İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda yeni film çəkilir - "21 sual" - FOTOLAR

22104 09.04.2017 16:01 Müsahibə A A

Son 1 il ərzində ölkəmizdə ard-arda filmlər çəkilib və çəkilməkdə də davam edir. Artıq bu sahə də inkişaf yoluna addım atılır.

Vaxtı ilə ancaq köhnə Sovet filmlərindən sitat gətirib, "İndi kino çəkən yoxdur, çəkilənlərdə də keyfiyyət aşağıdır" deyirdik. Amma artıq keyfiyyətli filmlər də çəkilməyə başlayıb. Keyfiyyət dedikdə müasir kameralar, montaj, effektlər, qrafikalar artıq bizim də filmlərə yol tapa bilib.

Filmlərin ssenariləri, aktyor heyətləri və digər hissələri isə ayrı mövzudur. Dediyimiz kimi ölkəmizdə tez-tez filmlər çəkilir. Bu sahəyə olan marağın artdığını danmaq olmaz. Kinoteatrlara gedənlər var, izləyici var, istək və tələb var. Deməli yaxşı film sayəsində bu tələbi də qarşılamaq olar.

Musavat.com xəbər verir ki, yaxın günlərdə film sektoruna daha bir kino gələcək. "21 sual" adlanan filmin hazırda çəkilişləri gedir. Filmin rejissoru Ələkbər Əliyev, ssenari müəllifi Əli Mayılov, baş rolda isə çəkdiyi videoları ilə sosial şəbəkələrdə məşhurlaşan aktyor Taleh Yüzbəyovdur.

Film haqqında ilk məlumatı biz aldıq və çəkiliş meydançasına yola düşdük. Orada olduğumuz müddətdə filmin kiçik bir səhnəsi çəkilirdi. Sevdiyi qızdan "Yox" cavabı alan gəncə dostları təsəlli verirdilər. Maraqlı səhnənin çəkilişini izlədikdən sonra, baş rol ifaçısı Taleh Yüzbəyovla danışdıq və ona film haqqında suallar ünvanladıq.

Aktyorun sözlərinə görə, film romantik-komediya janrdadır: "Filmdə obrazım həyatda özünü tapmayan, xanımlarla münasibətdə nə istədiyini bilməyən bir nəfərdir. Nəhayət qarşısına ömür boyu axtardığı həmin o ideal xanım çıxır. Və əsl "kino" bundan sonra başlayır. Bu bizim ilk işimizdir. Ələkbər bəyin ilk bədii filmi, mənim isə ilk böyük rolumdur. Bir növ özümüzü böyük işdə təsdiq etmək istəyirik. İçimizdə ilk işin aclığı var. Janr baxımından da Azərbaycansayağı deyil. Bir az fransız, rus kino mətbəxinin izləri görünəcək. Filmdə söz zarafatları deyil, situasiya zarafatları var. Kino sırf kommersiya baxımından çəkilmir. Yüngül komediyadır.

- Filmdə tanıdığımız aktyorlardan kimlər var?

- Allahverdi Yolçuyev, Fatma Mahmudova, Kaman Həsənli, Sərdar Gözəlov, Aytən Əlizadə rol alıb. Əsasən gənc aktyor və aktrisalar var.

- "21 sual" adı haradan yaranıb?

- Filmin baş rol ifaçısı həyatından hissələr danışır. Suallara cavab verir. Ad bir az oradan qaynaqlanır. Kadrlar çəkildikcə adama ləzzət edir.

Məsələn: bir hissədə iki dost dərdləşir. İnsan keçmişi xatırlayır. O qədər sevgilimizdən ayrılıb dostumuzun yanına gedib dərdləşmişik ki. Hamıya xas olan xəfif söhbətlər var filmdə. Məncə, filmimizdə insana ruhən dəyən hissələr yaddaşlarda qalacaq. Çünki çox adam özünü bu filmdə tapacaq.

Bu yerdə filmin rejissoru Ələkbər Əliyev bizə qısa müddət də olsa qatılır: "Mən Yüzbəyovu komediya adamı kimi tanımışam, elə təsəvvür etmişəm. Amma filmdəki dramatik, ağır səhnələri Yüzbəyovun necə gözəl oynadığını gördüm. Hətta bir səhnədə gözlərim doldu. Onun qabiliyyəti limitsizdir".

Taleh Yüzbəyov rejissorun sözlərinə cavab verir: "Mən ona deyirdim ki, oynaya bilərəm, teatrda belə rollarım olub. Məncə filmin ən yaxşı yerləri elə bu səhnələrdir. Film üç yerdə doğulur, ssenari yazılanda, çəkilişdə və montaj edəndə. Hazırda çəkilişlər gedir. Martın 9-dan çəkilişlərə başlamışıq. Mayın 1-də artıq filmi təqdim etməyi düşünürük".

- Filmin maliyyəsi necə varmı? Bu baxımdan problem yaşamırsınız?

- Maliyyəmiz var. Amma çalışırıq hər şeyə qənaətlə yanaşaq. Maliyyə çətin məsələdir, kinonu da pulsuz çəkmək olmur. İşin keyfiyyətinə xələl gətirmədən maksimum qənaət edirik. Hazırda bizim öhdəmizə düşən odur ki, yaxşı gəlir gətirəcək kinolar çəkək. O zaman şirkətlər də sponsor olmağa maraq göstərəcək.

- Sizin filmdən danışdıq. Bəs, yeni çəkilən filmlər haqda nə düşünürsünüz?

- Bir şeyin pis olması, heç olmamasından daha yaxıdır. Təki filmlər çəkilsin. Rəqabət varsa, inkişaf da var. Biri yaxşı film çəkəndə, digəri də onunla ayaqlaşmaq istəyəcək və daha yaxşısını çəkəcək. Yaxşı filmlərin çəkilməsi üçün kinoşünaslar olmalıdır, pisi və yaxşını göstərməlidir. Tənqid olsa, inkişaf da olacaq. Neçə illərdir ki, Azərbaycanda kinoşünaslıq fakültəsi var, film çəkilmədiyi üçün onlar da işsiz qalıb. Artıq kinoşünaslara da iş var. Filmlərə baxsınlar, pis olanları tənqid etsinlər. Mən də filmləri izləyirəm, bəyəndiyim və bəyənmədiklərim var. Aprel-may ayında 6 yeni film nümayiş olunacaq. Bəlkə də, 90-cı ildən bu yana Azərbaycan tarixində belə şey olmayıb. Bu aralar iki kino şəbəkəsi bir-birindən küsüb. (red: Bir müddət öncə “”CinemaPlus” və “Park Cinema” arasında münaqişə olması haqda xəbərlər yayılsa da, “CinemaPlus” kinoteatrlar şəbəkəsinin baş direktoru Zaur Darabzadə yayılan məlumatları təkzib edib). Bu münaqişə kino sahəsinə ziyandır.

- Sovet dövründə çəkilən filmlərdən bütün nəsillər bəhs edirlər. Onlardan sitat gətirib, yaddaşlarda qalan səhnələri danışırlar. Sizcə, 10 il sonra indi çəkilən filmlərdən hansılar yaddaşda qalacaq? Ümumiyyətlə belə bir şey olacaqmı?

- Elə filmlər var ki, keyfiyyətli çəkilməyib, amma baxanda nostalji hisslər yaşadır, insana xoş təsir bağışlayır. İndiki filmlər kimə nostalji hisslər yaşadacaqsa, onlar həmin ekran işlərini 10 il sonra da bəyənəcəklər. Biz uşaq olanda "Toy" filmi vardı, böyük sənət əsəri olmasa da, çox gülməli idi. Amma hələ də xatırlayanda üzümdə gülüş yaradır. Sovet dövründə çəkilən filmlər çox maraqlı idi. Biz indi baxdığımız və bəyəndiyimiz Sovet dövrünün ələnmişləridir. Bəlkə də, "Bizim Cəbiş müəllim", "Bəxt üzüyü" filmləri çəkilən il neçə-neçə film təqdim olunub, amma zamanın ələyindən keçməyib. Bizim də indiki filmlərimiz hələ ələnmək mərhələsindədir. Bu proses bitəndə yaxşılar üzdə qalacaq. Amma mənə elə gəlir ki, "Pərdə" filmi illər sonra da yaddaşlarda qalacaq. Çünki orada emosional hal var. İnsan baxıb kədərlənir.

Məhəmməd Türkmən
Musavat.com
Fotolar müəllifindir

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR