İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanlılar evlərini niyə sığortalamır? - bahadır, yoxsa...

1194 12.05.2022 08:20 İqtisadiyyat A A

Ekspert: “Azərbaycanda evlərin sığortalanması məcburi olsa da, sənədləşmə işləri yubadılır”

Dünya təcrübəsində biznes obyektləri ilə yanaşı, fərdi evlərin, çoxmərtəbəli binalarda mənzillərin sığortalanması təcrübəsi var. Məsələn, insanlar avtomobillərini qəza zamanı dəyən ziyanın  ödənməsi məqsədi ilə icbari və kasko sığorta etdirirlər.

Təcrübə göstərir ki, mənzillərə dəyən ziyanın - yanğın hadisəsi, qonşunun evinə su axıdılması, partlayış və digər hadisələr zamanı yanaşı mənzillərə də zərər vurulması və s. - ödənməsi üçün sığorta etdirmək ənənəsi ölkəmizdə formalaşmayıb. Düzdür, könüllü olaraq mənzilini sığorta etdirən müəyyən faiz adamlar var. Ancaq bu, cəmi 2-3 faizdən o yana keçmir. Dünyada isə insanlar kütləvi şəkildə mənzillərini icbari və kasko sığorta etdirir.

Bəs Azərbaycan vətəndaşları buna niyə maraq göstərmir? Hər hansı hadisə baş verən zaman çıxılmaz vəziyyətdə qalır, dövlətdən yardım istəyir. Hansı ki, sığorta olduqda ona dəyən ziyan avtomatik olaraq ödənə bilər. Maraqlıdır, niyə azərbaycanlılar evlərini sığorta etdirməkdə maraqlı deyil? Bu, sığortanın baha olması ilə əlaqədardır, yoxsa mexanizm çətindir?

İlkin ipoteka ödənişini az qoymaqla müştərini cəlb edirlər və aldadırlar...

Elnur Fərzəliyev 

Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev mövzu ilə bağlı “Yeni Müsavat”a bunları şərh etdi: “Biz digər ölkələrin təcrübəsinə və Azərbaycanın təcrübəsinə baxsaq, avtomobil sahəsində sığorta çox güclü inkişaf etsə də, bu inkişafa səbəb məcburiyyətdir. Lakin daşınmaz əmlakların sığortalanmasında insanların maraqları yoxdur. Yalnız alqı-satqı zamanı bir vətəndaş evini digər vətəndaşa satırsa,  notariusda məcburi icbari sığortalanır. Yəni 50 manat dəyərində sığortalanır. Hər hansı bir təbii fəlakət baş verən zaman o fəlakətin qarşılığını, dəymiş zərəri dövlət ödəyir. Lakin bu başqa ölkələrdə belə deyil. Mənzillər sığortalanıbsa, dəymiş zərərlər sığorta şirkətləri tərəfindən ödənilir. Zəlzələlər, yanğınlar, digər təbii fəlakətlər zamanı dəymiş zərər sığorta şirkətləri tərəfindən qarşılanır. Sığortanın özünün müəyyən qaydaları var ki, sığortalanan əmlakın mütləq şəkildə mülkiyyət hüququ tanınmalıdır. Vətəndaşa məxsus olduğu dövlət tərəfindən qəbul olunmalıdır. Yəni çıxarış verilməlidir. Bu gün digər tərəfdən baxsaq, ölkəmizdə yüz minlərlə çıxarışı olmayan fərdi həyət evləri var, yaxud yeni tikilən evlərdə çıxarışı olmayan evlər var ki, onlar istəsələr belə, evlərini sığortalaya bilmirlər. Lakin başqa bir tərəfdən də sığortalana bilən mənzillər də sığortalanmırlar. Daha çox böyük şəhərlərdə, xüsusən Bakıda mənzillərin böyük bir hissəsi kirayə verilir ki, belə mənzillərdə də daha çox problemlər yaşayır. Qonşunun evini su basması, yanğın hadisələri, təmirin bərbad vəziyyətə düşməsi kimi hallarda kirayənişinlə kirayə verən arasında münaqişələr, məhkəmə çəkişmələri baş verib. Lakin mənzillər sığortalanarsa, təbii ki, dəymiş zərər mütləq şəkildə sığorta şirkəti tərəfindən qarşılanır. Paytaxt Bakıda 50 manatın qarşılığında 25 min manata qədər sığorta şirkəti dəymiş zərəri qarşılaya bilir. Digər sığortalar da var, mənzilin təmiri sığortası, ümumi sığorta, onların qiyməti təqribən 200-250 manata qədər dəyişə bilir. Təbii ki, bir əmlakın dəyəri 100 minlərlə manatla ölçülürsə, vətəndaş bu qədər sərmayəni yatırıb mənzil alırsa, o pulun qarşılığında 100-200 manatlıq sığortanın pulu çox cüzidir, yalnız ildə bir dəfə ödənilir. Vətəndaşlarda bu sahəyə maraq azdır. Maraq ona görə azdır ki, maarifləndirmə işləri azdır. Vətəndaşlar yüksək qiymətə əmlak alırlar, amma onu sığortalamırlar. Bu baxımdan daşınmaz əmlaklara çıxarışların verilməsi təmin olunmalıdır. Sığortalar mütləq şəkildə məcburi olmalıdır. Ən azından icbari sığortanın qiyməti illik 50 manatdırsa, o, vətəndaşlar tərəfindən sığortalanmalıdır. Bu gün Azərbaycanın müxtəlif bölgələrində subasma halları baş verir, daşqınlar, sellər nəticəsində vətəndaşların evlərinə külli miqdarda zərər dəyir. Bu zərər aidiyyəti dövlət qurumları tərəfindən qarşılanır, sığortalar olsa, sığorta şirkətləri tərəfindən qarşılana bilər”.

Ekspert əlavə dib ki, bu sahədə əsas problem kirayə mənzillərlə bağlı yaranır: “Dəfələrlə şahidi olmuşam ki, bir mənzil kirayə verilib, kirayədə qalanlar tərəfindən evə ciddi zərər dəyib. Hətta yanğın hadisələri də olub. Burada məhkəmə çəkişməsi olsa belə, bir ortaq məxrəcə gələ bilməyiblər. Çünki  kirayənişinlə kirayə verən arasında rəsmi notarial müqavilə olmadığına görə, aralarında öhdəlik olmadığına görə bu problemlər öz həllini tapa bilməyib. Həm də əsas məsələ evin sığortası olmadığına görə bu cür problemlər yaşanır. Sığorta olarsa, belə çəkişmələr də olmaz.  Hansısa hadisə zamanı sığorta şirkəti dəymiş zərəri qarşılayır”.

Sığorta agentlərinin fəaliyyəti (İlkin İbrahimov) - ARB 24 (Sığorta vaxtı)  - YouTube

İlkin İbrahimov 

Sığorta üzrə ekspert İlkin İbrahimov da mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini bildirdi: “Dünyada daşınmaz əmlakın sığortası könüllü şəkildə həyata keçirilir. Demək olar ki, əksər Avropa ölkəsində, Amerikada belədir. Türkiyədə zəlzələ ilə bağlı icbari sığorta tətbiq edilir. Hazırkı dövrdə bizim ölkədə də daşınmaz əmlakın icbari sığortası məcburi qaydadadır. Niyə məcburi qaydadadır? Hökumət əvvəlki illərin təcrübəsində gördü ki, dövlət büdcəsindən əlavə vəsaitlər sərf olunur. Zəlzələ ilə bağlı, Kür daşqınları ilə bağlı sürüşmələr olurdu. Şəki, İsmayıllı bölgələrində tez-tez sürüşmələr olurdu və sairə. Dövlət büdcəsindən zaman-zaman bu kimi arzu olunmayan hadisələrlə bağlı ödənişlər edilirdi. O səbəbdən də daşınmaz əmlakın icbari sığortası 2011-ci ildən tətbiq edilməyə başlayıb. Bu məsələ ilə bağlı ictimaiyyətə açıqlama verilirdi. Daşınmaz əmlakın icbari sığortası nədir? Adından da göründüyü kimi, icbari, yəni məcburi xarakter daşıyır. Bu o deməkdir ki, dövlət inzibati amillərini nəzərə alaraq, yumşaq desək, məcbur edir ki, öz əmlaklarınızı sığortalayın. Bəs əmlak sığortalanmasa, necə olacaq?  İnzibati Xətalar Məcəlləsində 469-cu maddə var, daşınmaz əmlakı sığorta etməməyə görə bununla bağlı inzibati xəta müəyyən olunub. Yəni cərimə tətbiq olunmalıdır. Amma burada protokol imzalanma və digər məsələlərlə bağlı icraedici orqan icra hakimiyyəti orqanları olmalıdır. Yəni hüquqi şəxslərin daşınmaz əmlaklarına Fövqəladə Hallar Nazirliyi, fiziki şəxslərə isə icra hakimiyyəti orqanları nəzarət edir. Amma icra hakimiyyətlərində protokolların tərtib olunma forması yoxdur. Bu olmadığına görə, notarial formada alqı-satqı edilir, burada vətəndaşa bildirilir ki, sığorta ödənilməsə, alqı-satqı edilməyəcək. Vətəndaşlar arasında bununla bağlı çox böyük maarifləndirmə işləri aparılmalıdır. Bu sığorta növünün məbləği 30-50 manat arasında dəyişir. Bakı şəhəri üçün 50 manat sığorta haqqı tutulur, halbuki bu məbləğ bir günə heç 10 qəpik də etmir. Təsəvvür edin, buna görə siz 25 min məbləğində sığorta kompensasiyası ala bilərsiniz. Naxçıvan MR, Sumqayıt, Gəncə şəhərlərində bu məbləğ 40 manat müəyyən olunub. Müvafiq olaraq 20 min manat da sığorta kompensasiyası verilə bilər. Digər bizim bölgələrimizdə bu 30 manat müəyyən olunub. 3 min manat da sığorta kompensasiyası nəzərdə tutulur. 30-50 manat verməklə il ərzində əmlakı yanğından, zəlzələdən, təbii fəlakətlərdən sığortalamaq olar. Qısaqapanma nəticəsində yanğın baş verərsə, qaz partlayışı baş verərsə, bununla bağlı sığorta kompensasiyası almaq olar. Nəyə görə vətəndaşlar bunu etmək istəmir? Burada əsas problem sığorta ödənişləri ilə bağlıdır. Sığorta hadisəsi baş verəndə sənəd yığmaq məsələsi problemə çevrilib. Sığorta şirkətləri vətəndaşlardan çoxlu arayışlar tələb edirlər. Sığorta şirkətləri “İcbari sığorta haqqında” Qanunun 17-ci maddəsinə əsasən, bu sənədləri istəyə bilər. İstəyəndə də o hüquqdan da istifadə edir, o sorğu da gələnə kimi aylar keçir. Ona görə də belə problemlər yaşanır, vətəndaşlar əmlaklarını sığorta etdirmək istəmirlər. Nəzarətedici orqan bu məsələ ilə bağlı çox iş görməlidir”.

İ. Əhmədov onu da əlavə edib ki, sığorta əsasən çıxarışı olan evlərə tətbiq edilir: “Qayda belədir ki, kimin ”kupça"sı varsa, sığorta etdirmək daha asan olur. Yeni tikililərdə evin çıxarışı olmasa belə, sığorta etdirə bilərlər. Ona görə ki, yeni tikililərin ilkin olaraq vahid çıxarışı olur. Tikintisi başa çatdıqdan sonra həmin çıxarış bölünərək fərdi şəxslərə verilir. Sökülməsi planlaşdırılan evlərə də şamil edilmir. Bu evlərin sığortalanması mülkü məcəllə ilə qadağandır. Fərdi evlər var ki, onların da sənədləri yoxdur, bu evlər riskli hesab edilir".

Afaq MİRAYİQ,
“Yeni Müsavat” 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR