İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan səhrada cənnət yaradanların təcrübəsindən faydalana bilər - layihə

2224 07.05.2022 10:00 İqtisadiyyat A A

İsrail Azərbaycandan buğdanı necə alacaq?..

Özünün ərzaq təhlükəsizliyini təmin etmək istəyən hər bir ölkənin kənd təsərrüfatında müasir texnologiyalardan istifadəsi qaçılmaz şərtdir. Xüsusilə də qlobal iqlim dəyişikliyinin mənfi təsirlərinə ən çox məruz qalan regionda yerləşən Azərbaycan üçün bu, həyati əhəmiyyət kəsb edir.

Nəzərə alsaq ki, son 30 ildə ölkəmizin su ehtiyatları 15 faiz azalıb və 2040-cı ilədək daha 15 faiz azalma gözlənilir, bu zaman aqrar istehsalın sudan qənaətə və səmərəliliyə əsaslanan texnologiyalar üzərində qurulmasının nə qədər vacib olduğunu söyləyə bilərik.

Dünyada kənd təsərrüfatını sudan qənaətə əsaslanan texnologiyalar əsasında qurmaqla ən yüksək nəticələr əldə edən ölkələrdən biri İsraildir. Son vaxtlar Azərbaycanla İsrail arasında iqtisadi əməkdaşlığın məhz kənd təsərrüfatı sahəsində sürətlə inkişaf etdirilməsi diqqəti cəlb edir. Belə ki, aprel ayında İsrailin bir neçə yüksək vəzifəli şəxsinin Azərbaycana səfəri reallaşıb. Ayın əvvəlində İsrail-Azərbaycan Hökumətlərarası Birgə Komissiyasının həmsədri, İsrailin turizm naziri Yoel Razvozov Azərbaycanda səfərdə olub. Aprelin 25-də isə İsrailin maliyyə naziri Aviqdor Libermanın başçılıq etdiyi nümayəndə heyətinin Bakıya səfəri baş tutub. Bu səfərin məqsədi ilə bağlı İsrail mətbuatı maraqlı məlumat yayaraq, İsrailin Azərbaycandan taxıl almaq istədiyini açıqlamışdı. Məlumdur ki, Azərbaycan taxılla öz ehtiyaclarını təmin edə bilmir, ərzaqlıq buğdanın, demək olar ki, tamamını xaricdən alır. Bu baxımdan, İsrailin Azərbaycandan taxıl alması real görünmədiyinə görə yayılan məlumat Azərbaycanda ciddi müzakirələrə səbəb olmadı.

Lakin “Al-Monitor” nəşrinin yaydığı bir məlumat diqqətləri İsraillə Azərbaycanın buğda ticarətinin perspektivinə yönəltdi. Belə ki, nəşrin yazdığına görə, iki həftədən sonra İsrailin kənd təsərrüfatı naziri Oded Ferer bir qrup mütəxəssislə birlikdə Azərbaycana səfər edəcək. Səfər zamanı Bakıda keçiriləcək danışıqların əsas mövzularından biri Azərbaycandan İsrailə buğda ixracı olacaq.

Nəşrin analitikləri qeyd edirlər ki, hazırda Azərbaycan ixrac üçün kifayət qədər buğda yetişdirmir. Bununla belə, respublika taxıl istehsalının genişləndirilməsi üçün böyük layihə həyata keçirmək niyyətindədir. İsrail də öz növbəsində Azərbaycanı kənd təsərrüfatı sahəsində ən son texnologiyalarla təmin etməyə hazırdır ki, bu da tezliklə istehsalı artıracaq. Hesab olunur ki, Azərbaycandan buğda alışı 2025-ci ildən mümkün olacaq.

Azərbaycan İsrailə buğda ixrac edəcək

Bildirilir ki, İsrail ümumiyyətlə, Azərbaycanda kənd təsərrüfatının inkişafına və təşviqinə kömək etməyə hazırdır.

Onu da qeyd edək ki, COVID-19 pandemiyası, həmçinin Ukraynadakı müharibənin yaratdığı situasiya dünyanın demək olar ki, bütün ölkələrini ərzaq təhlükəsizliyinə diqqəti qat-qat artırmağa vadar edib. Xüsusilə də strateji ərzaq məhsulu olan buğda təminatında xaricdən asılı olan ölkələr müxtəlif yollarla təhlükəsiz təchizat zənciri qurmağa çalışırlar. Azərbaycan da bu baxımdan, buğda ilə təminat məsələsində idxaldan asılılığı minimuma endirmək istiqamətində fəaliyyətlərə başlayıb.

Bu ilin yanvar ayında keçirilən hökumət müşavirəsində Prezident İlham Əliyev Azərbaycanın geniş torpaq sahələri olan ölkələrdən birində torpaq icarəyə götürərək buğda əkəcəyini bildirmişdi. Daha sonra mətbuatda bu ölkənin Ukrayna olduğu bildirildi. Lakin Rusiyanın Ukraynaya hücumundan sonra bu planın həyata keçirilməsinin yaxın bir neçə ildə mümkün olmayacağı aydınlaşdı. Bu baxımdan, ölkənin özündə müasir texnologiyaların tətbiqi yolu ilə buğda istehsalının artırılması planının qəbul olunması kifayət qədər realdır.

Azərbaycan və İsrail kənd təsərrüfatı üzrə - ƏMƏKDAŞLIĞI GENİŞLƏNDİRƏCƏK -  FED.az

Maraqlıdır ki, hələlik Azərbaycan tərəfdən İsrail mətbuatının yaydığı məlumatlarla bağlı hər hansı açıqlama verilməyib. Lakin İsrailin aqrar sahədəki təcrübəsindən bəhrələnməyin səmərəli olacağına dair fikirlər rəsmi səviyyədə bir neçə dəfə səsləndirilib.

Qeyd edək ki, İsrail məhdud resurslar şəraitində kənd təsərrüfatı istehsalında dünyada ən yüksək nəticələr əldə etməyi bacaran nadir ölkədir. Ölkənin 22 min kv.km ərazisinin yalnız 20 faizi kənd təsərrüfatına yararlıdır: qalanı susuz səhralıq və daşlı dağlıq ərazilərdir. Cəmi 4 min kv.km ərazidə aqrar istehsalı ən müasir üsullarla quran yəhudi xalqı əksər məhsullarla nəinki özünü (9,5 milyon nəfər) tam təmin edir, hətta xaricə böyük həcmdə ixrac da həyata keçirir. Ümumilikdə, kənd təsərrüfatı məhsulları ilə özünütəminat səviyyəsi 95 faiz təşkil edir.  Ölkə yalnız buğda, kofe, ət və digər bir neçə kənd təsərrüfatı məhsulunu xaricdən idxal edir. Özü isə sitrus meyvələri, tərəvəzlərin ən böyük ixracatçılarındandır.

Aqrar sektor İsrail ÜDM-nin 2 faizdən, ixracının 4 faizdən çoxunu təmin edir. İsrail su ehtiyatlarının həcminə görə ən kasıb ölkələrdən biridir. Cəmi bərpaoluna su ehtiyatları 160 milyon kubmetr təşkil edir ki, onun da 75 faizi kənd təsərrüfatına yönəldilir. Burada yağıntı yalnız qışda - sentyabr-aprel aylarında, özü də ölkə ərazisində qeyri-bərabər paylanmaqla yağır. Bu yağışlardan toplanan suyu ölkənin şimalından cənubuna çatdırmaq üçün vahid İsrail supaylama sistemi yaradılıb. Nəticədə son 10 ildə kənd təsərrüfatında sudan istifadə 12 faiz azalıb, amma istehsalda 30 faizə yaxın artım var.

İsraildə kənd təsərrüfatı ilə kollektivlər məşğul olur. Ölkədə iki cür aqrar məskənlər var: torpaqların, texnikanın və gəlirin ümumi olduğu kibuslar, hər ailənin öz torpağının olduğu, lakin məhsulun satışının ümumi təşkil edildiyi moşavlar. Ölkə üzrə kənd təsərrüfatı istehsalının 75 faizi bu icmaların payına düşür. İsraildə 1 nəfər kənd təsərrüfatında çalışmaqla 100 nəfər yedirə bilir. Halbuki bu göstərici ABŞ-da 79, Rusiyada 14,7, Çində 3,6 nəfərə bərabərdir.

Azərbaycanda kənd təsərrüfatına ayrılan subsidiyaların effektivliyinin  qiymətləndirilməsi | Kənd təsərrifatı iqtisadiyyatı

2013-cü ildən etibarən İsrail genetik modifikasiya olunmuş kənd təsərrüfatı məhsullarının istehsalına başlayıb. Bu zaman əsas diqqət ölkənin iqlim şəraitinə dözümlü olan sortların yetişdirilməsinə verilir. İsrail Avropa İttifaqında qadağan olunan genetik modifikasiyalardan istifadə etmir.

Hazırda İsraildə yalnız yumşaq buğda yetişdirilir. Ümumilikdə dənli bitki əkinlərinin sahəsi 70 min hektar civarındadır. Bura həm buğda, həm arpa, həm qarğıdalı və dirəg dənlilər aiddir. İsraildə hər hektar qarğıdalıdan dünyada ən yüksək həddə 12 ton qarğıdalı əldə olunur. Ölkənin illik buğda istehsalı 150-160 min ton civarındadır. Hər il xaricdən - əsasən Ukrayna və Rusiyadan 1 milyon ton buğda alınır.

İsraildə buğda becərilməsi prosesi tamamilə avtomatlaşdırılıb. Alaq otları xüsusi hormonal preparatların köməyi ilə məhv edilir.

İsrailin fövqəladə hallar üçün nəzərdə tutulan buğda ehtiyatları 120 min ton buğda saxlanılır. Bu toxunulmaz ehtiyatlar ölkənin 44 günlük təminatı deməkdir. Lakin qlobal ərzaq bazarında gedən son proseslər İsrail hökumətinin toxunulmaz ehtiyatların həcmini artırmaq fikrinə salıb. Ölkənin maliyyə naziri Aviqdor Liberman və kənd təsərrüfatı naziri Oded Forer bu günlərdə toxunulmaz ehtiyatların saxlandığı anbarlara baş çəkiblər. Onlar 1950-ci ildən bəri ilk dəfə olaraq ehtiyatların həcminin artırılmasını təklif edirlər. Bəzi məlumatlara əsasən ehtiyatların 240 min tona çatdırılması təmin ediləcək. Nazirlərin ekspertlərdən ehtiyatların artırılması üçün zəruri olan xərcləri hesablamalarını xahiş ediblər.

Maliyyə Nazirliyinin bəzi mütəxəssisləri dövlət ehtiyatları ilə yanaşı, özəl sektorun da irihəcmli ehtiyatlarının olduğunu əsas gətirərək nazirlərin təklifinin hər il əlavə on milyonlarla dollar əsassız xərcə səbəb olacağını bildirirlər. Onlar qeyd edirlər ki, 1970-ci illərdən bəri İsraildə bir dəfə də olsun toxunulmaz ehtiyatlardan istifadəyə ehtiyac yaranmayıb.

İsrailin kənd təsərrüfatı ixracından illik gəliri 1,5 milyard dollar civarındadır. Daha 2 milyard dolları ölkə kənd təsərrüfatı texnologiyalarının ixracından əldə edir.

Azərbaycanda 1,8 milyon hektara yaxın kənd təsərrüfatına yararlı torpaqlar var ki, bunun da 1,5 milyon hektara yaxını suvarılan ərazilərdədir. Ölkədə hər il 600 min hektar yaxın sahədə buğda əkilir. Orta məhsuldarlıq hər hektardan 31-32 sentner arasında dəyişir. Buğda əkinlərinin çoxu suvarılmayan ərazilərdə əkildiyinə görə yüksək məhsuldarlıq əldə etmək mümkün olmur. Eyni zamanda Azərbaycanda suvarma sahəsində ciddi texnoloji gerilik mövcuddur. Hökumət işğaldan azad olunan ərazilərdəki 100 min hektara yaxın torpaqlardan, həmçinin ərazilərin nisbətən yüksək olan su ehtiyatlarından da istifadə etməklə İsrail texnologiyaları əsasında buğda istehsalını artıra bilər. Nəzərə alsaq ki, Avropada müasir texnologiyaların tətbiqi nəticəsində buğda üzrə orta məhsuldarlıq 70 sentnerə qədər çatdırılıb, Azərbaycanda da bu yolla 500 min hektara sahədə buğda əkməklə nəinki daxili tələbatı təmin etmək, hətta ixraca da nail olmaq mümkündür. Yetər ki, müasir suvarma sistemləri, aqrotexniki qulluq şərtləri tətbiq olunsun...

Dünya  SAKİT,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR