İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan dünya enerji xəritəsində yerini bərkidir - Mühüm gəlişmə

871 10.12.2022 09:10 İqtisadiyyat A A

Putinin “siyasi tabeçilik əvəzinə qaz” təklifinə Asiyadan verilən sərt reaksiya Bakı üçün ciddi imkanlar açır...

Rusiyanın Ukraynada başlatdığı işğalçı müharibə dünya enerji bazarının tamamilə yenidən xəritələnməsinə gətirib çıxarıb. Çoxsaylı boru kəmərləri ilə Rusiyadan ucuz qaz alan Avropa artıq idxalını şaxələndirməkdədir. Qitə ən müxtəlif mənbələrdən qaz alışını artırmaq planları üzərində aktiv işləyir. Rusiya isə Avropaya sata bilmədiyi 100 milyard kubmetrdən artıq qazı üçün yeni bazar tapmağa, yeni nəql infrastrukturları qurmağa çalışır.

Hazırda Avropada qaz anbarları 89,93 faiz doludur. Noyabrın 14-dən bəri anbarlar 6 faiz boşalıb. Lakin hazırkı səviyyə son 5 illik orta göstəricidən 10,7 faiz bəndi yüksəkdir və qış mövsümünün sonunadək tələbatı qarşılamağa artıqlaması ilə bəs edəcək. Beynəlxalq Enerji Agentliyinin proqnozlarına əsasən, qış mövsümündə Avropanın qaz anbarları 60 faiz boşalacaq, martın sonuna 40 milyard kubmetr qaz qalacaq. Lakin bu o halda baş verəcək ki, qış həddən artıq soyuq, hava küləksiz keçsin. Anomal soyuqlar olmasa, külək enerjisi istehsalı orta göstəricilər səviyyəsində olarsa, Avropa yaza anbarlarında 45 milyard kubmetr qazla çıxa biləcək.

Hələlik Avropa ölkələri anbarlardan deyil, daha çox maye qazdan istifadəyə üstünlük verirlər. Qitənin maye qaz terminallarının potensialının 71 faizindən istifadə edilir ki, bu da noyabrdakı göstəricidən 2 faiz yüksəkdir.

ABŞ energetika nazirinin müavini Devid Turk bəyan edib ki, ölkəsi Avropaya növbəti qış mövsümü üçün öz anbarlarını doldurmağa kömək edəcək: “Biz Avropaya mümkün olan qədər çox maye qaz göndərəcəyik ki, yalnız bu qışı deyil, gələn qışı da enerji təhlükəsizliyini təmin edə bilsin”.

“Refinitiv” analitik şirkətinin hesablamalarına əsasən, bu ilin yanvar-oktyabrında Avropa ölkələri rekord həcmdə - 111 milyard kubmetr maye qaz idxal ediblər. Bu, əvvəlki illə müqayisədə 70 faiz çoxdur. Avropanın maye qaz idxalında əsas paya 42 faizlə ABŞ sahibdir. İkinci yeri isə 16 faizlə Rusiya, üçüncü yeri 13,7 faizlə Qətər tutur.

Avropanın enerji şirkətləri qaz nəqlini uydurma bəhanələrlə dayandırdığına, yaxud azaltdığına görə “Qazprom”u məhkəməyə verməyə başlayıblar. Artıq Almaniyanın Uniper və RWE şirkətləri qaz nəqlinin məhdudlaşdırılması üzündən üzləşdikləri zərərin ödənməsi ilə bağlı Beynəlxalq Arbitraj Məhkəməsində “Qazprom”a qarşı iddia qaldırıblar. Rusiyalı təhlilçilər məhkəməni uduzsa belə, Avropa şirkətlərinin “Qazprom”dan kəsiləcək təzminatı ala bilməyəcəklərini iddia edirlər: şirkətin Avropada aktivləri qalmayıb. Lakin “Qazprom”un Rusiya dövlətinə məxsus olduğunu, onun siyasi qərarlarına uyğun hərəkət etdiyini nəzərə alsaq, Avropanın öz zərərini kompensasiya etməsi üçün aktivlərin yetərincə olduğunu söyləyə bilərik.

Azərbaycan Xəzər dənizinin dünya enerji xəritəsində rolunu artıracaq

Havanın soyuqlaşması dekabrın əvvəllərindən Avropada qaz qiymətlərinin artmasına səbəb olub. Son günlərdə min kubmetr qazın qiyməti 1500-1600 dollara qədər qalxıb. Analitiklər bu qiymət həddinin qışın sonunadək davam edəcəyini, yazdan etibarən ucuzlaşacağını, lakin 700-800 dollardan aşağı düşməyəcəyini proqnozlaşdırırlar. Çünki Rusiya qazının tam alternativ mənbələr hesabına əvəzlənməsi imkanları məhduddur. Müxtəlif istiqamətlərdən Avropaya qaz nəqlinin əhəmiyyətli artımı 2024-cü ildən başlayacaq. Bu və təbii qazın bahalığı Avropada alternativ enrji mənbələrinə yatırımları qat-qat artırıb. Artıq İspaniya və Fransa ölkələri birləşdirəcək kəmərlə qaz deyil, yalnız maye hidrogen nəql olunması qərarına gəliblər. Barselonadan Marselə qədər uzanacaq kəmərlə həm qaz, həm də hidrogen nəqli nəzərdə tutulurdu. Lakin artıq tərəflər təbii qazın nəqlindən tam imtina ediblər. Bu, Avropa İttifaqının 2030-cu ilədək havaya buraxılan istixana qazlarının həcminə 1990-cı illə müqayisədə 55 faiz azaltmaq planına uyğun gəlir. İspaniya və Fransa bu layihənin Avropa İttifaqı tərəfindən maliyyə dəstəyi əldə edəcəyini gözləyirlər.

Azərbaycan da ortamüddətli perspektivdə Avropaya elektrik enerjisi, həmçinin hidrogenin ixracatçısına çevrilməyi hədəfləyir. Lakin aydın məsələdir ki, nə qədər alternativ enerji layihələrinə istiqamətlənilsə də, təbii qaz hələ uzun onilliklər ərzində əsas enerji mənbəyi olaraq qalacaq. Buna görə də Avropa İttifaqı, ABŞ təbii qaz mənbələrindən Avropaya nəql həcmlərinin artırılmasını nəzərdə tutan layihələri aktiv dəstəkləyirlər. Belə layihələrdən biri də Orta Asiya qazının Azərbaycan üzərindən Avropaya çatdırılmasını nəzərdə tutur. Azərbaycan bu layihənin bünövrəsini qoyub -  Türkmənistandan svopla qaz alaraq onu Avropaya ötürür. Lakin bu proses Rusiyaya dəstək verdiyinə görə Avropa İttifaqı ilə münasibətləri gərginləşməkdə olan İrana bağlıdır. Buna görə də ABŞ və Aİ diqqətini qazın Xəzər dənizi ilə nəqlinə yönəldiblər. Son aylarda Türkmənistana, Qazaxıstana çoxsaylı səfərlər reallaşdırılır, müxtəlif müstəvilərdə uzun illər əvvəl ortaya atılan, sonra üzərindən keçilən Transxəzər qaz kəməri layihəsinin müzakirələri başladılıb.

Rusiya həm Şərqdən Qərbə yükdaşımalarda dışlanması, həm də dünya enerji bazarında mövqelərinin əlindən çıxarılmasına qarşı müxtəlif addımlar atmağa, müqavimət göstərməyə çalışır. Belə addımlardan biri də Qazaxıstan və Özbəkistanla enerji ittifaqı qurmaq təklifidir. Prezident Vladimir Putinin səsləndirdiyi təklifin detalları açıqlanmasa da, onun arxasında ucuz qaz müqabilində hər iki ölkəyə siyasi şərtlərin qəbul etdirilməsinin dayandığı məlum olur. Buna görə də Orta Asiya ölkələri təklifi çox soyuq qarşılayıblar. Özbəkistan, ümumiyyətlə, onun siyasi xarakterli olduğunu bəyan etməklə, etirazını açıq bildirib. Ölkənin energetika nazirinin müavini Jurabek Mirzamaxmudov  bu barədə çox açıq danışıb: “Başqa ölkədən qaz idxal ediriksə, biz yalnız kommersiya alqı-satqı müqaviləsi əsasında əməkdaşlıq edirik. Biz heç vaxt qaz müqabilində siyasi şərtlərlə razılaşmayacağıq. Qısası, bizə təklif olunan qaz müqaviləsini yalnız onunla razılaşsaq, qəbul edəcəyik, əks halda yox”.

Qazaxıstan xarici işlər nazirinin müavini Roman Vasilenkonun dedikləri göstərir ki, bu ölkə də ucuz qaz tələsinə düşmək niyyətində deyil: “Bunu (üçlü qaz ittifaqı - red.) müzakirə etmək üçün hələ tezdir, çünki hələlik bu bir növ ideyadır. Amma Qazaxıstanın prinsipial mövqeyi ondan ibarətdir ki, Qazaxıstan sanksiyalardan yan keçmək üçün öz ərazisindən istifadə olunmasına imkan verməyəzək. Eyni zamanda, biz özümüz beynəlxalq problemlərin həlli üsulu kimi sanksiyaları dəstəkləmirik”.

Regionda, beynəlxalq arenada baş verən proseslər Azərbaycanın regional tranzit mərkəzi, həmçinin Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm açar ölkəyə çevrilməsi üçün münbit zəmin yaradıb. Azərbaycan həm özü qaz hasilatını, Avropa ixracını artırır, həm də Orta Asiyanın zəngin ehtiyatlarının öz ərazisindən nəqlinə imkan yaradır. Cənub Qaz Dəhlizi ilə Avropaya qaz nəqli kəskin şəkildə artırılıb. Dəhlizin son seqmenti olan TAP kəməri ilə Avropaya qaz nəqli 18 milyard kudmetri keçib. TAP konsorsiumunun açıqladığı məlumata əsasən, bu ilin oktyabr ayında kəmər  İtaliyaya qaz tədarükünə töhfəsini ötən illə müqayisədə 21 faiz artırıb. Bildirilir ki, İtaliyanın Ətraf mühit və Enerji Təhlükəsizliyi Nazirliyinin oktyabr ayı məlumatlarına görə, TAP İtaliyanın ikinci ən böyük qaz təchizatı mənbəyidir. Oktyabrdan Yunanıstanın qaz şəbəkəsinə birləşdirilən interkonnektorun işə başlamasından sonra Azərbaycan Bolqarıstanın qaz ehtiyacının 30 faizdən çoxunu qarşılayır.

TANAP ve TAP Yunanistan sınırında birleşti

İyul ayında Avropa İttifaqı ilə imzalanan enerji əməkdaşlığına dair memorandum Azərbaycanın qaz ehtiyatlarının Avropaya nəqlinin artırılması layihələrinin icrasını sürətləndirir. Həm TAP, həm də TANAP-ın genişləndirilməsi layihələri üzərində işlər kəskin aktivləşdirilib və bu prosesə Avropa İttifaqının maliyyə dəstəyi verəcəyi gözlənilir.

Eyni zamanda hesab olunur ki, TAP perspektivdə tikiləcək interkonnektorlar vasitəsi ilə Çənub-Şərqi Avropa ölkələrinə qaz tədarükünü stimullaşdıra bilər. TAP-ın Yunanıstan və Albaniya ərazisində, habelə İtaliyadakı çıxış nöqtələri Azərbaycan qazının digər Avropa ölkələrinə nəqli üçün də imkanlar açır.

Açıqlanan rəsmi məlumatlara əsasən yaxın vaxtlarda Azərbaycan, Türkiyə və Türkmənistanın enerji şirkətlərinin rəhbərləri görüşəcəklər. Müzakirələrin əsas mövzusunun Türkmənistan qazının Azərbaycan üzərindən Türkiyəyə, oradan isə Avropaya çatdırılması olacağı heç kimdə şübhə doğurmur. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun mətbuata dediyinə görə, Cənub-Şərqi Avropa ölkələrinə Azərbaycan və Türkmənistan təbii qazının tədarükünə dair işlər görülür, təmaslar aparılır. O qeyd edib ki, tərəflər bu məsələdə Türkiyənin dəstəyini istəyir.

Bir müddət əvvəl Azərbaycan Prezidenti İlham Əliyev Trans-Balkan qaz kəmərinin fəaliyyətinin bərpa olunması və onunla Azərbaycandan nəql olunan qazın digər Cənub-Şərqi Avropa ölkələrinə çatdırılması layihəsinin masada olduğunu açıqlayıb. O qeyd edib ki, bu layihənin reallaşması üçün Türkiyə ilə tranzit şərtləri mümkün qədər qısa vaxtda razılaşdırılmalıdır.

Azərbaycan həmçinin Albaniyanın qaz təchizatı şəbəkəsinin yenidənqurulmasını həyata keçirmək, Litvanın ən böyük qas təchizatı şəbəkəsinə malik şirkətinin payçısı olmağa hazırlaşır. Böyük ehtimalla, Bakı “Qazprom” Litva şirkətindəki payının bir qismini əldə edəcək.

Dünya SAKİT,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR