İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda inflyasiyanın əsas səbəbi inhisarçılardır – Tanınmış ekspert

1159 25.05.2022 20:11 İqtisadiyyat A A

Bu gün Milli Məclisdə keçən ilin dövlət büdcəsinin icra vəziyyəti müzakirə olunarkən həm deputatlar, həm də hökuməti təmsil edən nazir və nazir müavinləri yüksək inflyasiya təzyiqindən danışıblar.

Musavat.com xəbər verir ki, müzakirələrlə bağlı ölkədəki yüksək inflyasiya səviyyəsini şərtləndirən amilləri dəyərləndirən iqtisadçı-ekspert Rövşən Ağayev maraqlı nəticəyə gəlib.

Ekspertə görə, hətta rəsmi statistika ərzaq inflyasiyasının az qala 20 faizə çatdığını qeydə alırsa, demək, artıq insanlar mətbəxlərində və ciblərində bunun ağırlığını ciddi şəkildə hiss edirlər: “Bizim kimi insanların böyük hissəsinin dayanıqlı gəlirlərinin olmadığı, effektiv indeksasiya mexanizminin işləmədiyi ölkələrdə yüksək inflyasiyanın davam etdiyi dövr ev təsərrüfatlarının öz ehtiyatlarını maksimum əritdiyi, borclandığı, ehtiyatları olmadıqda isə sürətlə yoxsullaşdığı mərhələdir.

Bir məsələ dəqiqdir ki, hazırkı yüksək inflyasiya tələbdən, xüsusən ev təsərrüfatlarının tələbindən qaynaqlanmır. Bunu təsdiqləyən bir neçə makroqitisadi faktor da var. Məsələn, əvvəlki ilə nisbətən 2021-ci ildə ev təsərrüfatlarının istehlak xərclərinin ÜDM-də payı 61 faizdən 52 faizə enib. Bu xərclərin illik artım tempi ÜDM-in artım tempindən 3 dəfə geri qalıb.

Bu ilin 4 ayında istehlak bazarında xərcləmələr də elə yüksək olmayıb – 4 faiz ətrafında”.

R.Ağayev deyir ki, tələbi stimullaşdıran xərc mənbələrində də kritik artımlar qeyd alınmadığı görünür: “Məsələn, iqtisadiyyatın kreditləşməsi 10 faizdən, büdcə xərcləmələri 5 faizdən az artıb. Bu ilin 4 ayında pul bazasında 7 faiz artım görünür. Əvəzindətəklif (xərc) mənşəli inflyasiyanın artımını göstərən göstəricilər daha çoxdur. İdxal qiymət indeski 25 faizə yaxın, bəzi mal qrupları üzrə 30 faizin üzərində olub.

Kənd təsərrüfatı məhsullarının istehsalçılarının qiymət indeksi 16 faizdən çox, emal sənayesi üzrə istehsalçı qiymət indeksi 25 faizə yaxın olub. Bu indekslərin yüksəlməsində yalnız xammal və materialların bahalaşması səbəblərdən biridir. İqtisadiyyatdakı aparıcı məhsul və xidmətlər üzrə monopol şəbəkənin xərcləri yüksək göstərərək qiymət artımını sürətləndirməsi ciddi və etibarlı araşdırma tələb edir. Bir qayda olaraq, iqtisadiyyatda rəqabətin olmadığı, ayrı-ayrı bazarların və idxalın yüksək inhisalaşdığı iqtisadiyyatlarda inflyasiyanın artdığı dövr bu qruplar üçün qazanc məqsədli spekulyativ qiymət artımları üçün münbit fürsətlər yaranır”.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR