İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan yeni iqtisadi düzəndə Çini əhəmiyyətli oyunçu olaraq görür – Prezident detalları açdı

535 19.01.2023 20:54 Gündəm A A

Rusiyanın Ukraynada başlatdığı müharibə qlobal iqtisadiyyatın yenidən düzənlənməsi prosesini çox sürətli mərhələyə gətirib çıxarıb. Hazırda dünya ticarət xəritəsinin təzədən çızılması baş verməkdədir. Bu prosesin iştirakçısı olan ölkələrin əksəriyyəti yeni münasibətlərin tərəfi, yeni marşrutlar, yeni yolların keçdiyi mərkəzlər olmağa can atırlar. 

Belə ölkələrdən biri də Azərbaycandır. Əlverişli coğrafi ərazidə yerləşən Azərbaycan Şərqdən Qərbə doğru Rusiyadankənar keçməklə ən uğurlu marşrutun açar ölkəsinə çevrilməkdədir. Qlobal ticarət əlaqələrinin yenidən xəritələnməsi prosesindən maksimum bəhrələnməyə çalışan Bakı Şərq-Qərb ticarət yolunun əsas həlqələri ilə münasibətlərini dərinləşdirməyə çalışır. Bura həm Avropa İttifaqı, həm də Çin daxildir. Azərbaycan həm Asiyadan Avropaya daşınan yüklərin əsas tranzit ölkəsinə, həm də qoca qitənin əhəmiyyətli enerji təchizatçısına çevrilmək hədəfinə çatmaq üçün mühüm addımlar atmaqdadır.

Nüfuzlu Davos iqtisadi forumunda iştirak edən Prezident İlham Əliyevin Çinin CGTN (China Global Television Network) televiziya kanalına müsahibəsində rəsmi Bakının qlobal iqtisadi-ticari proseslərdə tutduğu mövqe, müəyyənləşdirdiyi hədəflərə ətralı şəkildə aydınlıq gətirilib. Prezident qlobal ticarət-iqtisadi münasibətlərin əsas tərəfdaşı olan Çinlə əməkdaşlıq münasibətlərinin Azərbaycan üçün mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. Bildirib ki, Çin və Azərbaycan dost ölkələrdir və qarşılıqlı münasibətlərdə bərabərtərəfli yanaşmaya üstünlük verirlər. Təsadüfi deyil ki, Çinin dövlət başçısı Si Cinpin ötən ilin payızında “Bir kəmər, bir yol” Sammiti çərçivəsində Pekində Prezident İlham Əliyevi “Çinin böyük dostu” adlandırıb: “Əməkdaşlıq üçün çox möhkəm siyasi platforma qurulub. 30 il ərzində davam edən siyasi münasibətlər artıq bizim yaxşı tərəfdaş və bir-birinə etibar edən dostlar olduğumuzu nümayiş etdirir. Bizim beynəlxalq təsisatlar çərçivəsində çox yaxşı əməkdaşlığımız var. Biz həmişə bir-birimizin ərazi bütövlüyünü və suverenliyini dəstəkləyirik. İqtisadi əməkdaşlıq əlaqələri durmadan artır. Azərbaycan Orta Dəhlizlə bağlı Çinin təşəbbüslərini dəstəkləyir. Azərbaycanda biz artıq öz ev tapşırığımızı yerinə yetirmişik. Biz nəqliyyat infrastrukturunun bütün zəruri seqmentlərini qurmuşuq”.

Prezident İlham Əliyev Davosda Çinin CGTN televiziya kanalına müsahibə  verib VİDEO - AZƏRTAC

Azərbaycan hələ Ukraynada müharibə başlamazdan illər öncə Asiyadan Avropaya tranziq yükdaşımaların mühüm bir hissəsini öz üzərindən ötürmək üçün zəruri infrastrukturu yaratmağa başlayıb. Dövlət başıçısı Çinin “Bir kəmər, bir yol” layihəsinin  əhəmiyyətini yüksək qiymətləndirdiyini qeyd edib: ““Bir kəmər, bir yol” təşəbbüsü indi çox böyük coğrafiyanı əhatə edən, vaxtında irəli sürülmüş çox müdrik bir təşəbbüs idi. Azərbaycan bu təşəbbüsə ilk günlərdən fəal şəkildə qoşuldu və biz mövcud olmayan infrastruktura investisiya yatırmağa başladıq. Son 10 il ərzində Azərbaycan Xəzər dənizində ən böyük ticarət limanlarından birini inşa etdi. Onun yükaşırma qabiliyyəti 15 milyon tondur və biz onu 25 milyon tona qədər artıracağıq. Biz Xəzər dənizi ilə yükləri daşımaq üçün gəmiqayırma zavodunu inşa etdik. “Bir kəmər, bir yol” təşəbbüsü müxtəlif marşrutları, xüsusilə Şimal-Cənub marşrutu üzrə daşımanı fəallaşdırdı”.

Azərbaycan Xəzər dənizi üzərindən gələn və getdikcə artmaqda olan yüklərin mühüm hissəsini dəmiryolu ilə ötürmək niyyətindədir. Bakı 2017-ci ildə istifadəyə verilən Bakı-Tiflis-Qars dəmiryol xəttinin tikintisinin böyük hissəsinin maliyyələşməsini bu məqsədlə üzərinə götürüb. Hazırda ölkənin Qərb sərhədlərinə doğru uzanan dəmiryol infrastrukturunun genişləndirilməsi üçün Azərbaycan əlavə sərmayə yatırır: “Tranzit nəqliyyat layihələrinin inkişafı iqtisadiyyatın şaxələnməsi və neft-qaz gəlirlərindən asılılığın azalması deməkdir. Ərazimizdən nə qədər çox yük keçərsə, bizim bundan bir o qədər çox faydamız olar, bir o qədər də çox iş yerlərimiz olar. Ötən il Azərbaycan ərazisindən tranzit daşımalar 75 faiz artıb. Bu, təkcə infrastruktura görə yox, lazımi idarəetməyə görə artmışdır. Görülmüş tədbirlər bizə yükdaşımanı sürətləndirməyə, bürokratik əngəlləri aradan qaldırmağa və bunu fiziki olaraq cəlbedici etməyə imkan verir. Həmçinin tarif siyasəti də mühüm məsələdir”.

Azərbayca Çinlə münasibətlərdə yalnız yükdaşımalar üçün tranzit ölkə olaraq qalmaq niyyətində deyil. Rəsmi Bakı Çinin bir sıra digər sahələrdə malik olduğu yüksək texnologiyalardan da bəhrələnməyi hədəfləyir. Prezident İlham Əliyev belə sahələr olaraq enerji, kənd təsərrüfatı və yüksək texnologiyaların adını xüsusi qeyd edib: “Azərbaycan enerji, kənd təsərrüfatı və yüksək texnologiyalar sahələrində də əməkdaşlıq etməyə ümid edir. İnformasiya texnologiyaları sektorunu təmsil edən bir çox Çin şirkətləri Azərbaycanda uzun illərdir ki, fəaliyyət göstərir”.

Azərbaycan xarici sərmayələr, ölkəyə gəlmək istəyən investorlar üçün münbit şərtlər formalaşdırıb. Onlarla beynəlxalq səviyyəli şirkətin 30 ilə yaxındır ölkəmizdə işləməsi bunun sübutudur. Hazırda Bakı neft-qazdan kənardakı bir sıra sahələrə böyük investorları cəlb etməyə çalışır və bu prosesdə Çin şirkətlərinin iştirakında da maraqlıdır: “Azərbaycanda investisiya mühiti çox müsbətdir. Xarici və yerli investisiyalar lazımınca qorunur. Ölkəmizə qoyulan sərmayələrin əksəriyyəti neft və qaz sektoruna yönəlmişdir. Lakin indi şaxələnmə istiqamətində hərəkət etmək vaxtıdır. Buna görə də qeyri-enerji sektoruna, infrastruktura, xüsusilə nəqliyyat infrastrukturuna, bərpaolunan enerji mənbələrinə yönəlmiş investisiyalar bizim üçün prioritetlərdən biridir. Bakının yaxınlığında yerləşən Ələt bölgəsində azad iqtisadi zonanın açılmasının sonuncu mərhələsi icra olunur. Ümid edirik ki, Çin şirkətləri bu fürsətlərə diqqət yetirəcək. Azərbaycan Çinlə əməkdaşlıq portfelinə yaşıl enerji sahəsində əməkdaşlığı əlavə etmək niyyətindədir. Azərbaycanda böyük potensial var və Çində böyük texnoloji nailiyyətlər mövcuddur. Bu səylər birləşməlidir;

Əlbəttə ki, Şərq və Qərb arasında, ənənəvi İpək yolu coğrafiyasında yerləşməyimiz bizim üçün çoxlu imkanlar yaradır. Açıq dənizə çıxışı olmayan bir ölkə olan Azərbaycan beynəlxalq, logistik və nəqliyyat mərkəzinə çevrildi. Avtomagistrallar və hava limanları kimi layihələr də həyata keçirilir. Şimal-Qərb marşrutu uğurla inkişaf edən qlobal layihədir. Marşrut üzərində yerləşən bütün ölkələr artıq bunun faydasını görürlər”.

Azərbaycanın investisiya cəlb etməyə çalışdığı daha bir perspektivli sahə alternativ mənbələrdən bərpaolunan enerjinin istehsalıdır: “Bərpaolunan enerji mənbələri Azərbaycan üçün əsas prioritetlərdən birinə çevrilib. Son bir neçə ay ərzində 22 qiqavat bərpaolunan enerji mənbələrini yaratmaq üçün sərmayə təmin edəcək sənədlər imzalanıb. Bu layihələr regional iqtisadi konfiqurasiyanı tamamilə dəyişəcək.  Azərbaycan yaşıl enerjini, o cümlədən dənizdə külək elektrik stansiyalarından hasil olunacaq yaşıl hidrogeni təchiz etməyi planlaşdırır. Bunun təkcə bizim ölkə üçün yox, həm də bütün region üçün çox böyük potensialı var.

Azərbaycanda enerji təhlükəsizliyinə gedən yolun başlanğıcında yaxşı sərmayə mühiti yaradılıb və hətta ixrac marşrutlarına malik olmadan neft-qaz sahəsinə çoxmilyardlı investisiyalar cəlb etməyə nail olunub. Azərbaycan istehsalçı olaraq tranzit dövlətlər və istehlakçılar arasında balansı qoruyacaq. Balans olmasa, bu iş uğursuz olacaq. 2 il bundan əvvəl Bakıdan Cənubi Avropaya gedən 3500 kilometr uzunluğunda Cənub Qaz Dəhlizinin tikintisi tamamlanıb. Onun bir hissəsi dənizin altından, bir hissəsi yüksək dağlıq ərazidən keçir, bu, 7 ölkəni, 10-dan çox şirkəti, aparıcı maliyyə institutlarını – Dünya Bankını, Avropa Yenidənqurma və İnkişaf Bankını, Asiya İnfrastruktur və İnvestisiya Bankını, Avropa İnvestisiya Bankını və Asiya İnkişaf Bankını əhatə edən texniki cəhətdən çox mürəkkəb və çox bahalı layihədir”.

Alternativ enerji ilə yanaşı, Azərbaycan Avropa İttifaqının çağırışı ilə daha təmiz enerji mənbəyi olan qazın ixracını artırmağı hədəfləyir: “Avropada qaz çatışmazlığı var və bu mənada Azərbaycan Avropanın enerji təhlükəsizliyinə töhfə verən ölkədir. Ötən il biz Avropa bazarına qaz ixracını iki dəfə artırmaq üçün Avropa Komissiyası ilə sənəd imzaladıq. Biz 5 il ərzində bu hədəfə nail olacağıq”.

Prezident İlham Əliyevin müsahibədə səsləndirdiyi fikirlərdən bir daha aydın olur ki, Azərbaycan çoxqütblü dünyada bütün tərəflərlə bərabərhüquqlu əsaslar üzərində qurulan dostluq münasibətlərini davam və inkişaf etdirmək siyasətinə sadiqdir. Bu baxımdan, Bakı qlobal iqtisadiyyatın əsas həlqələrindən biri olan Çinlə münasibətlərinə yüksək önəm verir, onların daha da dərinləşməsində maraqlıdır...

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR