İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropaya firavanlıq dalınca gedərkən suda batanlar - ölüm-qalım mübarizəsi...

692 29.07.2023 09:25 Siyasət A A

Bu ilin ilk yarısında Avropaya getməyə çalışan 800-ə yaxın qeyri-qanuni miqrant Tunis sahillərində boğulub.

APA xəbər verir ki, bu barədə Tunis Milli Jandarmının sözçüsü Houcem Eddine Jebabli AFP-yə bildirib.

“Dənizdən 789 miqrantın cəsədi çıxarılıb, onlardan 102-si tunisli, digərləri əcnəbilər və şəxsiyyəti məlum olmayan şəxslərdir”, - o deyib. Tunis rəsmisinin sözlərinə görə, 34 mindən çox insan xilas edilib.

Qeyd edək ki, Şimali Afrika ölkəsi olan Tunis tez-tez qayıqlarda təhlükəli dəniz səyahətinə cəhd edən qeyri-qanuni miqrantlar və sığınacaq axtaranlar üçün əsas qapıya çevrilib. Tunislə İtaliyanın Lampeduza adası arasındakı məsafə təxminən 130 kilometrdir.

Afrika ölkələrində yaşayış getdikcə dəhşətli hal alır. Sanki bu ölkələrin insanlarının məqsədli şəkildə azaldılması bir projesi həyata keçirilir. Yaşam mübarizəsi apararaq, qismən firavan həyat ardınca Avropaya qaçmaq istəyənlərin bir çoxu isə sularda qərq olur. Bu “qaragünlü ölkələr”lə bağlı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da tez-tez çağırışlar edir.

Almaniyada saxlanılmış Əlövsət Əliyev: "şərti azadlığa buraxılmışam" - BBC  News Azərbaycanca

Əlövsət Əliyev: “Qorxulu yollara üz tutanlar həyatı risk altında olan şəxslərdir”

Almaniyada fəaliyyət göstərən “Legat” İnteqrasiya Mərkəzinin rəhbəri Əlövsət Əliyev “Yeni Müsavat”a bildirdi ki, Avropaya üz tutanların əksəriyyəti iqtisadi mühacirlər deyil. O qeyd etdi ki, ölkəsində təqib olunan siyasi mühacirlər də çıxış yolunu ölkəni tərk etməkdə görürlər: “Qorxulu yollara üz tutanlar həyatı risk altında olan şəxslərdir. O ki qaldı statistikaya, bu batan və itən gəmilərin sayına görə hesablanmış rəqəmdir. İtkin düşənlərin sayı dəfələrlə çoxdur. Bəzən qanunsuz daşıma ilə məşğul olanlar ələ keçməmək üçün gəmiləri batıra bilərlər, insanları açıq okeana, yaxud dənizə buraxa bilərlər. Bu il iki dəfə Almaniya parlamentində, o cümlədən Avropa Parlamentində potensial miqrantların saxlanması, öz ölkələrində normal şərait yaradılması və s. məsələlər müzakirə olunub. Dünya birliyi bəzi ölkələrdə aclığın belə qarşısını ala bilmir. Nə qədər ki, bəzi ölkələrdə həyat şəraiti daha yüksək, bəzilərində isə həddən artıq aşağıdır, miqrant axını davam edəcək. Paradoksal haldır ki, ən zəngin insanlar arasında normal demokratik prinsiplərin mövcud olmadığı ölkələrdə doğulanlar az deyil. Natamamlıqları ilk növbədə hər bir dövlət özü həll etməlidir. Hər bir ölkə vətəndaşının təhlükəsizliyini, həyat şəraitini təmin etməlidir”.

Azər Badamov: “Azərbaycan öz ərazisinə heç bir missiyanın gəlməsinə icazə  verməyəcək”

Azər Badamov: “Qərb  100 milyardlarla dollar vəsait sərf edərək müharibələri qızışdırır”

Millət vəkili Azər Badamov isə mövzunu belə şərh etdi: “Təəssüf ki, dənizlə miqrasiya etmək təhlükəli olduğundan qayıqların mütəmadi  batması və miqrant ölümləri haqqında xəbərlər eşidilir. Həyat şəraiti çətin olan insanlar bir qarın yemək üçün öz həyatını təhlükəyə ataraq təhlükəli yollarla Qərbə üz tuturlar. Bəzi hallarda isə miqrant dolu qayıqların qəsdən batırılması ilə bağlı xəbərləri ürək ağrısı ilə  eşidirik. Bu gün Qərb  100 milyardlarla dollar vəsait sərf edərək müharibələri qızışdırır, insan qırğınları üçün şərait yaradır. O cümlədən insan hüquq və azadlıqlarının müdafiəsi pərdəsi altında öz çirkin niyyətlərini reallaşdırmaq üçün dinamik inkişaf edən sabit ölkələri məhv edir. Əgər Qərbi insan hüquq və azadlıqları maraqlı idisə, Afrikada yaşamaq hüququndan məhrum olan insanların taleyi haqqında düşünərdi. Məsələn, ədalətsizliyi dəstəkləməyə sərf olunan vəsait aclıqdan əziyyət çəkən ölkələrə yönəldilsə, təbii ki, heç bir insan təhlükəli qanunsuz miqrasiya səfərinə çıxmaz. Baş verən hadisələr onu göstərir ki, dünyada ikili standartlar və maraqlar uğrunda mübarizələr davam etdikcə qanunsuz miqrant həyatını yaşamağa məcbur olan insanların sayı da çoxalacaq. Hesab edirəm ki, BMT həyəcan təbili çalmalı və dünyanı aclıq çəkən ölkələrə dəstəyə dəvət etməlidir. Bu dünyanın gələcəyini ancaq  mərhəmət və insanpərvərlik xilas edə bilər”.

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR