Rusiyanın Ural bölgəsindəki Azərbaycan diasporunun keçmiş rəhbəri Vidadi Mustafayev barəsində cinayət işi Yekaterinburqun Leninski rayon məhkəməsinə göndərilib.
Lent.az yerli mediaya istinadla bildirir ki, ona qarşı dələduzluğun üç epizodu üzrə ittiham irəli sürülüb.
İttihamlardan biri “Porsche” markalı avtomobilin alınması ilə bağlıdır. İddialardan birinə əsasən, Vidadi Mustafayev tanışı olan Azərbaycan vətəndaşı Novruz Sadatovdan aldığı avtomobilin pulunu ödəməyib.
Digər versiyaya görə isə o, diaspor rəhbərinin müavini vəzifəsinin verilməsi vədi qarşılığında avtomobili və əlavə olaraq 1 milyon rubl alıb, lakin verdiyi vədi yerinə yetirməyib. Daha sonra pulu və avtomobili qaytarmaqdan imtina etdiyinə görə Novruz Sadatov hüquq-mühafizə orqanlarına müraciət edib.
Vidadi Mustafayev barəsində həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəmə iclasında bildirilib ki, “Porsche” markalı avtomobil artıq müsadirə olunub.
Mustafayev saxlanıldığı vaxt özünü təqsirli bilməyib və ona qarşı irəli sürülən ittihamların böhtan olduğunu iddia edib.
“Mənim fəaliyyətimin cinayətkarlıqla əlaqəsi yoxdur, mən bandit deyiləm”, – deyə o, məhkəmədə bildirib.






