İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan böyük güclərin savaşında necə davransın? - milli maraqların tələb etdiyi neytrallıq

1300 16.02.2022 19:47 Gündəm A A

Son 30-40 ildən bəri hazırda dünyanın ən gərgin dövrüdür. SSRİ dağılan ərəfədə hökm sürən “soyuq müharibə”, ardınca bütövlükdə baş verən proseslər, ölkələrin davranışı, yeni düzənin qurulması heç indiki qədər mürəkkəb olmamışdı.

Hazırda böyük güclər arasında dünyanın yenidən bölüşdürülməsi prosesi gedir. Bu, çox ağrılı, bəzən qəddar, amansız davranışların sərgilənməsi isə müşayiət olunur. Bir tərəfdən də COVİD pandemiyasını yaratdığı yeni şərtlərin fonunda iqtisadi, enerji, təhlükəsizlik məsələləri baxımından maraqlar toqquşmasını, dünya boyunca, hətta ən inkişaf etmiş ölkələrdə demokratiyanın iflasını, sosial yanaşmaların dəyişməsini, virtual dünya üzərindən gedən informasiya savaşlarını hamımız müşahidə edirik.
Xülasə, dünyada bütün istiqamətlər üzrə çaxnaşmalar mövcuddur və səbəb də bəllidir.

Təbii, böyük güclərin bu davasında, mövcud gərginliklərdə kiçik və orta ölkələr üçün daha həssas və adekvat yanaşmalar tələb olunur. Hər bir qütb öz yanına, təsir dairəsinə daha çox ölkə almaq istəyir. Böyük güclər üçün hansı ölkənin nə qazanması, nə ziyanı görməsi çox da maraqlı deyil. Əsas öz maraqlarıdır.

geo.png (126 KB)

Müşahidələr göstərir ki, əksər kiçik və orta ölkələr hansı qütblə necə əməkdaşlıq edilməsi məsələsində ya qərarsız olur, yaxud da verilən qərarlar, atılan addımlar yanlış olur. Hətta inkişaf etməkdə olan, kiçik sayılmayan dövlətlər də çıxılmaz duruma düşə bilirlər. Məsələn, Ukrayna, Qazaxıstan və s...
Ukraynanı Qərb illərdir özü üçün bir növ poliqona, Rusiyaya təzyiq göstərmək üçün alətə çevirməyə çalışır. Rusiya isə təbii ki, özünün imperialist mövqelərindən çəkilməməkdə israrlıdır.
(Ümumiyyətlə, daim nəzərə alınmalıdır ki, Rusiya nə qədər zəifləsə də, ölü deyil və qonşuluqda olan nəhəng gücdür. Reallıq xoşumuza gəlməyə bilər, amma biz onu dəyişə bilmiriksə, savaşmaq yox, uyğun formatlarla əməkdaşlıq daha praqmatik yanaşmadır...)

Habelə, Qərbin, Avropanın Belarusu, Moldovanı tamamilə öz nəzarətinə, təsir dairəsinə almaq cəhdləri və qarşılığında Rusiyanın dirənişi də bu coğrafiyada da təlatümlər yaşadır.

Maraqlısı budur ki, daha əvvəllər böyük güclərin savaşında əsasən iki qütb olurdu: Qərb və Rusiya. Zaman-zaman bu kimi mövqe, nüfuz, iqtisadi toqquşmalarda Avropa əsasən açıq və ya dolayısı ilə Qərbin yanında dururdu, dəstək verirdi. İndi isə mənzərə xeyli fərqlidir. Avropa özü də qütblərə bölünüb.
Digər tərəfdən Çin məsələsi də kifayət qədər ziddiyyətli, dolaşıqdır.

Bu yandan İrana dair məsələ qəlizləşməkdə davam edir. Şərq ölkələri ilə bağlı da nə baş verdiyini illərdir görürük.
Əlbəttə, qardaş Türkiyəyə və Azərbaycanımıza, bütövlükdə türk dünyasına yönəlik də müəyyən bir proseslər gedir. Anti-türk dairələr yaranmış fürsətdə Türkiyəyə, Azərbaycana qarşı təxribatçı projelər üzərində baş sındırırlar.

azturk.jpg (43 KB)

Cərəyan edən hadisələr məhz elə bu günlərdə, yaxın aylarda başlamayıb. İllərdir gedişat budur, indi bir növ həlledici mərhələ yetişməkdədir.
Belə bir həssas dövrdə dünya üçün kifayət qədər vacib olan Azərbaycanın tutduğu xətt, sərgilədiyi mövqe, apardığı siyasət barədə təkcə ölkə daxilində deyil, beynəlxalq aləmdə də təbii olaraq danışılır, dartışılır.

Hər kəs öz maraqları kontekstində yanaşır bu məsələyə. Məlum mövqedə dayanmağımız şübhəsiz ki, dostlarımızın da maraqlarına uyğundur, bu onları da qürurlandırır.
Müəyyən maraqlı tərəflər isə sözsüz ki, onların mövqeyinə, çıxarlarına uyğun davranmağımızı istəyir, arzu edir. Bunun üçün dövlətimizə zaman-zaman təzyiqlər edilməsinin də şahidi olmuşuq. Hətta bir vaxtlar özünə “demokratik qüvvələr” adını vermiş müxalifət partiyaların təmsilçiləri - hansılar ki, məkrli Qərb dairələrini birbaşa təsiri altındadırlar - “Azərbaycan iqtidarı konkret mövqe ortaya qoymalıdır, seçimini etməlidir” kimi absurd tələblərlə çıxış edirdilər. Yəni onlar bəlli təlimat üzrə iddia edirdilər ki, Azərbaycan üçün “uğurlu yol” kor-təbii şəkildə Qərbin ruporu olmaqdır, Rusiyadan, digər bütün qütblərdən üz döndərilməlidir, savaş açılmalıdır. Ancaq qısa zamanda aydın oldu ki, bu tamamilə yanlış və təxribatçı bir çağırışlar olub. Hətta ötənlərdə belə fikirləri səsləndirənlərin özlərinin bir çoxu son 2-3 ildə açıqlamalarında yanıldıqlarını etiraf edirlər.
Bu barədə danışarkən Gürcüstan və Ukrayna nümunələrinə, onların başına gələn müsibətlərə baxıb, dərs çıxarmamaq mümkün deyil.

Ümumiyyətlə, hansı ölkənin hansı kursu seçməsi onun öz daxili işidir. Bizim bununla da işimiz yoxdur. Əsas odur ki, Azərbaycanın tutduğu neytrallıq kursu tamamilə doğrudur və bu cür davam etmək ölkəmizin inkişafı, sabitliyi, milli və dövlət maraqlarına xidmət edir. Postmüharibə dövründə isə bu kursun önəmi ikiqat artmış olub.
Bəzi qərəzli, dağıdıcı mahiyyətli qüvvələr isə sözsüz ki, Azərbaycanın neytrallığını qorumasından, dövlət və milli maraqlarımızdan çıxış etməsindan narahatdır.
Ancaq vacib olan odur ki, kimin nə deməsindən, hansı tələbi səsləndirməsindən asılı olmayaraq, dövlətimizin yanaşması, proseslərdə iştirakı adekvatdır, bu, doğru hesab edilməlidir.

13jpg-1606458109.jpg (67 KB)

Azərbaycan davranışları ilə sübut edib ki, dünyada sülh və təhlükəsizliklə bağlı öhdəliklərinə sadiqdir, buna yönəlik işlərə daim töhfə verir. Enerji sahəsində də əməkdaşlıqla bağlı siyasəti də Azərbaycanı dünyanın ən vacib ölkələrindən birinə çevirib.

Beynəlxalq hüquqa hətta bəzi mötəbər qurumlar, böyük dövlətlərin ciddi yanaşmadığı bir zamanda da Azərbaycan bu prinsipləri önəmli mexanizm kimi dəyərləndirməkdədir və öz xarici siyasətində bu dəyərlərə, imzaladığı, tərəfdar çıxdığı qanunlara, normalara riayət edən ölkədir. Qətiyyən ritorik səslənməməlidir, sözün əsl mənasında Azərbaycan BMT-nin Qarabağa dair 30 il icra olunmayan qətnamələrini də özü icra etməyə nail olub...

Azərbaycan bütün təzyiqlərə rəğmən bir qütbə qoşulub, digərlərinə qarşı savaşda iştirakçı olmur, səmimi, dürüst davranır. Dövlətimiz heç vaxt kiminsə maraqlarından, kiminsə tərəfindən başqa bir tərəfə qarşı mövqe tutmayıb, rupor olmayıb.

Azərbaycan üzvü olduğu Qoşulmama Hərəkatının prinsiplərini üstün, rəhbər tutur.

qq.jpg (326 KB)
Bunun üçün hətta şiddətli təzyiqlər göstərildiyi zamanlar da olub, ancaq Azərbaycan rəhbərliyi bu təzyiqlərə sinə gərərək, öz doğru mövqeyindən çəkinməyib və proseslərdən həmişə uduşla çıxıb. Çünki özünün doğru bildiyi və şükürlər olsun ki, yanlış olmayan yolla addımlayıb.
Təbii, doğru, yanlış olmayan yolu seçmək asan iş deyil. Bunu əksər dövlətlərin rəhbərləri bacarmadı. Biz fəxr edə bilərik ki, Azərbaycan Prezidenti İlham Əliyev bunu məharətlə bacarıb.

Zaman da, faktlar da sübut edir ki, mövcud durumda Azərbaycanın tutduğu mövqe doğrudur və qarşıdakı dövrlərdə də bu yolu davam etdirməlidir.
Bu kontekstdə qeyd etmək yerinə düşər ki, Azərbaycan 2011-ci ildən sıralarında olduğu Qoşulmama Hərəkatında böyük bir iz, nümunələr ortaya qoyub. Bu təşkilatda Azərbaycan lokomotiv rolunu oynayıb, xüsusi fəallıqları ilə yadda qalıb. Dünyada əmin-amanlığa, əməkdaşlığa, mədəni əlaqələrin gücləndirilməsinə yönəlik çoxsaylı təşəbbüslər irəli sürüb, gerçəkləşdirib. Pandemiya dövründə isə böyük humanitar işlər görüb. Bu addımlar, təşəbbüslər də davam etdirilməlidir, çünki dünyaya, insanlara konkret və birbaşa faydaları var...
Nəhayət, Azərbaycanın dünyaya münasibətdə apardığı siyasətin nə qədər doğru olmasını sübuta yetirən ən əsas fakt: Beynəlxalq aləmdəki kifayət qədər gərgin bir dönəmdə - 2020-ci ilin 27 sentyabrında Azərbaycan öz torpaqlarını erməni işğalından azad etməyə qərar verdi. Nəticə olaraq son 200 ildə ilk dəfə torpaq geri qaytara bildik, Qarabağı işğaldan qurtarmağa nail olduq. Bu, Şanlı Silahlı Qüvvələrimizin qüdrəti ilə yanaşı, Prezident İlham Əliyevin xarici siyasətinin də nə qədər uğurlu olmasının bariz nümunəsi oldu.
Rusiya mane olmadı, savaşda tərəf tutmadı, dünyanın böyük hissəsindən dəstək aldıq.

Düzdür, kimlərsə erməniləri müdafiə etdi, hansısa bəyanatlar verdilər. Ancaq aparılan siyasət nəticəsində bunlar bizə əngəl ola bilmədi.
Fakt odur ki, postmüharibə dövründə bu qərəzli dairələr də Azərbaycanın bölgədə yaratdığı yeni reallıqlarla hesablaşır.

7f11539a3245ccc778476b9b64bfbc55.jpg (42 KB)

Bunu fevralın 4-də Fransa Prezidenti Emmanuel Makronun təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyevin, Fransanın Avropa İttifaqına sədrliyi qismində Prezident Emmanuel Makronun, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə videoformatda keçirilən görüşdə müzakirə olunan məsələlər, tərəflərin yanaşması, qarşıda görüləcək işlərin konkret istiqamətlərinə dair açıqlamalar da təsdiqləyir.

Deməli, kurs və dayandığımız nöqtə tamamilə doğrudur, ciddi düşünülmüş və uğurlar qazanmış siyasətdir. Doğru yoldan isə çəkilməzlər. Bu, aksiomdur.

Elşad MƏMMƏDLİ
Musavat.com

 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR