İnsanlara hürriyət, millətlərə istiqlal!

“Azərbaycana heç bir xeyri dəyməyənlər…” – Şeyxin deputat qardaşından İLGİNC açıqlamalar

1846 20.07.2026 14:57 Müsahibə A A

“Şeyxülislamın orada təhsil alması və yaşaması, həmçinin gənclik dövrümün Özbəkistanda keçməsi özü-özlüyündə bu ölkəni bizə necə deyərlər “bir köynək də yaxın edir”.

Çox maraqlı təsadüf oldu. Elə ilk sualla müsahibəyə başlayırdıq ki, günorta azanının - Zöhr namazının - sədaları yayıldı. Dini qaydalara və inanca görə ruhumuzu oxşayan azan sədalarının bitməsini gözlədik və daha sonra söhbətə başladıq.

WhatsApp Image 2026-07-20 at 14.57.56.jpeg (125 KB)

Beləliklə, deputat, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin və Azərbaycan-Özbəkistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Cavanşir Paşazadə ilə müsahibəmizi təqdim edirik:

- Cavanşir bəy, bu günlərdə Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə ilə birlikdə siz və deputat həmkarınız Qüdrət Həsənquliyev Özbəkistanda səfərdə oldunuz. Yəqin bu, türk ölkəsi ilə bağlı səfər təəssüratlarınız zəngindir, həm də ona görə ki, Özbəkistan sizin birinci təhsilinizi aldığınız ölkədir, elə deyilmi? Eyni zamanda, bilirik ki, Şeyx həzrətləri də Özbəkistanda təhsil alıb...Qardaş ölkə ilə bağlı təəssüratlarınız necədir?

- Bəli, doğrudur. Bu səfərlə bağlı kifayət qədər təəssüratlarım var. Xüsusilə ona görə ki, Şeyxülislamın da orada təhsil alması və yaşaması, həmçinin gənclik dövrümün Özbəkistanda keçməsi özü-özlüyündə bu ölkəni bizə necə deyərlər “bir köynək də yaxın edir”. O insanlarla dostluğumuz bu günə qədər davam edir. Həm də ki, Özbəkistan türk dövlətidir və qardaş Türkiyədən sonra bizə ən yaxın ölkələrdən biri məhz Özbəkistan dövləti, özbək xalqı olub. Bildiyiniz kimi, torpaqlarımız işğal altında olduğu dönəmlərdə Özbəkistan Ermənistanla diplomatik əlaqələr qurmayan, İrəvanda səfirliyini açmayan ölkə oldu və bununla Azərbaycana böyük dəstək verdi. Diplomatik əlaqələr qurmadı Ermənistanla. Əlbəttə, bunlar hamısı dövlətlərimizin, dövlət başçılarımızın, istər Ulu öndər Heydər Əliyevin Özbəkistanın sabiq prezidentinə, istərsə də cənab İlham Əliyevin və cənab Şavkat Mirziyoyevin bir-birinə və öz xalqlarına olan hörmətinin bariz nümunəsidir. Eyni zamanda, bu, bizim tarixən, minilliklərlə davam edən dostluğumuzun, ənənələrimizin, dinimizin və bizim insanların bir-birinə yaxın olmasının təzahürüdür. Əlbəttə, Özbəkistanda İSESCO və Özbəkistan İslam Sivilizasiyası Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən I Beynəlxalq İslam Forumu çox yüksək səviyyədə keçirildi. Beynəlxalq tədbir olduğu üçün həm siyasət, həm din adamlarının qatıldığı bu Forum çox yüksək səviyyədə baş tutdu. Ölkə ilə bağlı təəssüratlar çox genişdir. Özbəkistanda əzəmətli yeni məscid tikilib. O məscidin həm möhtəşəm ibadət sahəsi, böyük iclas zalları, dünya dillərində nəşr olunmuş qiymətli, tarixi kitabların yer aldığı kitabxanaları var, eyni zamanda, muzey kimi istifadəyə verilib. Əlbəttə, qardaş Özbəkistan bu gün inkişaf edir və bu inkişaf bizi sevindirir. Bizim xalqlarımız qaynayıb-qarışıblar. Özbəkistanda ticarət, tikinti və digər sektorlarda işləyən azərbaycanlılar da kifayət qədərdir.

- Tələbə yoldaşlarınızla, köhnə dostlarla siz, yaxud da Şeyx həzrətləri görüşdünüzmü? Zarafat deyil, yarım əsrdən çox vaxt keçib...

- Təbii ki. Şeyxülislam həzrətləri birinci dəfə Buxara şəhərində, “Mir-Ərəb” mədrəsəsinə daxil olub və dini təhsilini 1975-ci ildə Daşkənd İslam Universitetində bitirib. Həmçinin üç il ərzində Buxara şəhərində oxuyub. Paralel şəkildə universitetdə tarix üzrə təhsil alıb. Bilirsiniz ki, elmlər doktoru, professordur. Səfər zamanı Şeyx həzrətləri “Mir Ərəb” mədrəsəsində oldu, müəllimlərlə görüşdü. Konfransda onun tələbə yoldaşları var idi, gəldilər, görüşdülər, oturdular. Təbii ki, tələbəlik dönəminin insan üçün tam başqa bir önəmi var. İnsanların saf, bir-birinə doğma münasibət bəslədiyi dönəmdir. Ona görə də tələbəlik illəri unudulmazdır. Mən də müxtəlif insanlarla görüşdüm. Düzdür, bir o qədər də vaxtım yox idi, çünki biz cəmi bir gün Buxarada qaldıq. Onda da Şeyx həzrətləri öz keçmiş oxuduğu məktəbdə oldu, tələbələrlə, müəllimlərlə görüşlər keçirdi.

- Səfərdə deputat həmkarınız Qüdrət Həsənquliyev də iştirak edirdi və onun da maraqlı təəssüratlarını oxuduq...

- Bəli, mənimlə yanaşı, hörmətli millət vəkili Qüdrət Həsənquliyev də səfərdə iştirak edirdi. Həm Daşkənddə möhtəşəm Forum, həm də Səmərqənddə, böyük tədbir keçirildi. İmam əl Buxari kompleksinin yüksək səviyyədə bərpası, orada böyük bir məscidin tikilməsi adamı heyran edir. Həm məscidin ziyarətində olduq, həm də oradakı böyük bir konfransda iştirak etdik. Sonrakı gün biz Buxaraya getdik və görüşlər davam etdi. Ümumiyyətlə, bizim səfərimiz hardasa altı gün davam etdi, yeddinci gün qayıtdıq. Havaların isti keçməsinə baxmayaraq, səfərimiz çox səmərəli keçdi.

- Səhv etmirəmsə, siz özbək və tacik dillərini də bilirsiniz, eləmi?

- Bəli.

- Sərbəst danışırdınız, yoxsa, uzun müddət ünsiyyət olmadığından unutmuşdunuz?

- Yox, danışırdıq. Mən tacik dilini daha yaxşı bildiyim üçün ünsiyyət qururdum. Özbək dili isə bizə çox yaxındır. Bir neçə dildə təmas imkanlarımız var idi.

WhatsApp Image 2026-07-20 at 15.21.13 (1).jpeg (176 KB)

- Şeyxülislam Allahşükür Paşazadəni Özbəkistanın ali mükafatlarından biri - “El-yurt hörməti” ordeni ilə təltif edildi...

- Bəli, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev şeyxülislam Allahşükür Paşazadə ilə görüşdü və ordeni ona şəxsən təqdim etdi. “El-yurt hörməti” ordeni Özbəkistanın üç ən yüksək ordenlərindən biridir. Cənab prezident Şavkat Mirziyoyev özü Şeyxi qəbul etdi və qəbulda da cənab Şeyxülislam həzrətlərini təbrik etdi. Həmçinin, yüksək səviyyəli təşkilatçılıqla Şeyxülislamın müəllifi olduğu, Azərbaycan və özbək dillərində nəşr edilmiş “Qardaşlıq və Müttəfiqliyin Zirvəsi” kitabının təqdimatı oldu. Kitab cənab Prezidentə də çatdırıldı. Kitab həm Prezident İlham Əliyev cənablarının haqqında idi, həm də, Şavkat Mirziyoyev cənablarından bəhs olunub. Orada hər iki prezidentin Şeyxülislam həzrətlərinə olan məktubları, müraciətləri əksini tapıb. Eyni zamanda, hər iki prezidentin apardığı dostluq və qardaşlıq siyasəti, gələcəyə baxışı əksini tapır. Kitabla bağlı geniş şəkildə tədbir keçirildi.

- Özbəkistanda başqa nələri müşahidə edə bildiniz? Zəngəzur dəhlizi ilə bağlı gözləntilər necədir?

- Təbii ki, Zəngəzur dəhlizini təkcə Özbəkistan yox, demək olar ki, bütün türk dünyası gözləyir. Çünki Zəngəzur həm təkcə Azərbaycan üçün deyil, bütün türk dünyası üçün böyük bir avantaj, nailiyyətdir, hərəkətdir, yoldur, yeni bir yaşamdır, inkişafdır, iqtisadiyyatdır. Zəngəzur yolunun o inkişafda, töhfəsi olacaq deyə, bütün ölkələr, Zəngəzur dəhlizinin reallaşmasını həsrətlə gözləyir.

- Bəs bununla bağlı Özbəkistanda Rusiya və İran təhlükəsi ilə bağlı narahatlıq varmı?


- Yox. Zəngəzur dəhlizinin olması artıq mütləqdir. Artıq bu məsələ həll olunub. Özbəkistan da belə yanaşır ki, bu, baş verəcək. Çünki bütün hazırlıqlar dəhlizin reallaşmasına doğru gedir. 3-4 il qabaq Türkmənistanda müəyyən tərəddüdlər müşahidə olunurdu. Amma Türkmənistan prezidentinin ölkəmizə gəlməsi və cənab prezidentin dostluğumuz rəmzi olaraq Türkmənistana “Dostluq” tankerini hədiyyə etməsi, türkmən prezidentin Qarabağa səfəri, danışıqlar artıq münasibətlərin yeni mərhələyə keçdiyini göstərdi. Bu, sadəcə tankerin bağışlanması deyildi. Cənab prezidentin bu hədiyyəsi, azad iqtisadi zonanın yaradılması, orada yüklərin daşınması və sair yeniliklər münasibətlərin çox yüksək səviyyəyə qalxdığını göstərir. Əminəm ki, Zəngəzur dəhlizi ilə bağlı geriyə yol yoxdur. İnşallah məsələ yüksək səviyyədə həllini tapacaq və region ölkələri də bundan bəhrələnəcəklər.

- Siz vaxtilə tikinti sektoruna bağlı insan olmusunuz, yəqin bu istiqamətdə də müzakirələriniz olub. Özbəkistanın iş adamları Azərbaycana investisiya yatırmaq niyyətlərini ifadə edirdilərmi? Hansı sahəyə maraqları var? Qarabağın bərpasında iştirak etmək istəyirlərmi?

- Təbii ki. Qarabağda böyük yenidənqurma işləri görülür. Həm yol infrastrukturunun müasir səviyyədə qurulması, həm şəhərlərin, kəndlərin salınması, həm də hava limanlarının, digər nəhəng tikinti işlərinin həyata keçirilməsi özbəklərin də diqqətindədir. Təbii ki, Qarabağda aparılan işlərdə dost ölkələrin də iştirakı və nümayəndələri var, həmçinin Özbəkistanın. Qarabağda Özbəkistan dövlətinin dəstəyi ilə həm məktəbin tikilməsi, həm də Xankəndidə tikiş fakrikinin fəaliyyətə başlaması çox gözəl hadisədir. Tikinti sektorunda da onların müəyyən qədər payının olması hamımıza bəllidir. Əməkdaşlıq üçün dövlətimizin siyasəti unikal imkanlar yaradır. Həmçinin ölkə rəhbərliyi də hər zaman xarici investorları Azərbaycana yatırım qoymağa çağırır. Qarabağ torpağı bizim üçün sadəcə torpaq deyil. Artıq bütün dünyanın gözü, diqqəti bu torpağın üzərinmdədir. Azərbaycan bu əraziləri 30 illik əzab-əziyyətlərdən sonra, qan bahasına, şəhidlərimizin, qazilərimizin qəhrəmanlığı bahasına, Ali Baş Komandanın qətiyyəti sayəsində, xalqımızın möhkəm birliyi ilə düşməndən azad edib. Görürsünüz ki, cənab prezident Qarabağın, Şərqi Zəngəzurun yenidən bərpasına, dirçəldilməsinə nə qədər böyük diqqət yetirir. Nə qədər yorğun olsa, elə bil ki, yorğunluğunu Qarabağ torpaqlarında çıxarmağa üstünlük verir, vaxtaşırı o bölgəyə qayıdan əhali ilə görüşə gedir. Bəzən ayaqqabılarını da çıxarıb, ayaqlarını suya salır, belə sadə istirahətdən zövq alır. Bu da onun cənab prezidentin halal haqqıdır, çünki bizim xalqımızı tarixi qələbəyə qovuşduran Müzəffər Ali Baş Komandandır, Sərkərdədir. Dövlət başçısı həm xalqımızın arzularını həyata keçirtdi, həm də atasının vəsiyyətini reallaşdırdı, bu da hər kəsə nəsib olmur. Postsovet ölkələrinin əksəriyyətində vaxtilə belə bir problemlər, münaqişə ocaqları yaradılmışdı ki, onlar SSRİ-dən ayrıla bilməsinlər, öz talelərinə sahib çıxa bilməsinlər. 15 ölkədən yalnız Azərbaycandır ki, öz problemini xalqının, ordusunun gücü ilə, dövlət başçısının qətiyyəti, iradəsi ilə həll etdi.

- Amma vaxtaşırı ortaya yeni iddialar atanlar da tapılır, yenidən gərginlik yaratmaq istəyirlər. Gah şimaldan, gah cənubdan bölgə, xüsusilə də Zəngəzur dəhlizi ilə bağlı əsassız iddialar səslənir. İran və Rusiya Qafqazı yenidən qarışdıra bilərmi? Sizcə, narahat olmalıyıqmı?

- Siz özünüz görürsünüz ki, dövlət başçımızın apardığı siyasət hansı nəticələrə gətirib çıxarıb. Elə bir balanslı siyasət yürüdür ki, ölkəmizə qarşı hər hansı planlar, məkrli niyyətlər ayaq tutub yeriyə bilməz. Dövlət başçımız yalnız milli maraqlara uyğun siyasət yürüdür və hər hansı ölkənin daxili işlərinə qarışan mövqe sərgiləmir. Cənab İlham Əliyev konstitusion hüquqlarına uyğun olaraq siyasət yürüdür ki, bu da hansısa ölkəyə Azərbaycanın maraqlarına müdaxilə etmək, mənfilik axtarmaq, irad tutmaq bəhanəsi yaratmır. Unutmamalıyıq ki, bizim daxilimizdə də dövlətimizin siyasətinə qara yaxmağa, kölgə salmağa çalışan qüvvələr var, bəziləri də xaricdə oturublar. Hər dəfə xəbərdarlıqlar edilməsinə baxmayaraq, belələri yenə də öz iddialarından əl çəkmirlər. Azərbaycana heç bir xeyri dəyməyən şəxslər ölkəmizin, dövlət başçımızın uğurlarına qara yaxmağa çalışırlar ki, bu da qəbuledilməzdir. Amma istənilən halda, onlar öz məqsədlərinə nail ola bilməyəcəklər...

(Davamı olacaq)

Elşad Paşasoy,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR