Macarıstan da daxil olmaqla, Avropa İttifaqına üzv 27 dövlət Ermənistana Avropa Sülh Fondundan 20 milyon avro yardım ayrılmasını təsdiqləyib. Qərar Aİ Şurasının iclasında qəbul edilib.
Musavat.com xatırladır ki, Ermənistan fonda yardım üçün müraciət etsə də, Budapeşt onu bloklamışdı. Daha sonra Macarıstan Avropa Sülh Fondu çərçivəsində Ermənistana vəsait ayrılmasına razılıq verib.
Bu isə “Azərbaycanın dostu olan Macarıstan nə üçün mövqeyini dəyişdi, rəsmi Bakı Macarıstandan özü vetonu götürməyi xahiş edə bilərdimi” kimi sualları aktuallaşdırıb.

Siyasi şərhçi Aydın Quliyev Musavat.com-a bildirib ki, Macarıstan uzun müddət Ermənistana Avropa Sülh Fondundan yardım ayrılmasını bloklayan yeganə ölkə idi: “Bu bloklama təsadüfi deyildi və üç əsas səbəbi vardı. Azərbaycanla strateji-siyasi münasibətlər, enerji, nəqliyyat, Türk Dövlətləri Təşkilatında müşahidəçi statusda iştirak əsas səbəblər idi. Macarıstan Ermənistanın işğalçı siyasətinə qarşı da daim prinsipial etiraz nümayiş etdirib. Lakin Avropa İttifaqında konsensus mexanizmi işləyərkən “sonadək müqavimət” nadir hallarda qalıcı olur. Nəticədə Macarıstan ya təzyiq altında, ya da əvəzli razılaşma əsasında mövqeyini yumşaldıb”.
Onun sözlərinə görə, Macarıstan hazırda Aİ daxilində hüququn aliliyi, fondların dondurulması, siyasi təcrid kimi mövzularda davamlı təzyiq altındadır: “Belə şəraitdə Brüssel üçün Ermənistan məsələsi həm Rusiya təsirinə qarşı geosiyasi alət,həm də Macarıstanı “yumşaltmaq” üçün təzyiq rıçağı rolunu oynaya bilərdi. Yəni Budapeştə açıq və ya örtülü mesaj verilmiş ola bilər. Macarıstanın Aİ daxilində təcriddən yayınmaq istəyinin də qərarına təsir etdiyi istisna deyil. Görünən odur ki, Macarıstanın son qərarı Aİ daxilində kollektiv razılaşmanın nəticəsi olub”.

A.Quliyev hesab edir ki, Macarıstanın veto qərarını geri çəkməsində Azərbaycanla Ermənistan arasında sülh sazişi layihəsinin paraflanması, hazırda sülh sazişinin imzalanmasına hazırlıq prosesinin getməsi də müəyyən qədər rol oynaya bilərdi.
“Rəsmi Bakı Macarıstandan vetonu götürməyi xahiş edə bilərdimi” sualına gəlincə, ekspertin fikrincə, Bakıdan birbaşa “vetonu götür” xahişinin edildiyi inandırıcı deyil: “Bu, həm də diplomatik baxımdan uyğun olmazdı, Azərbaycanın prinsipial mövqeyinə də zidd görünərdi. Budapeştin İrəvana güzəştə getməsi Azərbaycan-Macarıstan münasibətlərinə ciddi ciddi zərbə vurmayacaq. Macarıstanın məlum məsələdə mövqeyini dəyişməsi Bakıya qarşı deyil, Aİ daxilində siyasi reallıqların diktəsidir”.
Etibar Seyidağa,
Musavat.com






