İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa ilə Çin neft satıcılarını barter edəcəklər - yeni gəlişmələr

1088 26.05.2022 09:40 İqtisadiyyat A A

Macarıstanın hay-küyü embarqo qərarını önləyə biləcəkmi?

Rusiya neftindən imtina etməyin bir addımlığında olan Avropa İttifaqı onu Yaxın Şərq nefti ilə əvəz etmək niyyətindədir. Son həftələrdə İran, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Səudiyyə Ərəbistanı ilə aktiv müzakirələr aparılır. ABŞ Avropadakı müttəfiqlərinə həm bu danışıqlarda dəstək verir, həm də Venesuela və İran kimi vaxtilə neft bazarının iri oyunçularından olan ölkələrdən ixracın bərpasına imkan verəcək yumşalmalara gedir.

Artıq BƏƏ Avropaya neft ixracına başlayıb. Ölkə iki ildən sonra Avropaya neft satışını bərpa edib. "Bloomberg"  xəbər verir ki, ərəb ölkəsinin 1 milyon barel nefti ilə yüklənmiş “Moscow Spirit” adlı tanker Aralıq Dənizi ilə qərbə - Avropaya doğru hərəkətə başlayıb. Onu Fransanın “TotalEnergies” şirkəti icarəyə götürüb.

“TotalEnergies”in icarəyə götürdüyü digər tanker BƏƏ-dən Misirə yola düşüb. Misirdə onun daşıdığı neft Qırmızı dəniz sahilindəki Ayn Sohna terminalını Aralıq dənizindəki Sidi-Kərir limanı ilə birləşdirən boru xəttinə vurulacaq. Bu neftin də son təyinat nöqtəsi Avropadır.

MOSCOW SPIRIT, Crude Oil Tanker - Details and current position - IMO  9418602 - VesselFinder

Beləliklə, Yaxın Şərqin iri neft istehsalçısı Rusiyanın Avropa bazarında boşalan yerini tutmaq qərarına gəlib. Halbuki Ukraynada müharibə yeni başlayanda bu ölkə Rusiya neftinin Avropa üçün əvəzolunmaz olduğunu bəyan etmişdi. Müşahidəçilərin fikrincə, yaxın vaxtlarda Səudiyyə Ərəbistanı da Avropa bazarına meyllənəcək. Yalnız bu iki ərəb ölkəsinin cəmi 1 aya gündəlik neft ixracını 3 milyon bareldən çox (2,5-3 milyon barel Səudiyyə, 500 min barel BƏƏ) artırmaq imkanı var. Bu isə Avropa Rusiya neftinə embarqo tətbiq edəcəyi təqdirdə, bazarda yaranacaq boşluğun mühüm hissəsinin doldurulmasına şərait yarada bilər. Belə ki, Rusiya Avropa bazarlarında gündəlik 5 milyon barel neft çıxarır.

Bu yaxınlarda BƏƏ-də ehtiyatlarının həcmi 500 milyon barel qiymətləndirilən yeni neft yatağı aşkarlanıb. Bu yataqdan hasil olunacaq neftin dünya bazarına çıxarılması 1-2 ilə reallaşacaq. Bu isə Avropa İttifaqının embarqo üçün Macarıstan və Çexiyaya tanımağa hazırlaşdığı güzəştli dövrün sonuna təsadüf edəcək.

İranla danışıqların normal məcrada getməsi yaxın 1-2 ildə bu ölkənin də bazara əlavə 1 milyon barel neft çıxarmasına imkan verəcək.

OPEC-in neft ixracından gəlirləri kəskin düşüb

Hələlik Səudiyyə Ərəbistanı hasilatın və ixracın artırılması istiqamətində addım atmağa tələsmir. Ölkə hətta hasilatın azaldılmasına dair OPEK+ razılaşmasının müddətini uzatmaq niyyətini büruzə verir. Özü də Rusiyanın iştirakı ilə. Lakin analitiklər hesab edirlər ki,  Səudiyyə Ərəbistanını yola gətirmək üçün ən yaxşı vasitə ABŞ-ın əlindədir. Vaşinqton dünyada bütün növ kartel sövdələşmələrini qadağan edən qanun layihəsini yenidən gündəmə gətirib. Düzdür, hələlik bu barədə ayrı-ayrı konqresmenlər danışır, lakin hamıya aydındır ki, lazım gəldikdə ABŞ administrasiyası onun parlamentdən keçməsi üçün prosesləri sürətləndirə bilər. Nəzərə alsaq ki, Səudiyyə Ərəbistanı uzun illərdir həmin qanun layihəsinin ABŞ parlamentinin gündəmindən tamamilə çıxarılması üçün vəkil və lobbi təşkilatlarına yüz milyonlarla dollar sərf edir, onda qanunun bu ölkənin rəhbərlik etdiyi OPEK üçün nə qədər təhlükəli olduğunu təsəvvür edə bilərik.

“Financial Times”ın yazdığına görə, Avropa İttifaqı və Almaniya Rusiya enerjidaşıyıcılarından tamamilə imtina edə bilər. Lakin bu, ciddi çətinliklər hesabına başa gələcək. Bu zaman neftdən imtina daha ağrısız başa gələcək. Avropa gündə Rusiyadan 5 milyon barel neft idxal edir. Rusiya Ukraynaya hücum etdikdən sonra tətbiq olunan sanksiyalar Urals neftinin Brentlə müqayisədə 30 faizədək güzəştli qiymətlə satılmasına gətirib çıxarıb. Avropa imtina edəcəyi təqdirdə, Çin üçün Rusiya neftini daha aşağı qiymətə almaq şansı yaranacaq. Əvəzində isə Çin Yaxın Şərq neftindən imtina edəcək. Bu da Yaxın Şərq neftinin Avropaya yönəlməsini şərtləndirəcək. Yəni faktiki olaraq, Avropa ilə Asiya neft alışı mənbələrini əvəzləşdirəcəklər. Bundan itirən isə yalnız Rusiya olacaq - çünki neftini Çinə Avropadan ən azı 30 faiz ucuza satacaq. Eyni zamanda boru infrastrukturu yetərli olmadığı üçün tankerlərlə uzaq məsafəyə daşınması neftin maya dəyərini kəskin artıracaq.

“Financial Times” analitikləri hesab edirlər ki, Avropa üçün Rusiyanın neft məhsullarından imtina bir qədər çətin olacaq. Belə ki, Avropada Rusiyadan alınan dizelin 75 faizi avtomobillərdə istifadə olunur. Qitədə neft emalı müəssisələrinin gücü yaranan boşluğu doldurmaq üçün yetərli deyil. Ekoloji baxımdan səmərəli hesab olunmayan neft emalına Avropada investisiya qoyuluşu maraqlı sayılmır. Qəzetin yazdığına görə, Avropa bu problemi ofis işçilərinin həftənin 2-3 gününü evdən işləmələrini təmin etməklə həll edə bilər. Bu, işçilər işə gedib-gələrkən sərf olunan dizelə qənaət imkanı yaradar.

Qəzet analitikləri bildirirlər ki, Avropa İttifaqında Rusiya qazından tam imtina ən çox Almaniya üçün çətin olacaq. Bu ölkədə elektrik enerjisi istehsalında Rusiya qazının payı 15 faiz, sənayenin enerji təchizatında 35-40 faiz, əhalinin istiliklə təminatında isə 45-50 faizə qədərdir. Tam imtina olunarsa, elektrik enerjisi istehsalındakı payı daş kömürlə əvəz etmək mümkün olacaq. Sənayenin enerjiehtiyaclarının 2022-2023-cü illərdə istifadəyə verilməsi nəzərdə tutulan 2 ədəd üzən maye qaz terminalı vasitəsilə Yaxın Şərqdən alınan məhsulla ödəmək mümkün olacaq. İstilik təchizatına gəlincə, burada qış vaxtı evlərdəki temperaturun indiki 20 dərəcədən 18,8 dərəcəyə endirilməsi ilə Rusiya qazından imtina etmək mümkündür.

Onu da qeyd edək ki, ABŞ-da neft ehtiyatlarının gözlənildiyi həcmdə artmamasına dair məlumat neft bazarında qiymətlərin müəyyən qədər yüksəlməsinə səbəb olub. Belə ki, Amerika Neft İnstitutu mayın 20-də bitən həftə ərzində ABŞ neft ehtiyatlarının 567 min barel artdığını açıqlayıb. Lakin proqnozlar artımın 690 min barel həcmində olacağına dair idi. Bu isə bazarda qiymətlərin yüksəlməsini şərtləndirib. Brent neftinin qiyməti 115 dollara, WTI neftinin qiyməti isə 111.20 dollara çatıb.

ABŞ-da neft ehtiyatları artıb

Bundan əvvəl isə ABŞ Energetika Nazirliyinin ölkənin strateji ehtiyatlarından 40,1 milyon barel neftin satışa çıxarılacağına dair məlumatı bazarda qiymətlərin aşağı düşməsinə səbəb olmuşdu.

Hazırda treyderlər Avropa İttifaqının Rusiya neftinə embarqo qoyulmasına dair müzakirələri izləyirlər. Belə bir qərarın qısamüddətli dövr ərzində bazarda qiymətləri 130 dollara qədər bahalaşdıracağı gözlənilir. Lakin Avropa İttifaqının qərara gəlməsi prosesi Macarıstanın mövqeyi üzündən uzanır. Bu ölkənin baş naziri Viktor Orban mayın 30-31-də keçiriləcək sammitdə neft embarqosu məsələsinin müzakirəsinə etiraz edib.

Davos İqtisadi Forumunda çıxış edən Niderlandın baş naziri Mark Rütte Avropa İttifaqının mayın 30-31-də keçiriləcək sammitdə, yaxud ondan sonra qısa müddətdə Rusiya neftinə embarqo qoyulması barədə razılığa gələcəyinə ümid etdiyini bildirib: “Biz Ukrayna böhranına çox sürətlə reaksiya verdik, bir neçə sanksiya paketi tətbiq etdik. Lakin neft embarqosu ilə bağlı narahatlıqlar var. Bəzi ölkələrin bir sıra sualları var. Ümid edirəm ki, biz Avropa Birliyinin sammitində - birinci və ya ikinci gün, yaxud sammitdən sonrakı çox qısa müddətdə razılığa gələ biləcəyik”.

Polşanın baş naziri Mateuş Moraveski isə Davosdakı brifinqdə bəyan edib ki, neft embarqosu tətbiq olunarkən Rusiyadan neft alışını davam etdirəcək ölkələrə xüsusi əlavə rüsum təyin olunsun: “Polşa xüsusi bərabərləşdirmə ödənişini təklif edir. Embarqoya qoşulub Rusiya neftindən imtina edən ölkələrin, sahibkarların xərcləri artdığı bir vaxtda kimsə almağa davam edib onu ucuz alacaqsa, - hansı ki, Rusiya məhsulunu satmaq üçün ciddi endirimlər edir, - bu ödəniş nəticəsində qazanc əldə edə bilməyəcək”.

Moraveski həmçinin qeyd edib ki, qısa müddətdə - yarım il, hətta bir il ərzində Rusiya neftindən imtina edə bilməyəcək bir neçə ölkə var. Söhbət Macarıstan, Çexiya, Slovakiya və Avstriyadan gedir: “Bu dövlətlər daha uzun müddətə nail olmağa çalışırlar. Müəyyən təhdidləri nəzərə almaq lazımdır. Lakin bu ölkələr də Rusiya neftindən imtina etmək üçün daha cəsarətli olmalıdılar”.

Xatırladaq ki, artıq 6 həftədir Avropa İttifaqı Rusiyadan neft idxalına embarqo qoyulması məsələsində yekun qərar əldə edə bilmir. Buna görə də ilkin mərhələdə çox sərt olan sanksiya paketində ciddi yumşalmalara gedilib. Rusiya neftindən daha çox asılı olan Macarıstan, Çexiya və Slovakiyaya ondan imtina üçün 2024-cü ilədək vaxt verilməsi təklif edilib. Lakin Macarıstan rəhbərliyi getdikcə daha ağır şərtlər qoymaqla embarqo qərarını əngəlləyir. İlk vaxtlar Rusiya neftindən digər ölkələrin məhsuluna keçid üçün onlara 750 milyon avro lazım gələcəyini bildirən Budapeşt Avropa İttifaqının buna prinsipial razılıq bildirməsindən sonra 17-18 milyard dollar kompensasiya tələbi irəli sürüb. Üstəlik, heç bir zərurət olmadığı halda hökumət ölkədə fövqəladə vəziyyət elan edib - Rusiya neftinin idxalının dayanması təhlükəsini əsas gətirməklə...

Dünya SAKİT,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR