İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropanın TIR siyasəti - heç utanırsınız?!

2902 27.07.2023 13:30 Yazarlar A A

Avropa İttifaqının Ermənistandakı missionerləri bu dəfə öz gerçək sifətlərini gizlədə bilmədilər. Məsələn, Dığ istiqamətində ermənilər hərbçilərimizə atəş açarkən, Zod istiqamətində təxribat törətdikləri zaman, elə ötən ay Həkəri körpüsü üzərindəki sərhəd postumuzun qarşısında bayrağımızı asan əsgərimiz güllələnərkən avropalı “müşahidəçilər” qeyb olmuşdular...

Amma baxın, ikinci gündür Laçın yolunun başlanğıc nöqtəsində post qurublar, Ermənistandan gəlmiş TIR-ların keşiyini çəkirlər.

Avropa İttifaqı kimi ciddi qurumu nə kökə saldılar, necə aşağıladılar, adam sadəcə təəssüf edir. Aİ-nin Ermənistandakı monitorinq missiyasının rəhbəri Markus Ritter deyib baş verənləri şəxsən görmək üçün “Kornidzor”a – Gorusun erməniləşdirilmiş kəndinə - gəlib. Bir az da açıq danışsa, deyərdi tamaşaya, oyuna baxmağa gəlib. Bəli, oyun hazırlayıblar. Yeri gəlmişkən, bu tamaşanın hazırlanmasına ötən aylardan hazırlıq görülürdü. Avropalılar ötən ay da bu bölgəyə gəlmişdilər və Dığ kəndi istiqamətində post quracaqlarını elan etmişdilər. Budur, post qurulub faktiki olaraq, yuxarıdan aşağı boylanırlar...Amma nə etsələr, nə oyun qursalar da, mənası yoxdur.

Təsadüfi deyil ki, Prezidentin köməkçisi Hikmət Hacıyev Amerika və Avropa ölkələrinin səfirləri ilə görüşdə “Oyun bitdi!” söylədi. Bəli, artıq Bakının səbir kasası daşmaq üzrədir. Bir ovuc erməni, həm də onları girovluqda saxlayan terrorçular necə matah olub avropalı, amerikalı oyunçular üçün?!

WhatsApp Image 2023-07-27 at 16.34.22.jpeg (249 KB)

Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borel də Gorusdakı erməni TIR-larına görə yuxusuna haram qatıb. Bunların iş-gücü yoxdurmu?! Azərbaycan XİN operativ şəkildə cavabını verib, “erməni tərəfinin yaydığı saxta təbliğat və siyasi manipulyasiyalara əsaslanaraq, 26 iyul tarixli bəyanatda bölgədə vəziyyətə dair sərgilədiyi yanaşma təəssüf doğurur”. Hədlərini aşacaqlarsa, daha sərt cavab alacaqlar!    Unudublarsa, xatırladaq, bu mövzuda dəfələrlə yazmışam: Azərbaycan Prezidenti hələ Qarabağ işğalda olduğu zaman  Avropa İttifaqı Şərq Tərəfdaşlığının xüsusi tapşırıqlar üzrə səfirlərindən ibarət nümayəndə heyətini qəbul edərkən açıq mətnlə bəyan etmişdi ki, bu qurumla əməkdaşlığın əsasında Azərbaycanın ərazi bütövlüyünə münasibət dayanır! Ölkəmizin başçısı Avropa İttifaqının Azərbaycanın ərazi bütövlüyü ilə bağlı mövqeyinin dəyişməz qalacağına ümidvar olduğunu daim bəyan edib.

Yəni Qarabağa kəm baxan şəxs, qurum, paytaxtla normal münasibət qurulmayacaq, ərazi bütövlüyü bizimçün qırmızı xətdir, vazkeçilməzdir! Hələ torpaqlarımızın işğalda olduğu dövrdə olduqca qətiyyətli, prinsipial mövqe bildirən İlham Əliyevin qalib sərkərdə olaraq yumşaq münasibət sərgiləyəcəyini, güzəştlərə gedəcəyinimi zənn edib avropalı emisarlar, yaxud onların başbilənləri?! Odur ki, həm cənab Hikmət Hacıyevin “Başqa yol yoxdur. Oyun bitdi!” bəyanatı, həm də XİN-in cavabı həm də Prezidentin, Ali Baş Komandanın mövqeyinin ifadəsidir. Və NİDA işarəsi!

İndi Avropa İttifaqının emissarları gəlib Gorusun hansısa təpəsindən ermənilərin hazırladığı tamaşanı seyr edir, çəkir, Brüsselə yollayırlar. Bu, nə simasızlıqdır! Avropa ölkələrinə qanuni yolla səfər etmək üçün nə qədər prosedurlar tələb olunur, az qala böyrəkdə, ya öd kisəsində daş olub-olmadığı da sorğulanır. İndi avropalılar tələb edirlər ki, çəkilin sərhədinizdən, açın yolları Ermənistandan TIR gəlir! Bu nə vicdansız davranı, əclafcasına yanaşma!

Bu günə qədər Qarabağ ermənilərinin yolu bağlanmayıb, sadəcə Laçın yolunun başlanğıcında post qoyulub, qeyri-qanuni yüklərin keçirilməsinə imkan verilmir, vəssalam! Eyni zamanda Azərbaycan Xankəndiyə yükdaşımalarının Ağdam yolu ilə həyata keçirilməsi barədə təklif verib, ermənilərsə qəbul etmir. Avropa İttifaqının Boreli, ya Ritteri ermənilərə sual verməlidirlər ki, əgər doğrudan da acınızdan ölürsünüzsə, niyə ərzağın Ağdam tərəfdən daşınmasını istəmirsiz, hələ üstəlik Əsgəranda yola beton sədlər qoymusunuz?! Bəlkə erməni vandallar yer üzündən sildikləri Ağdamdan utandıqları üçün bu yolla getmək istəmirlər?! Desinlər, bilək də. Yoxsa bu, nə hikkə?! Olmaz, mən Laçın yolu ilə gedəcəyəm, demək nədir?!

WhatsApp Image 2023-07-27 at 16.34.36.jpeg (45 KB)

Azərbaycan əhalisi 32 ildir Naxçıvana gedib-gələ bilmir, Naxçıvan Muxtar Respublikasının 500 min sakini bir qərinədir quru yolla, cəmi 43 km-lik yolu – Zəngəzur dəhlizini qət edib vətənin digər hissəsinə keçə bilmir. Avropalılar niyə bir post da Naxçıvan yolu üstündə qurmurlar, ermənilərə çağırış eləmirlər? Nəhayət, siyasi şoulara, oyunbazlıqlara son qoyulmalıdır! Şərtləri Azərbaycan diktə edir. Məsələnin sadə yolu var:

1.Erməni yaraqlılar – 10-25 min nəfərlik qanunsuz hərbçilər - Qarabağdan rədd edilsin! Çünki gətirilən ərzaq həm də onları bəsləmək üçündür. Heç bir özünə hörmət edən ölkə öz qoynunda ilanların bəslənməsinə izin verməz!

2.Ağdam-Şuşa-Xankəndi yolu dərhal açılmalıdır! Niyə biz Şuşaya çox uzun bir məsafə qət etməliyik, Ağdamdan cəmi 37 km-lik məsafədə olan qala şəhərimizə yetişmək üçün?

3.Niyə biz Kəlbəcərə Murov aşırımını dolanmaqla, həyatımıza risk etməklə - vaxtaşırı ağır qəzalar baş verir – gedib-gəlməliyik, amma erməni separatçı-terrorçu dəstələr Tərtər-Ağdərə-Kəlbəcər kəsə yolunu bağlamalıdır? Avropalı missionerlərin bu suala cavabı varmı?

4.Nəhayət, Laçın yolundan keçəcək hər bir TIR-ın qarşılığında Azərbaycanın sadaladığım yollarından da yük və ya minik maşınlarımız niyə keçməməlidir? Bu şəkildə cavabımız da ola bilər: bizim yükdaşıma şirkətləri də dəstələrə bölünsün, bir hissəsi Ordubaddan üzü Zəngilana doğru, digər hissəsi Zəngilandan Zəngəzur dəhlizi istiqamətində, bir bölümü Ağdamdan Şuşaya tərəf, digərləri də Suqovuşandan üzü Kəlbəcər sarı yol alsınlar. Özü də Bakıdakı diplomatik korpusun təmsilçilərinin müşayiəti ilə. Bizim vətəndaşlarımız öz ölkələrində sərbəst, maneəsiz hərəkət etmək, qarşıdakı ünvanlara ərzaq və digər məmulatları çatdırmaq istəyirlər. Kəlbəcərdə, ermənilərin darmadağın etdiyi məkanda tikinti işləri gedir, biz yüklərimizi niyə Ağdərədən sərbəst daşımamalıyıq?! Erməni vandallar, canilər sadəcə başımızı qatırlar yeni siyasi şoularla...Avropa İttifaqının casus şəbəkəsinin ssenarisi əsasında...Amma keçməyəcək!

Elşad Paşasoy,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR