İnsanlara hürriyət, millətlərə istiqlal!

AXCP MÜSAVATLA BİRLƏŞMƏK QƏRARI VERDİ

3207 26.09.2010 10:09 Gündəm A A

Əli Kərimli: “Heç bir ilkin şərt irəli sürmədən Müsavatla birləşək”

Qurultayda sədarət, say komissiyası, mandat komissiyası, redaksiya heyəti və katiblik seçildikdən, gündəlik təsdiqləndikdən sonra AXCP sədri hesabat çıxışı etdi. Ölkədəki ictimai-siyasi, sosial-iqtisadi vəziyyətin, söz azadlığının durumunun təhlilinə geniş yer verən Ə.Kərimlinin çıxışının ən maraqlı məqamı AXCP ilə Müsavatın birləşməsi ideyasına qurultayın münasibət bildirməsi təklifi oldu: “Təklif edirəm ki, qurultayda Xalq Cəbhəsi və Müsavatın birləşməsinə qərar verək. Məmməd Əmin Rəsulzadə və Əbülfəz Elçibəy yoluna sadiq adamların iki avanqard təşkilatının birləşməsi tək bu iki partiyanın deyil, bütövlükdə demokratik qüvvələrin bir araya gəlməsində önəmli addım olar. Ümid edirəm ki, bu iki partiyanın birləşməsi Azərbaycanın alternativ axtarışında olan mütərəqqi gəncliyini yeni partiyanın ətrafında səfərbər edəcək. Xalq çoxdan gözləyir ki, nəhayət, bütün ayrılıqlar kənara qoyulacaq, bütün ambisiyalar ikinci plana keçiriləcək və bu təşkilatlar bir araya gələcək. Ona görə də konkret təklif edirəm ki, bu gün AXCP-nin ən ali orqanı AXC adından parlament seçkilərindən sonra Müsavat Partiyası ilə heç bir ilkin şərt irəlin sürmədən, bərabərhüquqlu, tam bir partiyada birləşməyə tərəfdar olduğunu qərarla təsdiq etsin. Bilirsiniz ki, bu birlik təşəbbüsünü ilk dəfə Müsavat başqanı İsa Qəmbər səsləndirib. Ona görə də mən inanıram ki, bu birlik qərarı bir müddətdən sonra Müsavat Partiyasında da qəbul olunacaq”.
Ötən parlament seçkilərində “Azadlıq” blokunun qələbə qazandığını xatırladan AXCP sədri təəssüflə qeyd etdi ki, o qələbəni reallaşdırmaq mümkün olmadı. Onun sözlərinə görə, 2005-ci il nümunəsi Azərbaycanda irticaçı bir rejimin və sivil yollarla mübarizə aparmaq əzmində olan güclü müxalifətin olduğunu sübut etdi. Noyabrın 7-də keçiriləcək parlament seçkisindən danışan Ə.Kərimli yeni yaranmış AXCP-Müsavat seçki blokunun da böyük səs çoxluğu qazanacağına əminliyini ifadə etdi: “Biz uzun müzakirələrdən sonra demokratik qüvvələrin güclü mərkəzini yaratmağa - Xalq Cəbhəsi və Müsavat partiyalarını birləşdirən seçki bloku qurmağa müvəffəq olduq. 100-ə yaxın seçki dairəsində vahid namizədimiz var. Məhrumiyyətlərə, çətinliklərə baxmayaraq uğurlu kampaniya apararaq seçkidən qalib çıxacağıq. Azərbaycanın çox güclü, fədakar müxalifəti var. Bu müxalifət ən amansız şərtlər daxilində mübarizə aparır və hər seçkidə hakimiyyət üzərində qələbə çalır”.
İqtidarın, prezidentin ünvanına kəskin tənqidlər səsləndirən AXCP sədri öz çıxışında Qarabağ münaqişəsinə də toxundu. Problemin həllini demokratikləşmədə gördüyünü vurğulayan Ə.Kərimli bildirdi ki, avtoritar Azərbaycan və avtoritar Ermənistan bu problemi həll edə bilməz: “Bu problemi yalnız hər iki ölkənin demokratikləşməsi şərti ilə həll etmək mümkündür”.
Ə.Kərimli sonra öz çıxışını ölkədəki mövcud durumla bağlı qurdu. 2005-ci il seçkilərindən sonra siyasi təşkilatlara edilən repressiyalar haqda danışan natiq bildirdi ki, müxalifət öz mübarizliyi ilə hakimiyyəti bəzi addımlar atmağa məcbur edib. O, buna misal kimi müxalifətə etiraz aksiyaları keçirmək üçün ayrılan yerləri göstərdi. Bildirdi ki, hakimiyyət əvvəllər müxalifətə şəhərdən kənardakı meydanları təklif etsə də şəhərin mərkəzində keçirilən razılaşdırılmamış mitinqlər, müxtəlif etiraz aksiyaları nəticəsində bu gün demokratik qüvvələrə nisbətən mərkəzə yaxın meydanlar təklif olunur. Ə.Kərimli müxalifətin bununla razılaşmayacağını dedi: “Biz mübarizəmizi daha ciddi nəticələr əldə edənədək davam etdirməliyik”.
Prezident seçkilərindən sonra konstitusiyadan prezidentin səlahiyyət müddəti ilə bağlı məhdudlaşdırıcı maddənin saxta referendumla aradan qaldırıldığını, demokratik düşərgənin referendumu boykot etdiyini də yada salan AXCP sədri hazırkı parlament seçkilərinə hazırlıqdan danışdı. O, parlament seçkiləri ilə bağlı AXCP-Müsavat blokunun yaradılmasını bu mərhələnin əsas uğuru adlandırdı: “İnanıram ki, AXCP-Müsavat bloku mümkün olan hər şeyi edəcək, xalqın inamını doğruldacaq... Hakimiyyət ötən müddətdə qarşısına məqsəd qoymuşdu ki, real müxalifəti sıradan çıxarsın. Bu, təsadüf, ayrı-ayrı məmurların özbaşınalığı, Azərbaycan hüquq sisteminin yarıtmazlığı deyildi. Bu, İlham Əliyevin rəhbərliyi ilə məqsədyönlü həyata keçirilən proqram siyasəti idi. Amma sizlər, fədakar AXCP üzvləri bu sınaqdan üzüağ çıxdınız. Əgər bütün bu repressiyalardan sonra yenə də mübarizənin ön cərgəsində addımlayırıqsa, deməli, sınaqdan üzüağ çıxmışıq və bu, bizim əsas hesabatımızdır... ”Hakimiyyət hər şeyi edirdi ki, ona alternativ olmasın, cəmiyyəti özünə tabe etdirsin. Çalışırdı ki, hər kəsin müqavimətini qırsın, siyasi partiyalar da, ictimai təşkilatlar da, bütün media da, hər bir vətəndaş da onun qoyduğu tələblərlə hərəkət etsin, cızdığı yolla getsin. Çalışırdı ki, cəmiyyətin bütövlükdə sabaha ümidini məhv etsin. İnsanları inandırsın ki, elə hər zaman belə olacaq, sülalə hakimiyyəti əbədi davam edəcək. Bu siyasətin mahiyyəti o idi ki, müqavimət adaları bir-bir işğal olunsun, alternativlər məhv edilsin. Biz isə bu siyasətə qarşı öz alternativliyimizi ortaya qoyduq. Azərbaycanda sülalə hakimiyyətinin hər kəsi ram etməsinə imkan vermədik. Bu hakimiyyət Azərbaycanda öz dəyərlərini hakim dəyər etmək istədi. Biz isə öz dəyərlərimizin keşiyində durduq. Biz izah etdik ki, insanlar müəyyən zamanda qorxunun nəticəsində itaətkarlıq göstərə, şəraitə uyğunlaşa bilər. Amma heç zaman insanlıq məddahlığa, yaltaqlığa, qorxuya, oğurluğa sitayiş edə bilməz. Biz bu dəyərləri lənətlədik və buna qarşı mərdliyi, doğruluğu, dürüstlüyü qoyduq. Biz ona nail olduq ki, repressiya maşınının dişləri Xalq Cəbhəsi üzvlərinə ilişib sındı. Hakimiyyət cəmiyyət üzərində nəzərdə tutduğu xofu yarada bilmədi. Hakimiyyətin total xof yaratmaq planı ona görə baş tutmadı ki, minlərlə insan bu mübarizənin önündə getdi, Azərbaycanın düşünən, əqidəli insanları bu tendensiyaya yox dedilər. Təzyiqlər yəqin ki, bundan sonra da olacaq. Amma bir fakt artıq təsdiqini tapıb ki, cəmiyyəti susdurmaq mümkün olmayacaq".
Ölkədəki vəziyyəti xarakterizə edən AXCP sədri diqqəti sosial duruma yönəltdi: “Bu gün Azərbaycanda milyardlarla dollarlıq vəsait mənasız layihələrə, bütpərəstliyin Azərbaycanda və dünyada yayılmasına sərf olunur. Amma xalqa deyirlər ki, sənin pensiya və maaşın 10 manat artırılır. Xalqa bundan artıq sayğısızlıq olarmı? Öz bütlərinin təbliğinə milyardlar, amma bu torpaqların, sərvətlərin sahibi olan xalqa 10 manat”.

İsa Qəmbər: “Bu rejim özünün yaratdığı oliqarxları idarə etmək gücündə deyil”

AXCP sədrinin çıxışından sonra təbrik üçün söz qonaqlara verildi. İlk olaraq Müsavat Partiyasının başqanı İsa Qəmbər çıxış etdi. AXCP-çiləri təbrik edən Müsavat başqanı ölkədə mövcud olan rejimin xalqa zərərli xüsusiyyətlərindən danışdı: “Mən bu qüvvəni həmişə səriştəsiz və görməmiş rejim adlandırmışam. Bu qüvvə ölkədəki problemləri dəyərləndirmək gücündə belə deyil, nəinki həll etmək. Bu rejim artıq özünün yaratdığı qüvvələri, oliqarxları idarə etmək gücündə deyil”.
Birləşmək ideyası haqda danışarkən İsa Qəmbər “demokratiya uğrunda gerçək mübarizə aparan istənilən qüvvə ilə birləşməyə hazırıq” dedi: “Konkret olaraq Xalq Cəbhəsi və Müsavat partiyalarına gəlincə isə bu iki təşkilat Məmməd Əmin Rəsulzadə və Əbülfəz Elçibəy yoluna sadiq qüvvələrin cəmləşdiyi qurumlardır. Hər bir cəbhəçi özünü müsavatçı, hər bir müsavatçı özünü cəbhəçi sayır”.
ADP sədri Sərdar Cəlaloğlu öz çıxışında ölkədə fəaliyyət göstərən bütün müxalifət qüvvələrinin birləşməsini məqsədəuyğun saydığını və arzuladığını dedi.
Millət vəkili Pənah Hüseyn isə birlik təklifini ictimailəşdirən insanlardan biri kimi çıxışını bu prosesin lehinə qurdu: “Bir Azərbaycan vətəndaşı, deputatı, siyasətçisi olaraq sizə bir minnətdarlıq bildirmək istəyirəm. Çünki siyasətlə məşğul olan hər bir adam bilməlidir ki, bu gün Azərbaycanda siyasətdən danışırıqsa, bir siyasi müstəvi varsa, siyasi oyun gedirsə və bunun iştirakçıları varsa bütün bunlara görə cəbhəçilərə və müsavatçılara borcludur”.
Müsavat Məclisinin sədri Sülhəddin Əkbər, Müsavat Divanının üzvü İbrahim İbrahimli, Məmməd Əmin Rəsulzadənin nəvəsi Rəis Rəsulzadə, hüquqşünas Erkin Qədirli və digər qonaqlar öz çıxışlarında Xalq Cəbhəsi və Müsavatın bir partiyada birləşməsinə dəstək ifadə etdilər.
Qonaqların təbrik çıxışlarından sonra AXCP Ali Məclisinin sədri Həsən Kərimov və Mərkəzi Nəzarət-Təftiş Komissiyasının sədri Rahim Hacıyevin hesabatları dinlənildi. Hesabatlar ətrafında müzakirələrdən sonra isə qurultay partiya sədrini, Mərkəzi Nəzarət-Təftiş Komissiyası üzvlərini seçdi. Qeyd edək ki, partiyanın sədrliyinə yeganə namizəd qurultay başlayanda sədrlikdən istefa vermiş Əli Kərimli oldu. Qurultay yekdilliklə onun növbəti müddətə AXCP-yə sədrliyini təsdiqlədi. Həmçinin rayon şöbələrindən seçilmiş 79 nəfərin Ali Məclisə üzvlüyü təsdiqləndi və bu quruma 39 nəfər üzv seçildi.
Qeyd edək ki, AXCP-nin qurultayı dünən başa çatıb. Qurultay AXCP-nin Müsavat Partiyası ilə birləşməsinə qərar verib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR