İnsanlara hürriyət, millətlərə istiqlal!

“Azərbaycanlıların məzarlarının dağıdılması sülhə ermənisayaq hazırlıqdır” -Millət vəkili

1180 18.10.2022 10:20 Gündəm A A

“ATƏT-in İnsan Hüquqları Bürosu başda olmaqla, beynəlxalq təşkilatlar bu məsələyə münasibət bildirməlidir”

Ermənilər vandalizm aktları törətməyə davam edirlər. Sosial şəbəkələrdə ermənilərin azərbaycanlılara məxsus qəbiristanlığı dağıtdıqlarının görüntüləri yayılıb. Görüntülərdə bir erməninin qəbirlərin yanında dayanıb video çəkdiyi, digərinin isə yük maşını ilə başdaşılarını vurub aşırdığı görünür. Çox güman ki, onlar bu daşları satmaq üçün aparırlar. Hər bir halda videodan erməni vandallığı açıq-aşkar görünür.

Ermənilər 30 il işğalda saxladıqları torpaqlarımızın altını üstünə çevirib, insanlığa sığmayan davranış sərgiləyib, bu davranışlarını da yaxşı bir əməlmiş kimi çəkib yayıblar. Ümid edirik ki, Azərbaycanın haqlı mübarizəsinə müxtəlif don geyindirən bəzi dövlətlər, Qərbin müxtəlif qurumları və eləcə də son zamanlar canfəşanlıq edən Makron bu vandallığa qarşı susmayacaqlar. Doğrudur, onlar bundan da böyük halları görməzdən gəliblər. Ancaq güman edək ki, bu dəfə fərqli olacaq. Onu da qeyd edək ki, ekspertlər artıq görüntülərin çəkildiyi ərazini də müəyyənləşdiriblər. Qəbirlərin Ermənistanın Vardenis (Basarkeçər) rayonunun Çaxırlı kəndinə məxsus olduğu bildirilib.

hikmet.jpg (238 KB)

Hikmət Babaoğlu 

Millət vəkili Hikmət Babaoğlu “Yeni Müsavat”a bildirdi ki, Xankəndi yaxınlığında azərbaycanlılara məxsus olan məzarlığın vəhşicəsinə dağıdılması ermənisayaq sülhə hazırlıqdır: “Bu, 30 ildir davam edən erməni vandalizminin yeni mərhələsidir. Sosial media istifadəçiləri bu hadisəyə reaksiya verməlidirlər. ATƏT-in İnsan Hüquqları Bürosu başda olmaqla, beynəlxalq təşkilatlar bu məsələyə münasibət bildirməlidir. Hər fürsətdə Azərbaycanla eyni məzhəbi bölüşdüyünü dilə gətirən, Azərbaycana qarşı güc nümayiş etdirməyə çalışan İrandakı bəzi dairələr buna reaksiya verməlidirlər. Necə olur ki, sizin məzhəbdaşınız, dindaşınız olan  müsəlmanların mədəni abidələri  dağıdılır, reaksiya vermirsiniz, ancaq Azərbaycan sivil əməkdaşlıq etmək istəyəndə, Zəngəzur dəhlizinin açılması ilə İranın da istifadə edə biləcəyi kommunikasiyaları bərpa etmək istəyəndə siz  bunu "qırmızı xətt" adlandırırsınız? Düşünürəm ki, müsəlman ölkəsi üçün əsl qırmızı xətt bu olmalıdır, çünki müsəlman mənəviyyatına təcavüz edilir. Ona görə də İrandakı bəzi dairələr səssiz qalmamalıdırlar. 30 il ümid etdik ki, dağıdılan məscidlərimizə, tarixi abidələrimizə, müsəlman mədəniyyətinə qonşu İranın radikal etirazı olacaq, lakin biz bunu görmədik. Hesab edirəm ki, yenə də eyni münasibəti göstərəcəklər. Əslində İrandakı bəzi dairələr orada yaşayan müsəlmanlara bunun hesabatını verməlidirlər ki, nəyə görə müsəlman ölkənin ərazisini işğal edən barbar, terrorçu  ölkəni hər fürsətdə müdafiə edirlər, mənəvi terrora isə biganə qalırlar?"

Ombudsman Səbinə Əliyeva ermənilərin azərbaycanlıların qəbirlərini dağıtması ilə bağlı beynəlxalq təşkilatlara müraciət edib: “Sosial şəbəkələrdə Ermənistan hərbi-siyasi rəhbərliyinin uzun illər ərzində azərbaycanlılara qarşı formalaşdırdığı etnik nifrət siyasətinin nəticələrini özündə əks etdirən növbəti video yayılıb. Həmin videodan ermənilər tərəfindən Azərbaycanın Qarabağ iqtisadi rayonunda yerləşən Xankəndi şəhərində dəfn olunmuş azərbaycanlılara məxsus qəbirüstü abidələrin vandalcasına dağıdıldığı, həmçinin bu əməllərin qəsdən və nifrət zəminində həyata keçirildiyi məlum olur.

Ombudsman Səbinə Əliyeva dünya ictimaiyyətinə müraciət edib

Səbinə Əliyeva

Xatırlatmaq istərdik ki, Ermənistanın işğalı dövründə Füzuli, Zəngilan, Ağdam rayonlarında dağıdılaraq təhqir edilmiş qəbiristanlıqlarla bağlı Azərbaycan Ombudsmanı tərəfindən həyata keçirilmiş faktaraşdırıcı missiyanın nəticəsi olaraq cari ildə hazırlanmış və dünya ictimaiyyətinin diqqətinə çatdırılmış hesabatda azərbaycanlılara məxsus məzar daşlarının kütləvi şəkildə dağıdılması, qəbirlərdən kəllə sümüklərinin çıxarılması və qızıl dişlərin götürülməsi kimi faktlar qeyd olunmuşdu. Təəssüf ki, 30 ilə yaxın müddət ərzində beynəlxalq hüquq, o cümlədən beynəlxalq humanitar hüquq normalarını pozaraq bu kimi çoxsaylı müharibə cinayətlərini törətmiş şəxslərə qarşı hər hansı hüquqi məsuliyyət tədbirlərinin görülməməsi bu günə qədər bu kimi insanlığa sığmayan, dini etiqad azadlığının kobud şəkildə pozulmasına səbəb olan, nifrət dolu cinayətkar əməllərin davamlı olaraq törədilməsinə və ictimailəşdirilməsinə şərait yaradıb.

Ermənistanın beynəlxalq səviyyədə Azərbaycanla bağlı yanlış fikir formalaşdırmağa hesablanmış addımlarının son zamanlar daha geniş vüsət aldığını nəzərə alaraq, beynəlxalq təşkilatları və bütövlükdə dünya ictimaiyyətini bu cür vandalizm hallarına biganə qalmamağa, milli-dini ədavəti qızışdıran təxribatçı əməllərin törədilməsinə rəvac verməklə regionda ədalətli sülhün və təhlükəsizliyin təmin olunmasına maneə yaradan, məhz etnik mənsubiyyətinə görə azərbaycanlıları hədəfə alan Ermənistanın nifrət siyasətindən əl çəkməsi üçün təsirli tədbirlər görməyə çağırırıq".

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR