İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan iqtisadiyyatı ilin birinci yarısında: İnvestisiyalar artıb, valyuta ehtiyatları azalıb...

760 10.07.2026 15:00 İqtisadiyyat A A

2026-cı ilin birinci yarısını Azərbaycan iqtisadiyyatı 1 faizə yaxın artımla başa vurub. 

Musavat.com Dövlət Statistika Komitəsinin aylıq hesabatına əsasən xəbər verir ki, bu ilin yanvar-iyun aylarında Azərbaycanda 65 milyard 207 milyon manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal olunub və bu, ötən ilin eyni dövrü ilə müqayisədə 0,8 faiz çoxdur.

Altı ayda iqtisadiyyatın neft-qaz sektorunda məhsul istehsalı 19 milyard 610,5 milyon manat təşkil edib ki, bu da illik ifadədə 0,7 faiz azalma deməkdir. Qeyri-neft-qaz sektorunda isə məhsul istehsalı 1,5 faiz artaraq 55 milyad 596,5 milyon manata çatıb.

Qeyri-neft-qaz sənayesində artım tempi zəifləyib

Birinci yarımildə Azərbaycan sənayesində 0,1 faizlik artım qeydə alınıb. Bu zaman qeyri-neft-qaz sənayesi 4,1 faiz artıb. Beş ayda sənayedə ümumi artım 0,2 faiz, qeyri-neft-qaz sənayesində isə 5,8 faiz olmuşdu. Bu, sənaye istehsalında artım tempinin zəiflədiyini göstərir. İqtisadiyyatın nəqliyyat və anbar təsərrüfatı sahəsində istehsal 8 faiz(yanvar-mayda 6,8 faiz), kənd təsərrüfatında 2,2 faiz(2,3 faiz), informasiya və rabitə xidmətlərində 7,5 faiz(10,1 faiz), pərakəndə ticarət dövriyyəsi isə 3,7 faiz(3,8) faiz artıb.

992f508e-f450-3b4b-9aed-8b8076b41ce8_1200.jpg (202 KB)

İqtisadiyyata investisiya qoyuluşu kəskin artıb

Açıqlanan hesabatdan aydın olur ki, 2026-cı ilin yanvar-iyun aylarında Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşları 9 milyard 295,2 milyon manat təşkil edib. Bu, 2025-ci ilin birinci yarısı ilə müqayisədə 13,8 faiz artım deməkdir. Altı ayda ümumi iqtisadiyyata yatırılan investisiyaların 6 milyard 131,6 milyon manatı qeyri-neft sektorunun payına düşüb ki, bu da illik ifadədə 5,5 faiz artımın olduğunu göstərir.

b9a2c2d0-48c4-35db-9534-119ce45f047b_1200.jpg (197 KB)

Qeyd edək ki, yanvar-mayda ölkə iqtisadiyyatına ümumi investisiya qoyuluşları 2,1 faiz, o cümlədən qeyri-neft-qaz sektoruna yatırımlar 14,2 faiz azalmışdı. Beş ayda iqtisadiyyata cəmi 6 milyard 650,1 milyon manat, o cümlədən qeyri-neft-qaz sektoruna 4 milyard 98,2 milyon manat investisiya yatırılmışdı.

Beş ayda ölkədə 0 səviyyəsində iqtisadi artım qeydə alınmışdı. İqtisadiyyat naziri Mikayıl Cabbarov ölkə mətbuatına geniş müsahibəsində bu dinamikanın əsas səbəbinin tikinti sektoru ilə bağlı olduğunu açıqlamışdı. Nazir dövlət büdcəsindən həyata keçirilməli olan iri tikinti layihələrinin maliyyənin hökumət tərəfindən məqsədyönlü şəkildə hələ ayrılmadığını demişdi.

wrcDMFtzeNfL9dYLl2XGno5V1R163rIthkQs8sAQ_1200.jpg (194 KB)

Nazirin sözlərinə görə, icra olunmalı olan bir sıra dövlət investisiyaları ilə bağlı fəaliyyət, o cümlədən tikinti işləri növbəti mərhələdə həyata keçiriləcək: “İlin dörd ayında gördüyümüz dinamika ondan ibarətdir ki, bir sektorda kəskin azalma müşahidə edirik. Bu da tikinti sektorudur. Vurğulamaq istəyirəm ki, bu, daha çox özəl tikintinin azalması ilə deyil, dövlət tərəfindən həyata keçirilən investisiya layihələrinin vaxtının dəyişdirilməsi ilə bağlıdır”.

Nazir bildirib ki, hökumət bu prosesin səbəblərini anlayır və onun aradan qaldırılması üçün hansı tədbirlərin görülməli olduğunu müəyyən edib. Onun sözlərinə görə, bu istiqamətdə aidiyyəti qurumlarla, xüsusilə maliyyə-iqtisadi blokda fəaliyyət göstərən qurumlarla birgə iş aparılır.

Açıqlanan rəsmi statistika əsasında apardığımız hesablama göstərir ki, iyun ayında qeyri-neft-qaz sektoruna investisiyaların həcmi 2 milyard 33,4 milyon manata bərabər olub. Bu isə hökumətin dövlət büdcəsi hesabına maliyyələşən iri tikinti layihələrinə vəsait ayırmağa başladığını göstərir.

Strateji valyuta ehtiyatları necə dəyişib?

Altı aylıq iqtisadi göstəricilərdə diqqəti cəlb edən digər məqam strateji valyuta ehtiyatları ilə bağlıdır. Belə ki, Statistika Komitəsinin məlumatına görə, iyulun 1-nə Azərbaycanın strateji valyuta ehtiyatları 85 milyard 768,9 milyon ABŞ dolları təşkil edib. Bu, ötən il iyulun 1-i ilə müqayisədə 10,4 faiz çoxdur. Lakin bu il iyunun 1-i ilə müqayisədə2 milyard 669,7 milyon dollar, yaxud 3 faiz azdır. İyunun 1-nə ehtiyatların həcmi 88 milyard 438,6 milyon ABŞ dolları olmuşdu.

GHN2oR17JvtmlQWoJDSKJOwB3wDorOZuJERDJOHr_1200.jpg (137 KB)

Valyuta ehtiyatlarındakı bu azalmanın mənbəyi kimi Dövlət Neft Fondunun aktivlərindəki azalma çıxış edir. Belə ki, iyulun 1-də ehtiyatların toplandığı digər qurum – Azərbaycan Mərkəzi Bankı valyuta bazarından alış etdiyinə dair məlumat açıqlayıb. Məlumatda qeyd olunur ki, tədiyə balansının cari əməliyyat balansında profisitin artması və maliyyə sektorunda de-dollarlaşma prosesinin getməsi şəraitində valyuta bazarında təklifin tələbi üstələməsi meyili davam edir: “Bu proses həm nağd, həm də qeyri-nağd seqmentlərdə müşahidə olunur. Cari ilin iyun ayında Mərkəzi Bank tərəfindən valyuta bazarında 394 milyon ABŞ dolları məbləğində alış yönlü əməliyyat aparılıb. Xatırladaq ki, aprel ayında Mərkəzi Bankın alış yönlü müdaxiləsi 1 milyard ABŞ dolları həcmində olub. Nəticədə, valyuta bazarında həyata keçirilən əməliyyatlar və valyuta ehtiyatlarının idarə edilməsindən əldə olunan gəlirlər nəticəsində iyun ayında Mərkəzi Bankın valyuta ehtiyatları 445 milyon ABŞ dolları, ilin əvvəlindən isə 1,64 milyard ABŞ dolları artıb”.

Mərkəzi Bank valyuta bazarından alınmış xarici valyutanın tam və ya bir hissəsinin 2026-cı ilin qalan dövründə bazarda formalaşacaq tələbdən asılı olaraq tarazlığın təmin edilməsi məqsədilə yenidən bazara yönəldilməsini istisna etməyib.

Neft Fondunun aktivlərindəki azalmanın mənbəyi kimi iyun ayında qurumun investisiya yatırdığı texnologiya nəhənglərinin səhmlərində qeydə alınan ucuzlaşma çıxış edə bilər.

5HMJzTyehTlJYpwTi8R5ctJpGiC0rzoBRb9rJXrD_1200.jpg (180 KB)

Xarici dövlət borcu azalıb

İlin birinci yarısının iqtisadi yekunlarında müsbət bir məqam xarici dövlət borcu ilə bağlıdır. Belə ki, məlumata əsasən 2026-cı il iyulun 1-nə Azərbaycanın xarici dövlət borcu 4,62 milyard ABŞ dollarına bərabər olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 7,9 faiz azdır.

Dünya,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR