də beynəlxalq hüququ ermənilərin ayağının altına tolazlamaq cəhdidir!

Toivo Klaar bu gün yenə də Laçın yolundan danışıb. Sadəcə təəssüflər olsun! Laçının Azərbaycan ərazisi olduğuna Afrika cəngəlliklərində belə, kimsə şübhə eləmir. Elə isə bu, nə müzakirə, nə zəhlətökənlik?! Sərhəddə qapı olmazmı? Bəlkə Ermənistanla Azərbaycan arasında Şengen viza sistemi tətbiq olunur, xəbərimiz yoxdur. Ev sahibinin qapısını açarlaması normal olduğu kimi, bir ölkənin sərhəd qapılarına nəzarət tətbiq etməsi, istədiyi vaxt açıb-bağlaması da tam normaldır, beynəlxalq hüquqa əsaslanır, bunu Klaar bilməyə bilməz...

Yaxud başqa bir məqam. Klaar deyib ki, Aİ “Dağlıq Qarabağ” əhalisinin hüquqlarını və təhlükəsizliyini təmin edəcək həll yolu üzərində işləyir ki, insanlar öz evlərində özlərini təhlükəsiz hiss edə bilsinlər. Əvvəla, “Dağlıq Qarabağ” yoxdur! Qarabağ İqtisadi Rayonu var! Həmçinin buradakı əhali yalnız ermənilərdən ibarət olmayıb! Elə isə niyə azərbaycanlılardan bəhs etmir Klaar?!

“Biz Dağlıq Qarabağ əhalisinin hüquqlarını və təhlükəsizliyini təmin edəcək həll yolu üzərində işləyirik ki, insanlar öz evlərində özlərini təhlükəsiz hiss edə bilsinlər. Biz Stepanakertlə Bakı arasında dialoq qurmağa çalışırıq. Düşünürəm ki, hamı bunu həll yollarının axtarışında mühüm element hesab edir”, - deyən Klaar bu fikirlərində nə qədər yanlışlıqlar etdiyinin fərqindədirmi, görəsən? Ermənilər necə qorxudublarsa, daha Xankəndi yazmağa da cürət etməyib...

“Laçın dəhlizi açılmalı, Ağdamdan keçən yol Laçın dəhlizinə əlavə olmalıdır”-kimi əcaib mövqe sahibi xəritəyə baxsın heç olmasa. Laçın yolu hara, Ağdam hara...

Bu gün müzakirə mövzusu Qarabağdakı terrorçu-separatçı dəstələrin Azərbaycanın humanist mövqeyinə qarşı çıxmalarıdır. Hətta Mişel səviyyəsində Bakının Ağdam-Xankəndi yolunun açılması barədə təşəbbüsü dəstəkləndi. Amma nə baş verdi? Klaar baxsın, “təhlükəsizliyini” göz bəbəyi kimi qoruduğu erməni terrorçu dəstələrinin Əsgəranda qurduqları posta! Separatçı-terrorçu dəstələr beton piltələr düzüb yola, aksiya keçrirlər! Bu gün kəsilən yol Laçında deyil, Klaar Əsgərandadır! Erməni quldurlar Azərbaycanın humanitar yüklərin çatdırılması marşrutunu qapatdılar, bunun cavabı nə olmalıdır, bilirsinizmi, beynəlxalq “vasitəçilər”və “vasitəsizlər”?! Bilirsinizsə, deyin, mövqeyinizi açıqlayın! Bilməyənlərsə bizim daxili işlərimizə qoşulmasın, getsin klarnetini çalsın!

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR