İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropadan terrora çağırış edənləri necə cəzalandırmalı...

1725 16.02.2019 10:22 Ölkə A A

Sahib Məmmədov: “Avropa bu məsələdə ikili standartlarla davranır”

Son zamanlar xarici ölkələrdə yaşayan bir qrup mühacir video-müraciətlərində xalqı üsyana, terrora səsləyir. Onlar bu hakimiyyətə etiraz etmək üçün küçələrə çıxmağı, terror, zorakılıq tətbiq etməyi məsləhət görürlər. Bu cür çağırışlara qarşı çıxanlar isə həmin şəxslərin yaşadıqları xarici ölkələrdə cəzalandırılmasını tələb edirlər.

Qeyd edək ki, bu cür çağırışlar edənlər “söyüş müxalifəti” kimi tanınan radikallardır. Onlar eyni zamanda hər kəsi təhqir edir, söyüşü adi hala çevirirlər. Məqsədləri, əlbəttə ki, öncədən bəlli idi - Azərbaycanda qarışıqlıq yaratmaq. Buna sadəcə söyüşlə nail ola bilmədikləri üçün missioner qruplar artıq açıq zorakılıq, terror çağırışlarına əl atırlar.

Nəzərə çatdıraq ki, iki gün öncə millət vəkili, QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev geniş müsahibə verərək, bu məsələnin arxasında dayananlar, onların məqsədi barədə danışıb, eyni zamanda ziyalıları, siyasətçiləri mövqe bildirməyə, partiya sədrlərini tərəfdarlarına sivil davranmaq üçün çağırış etməyə səsləyib.  O, həmçinin bu məsələdə hüquqi mexanizmlərin tətbiqini vacib sayıb.

Artıq bir sıra siyasətçilər, ziyalılar bu çağırışa dəstək veriblər.

Avropa qanunvericiliyi bu sayaq çağırışlar edən miqrantlara qarşı hansı tədbirlər görə bilər və görməlidir? Bunun üçün Azərbaycan tərəfi hansı addımlar atmalıdır? Bunun hüquqi yolları nələrdən ibarətdir?

Hüquq müdafiəçisi Sahib Məmmədov “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, bu sarıdan dövlətlərarası əməkdaşlıq zəifdir. Müsahibimizin xatırlatmasına görə, Fransanın dövlət rəhbərləri istədikləri ölkələrin müxalifəti ilə görüşürlər. Amma özləri “sarı jiletlilər”lə bağlı məsələyə ağrılı yanaşır və bunu daxili işlərinə qarışmaq kimi qiymətləndirirlər: “Özlərinin içində kimsə bunu edəndə tolerantlıq göstərirlər. Halbuki həmin ölkələrdə bəzi azərbaycanlı mühacirlər müəyyən çağırışlar edirlər. Üsyana səsləyir, separatçılığı qızışdıran yayımlar həyata keçirirlər. Həmin dövlətlərə bununla bağlı sorğu edəndə buna etinasız yanaşırlar. Bəzi dövlətlər heç sorğunu da qəbul etmirlər”.

S.Məmmədov onu da dedi ki, bəzən fikirlə çağırışın sərhədləri pozulur. Müsahibimizin fikrincə, “X ölkədəki hakimiyyəti devirmək lazımdır” cümləsi fikirdir. Amma çağırışın nəticəsində dərhal hadisə, zorakılıq baş verirsə, bəzi ölkələrin cinayət qanunvericiliyində buna cinayət ikimi baxırlar: “Bəzən ikili standartlar daha güclüdür. Bizim ölkələrdən olan, separatçı hərəkətlər edənləri verməyəcəklər. Bir-birinə münasibətdə bu standartlara əməl edirlər. Avropa Birliyinə daxil olan ölkələr öz əraziləri daxilində bu çağırışları edənləri dərhal tutub verirlər. Avropa Birliyinə daxil olmayan ölkələrə qarşı isə bunu etmirlər. Bu isə ikili standart və ikiüzlülükdür. Amma gerçəkdən də çağırış varsa, hansısa dini ədavəti, separatizmi qızışdırmaq, konstitusiya quruluşu əleyhinə çağırışlar edilirsə, onlara qarşı mübarizə aparılmalıdır. İnterpola axtarış verməlidir. Onların rahatlığı pozulmalıdır. Siyasi sığınacaq alanlar üçün setkalar qurulub. Burdan gedən şəxslərin orda yerləşməsi üçün onlara kömək təklif edirlər”.

Müsahibimiz xatırlatdı ki, Avropada xeyli azərbaycanlı erməni mərkəzlərinin toruna düşüblər. Onun sözlərinə görə, bu şəxslər hansısa sifarişləri yerinə yetiriblər və daha sonradan o tordan çıxmağa imkanı olmayıb: “Sığınacaq almaq istəyənləri sonradan xüsusi xidmət orqanlarının təsir agentinə çevirirlər. 2012-2015-ci illərdə burdan gedənlərin sayı sürətlə artdı, həm də onları tora salanların işi uğurlu alındı. Bir çox azərbaycanlıdan bu cür istifadə edildi. Onların arxasında erməni maraqlarını güdənlər var. Bir neçə il əvvəl narahat idik ki, burdan gedənlərdən legioner düzəldiləcək. Çünki bu şəxsləri antiazərbaycan toruna salırdılar”.

S.Məmmədov dedi ki, söyüşə sıradan baxmalı deyilik. Belə ki, dövlət, hakimiyyət qurumlarında olan şəxslərin əleyhinə söyüş kampaniyaları müəyyən dairələr arasında o şəxslərə qarşı  deqradasiya yaradır: “Bu, kiminsə tərəfindən sistemli, planlı idarə olunan prosesdir. Əvvəlcə Facebook üzərindən idi. İndi keçiriblər YouTube və digər kommunikasiya vasitələri üzərinə. Yağışdan çıxan göbələk kimi saylarının artması da elə-belə baş vermədi. Bunların hamısının maliyyə qaynaqları var. Havayı deyil, müxtəlif təxribatlar var. Məqsəd ölkəni içəridən parçalamaq, qarşıdurma yaratmaqdır. Fikir verin, prezidentin xalq arasında görünməsi müsbət rezonans doğurub. Dərhal bunun əleyhinə kampaniya aparırlar. Bunlara qarşı mübarizə aparılmalıdır”.

Sevinc TELMANQIZI,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR