İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanın neft-qaz ehtiyatlarının həcmi nə qədərdir?

İlham Şaban: “4 milyard ton neft ehtiyatı həddindən artıq böyük rəqəmdir”

Bu gün bir sıra internet saytlarında SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadəyə istinadla Azərbaycanda sübut edilmiş 4 milyard ton neft və 6 trilyon kubmetr qaz ehtiyatları olduğu barədə məlumat yayılıb. O, bu barədə hakim Yeni Azərbaycan Partiyasının ofisində energetika problemlərinə həsr olunmuş konfransda çıxış edərkən bildirib. Sensasiya doğuran bu məlumat ekspertlərin təəccübünə səbəb olub, onlar Yusifzadənin sözlərini təkzib ediblər. Bu fikri contact.az saytına açıqlamasında izah edən X. Yusifzadə bildirib ki, Azərbaycanda təsdiq edilmiş neft ehtiyatları 1,45 mlrd. ton təşkil edir. Daha 2 mlrd. ton kondensat neft proqnozlaşdırılan, hələ sübut edilməmiş ehtiyatlardır.  3,5 mlrd. elə təxminən 4 mlrd.-dır.

Qaza gəlincə, ölkənin sübut edilmiş ehtiyatları 2,6 trln. kubmetr təşkil edir, 3,3 trln. da proqnozlaşdırılan ehtiyatlardır, deyə o qeyd edib. 

Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban isə “Yeni Müsavat”a açıqlamasında bildirib ki, Azərbaycanda yeni neft yatağı açılmayıb: “Ölkədə sonuncu neft yatağı ”Azəri-Çiraq-Günəşli" yatağıdır, 1987-ci ildə tapılıb. Ondan sonra yeni neft yatağının açılmasına dair hansısa məlumat yoxdur.  Ancaq qaz yataqları ilə bağlı kondensant yatağı açılıb. Bizdə sonuncu  qaz yatağı  2013-cü ilin avqust ayında “Bulla”da 6 min metrlikdə yeni məhsuldar lay açıldı, qaz və kondensant istehsal olundu. Ondan başqa yeni qiymətləndirmə quyuları qazılıb, “Abşeron”da tapılan  ehtiyatlar təsdiqlənib. Bu ehtiyatların artımı ilə bağlı da bir məlumat yoxdur. Ona görə də 4 milyard ton neft ehtiyatı həddindən artıq böyük rəqəmdir".

İlham Şabanın sözlərinə görə, geoloqlar müxtəlif kateqoriyalara görə ehtiyatları qiymətləndirirlər və ən real ehtiyat çıxarıla biləcək kəşfiyyat quyuları ilə qazılmış, təsdiq edilmiş ehtiyatlardır: “Bu günə qədər Azərbaycanda üç  böyük qaz yatağı olub. Bunlar ”Şahdəniz", “Abşeron” və “Ümid” yataqlarıdır. Onların ümumilikdə təsdiq edilmiş çıxarıla biləcək ehtiyatı 1,5 trilyon kubmetrdən çoxdur. Kəşfiyyat quyuları qazıldıqca yerdə qalan hissə də öz təsdiqini tapacaq".

Nərgiz LİFTİYEVA,
“Yeni Müsavat”

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Oktyabr 2019

22 Oktyabr 2019

BÜTÜN XƏBƏRLƏR