İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan-Qazaxıstan yaxınlaşmasının "tərcüməsi" – Mərkəzi Asiyanın Avropaya yolu Azərbaycandan keçir

1057 27.08.2022 11:07 Analitika A A

Qazaxıstan prezidentinin Azərbaycana səfəri və əldə olunan razılaşmalar iki cəhətdən mühüm əhəmiyyət kəsb edir. Birincisi, post-sovet məkanının iki zəngin enerji ehtiyatlarına və inkişaf potensialına malik ölkə arasında əlaqələrin dərinləşməsi və qarşılıqlı faydalar, ikincisi isə bu yaxınlaşmanın regional və beynəlxalq əhəmiyyətidir.

Bir çox tələm-tələsik şərhlərin əksinə olaraq yanvar hadisələrindən sonra Qazaxıstanda hakimiyyətini möhkəmləndirən Kasım-Jomart Tokayev Rusiyanın satellitinə çevrilmədi, əksinə daha müstəqil xətt yürütməyə başladı. Hazırda Qazaxıstan enerji bazarına çıxışı şaxələndirmək, bu sahədə Rusiyadan asılılığı azaltmağa çalışır. Moskvanın “başı” Ukraynaya qarışdığı üçün hazırda bu məsələ ilə bağlı ideal şərait var və Qazaxıstan lideri ölkəsinin Rusiyadan asılılığını azaltmaq üçün əlindən gələni edir. Əlbəttə, Çin xəttindən sonra Qazaxıstan üçün ən ənverişli və Avropaya daha yaxın marşrut Azərbaycan üzərindən keçir.

Digər tərəfdən, son illərdə yüksələn türk respublikaları arasında yaxınlaşma tendensiyası Qazaxıstanı Azərbaycanla əlaqələri daha da dərinləşdirməyə sövq edir. Azərbaycan Qazaxıstan üçün Avropaya ən əlverişli və təhlükəsiz körpüyə çevrilə bilər. Bu mənada Tokayevi Bakıya gətirən həm də yeni siyasi, iqtisadi zərurət idi. Bunu həm də Bakıda liderlər arasında isti münasibət və imzalanan sənədlər də təsdiqləyir.

Prezident İlham Əliyev Qazaxıstanın ali ordeni “Altın kıran” - “Qızıl qartal” ali ordeni ilə təltif edildi. Həmçinin iki ölkə arasında 20-dən artıq sənəd imzalandı.

Bura iki ölkə arasında 2022-2026-cı illər üzrə əməkdaşlığın inkişaf etdirilməsi haqqında Kompleks Proqram, strateji münasibətlərin möhkəmləndirilməsi və müttəfiqlik qarşılıqlı fəaliyyətinin dərinləşdirilməsi haqqında Bəyannamə, o cümlədən, hökumətlər arasında ticarət-iqtisadi əməkdaşlıq haqqında Saziş, habelə, iqtisadi, ticarət, siyasi, mədəni, nəqliyyat, kommunikasiya, elm, təhsil, xarici siyasət və digər sahələrdə əməkdaşlığı inkişaf etdirməyə xidmət edən sənədlər imzalandı.

İmzalanan sənədlər arasında “Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında strateji münasibətlərin möhkəmləndirilməsi və müttəfiqlik qarşılıqlı fəaliyyətinin dərinləşdirilməsi haqqında Bəyannamə” siyasi əlaqələrin möhkəmlənməsi istiqamətində mühüm addımdır. Yəni iki ölkə arasında yalnız enerji, nəqliyyat və ticarət sahəsində deyil, həmçinin siyasi əlaqələr də inkişaf etdiriləcək. İki ölkə münasibətləri yeni – müttəfiqlik mərhələsinə qədəm qoyacaq.

Azərbaycan və Qazaxıstan regional və beynəlxalq mövzularda eyni mövqeyi nümayiş etdirir. Bir çox məsələlərdə iki ölkənin mövqeləri üst-üstə düşür.

Qazaxıstanın Azərbaycana hədiyyə olaraq işğaldan azad edilmiş ərazilərdə tikiləcək Uşaqların Yaradıcılığının İnkişafı Mərkəzinin təqdimatı iki ölkə arasında əlaqələrin cari maraqlardan daha dərin olmasına işarədir.

Mərkəzi Asiyada Rusiya və Çin arasında “sıxışıb qalmaq” istəməyən Qazaxıstan hakimiyyəti üçün indi “orta dəhliz” mühüm əhəmiyyət kəsb edir. Artıq bu istiqamətdə mühüm irəliləyiş var. belə ki, cari ilin birinci rübündə ölkələr arasında ticarət dövriyyəsi keçən ilki göstərici ilə müqayisədə 3 dəfə artıb.

Əlaqələrin dərinləşməsi ticarət dövriyyəsinin daha da artacağını, gələcəkdə Qazaxıstan neftinin və digər yüklərin Azərbaycan üzərindən Avropa bazarına çıxışı ölkəmizin nəqliyyat xabına çevrilməsi istiqamətində mühüm addım olacaq.

Azərbaycan və Qazaxıstanın yaxınlaşması həm də ortaq hədəfləri olan ölkələrin təbii yaxınlaşması hesab olunmalıdır. Hər iki ölkə post-sovet məkanında müstəqil siyasət aparmaq, Rusiya təsirindən çıxmaq, Avropa ilə yaxınlaşmaq kursunu götürüb. Bu kurs üçün Qazaxıstana ən yaxın tərəfdaş ölkə Azərbaycandır.

Azərbaycanın Mərkəzi Asiya respublikalarının Avropaya çıxış qapısı rolunu oynamağa çalışır. Qazaxıstan prezidentinin, ondan əvvəl isə Qırğızıstan prezidentinin Azərbaycana səfəri, eləcə də Azərbaycan prezidentinin Özbəkistana və Türkmənistana səfərləri Bakının Mərkəzi Asiya respublikaları əlaqələri inkişaf strategiyasını nümayiş etdirir. Azərbaycan Mərkəzi Asiya ölkələri ilə etnik qohumluq əlaqələri ilə yanaşı bu ölkələrin Türkiyə və Avropaya çıxış qapısı rolunu oynaya bilər.

Başqa sözlə hazırda Azərbaycanın moderatorluğu ilə Orta Asiya və Qafqazda post-sovet respublikalarının yeni təbii ittifaqı formalaşır. Daha əvvəl mövcud olan GUAM-dan fərqli olaraq yeni ittifaq daha təbii və ortaq faydalara əsaslanır. Qarşıdakı illərdə bu prosesin daha da dərinləşəcəyinin şahidi olacağıq.

Müsavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR