İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan-Türkiyə qardaşlığı tarixi mərhələdə - İlham Əliyev və Ərdoğan fenomeni...

4269 23.07.2020 11:10 Siyasət A A

İyulun 12-16-sı aralığında ermənilərin Tovuz rayonu istiqamətində törətdikləri təxribatlar zamanı dörd gün davam edən döyüşlərdə Azərbaycana ən böyük dəstək Türkiyədən gəldi. Qardaş ölkənin prezidenti Rəcəb Tayyib Ərdoğan, xarici işlər naziri Mövlud Çavuşoğlu, müdafiə naziri Hulusi Akar, eləcə də digər rəsmilər verdikləri açıqlamalarda hər cür vasitələrlə ölkəmizin yanında olduqlarını bəyan etdilər.

Prezident İlham Əliyev Bakının Xətai rayonunda şəhid ailələrinə, müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması mərasimində çıxışı zamanı bu məsələyə xüsusi diqqət ayırıb.

Ölkə başçısının çıxışından sitat: “İstəyirəm ki, Azərbaycan xalqı bunu bilsin. İndi, əlbəttə ki, məlumat məkanı çox genişdir. Biz bu günlərdə heç vaxt olmadığı qədər, - nə 1990-cı illərin əvvəllərində ki, müharibə gedirdi, nə də başqa dövrdə, - çox güclü beynəlxalq dəstək gördük. Təbii ki, ilk dəstək, ilk qardaşlıq addımı qardaş Türkiyədən gəldi. Türkiyə Cümhuriyyətinin hörmətli Prezidenti, mənim qardaşım Rəcəb Tayyib Ərdoğan birmənalı şəkildə Azərbaycanı dəstəklədi, bildirdi ki, Azərbaycanın yanındadır. Bildirdi ki, Azərbaycan və Türkiyə, iki qardaş ölkə hər zaman bir yerdə olacaqlar. Bu dəstəyə görə mən öz qardaşıma dərin təşəkkürümü bildirmək istəyirəm. Bu günlərdə biz daim təmasdayıq. Mənə telefonla zəng edib, dəstək ifadə edib, şəhidlərimizin həlak olması ilə əlaqədar başsağlığı verib. Deyib ki, biz sona qədər bir yerdəyik”.

Dövlət başçısının bu fikirləri də xüsusi diqqət çəkib: “Mən də hər zaman dostum, qardaşım Prezident Rəcəb Tayyib Ərdoğana böyük hörmət göstərmişəm. Türkiyə xalqına mənim məhəbbətim heç kəs üçün sirr deyil. Dəfələrlə demişəm ki, bu gün dünyada Türkiyə və Azərbaycan qədər bir-birinə yaxın ikinci ölkələr yoxdur. Bu, həm tarixə, bizim ortaq, etnik köklərə, həm də bugünkü siyasətə əsaslanır. Eyni zamanda Türkiyənin digər yüksək vəzifəli rəsmi şəxsləri, o cümlədən müdafiə naziri, xarici işlər naziri, parlament üzvləri, ictimai xadimlər Azərbaycana birmənalı dəstək göstərmişlər”.

Ölkə prezidentinin çıxışında Ərdoğanın sona qədər Türkiyə və Azərbaycanın bir yerdə olacağı barədə verdiyi mesajları bir daha xalqımıza çatdırması xüsusi rəğbətlə qarşılanıb.

Razi Nurullayev: "İnsanları inzibati yolla nəyəsə məcbur edəndə ...

Razi Nurullayev: “Bu günə qədər Türkiyə hökumətindən, dövlətindən, vətəndaşlarından Azərbaycana belə qətiyyətli dəstək olmamışdı”

Deputat Razi Nurullayev “Yeni Müsavat”a açıqlamasında hər iki qardaş ölkənin xarici siyasətinin beynəlxalq məkanlarda bir-birinin yanında olacağını xüsusi vurğuladı: “Qeyd edim ki, bu günə qədər Türkiyə hökumətindən, dövlətindən, vətəndaşlarından Azərbaycana belə qətiyyətli dəstək olmamışdı. Amma Tovuz hadisələrində Türkiyə tam olaraq ölkəmizin yanında dayandı. Doğrudan da Azərbaycanın dostunun dostu, düşməninin də düşməni olduğunu birmənalı olaraq bildirdi. Bundan sonra Azərbaycan da analoji olaraq Türkiyənin yanında dayanmaq yolunu seçəcək. Bu çox sevindiricidir. Biz əgər iki millət bir dövlətiksə, təbii ki, düşmənimiz də, dostlarımız da bərabər olmalıdır. Bu baxımdan hörmətli Rəcəb Tayyib Ərdoğanın cənab prezident İlham Əliyevə yönəlik bu mesajını çox yüksək qiymətləndirirəm. Düşünürəm ki, ölkələrimiz arasında bu şəkildə ikitərəfli faydalı inkişaf həm də Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın xeyrinə həll olunması üçün şərait yaradacaq. Bu həm də o deməkdir ki, Türkiyənin xarici siyasəti də birmənalı olaraq bütün təşkilatlarda, məkanlarda Azərbaycanın yanında olacaq. Eyni zamanda Azərbaycanın da xarici siyasəti hər zaman Türkiyəni müdafiə edəcək”.

Elxan Şahinoğlu: “Erməni dili universitetlərimizdə peşəkar tədris ...

Elxan Şahinoğlu: “Prezident İlham Əliyev haqlıdır ki, dünyada ikinci belə bir-birinə yaxın ölkələr yoxdur”

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu dövlət başçısının açıqlamalarının indiki vaxtda çox vacib olduğunu qeyd etdi: “Dövlət başçısının bu açıqlamalarında Türkiyə ilə bağlı dedikləri çox vacib idi. Çünki Tovuzda baş verən son insidentdən sonra ən güclü dəstəyi Türkiyədən aldıq. Türkiyə cümhurbaşqanı, xarici işlər və müdafiə nazirləri, partiyalar, ictimai-siyasi xadimlər Azərbaycana böyük dəstək verdilər. Belə bir dəstək bir yana, ölkəmizə hərbi yardım edə biləcəklərini açıq-aşkar vurğuladılar. Bu, Azərbaycan üçün çox önəmli idi. Biz bildik ki, arxamızda böyük bir güc var. Bu güc nə qədər varsa, xaricdən ciddi təhlükələrlə üzləşməyəcəyik. Bunun da qarşılığı olaraq, dövlət başçısı İlham Əliyev bu dəstəyi yüksək qiymətləndirdiyini bildirdi. Türkiyəyə heyran olduğunu ifadə etdi. Bu da çox vacibdir. Çünki Türkiyədə görməlidirlər ki, Azərbaycan Türkiyə ilə strateji müttəfiqliyə böyük önəm verir. Qardaş ölkədə açıq şəkildə deyirlər ki, Azərbaycana olan hücum Türkiyəyə edilən hücuma bərabərdir. Eyni zamanda beynəlxalq aləmdə Türkiyəyə edilən hücumlar, Türkiyənin zəiflədilməsinə çalışmalar Azərbaycan əleyhinə də yönəldilib. Prezident İlham Əliyev haqlıdır ki, dünyada ikinci belə bir-birinə yaxın ölkələr yoxdur. Bizim, əlbəttə, başqa müttəfiqlərimiz, tərəfdaşlarımız var. Amma Türkiyə qədər bizə yaxın dövlət yoxdur. Hətta bəzi ölkələr son hadisələrdə neytral mövqe tutdular. Gürcüstan guya bizim strateji tərəfdaşımız sayılır. Amma son hadisələrdə bu sınaqdan üzüağ çıxmadı. Ukrayna bizə real dəstək verdi. Pakistandan dəstək aldıq. Əsası biz bilirik ki, nə qədər güclü Türkiyə var, Azərbaycana təhlükə olmayacaq. Azərbaycanı kim ki, zəiflətmək istəyəcək, qarşısında Türkiyəni görəcək. Bu, bizim üçün olduqca vacibdir. Dəfələrlə vurğuladığım bir fikri yenidən diqqətə çadırmağı vacib sayıram. Türkiyə ilə Azərbaycanın hərbi ittifaqını daha üst səviyyəyə qaldırmaq lazımdır. Hərbi əməkdaşlığı daha da genişləndirməliyik. Düşmənlərimiz bilməlidirlər ki, Azərbaycana yönəlmiş hədə Türkiyəyə yönəlmiş hədəyə bərabər olacaq”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR