İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan mədəniyyətinə itki üz verib – Daşkənddə yaşayan əməkdar artistimiz vəfat edib

1102 30.09.2021 13:03 Mədəniyyət A A

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin nəzdindəki "Azərbaycan qızları" rəqs ansablının rəhbəri, Azərbaycan və Özbəkistanın əməkdar artisti Kaykep Aliyeva dünyasını dəyişib.

Bu barədə Musavat.com-a Daşkənddə fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzindən məlumat verilib. Redaksiyamıza daxil olan nekroloqda bildirilir:

"Kaykep Aliyeva ömrünün əsas hissəsini Özbəkistanda Azərbaycan musiqisinin, rəqslərinin təbliğinə həsr edib.

Əslən Qarabağlı olan Kaykep Aliyeva 50 ildən artıq Özbəkistanda Azərbaycan mədəniyyətini geniş təbliğ edib, Azərbaycan diasporasında fəal çalışıb, təşkil etdiyi dərnəklərdə yüzlərlə azərbaycanlı, özbək uşaq və yeniyetməyə milli rəqslərimizi öyrədib. Onun rəhbərlik etdiyi rəqs ansamblı mədəniyyət mərkəzimizin nüfuzunu yüksəltməklə yanaşı, Özbəkistanda keçirilən dövlət tədbirlərində, beynəlxalq festivallarda, el şənliklərində milli rəqslərimizi ifa və təbliğ edir. Kaykep Aliyeva bununla qardaş ölkədə yaşayan 40 mindən artıq azərbaycanlını öz mədəniyyətlərini, adət-ənənələrini unutmamağa dəstək olmuş, habelə milli rəqslərimizi digərləri tərəfindən mənimsənilməsinə, öz adlarına çıxmasına imkan verməmişdir.
Baxmayaraq ki, bu il Kaykep Aliyevanın 86 yaşı tamam olmuş o, sona qədər yorulmadan, məzuniyyətsiz çalışaraq Azərbaycan milli rəqslərini gənc nəslə öyrətməklə bu işə öz töhfəsini vermişdir.
Hazırda Mədəniyyət Mərkəzinin nəzdindəki rəqs dərnəklərində azərbaycanlılarla yanaşı, özbək, rus, koreyalı 86 şagird və yeniyetmə milli rəqslərimizi öyrənirlər. Özbəkistanda yüksək səviyyəli elə bir tədbir olmasın ki, orada Kekeb Əliyevanın rəhbərlik etdiyi "Azərbaycan qızları" rəqs ansablı çıxış etməsin.

Mədəniyyət mərkəzimiz tərəfindən Özbəkistanın Səmərqənd, Fərqanə, Margilan, Xivə, Urgənc, Sırdırya, Gülüstan şəhərlərində keçirilən Azərbaycan mədəniyyəti, musiqisinə həsr olunmuş tədbirlərdə Kaykep Aliyevanın rəhbərlik etdiyi "Azərbaycan qızları" rəqs ansablının çıxışları yerli əhali tərəfindən rəğbət və alqışlarla qarşılanıb.

Əməkdar artist Kaykep Aliyevanın ictimai fəaliyyəti də diqqətəlayiqdir. O, Özbəkistanın uşaq evləri ilə işləyən "Mehrijon" Xeyriyyə Fondunun həmsədri olmaqla tez-tez uşaq evlərində, internat məktəblərində xeyriyyə tədbirləri təşkil edir, azərbaycanlı yetim uşaqlara himayəçilik edir, tanınmış iş adamları ilə əlaqə quraraq onları xeyriyyə tədbirlərinə və uşaq evlərinə dəstək göstərməyə cəlb edib.

Kaykep Aliyeva Özbəkistanda Azərbaycan diaspora təşkilatının idarə heyətinin üzvüdür, onun diaspora təşkilatının formalaşmasında xidmətləri böyükdür. Onun haqqında məlumat "Dünya azərbaycanlıları" kitabına da daxil edilib.

Kaykep Aliyevanın xidmətlərini nəzərə alaraq, o, 2007-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən “Azərbaycanın Əməkdar Artisti” adına layiq görülüb.

2017-ci ildə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təqdimatı əsasında "Azərbaycan qızları" rəqs ansamblının solisti, Azərbaycanın əməkdar artisti Kaykep Aliyeva Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin “Fəxri Mədəniyyət işçisi” döş nişanı ilə təltif edilib.

Qeyd etmək lazımdır ki, onun fəaliyyətini Özbəkistan dövləti də yüksək qiymətləndirmiş, dəfələrlə fəxri fərmanlar və ordenlərə layiq görülmüşdür. Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin Sərəncamı ilə 2016-cı ildə “Dostluq” ordeni ilə mükafatlandırılıb.
Cari il 30 sentyabr tarixində Kaykep Aliyeva dünyasını dəyişmiş, əbədiyyətə qovuşub.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin kollektivi və şəxsən öz adımdan mərhumun ailəsi və yaxınlarına başsağlığı verir, Allahdan səbr diləyirəm. Allah rəhmət etsin".

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR