İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa neft almasa, Rusiya məhsulunu hara və necə satacaq?

1312 05.05.2022 10:40 İqtisadiyyat A A

“Dostları” Moskvadan mümkün qədər yüksək endirim qoparmağa çalışırlar

Rusiyanın Ukraynaya hücumu ilə başlanan müharibə dünya əmtəə bazarlarında qiymətlərin kəskin bahalaşması ilə nəticələnib. Qərb dövlətlərinin Rusiyaya qarşı görünməmiş sanksiyaları qlobal daşıma zəncirində qırılmalara, bu isə öz növbəsində müxtəlif ölkələrdə qıtlıq və bahalaşmaya səbəb olub. Son iki həftədə isə Avropa Birliyinin Rusiyadan neft alışına embarqo tətbiq etməsinə dair xəbərlər neft bazarında volatilliyi kəskin artırıb.

Brüsseldə Avropa Parlamentinin iclası keçirilib. Yığıncaqda Avropa İttifaqının Rusiyaya qarşı sayca altıncı sanksiya paketi müzakirə olunub. İclasda çıxış edən Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen bəyan edib ki, Aİ nəhayət, Rusiya neftindən tamamilə imtina etmək qərarına gəlib: “Nəhayət, biz indi Rusiya neftinə qadağa qoyulmasını təklif edirik. Bu, asan olmayacaq. Ancaq biz bunun üzərində işləməliyik. Rusiyaya təzyiqi maksimuma çatdırmaqla yanaşı, bunun iqtisadiyyatımıza təsirini də azaltmalıyıq. Biz Ukraynanın bu müharibədə qalib gəlməsini istəyirik. Biz Buçada hərbi cinayətlər törətmiş şəxslərin kim olduğunu bilirik. Onlar cavab verəcəklər. Biz Prezident Vladimir Putinin yalanlarını təbliğ edən kanalın efirini dayandırırıq. Rusiyanın ən böyük bankı olan ”Sberbank"a və daha iki banka sanksiya tətbiq edirik".

Qərb mətbuatının yazdığına görə, Avropa Komissiyası qitə ölkələrinə Rusiya neftindən 6 ay müddətində, neft məhsullarından isə 2023-cü ilin sonunadək imtina olunmasını təklif edib. Bu zaman Rusiya neftindən ən kəskin asılılıqda olan Macarıstan və Slovakiyaya mövcud müqavilələr üzrə Rusiya neftinin idxalını 2023-cü ilin sonunadək davam etdirməyə icazə verilməsi planlaşdırılır.

Avropa Rusiya neft-qazını hansı mənbə hesabına əvəzləyəcək? - təhlil

Qeyd edək ki, bu addım müharibə başlayandan bəri gözlənilsə də, onun reallaşması bazarlarda ajiotaj yaradıb. Belə ki, mayın ilk günlərində dünya bazarında neftin qiyməti 1 barel üçün 112-113 dollara qədər yüksəlib. Daha sonra qiymətlərdə bir qədər azalma müşahidə olunub və 109-110 dollar civarında qərarlaşıb.

Analitiklər hesab edirlər ki, neft qiymətlərindəki yüksəlmə uzunmüddətli deyil. Belə ki, bazar Ukraynadakı müharibədən əlavə, daha bir neçə mühüm faktorun təsiri altındadır. Bunlardan ən mühüm Çində koronavirusun yeni ştamının sürətlə yayılması, ona qarşı yürüdülən “0 yoluxma” siyasəti nəticəsində ölkənin demək olar ki, bütün iri ticarət şəhərlərində kəskin karantin tədbirlərinin tətbiq olunmasıdır. Bunun nəticəsində Çin iqtisadiyyatının artım sürətinin zəifləyəcəyi gözlənilir ki, bu da ölkənin enerjidaşıyıcılarına, əsasən də neftə tələbatının azalmasına gətirib çıxaracaq. Bu isə bazarda ümumi tələbin azalmasına səbəb olacaq. Təsadüfi deyil ki, OPEC+ Texniki Komitəsi 2022-ci ildə neft bazarındakı gündəlik profisit proqnozunu ötən aydakı 1,3 milyon bareldən 1,9 milyon barelədək artırıb. Qurumun hesabatına görə, ən böyük profisit may ayında 3,7 milyon barel və iyun ayında 3,58 milyon barel gözlənilir.

Neft bazarında gündəlik tələbat artımına dair proqnoz 500 min barel azaldılaraq 100,5 milyon barelə, təklif artımı proqnozu isə 100 min barel artırılaraq 102,4 milyon barelə çatdırılıb. Komitə hesab edir ki, neft ehtiyatlarının həcmi 698 milyon barel artaraq 2,93 milyard barelə çatacaq.

Böyük Britaniyanın BP şirkəti Avropadakı neft emalı zavodları üçün Rusiya neftinin alışını tam dayandırdığını açıqlayıb. Şirkətin rəhbəri Bernard Luni bildirib Avropadakı 4 zavodun hamısı “Rusiya molekullarından təmizlənib”.

Rusiya nefti Avropada bahalaşdı

BP rəhbəri qeyd edib ki, Ukraynaya hücum başlayandan dünya bazarına daxil olan Rusiya neftinin gündəlik həcmi 1 milyon barel azalıb. May ayında Avropa İttifaqının sanksiyaları qüvvəyə minəndən sonra azalma ikiqata çıxacaq. İrandan, Liviyadan əlavə neft həcmlərinin bazara çıxışı sahəsindəki qeyri-müəyyənlik, Çindəki COVİD qadağalarının iqtisadi artıma təsiri və sair amillər bazarda volatilliyin davam etməsinə səbəb olacaq: “Buna görə də biz ortamüddətli dövrdə neft qiymətlərinin yüksək olaraq qalacağını gözləyirik”.

Hazırda bazarda qiymətləri artıran amillərdən biri ABŞ-da neft ehtiyatlarının səviyyəsindəki azalmadır. Dünən açıqlanan məlumata əsasən ötən həftə ABŞ-ın kommersiya neft ehtiyatları 3 milyon 479 min barel azalaraq təxminən 410 milyon 946 min barel təşkil edib. Bundan öncə analitiklər ABŞ-ın kommersiya neft ehtiyatlarının 1 milyon 167 min barel azalacağını proqnozlaşdırmışdı.

Digər bir amil OPEK+ razılaşmasına qoşulan ölkələrdə neft hasilatının artırılması imkanlarının çox aşağı olmasıdır. Belə ki, OPEK+ ölkələri mart ayında hasilatın azaldılması planına 157 faiz əməl ediblər. OPEK+ texniki komitəsinin hesabatına əsasən ay ərzində gündəlik neft hasilatı nəzərdə tutulandan 1,45 milyon barel az olub. Xatırladaq ki, razılaşma ölkələrinin mart planında gündəlik hasilatın 41,296 milyon barelə çatdırılması nəzərdə tutulurdu.

Ay ərzində OPEK ölkələri hasilatı azaltmaq planına 155 faiz, qeyri-OPEK ölkələri isə 161 faiz əməl ediblər. Rusiya, Səudiyyə Ərəbistanı, Azərbaycan, Qazaxıstan, Malayziya, Bruney, Cənubi Sudan və digər dövlətlər hasilatı nəzərdə tutulan həcmə qədər artıra bilməyiblər. OPEK+ razılaşması ölkələrindən bunu yalnız Küveyt bacara bilib.

Neft bazarı üçün əhəmiyyətli xəbərlərdən biri Qazaxıstandan daxil olub. Belə ki, Xəzər Boru Kəməri Konsorisumu Novosibirsk limanında neftin tankerlərə doldurulduğu sistem təmir etdikdən sonra Qazaxıstan ixracı sürətlə artırmağa başlayıb. Ölkənin energetika naziri Bolat Ağçulağov bildirib ki, nəqlin dayandığı 21 mart-24 aprel aralığında itirilmiş 300-350 min ton ixrac imkanlarını ilin sonunadək istifadə edəcəklər. O, həmçinin qeyd edib ki, nəql dayandığı müddətdə Qazaxıstan öz neftinin əhəmiyyətli hissəsini alternativ yollarla dünya bazarına çıxara bildiyinə görə 2-2,2 milyon ton həcmində gözlənilən azalmanı 300-350 min tona sala biliblər.

OPEC and Russia confirm 400,000 bpd more from April | Atalayar - Las claves  del mundo en tus manos

Artıq heç kimə sirr deyil ki, Rusiya Avropanın almadığı nefti Asiyaya satmaq məcburiyyətindədir. Asiyanın, eləcə də dünyanın ən böyük alıcılarından olan Çində dövlət şirkətləri Rusiya neftinin alışını artırmağa ehtiyat etsələr də, özəl şirkətlərdən sifarişlərdə artım qeydə alınıb. Onlar Rusiya neftini hazırkı qiymətdən 35 dollar endirimlə əldə edirlər. Buna baxmayaraq, dövlət şirkətlərinin Rusiya neftinin alışına dair yeni müqavilələr imzalamaqdan çəkinməsi nəticəsində Çin tərəfindən Urals neftinin alışında artım çox cüzidir.

Hindistana gəlincə, Rusiyanın düşdüyü vəziyyətdən istifadə etmək istəyənlər arasında bu ölkə ilk yerdədir. İndiyədək neft idxalının cəmi 2-3 faizini Rusiyadan reallaşdıran ölkə indi Moskvadan maksimum yüksək endirim əldə etməyə çalışır. Müharibə başlayandan Brent neftindən 20-25 dollar aşağı qiymətə 40 milyon barel Rusiya nefti alan Hindistanın neft emalı şirkətləri indi endirimin 35 dollardan yuxarı olmasına çalışırlar. "Bloomberg"in yazdığına görə, onlar Rusiya şirkətlərinə 65 dollardan irihəcmli alış müqaviləsi təklif edirlər.

Hindistan indiyədək Rusiyadan neft alışını artırdığına görə ona tutulan iradlara Avropanın da bu ölkədən neft aldığını əsas gətirməklə cavab verirdi. Lakin Avropa İttifaqının Rusiya neftinə embarqo qoymasından sonra bu arqument Dehlinin əlindən çıxmış olacaq. Hətta Çinin dövlət şirkətlərinin belə Rusiyadan neft almağa ehtiyatla yanaşması göstərir ki, Hindistan nə qədər əlverişli şərtlərlə olsa belə, bu prosesi davam etdirə bilməyəcək. Artıq Hindistana məxsus ONGC şirkəti Uzaq Şərqdə aldığı 700 min barel Rusiya neftindan imtina edib.

2021-ci ildə Rusiya dövlət büdcəsi gəlirlərinin 36 faizi neft-qaz sektorundan formalaşıb. Bu 36 faizin 85 faizini neft təmin  edib. Bu isə o deməkdir ki. İxracın azalması büdcə gəlirlərinə mənfi təsir edəcək. Nəzərə aldıqda ki, sanksiyalar üzündən Rusiya iqtisadiyyatında daralma prosesi gedir, bu zaman büdcənin digər gəlir mənbələrində də problemlərin yaranacağını söyləmək olar.

Digər tərəfdən, Rusiyadan Asiyaya neft nəql olunan Şərqi Sibir-Sakit okean kəmərinin ötürücülük gücü ildə 15 milyon tondur. Müharibəyə qədər tam gücü ilə işləyən kəmərlə nəqli artırmaq qeyri-mümkündür. Bu isə o deməkdir ki, Rusiya Asiyaya neft nəqlini yalnız tanker daşımaları hesabına artıra bilər. Sanksiyalar Rusiya mənşəli yüklərin beynəlxalq sığorta şirkətləri tərəfindən sığortalanmasını qadağan etdiyinə görə bu sahədə böyük nəticələrin əldə olunması real görünmür. Bu isə Rusiyanın neft ixracının həcm baxımından sürətlə azalacağı deməkdir.

Analitik mərkəzlər hesab edirlər ki, Avropa üçün Rusiya neftini Yaxın Şərq məhsulu ilə əvəzləmək ciddi çətinlik yaratmayacaq. Yalnız Macarıstan və Slovakiyada boru ilə gələn Rusiya neftini əvəzləmək üçün logistik infrastrukturun qurulması lazımdır ki, Avropa Komissiyası bu sahədə hər iki ölkəyə lazımi dəstəyin veriləcəyini vəd edib. Lakin xarici mətbuatın yazdığına görə, Macarıstan bu təklifi qəbul etməyərək, Rusiya neftinə embarqonu nəzərdə tutan qərara veto qoyacağını bildirib.

Qeyd edək ki, neft qiymətlərinin yüksək olması Azərbaycanın gəlirlərinin artması ilə müşayiət olunur. Ölkənin neft ixracı həcm baxımından azalsa da, qiymət yüksəkliyi gəlirin artmını təmin edir. Lakin Ukrayna müharibəsinin dünyanın fond və səhm bazarlarında yaratdığı volatillik səbəbindən neft gəlirlərinin toplandığı Dövlət Neft Fondu ciddi itkilərlə üzləşməkdədir. Fevral-mart aylarında bu itki 1 milyard dollar təşkil edib...

Dünya SAKİT,
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR