İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan iqtisadiyyatı neft-qazdan uzaqlaşdırılır: Böyük klasterlər istiqamətində uğurlu addımlar

1295 01.07.2026 12:24 Ölkə A A

Azərbaycan iqtisadiyyatının diversifikasiyası istiqamətində çox ciddi addımlar atılmaqdadır. Ötən aylarda Prezident İlham Əliyevin imzaladığı bir sıra fərmanlar, eyni zamanda son 3 ildə həyata keçirilən tədbirlər göstərir ki, Azərbaycan iqtisadiyyatının neft-qaz asılılığından çıxarılması prosesi kompleks şəkildə, planlı və qlobal iqtisadiyyatda qeydə alınan dəyişikliklər, müsair trendlər nəzərə alınmaqla həyata keçirilir.

Bu mənada metallurgiya sənayesinin xammaldan son məhsula prinsipi ilə yenidən qurulması istiqamətində atılan addımların ardıcıllığı xüsusilə diqqəti cəlb edir. Aydın görünür ki, durğunluq və geriləmədə olan bu sahənin dirçəldilməsi planları hərtərəfli ölçülüb-biçilərək, dünyada gedən enerji keçidi, onun yaratdığı tələblər nəzərə alınmaqla hazırlanıb və bir-biri ilə əlaqələndirilmiş şəkildə, addım-addım reallaşdırılır.

Bu addımlar nəticəsində ölkəmizin metallurgiya sənayesində xammaldan yüksək keyfiyyətli son məhsula qədər istehsalı nəzərdə tutan ən azı iki klaster yaradılacaq. Bu klasterlərdən biri qara metallurgiya, digəri isə alüminium istehsalı sahəsində formalaşdırılacaq.

İLHAM EN SON.jpg (173 KB)

Prezident İlham Əliyevin göstərişi ilə 2027–2030-cu illər üçün dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair dövlət proqramı hazırlanacaq. Bu addım Azərbaycan iqtisadiyyatının ən mürəkkəb və uzunmüddətli problemlərindən birinin - qeyri-neft sektorunun əsas sahəsində dayanıqlı inkişafın təmin olunmasının həllində dönüş nöqtəsidir. Ölkə zəngin mineral-xammal bazasına malik olsa da, onilliklər ərzində dərin emal zənciri qurmaq və yüksək əlavə dəyərli məhsulların ixracını təşkil etmək mümkün olmayıb. Yeni qərarın məntiqi göstərir ki, artıq məqsəd təkcə hasilatı artırmaq deyil, “xammal – emal – hazır məhsul” tam istehsal zəncirini formalaşdırmaq, ixracı genişləndirmək və resurslardan daha səmərəli istifadə etməkdir.

Eyni zamanda, sahədə institusional dəyişikliklər də həyata keçirilir. “Azərbaycan Alüminiumu” ASC-nin aktivləri “Azəralüminium” MMC-yə ötürülür, ləğv olunan qurumun borcları isə büdcə və ya digər qanuni mənbələr hesabına bağlanacaq. Bu, dövlətin sektoru vahid və idarəolunan sistemə çevirməyə çalışdığını göstərir.

Fərmana əsasən, proqram dağ-mədən (metal filizləri) və metallurgiya sahəsində özəl sektor tərəfindən hazırda icra olunan və ya icrası planlaşdırılan layihələri nəzərə almalı, onların dövlət tərəfindən dəstəklənməsi mexanizmlərini əhatə etməlidir. Proqramda “Azəralüminium” Məhdud Məsuliyyətli Cəmiyyətinin istehsal gücünün “xammal−emal−son məhsul” dəyər zənciri üzrə artırılması və ixrac imkanlarının genişləndirilməsi məqsədilə elektroliz zavodu layihəsinin tamamlanması və 2030-cu ilədək illik istehsal gücünün 100 000 (yüz min) tona çatdırılması; alüminium yayma məhsullarının istehsalı layihəsinin davam etdirilməsi və 2030-cu ilədək illik istehsal gücünün 50 000 (əlli min) tona çatdırılması üçün tədbirlər də yer almalıdır.

Z_C9_99ylik_village_in_Dashkasan_Rayon__281980s_29.jpg (818 KB)

Qeyd edək ki, Azərbaycan, xüsusilə Daşkəsən rayonundakı Zəylik yatağı hesabına dünyanın ən böyük alunit ehtiyatlarına malik ölkələrdən biridir (Çindən sonra 2-ci). Bu yataq SSRİ dövründə alüminium, kalium gübrəsi və sulfat turşusu istehsalı üçün əsas xammal bazası olub. Daşkəsəndəki dəmir filizi ehtiyatları da Sovet İttifaqının ən böyük ehtiyatlarından idi.

Müstəqillik dövründə ənənəvi əlaqələrin qırılması, postsovet ölkələrində Azərbaycan metallurgiya məmulatlarına tələbatın azalması, yeni bazarların tapılmaması bu sahədə ciddi geriləməyə səbəb olmuşdu. Lakin son illərdə aparılan ardıcıl və məqsədyönlü işlər sahənin tədricən dirçəlməsinə gətirib çıxarıb. Belə ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2026-сı ilin yanvar-may aylarında metallurgiya sənayesi və hazır metal məmulatlarının istehsalı sahələrində 668,2 milyon manatlıq məhsul istehsal olunub, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə metallurgiya sənayesi məhsullarının istehsalında 8,3 faiz artım, hazır metal məmulatlarının istehsalı sahəsində isə 23,6 faiz azalma müşahidə olunub. 2026-сı ilin yanvar-may aylarında metallurgiya sənayesi üzrə armatur istehsalı 16,4 faiz, alüminium məmulatları istehsalı 26,4 faiz artıb, hazır metal məmulatlarının istehsalı sahəsi üzrə metaldan sair məmulatların istehsalı isə 68,0 faiz azalıb.

Beş ayda Azərbaycanda 30 min 78 ton alüminium məmulatları istehsal edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 26,4  faiz çoxdur. Mis məftil istehsalı 5,8 dəfə artıb. Mis konsentrantı istehsalında 11 dəfədən çox, metal filizləri hasilatında 160 faiz artım var.

AomPuDBcNelnYm4MZcpuCDpeU6ywphoRx4OM5DUI_1200.jpg (397 KB)

Azərbaycan eyni zamanda metal məhsullarının ixrac bazarlarını şaxələndirir. İstehsal olunan qara və əlvan metal məhsulları regional bazarlarla (Gürcüstan, Türkiyə, Rusiya, Mərkəzi Asiya) yanaşı, Avropa ittifaqı ölkələrinə, ABŞ-a da ixrac edilir. Bundan əlavə, Qarabağ və Şərqi Zəngəzurun bərpası layihələrində yerli metal konstruksiyalara və armaturlara tələbatın kəskin artması daxili sənayeyə böyük təkan verib.

Rəsmi məlumatlara əsasən 2025-ci ildə ölkədən 242,4 milyon ABŞ dolları dəyərində 85,1 min tondan çox alüminium və ondan hazırlanan məmulatlar ixrac olunub. Dövlət Gömrük Komitəsinin xarici ticarət statistikası göstərir ki, bu, 2024-cü illə müqayisədə dəyər ifadəsində 23 faiz, həcm baxımından isə 17,2 faiz çoxdur.

2026-cı ilin yanvar-may aylarında alüminium və ondan hazırlanan məmulatların ixracı 117 milyon 516,5 min dollar təşkil edib. 2025-ci ilin eyni dövründə bu göstərici 81 milyon 242,4 min dollar olub. Dəyər ifadəsində artım 36 milyon 274,1 min dollar və ya 44,6 faiz, miqdar ifadəsində isə 6 min 341,2 ton və ya 22,7 faiz təşkil edib. Göründüyü kimi, alüminium ixracı dəyər baxımından miqdara nisbətən daha sürətlə artıb. Bu isə orta ixrac qiymətinin yüksəlməsindən, eyni zamanda ixracın strukturunda daha yüksək əlavə dəyərli malların payının artmasından qaynaqlanır. Statistika göstərir ki, ixraca yönəldilən alüminimdan hazırlanan aralıq məhsullar - lövhələr, çubuqlar və sairdir. Son məhsulların istehsalı və ixracı isə istənilən səviyyədə deyil. Nəticədə ölkə belə məhsulları xaricdən idxal etməyə məcbur qalır. Təkcə cari ilin yanvar-mayında bu idxala 49,2 milyon dollar xərc çəkilib. Misdən hazırlanan məmulatların idxalına isə 17,5 milyon dollar sərf olunub. Bu idxalın yerli istehsalla əvəz olunması perspektivi yaxınmüddətli dövr üçün kifayət qədər real görünməkdədir.

Eyni zamanda beş ayda Azərbaycan xaricdən 166,3 milyon dollarlıq qara metallar, 217,3 milyon dollarlıq qara metallardan hazırlanan məmulatlar idxal edib. Qeyd etdiyimiz kimi, artıq bu idxalın aradan qaldırılması istiqamətində mühüm layihələr həyata keçirilir. AzerGold QSC tərəfindən Daşkəsən filiz yataqlarının işlənməsi, son məhsulun istehsalına qədər istehsal zəncirinin qurulması sahəsində fəaliyyətləri əlaqələndirmək üçün 2020-ci ildə törəmə cəmiyyət qismində “Daşkəsən Dəmir Filiz” MMC təsis edilərək, fəaliyyətə başlayıb. Dəmir filizi konsentratının istehsalı üçün Zənginləşdirmə zavodu, zənginləşdirilmiş konsentratın emalı üçün Pellet zavodu, pelletdən yüksək dəmir tərkibli isti briketləşdirilmiş dəmirin (Hot Briquetted Iron - HBI) alınması üçün HBI zavodunun tikintisi də daxil olmaqla, yatağın iqtisadi səmərəliliyini təmin etmək üçün üçmərhələli istehsal zəncirinin qurulması qərara alınıb. Qeyd olunan zavodların və bu zavodlar arasında konsentratın nəqlinin təmin edilməsi üçün şlam boru kəmərinin ilkin layihələndirmə sənədləri hazırlanıb. Metallurji sınaqlar uğurla tamamlanıb, nəticədə ”Daşkəsən” yataqlar qrupunun tarixində ilk dəfə laboratoriya şəraitində 69 faizdək dəmir tərkibli konsentrat və 97 faizədək metallizasiya ilə isti breketləşdirilmiş dəmirin istehsalına nail olunub. Əldə edilən məlumatlar əsasında beynəlxalq nüfuzlu məsləhətçi şirkətin cəlb edilməsi ilə həm texniki, həm də iqtisadi məqamları əhatə etməklə yenilənmiş icra strategiyası və müvafiq yol xəritəsi hazırlanaraq təsdiq edilib.

6ac3a89d-90d8-3d08-b13e-a7631fcc1e36_1200.jpg (410 KB)

2025-ci ilin sentyabrında “Daşkəsən Dəmir Filiz” MMC və Qazaxıstanın “Fonte GreenMet Investments Fund OEIC Limited” şirkəti tərəfindən “Azerbaijan Metal Company”(AzMC) birgə müəssisəsi təsis olunub. Müəssisə illik 2 milyon ton istehsal gücünə malik isti briketlənmiş dəmir (İBD) zavodunun maliyyələşdirilməsi, layihələndirilməsi, qurulması və gələcək istismarı üzrə fəaliyyət göstərir. Ötən ilin noyabr ayında Pekində imzalanmış müqaviləyə əsasən “Sinosteel” şirkəti tərəfindən layihə üzrə hazırlanmış bank təyinatlı Texniki İqtisadi Əsaslandırma sənədi layihənin texniki və iqtisadi baxımdan səmərəli olduğunu təsdiqləyib. Sənədə əsasən, zavodun ümumi kapital xərcləri təqribən 800 milyon ABŞ dolları həcmində qiymətləndirilir.

2029-cu ilin sonunda istismara verilməsi planlaşdırılan zavodun ölkənin ümumi daxili məhsuluna (ÜDM) təqribən 1 milyard ABŞ dolları həcmində töhfə verəcəyi, həmçinin birbaşa və dolayı olaraq təxminən 1600 yeni iş yerinin yaradılacağı gözlənilir. Zavodun Qərb Sənaye Parkının Şəmkir rayonuna aid hissəsində inşası nəzərdə tutulub. Layihə dövlət tərəfindən təqdim olunan vergi, gömrük, logistika üzrə güzəştlər, eləcə də güzəştli qaz tarifləri kimi təşviq mexanizmlərindən faydalanacaq.

Müəssisədə ənənəvi istehsal üsulları ilə müqayisədə daha az enerji sərfiyyatı və əhəmiyyətli dərəcədə aşağı karbon emissiyası ilə seçilən və ən sərfəli kommersiya təklifi ilə fərqlənən İtaliyanın “Tenova” şirkətinin ENERGIRON® Zero-Reformer (ZR) texnologiyası tətbiq olunacaq.

Bank təyinatlı TİƏ sənədinin hazırlanması layihənin növbəti inkişaf mərhələsinə keçidinə şərait yaradıb: “AzMC” ilə “Sinosteel” şirkətləri arasında İlkin Mühəndislik (Basic Engineering) müqaviləsi imzalanıb və bununla layihənin növbəti icra mərhələsinə keçidi rəsmiləşdirilib. Layihə üzrə tələb olunan investisiyaların əhəmiyyətli hissəsinin beynəlxalq kredit resursları hesabına maliyyələşdirilməsi nəzərdə tutulur ki, bu da səhmlərinin 50 faizi Azərbaycan tərəfinə məxsus olan “AzMC”-nin kapital xərclərinin optimallaşdırılmasına, birbaşa maliyyə yükünün minimuma endirilməsinə xidmət edir.

Daşkəsən rayonunda yerləşən eyniadlı yataqda mövcud dəmir filizlərinin daha yüksək əlavə dəyərə malik məhsullara çevrilməsi məqsədilə beynəlxalq məsləhətçi şirkətlərin iştirakı ilə aparılan təhlillər nəticəsində iqtisadi və texnoloji baxımdan ən səmərəli həll kimi dəmir filizindən metallurji xammalın istehsalına qədər üç komponentli istehsal zənciri müəyyən edilib. Bu zəncir 67 faizdən yüksək dəmir tərkibli konsentrat, pellet və İBD istehsalını əhatə edir. Daşkəsən rayonunda tikintisi planlaşdırılan zənginləşdirmə zavodunda istehsal ediləcək yüksək tərkibli dəmir konsentratının Şəmkir rayonunun inzibati ərazisində inşa ediləcək pellet zavoduna daşınmasını təmin etmək məqsədi ilə ölkəmizdə ilk dəfə tətbiq edilməsi planlaşdırılan şlam boru kəməri inşa olunacaq.

h3F1WdL2RajCLVGPBLvqgZI5fW50wqMvxLzYkMFP_1200.jpg (313 KB)

İstehsal zəncirinin formalaşdırılması tikinti və infrastruktur sahələrinin inkişafına töhfə verərək, iqtisadi artımın və sənaye potensialının gücləndirilməsində mühüm rol oynayan yüksək keyfiyyətli dəmirin istehsalına imkan yaradacaq. Polad istehsalı üzrə xammalın idxalından asılılığın tam aradan qaldırılması ilə yanaşı, layihə ölkənin ixrac potensialının artırılmasına da əhəmiyyətli töhfə verəcək. Layihənin bütün mərhələlərinin kompleks şəkildə həyata keçirilməsi nəticəsində ölkənin ÜDM-nə təxminən 19 milyard ABŞ dolları həcmində töhfə veriləcək, eyni zamanda birbaşa və dolayı təsirlər hesabına regionlarda təxminən 4 000 yeni iş yerinin yaradılması təmin olunacaq.

Beləliklə, metallurgiya Azərbaycan iqtisadiyyatının aparıcı sənaye sahələrindən birinə çevriləcək. Bu, iqtisadi tarazlığı və məşğulluğu təmin edəcək, əhalinin və ümumilikdə ixrac gəlirlərinin artmasına, ölkəyə valyuta axınının sahəvi strukturunun qeyri-neft-qaz sektoru baxımından kəskin dəyişməsinə səbəb olacaq.

İqtisadiyyat şöbəsi,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR