İnsanlara hürriyət, millətlərə istiqlal!

Aygün Səmədzadə: “Bununla sanki bir kəndi də biz azad etdik”  

1181 04.03.2021 18:47 Şou-biznes A A


Xalq artisti, bəstəkar Aygün Səmədzadənin müəllifi olduğu “Bakinskiy roman” mahnısını mənimsəyən erməni müğənni Monika Nazaryanın klipi hər yerdə “ban” olunub, “Youtube”dan tamamilə silinib.

Məsələ ilə bağlı Aygün Səmədzadə Musavat.com-a danışıb.

O bildirib ki, adıçəkilən erməni ifaçısı fars mahnısı oxuyub:

“Həmin mahnıda mənə aid "Bakinskiy roman" mahnısının giriş və introsundan istifadə edib.
Artıq bir ildən çox idi ki, bu mahnı internet resurslarında paylaşılmışdı. Dəfələrlə bununla bağlı məsələ qaldırıb, müraciət etmişdik. Nəhayət ki, şikayətlərimizə cavab olaraq, onun mahnısı silinib.
Bunun nə qədər davam edəcəyini hələlik bilmirik. Çünki bu mahnı ilə bağlı biz çox əziyyət çəkdik, müxtəlif yerlərə şikayət məktubları göndərdik.

Doğrudur, şikayətimizə baxılırdı, mahnı platformada bağlanılırdı, lakin bir qədər sonra yenə də açırdılar. Çünki baxış sayı çoxdur. Azərbaycanlılar bu məsələ ilə bağlı sosial şəbəkələrdə çağırışlar edib, müraciətlər göndərdilər.

Mahnının ifaçısı Qismət Məmmədzadə də bu məsələdən çox narahat idi və o da çalışırdı ki, məsələ həll olunsun. Nəhayət ki, yuxarıda da qeyd etdiyim kimi mahnı dayandırılıb. Pərəstişkarlarım deyir ki, sanki bununla bir kəndi də biz azad etdik.

Bildiyiniz kimi buna qədər mənim bir neçə mahnımdan istifadə olunub və yaxud oğurlanıb. Məsələn, "Bakinskiy roman" mahnısının bir hissəsi oğurlanmışdısa, digər mahnılarımı bütövlüklə erməni və digər dillərdə oxuyublar.

Necə ki, düşmən hər zaman torpaqlarımıza, maddi-mənəvi abidələrimizə, mədəniyyətimizə yiyələnmək istəyib, eləcə də daim mahnılarımızı, əsərlərimizi öz adlarına çıxarmağa çalışıblar. Yəni onların xisləti bu cürdür”.

Xatırladaq ki, bəstəkarı Aygün Səmədzadə olan, Əməkdar artist Lalə Məmmədovanın ifa etdiyi məşhur “Məktəb illəri” mahnısı da zamanında erməni müğənnilər tərəfindən oğurlanıb.

Həmçinin Aygün Səmədzadəyə məxsus, Aygün Bəylər tərəfindən ifa edilən məşhur “Tut ağacı” mahnısı bir neçə ölkə ifaçısı tərəfindən oğurlanaraq, müəllif hüquqları pozulub.

İlk dəfə rus müğənnisi onu “Ana” mahnısı kimi təqdim edib oxuduqdan sonra erməni müğənnisi tərəfindən erməni mahnısı kimi oxunmuşdu. Həmçinin mahnı elə “Tut ağacı” adı altında yunan müğənni tərəfindən yunan mahnısı kimi təqdim olunmuşdu.

Xalidə Gəray
Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR