İnsanlara hürriyət, millətlərə istiqlal!

“Azərbaycan hər an torpaqları geri qaytarmaq üçün düyməyə basa bilər” -Elxan Şahinoğlu

2547 14.02.2019 22:41 Siyasət A A

“Paşinyanın nə deməsindən asılı olmayaraq, Dağlıq Qarabağın azərbaycanlı icmasının yeni rəhbərinin müxtəlif ölkələrdə görüşlər keçirməsinin vaxtı çatıb”

“Nikol Paşinyanın Ermənistan daxilindəki rəqibləri tənqidlərini getdikcə sərtləşdirirlər”. “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bu fikirləri “Yeni Müsavat”a açıqlamasında bildirdi.

Analitikin sözlərinə görə, Ermənistanın baş nazirinə qarşı çıxan qüvvələri 3 qrupa bölmək olar: “Birinci qrupda “Qarabağ klanı” yer alıb. Onlar parlament seçkilərində məğlub oldular və hazırda sistemdən kənar müxalifətə çevriliblər. Buna baxmayaraq, “Qarabağ klanı” gücünü itirməyib, kifayət qədər maliyyə resurslarına malikdir və ən başlıcası bu klan Moskvadakı siyasi və hərbi mərkəzlərə bağlıdır. Bu iki güc Nikol Paşinyana hər zaman problem yarada bilərlər. İkincisi qrupa Dağlıq Qarabağın özündəki separatçılar aiddir. Separatçıların lideri Bako Saakyan birbaşa Paşinyanın əleyhinə çıxmasa da, daxilə ona müxalifdir. Bugünlərdə “Dağlıq Qarabağ respublikası”nın “təhlükəsizlik şurasının katibi” Vitaliy Balasanyan erməni saytlarından birinə müsahibəsində dedi ki, eks-prezident Robert Köçəryanın hakimiyyəti devirmək maddəsiylə ittiham olunması doğru deyil. O belə sual səsləndirdi: “Hakimiyyətdə olan şəxs hakimiyyəti necə devirə bilər?” Göründüyü kimi, separatçıların təmsilçisi Paşinyana təzyiq edir, baş nazirin siyasətinin əleyhinə çıxır. Vitaliy Balasanyan Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Parisdə imzaladıqları bəyanatda “xalqları sülhə hazırlamaq lazımdır” müddəasını da anlamadığını bu sözlərlə ifadə edib: “Sülh sazişi olmadan xalqları barışa necə hazırlamaq olar?” Göründüyü kimi, Xankəndi danışıqların hazırki gedişindən də narazıdır”.

E.Şahinoğlu qeyd etdi ki, Paşinyana qarşı formalaşan üçüncü qrup da “Daşnaksütyun” partiyasıdır: “Bu partiya hazırda real gücü olmasa da, qanlı tarixi var və çox zaman “Qarabağ klanı” ilə ittifaqda olub. “Daşnaksütyun” partiyasının xüsusi komissiyasının əlaqələndiricisi və keçmiş iqtisadi inkişaf naziri Artsvik Minasyan Paşinyanın daxili və xarici siyasətini sərt tənqid edib. Ancaq Minasyanın tənqidində bir cümlə diqqəti cəlb edir. O deyib ki, Qarabağ problemin həll olunmadan Ermənistanın iqtisadi inkişafı mümkün olmayacaq. Bu cümlədə iki acı etiraf var. Birinci etiraf odur ki, Qarabağ ermənilər üçün həqiqətən problemdir, halbuki ayrı vaxt deyərdilər ki, torpaqları işğal ediblər və guya ermənilər üçün məsələ həll olunub. İndi isə özləri etiraf edirlər ki, xeyr, məsələ ermənilərin xeyrinə həll olunmayıb və Azərbaycan hər an torpaqları geri qaytarmaq üçün düyməyə basa bilər”. Politoloq dedi ki, ikinci etiraf Qarabağ probleminin həll olunmamasının Ermənistan iqtisadiyyatı ilə əlaqələndirilməsidir: “Bu da doğru yanaşmadır. “Daşnaksütyun” partiyasının üzvü bizim dediyimizi təkrarlayıb, yəni Qarabağ problemi durduqca Ermənistan inkişaf etməyəcək. Bu cümləni başqa cür də oxumaq olar: Ermənistan Azərbaycanla normal münasibətlər qurmayınca, iqtisadi cəhətdən inkişaf etməyəcək. Bunun üçünsə daşnakın dediyi kimi, Qarabağ münaqişəsi həll olunmalıdır”.

E.Şahinoğlu bildirdi ki, Nikol Paşinyan fevralın 12-də parlamentdəki çıxışı zamanı könhə tezislərini təkrarlayıb: ““Ermənistan müharibəyə hazırlaşmalıdır”, “Qarabağ təmsilçiləri danışıqlarda iştirak etməlidirlər”. Ancaq ilk dəfə səsləndirdiyi bir tezis də var: “Azərbaycan danışıqlara Qarabağın azərbaycanlı icmasının da daxil edilməsini təklif edir. Azərbaycan icmasının maraqlarını Azərbaycan hakimiyyəti təmsil edir, onlar isə hər zaman danışıqlarda iştirak ediblər”. Yəni Paşinyan birmənalı “iştirak etməsinlər” demir, sadəcə məsələyə müsbət münasibət bildirməkdən çəkinir. Səbəbi bəllidir, qorxur ki, rəsmi Bakının təklifinə razılaşsa, Qarabağ separatçılarından sərt şillə ala bilər. Paşinyanın nə deməsindən asılı olmayaraq, Dağlıq Qarabağın azərbaycanlı icmasının yeni rəhbərinin müxtəlif ölkələrdə görüşlər keçirməsinin vaxtı çatıb”.

E.PAŞASOY,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR