İnsanlara hürriyət, millətlərə istiqlal!

Avro niyə ucuzlaşır? - ekspert səbəbləri açıqladı

3181 12.05.2022 09:10 İqtisadiyyat A A

Elman Sadiqov: “Bir sıra iqtisadi və siyasi amillərin təsiri ilə bu proses ilin sonunadək davam edəcək”

Ukrayna-Rusiya müharibəsi başlayandan sonra sanksiyaların və məhdudiyyətlərin fonunda iki valyuta ilə bağlı təlatümlər olacağı gözlənilirdi. Gözləntilər rus rublunun tam çökəcəyi və ABŞ dollarının ucuzlaşacağı istiqamətindəydi. Lakin  proqnozlaşdırılmayan proseslər fonunda hazırda avronun dollar və digər valyutalar qarşısında dəyərsizləşməsi müşahidə olunmaqdadır. Son 1 ayda avronun məzənnəsində 2-3 faizlik azalma qeydə alınıb.

Avronun ucuzlaşması ilə yanaşı bu valyutanın hakim olduğu regionda - Avropa Birliyi ərazisində inflyasiyanın sürətlənməsi müşahidə olunur. Avrozonanın ən böyük iqtisadiyyatına malik Almaniyada aprel ayında istehlak qiymətlərində illik ifadədə 7,8 faizlik bahalaşma qeydə alınıb. Ölkənin  Federal Statistika Orqanının məlumatına əsasən bu, hesablamaların aparıldığı dövr ərzində ən yüksək artımdır. Aprel ayında qiymətlər martla müqayisədə 0.7 faiz artıb. Bu isə aylıq inflyasiyanın kəskin azalması deməkdir. Belə ki, mart ayında inflyasiya fevralla müayisədə 2,5 faiz təşkil etmişdi. Lakin illik inflyasiyanın yüksək olması Almaniya və ümumilikdə Avrozona iqtisadiyyatı üçün böyük risklər formalaşdırır.

Almaniyada, eləcə də Avrozonada inflyasiyanı sürətləndirən əsas amil enerjidaşıyıcılarının qiymətindəki bahalaşmadır. Belə ki, apreldə Almaniyada bu məhsulların qiymətində illik ifadədə 35,3 faizlik bahalaşma qeydə alınıb. Ay ərzində qida məhsulları 8,6 faizlik, xidmətlər isə 3,2 faizlik illik artım nümayiş etdirib. Enerjidaşıyıcıları və ərzaq qiymətləri nəzərə alınmadan ölkə üzrə istehlak qiymətlərində cəmi 3,8 faizlik illik artım  baş verib.

Avronun ucuzlaşmasını şərtləndirən daha bir amil kimi ABŞ Federal Ehtiyatlar Sisteminin (FED) faiz dərəcəsini artırmaq qərarı çıxış edir. Mayın 4-də FED faiz dərəcəsini 0,5 baza bəndi artıraraq illik 0,75 - 1 faizə çatdırıb. Bu, son 22 ildə FED-in qəbul etdiyi ən kəskin artım qərarıdır. Bundan əvvəl tənzimləyici mart ayında uçot dərəcəsini 0,25 faiz artırmışdı. Ekspertlərə görə, Avropa Mərkəzi Bankının faiz dərəcəsini artırmaq imkanı olmadığına görə avro dollar qarşısında zəifləyir.

İqtisadçı-ekspert Elman Sadiqovun bildirir ki, son aylarda avronun dollar qarşısında davamlı dəyərsizləşməsi prosesi gedir: “Ümumiyyətlə, dünya bazarlarında avronun ucuzlaşması tendensiyası davam etməkdədir. Doğrudur, son bir neçə gün ərzində 1,0530 ətrafında bir stabilləşmə müşahidə edirik. Lakin bu stabilləşmə müvəqqətidir. Valyuta təhlilçiləri arasında əhval-ruhiyyə avronun əleyhinədir. Rəyi soruşulanların 60 faizə yaxını avronun kursunun bundan sonra da azalacağını, hətta 1 dollar=1 avro bərabərliyini gözləyir. Qalan 40 faiz ilin sonunadək avronun məzənnəsinin möhkəmlənəcəyini düşünür. Avronun belə ucuzlaşmasının səbəbi nədir? Səbəblər bir neçə istiqamətlidir. İlk olaraq geosiyasi amillərə diqqət yetirək. Hazırda davam edən Ukrayna müharibəsindən ən çox təsirlənən məhz Avropa Birliyidir. Rusiyaya qarşı tətbiq olunan sanksiyalar daha çox Avropa Birliyinə təsir göstərir.  Əgər Rusiya neft və qazına da embarqo tətbiq olunarsa, bu təsir daha da güclənəcək. Çünki Rusiya qazının ən böyük idxalçısı Avropadır. Rusiya qazı Avropanın qaza olan ümumi tələbatının 40 faizə yaxınını təmin edir. Avrozonanın aparıcı iqtisadiyyatının sahibi olan Almaniya açıq bəyan edir ki, ölkə sənayesi Rusiya qazında kəskin asılıdır. Rusiyadan idxal dayanarsa, sənaye sektorunda kəskin problemlərə səbəb ola bilər. Düzdür, Almaniya sürətlə maye qaz terminalları yaratmağa başlayır, ABŞ Avropaya maye qazın daha ucuz başa gəlməsi üçün addımlar atır.Lakin bunlar qısamüddətli deyil, ən yaxşı halda ortamüddətli dövrdə reallaşması mümkün olan planlardır. Avropa Birliyi Rusiya neftinə də embarqo qoymağa hazırlaşır. Macarıstanın mövqeyi üzündən birlik üzvlərinin bu məsələdə yekdil qərarı hələlik əldə olunmayıb, amma yaxın günlərdə belə qərarın olacağı gözlənilir. Bu da Avropada inflyasiyanın sürətlənməsi, avronun məzənnəsində azalmanın dərinləşməsinə gətirə biləcək addımdır”.

Ekspert Elman Sadıqov: "Yay mövsümündən etibarən lirə müəyyən qədər  möhkəmlənəcək"

Elman Sadiqov

Ekspert avronun dəyərinə azaldıcı təsir göstərən ikinci amilin qlobal resessiya gözləntilərinin olduğu qənaətindədir: “Bu, Avropa Birliyinə də mənfi təsir göstərə bilər. Və nəticə etibarilə birlik daxilində inflyasiyanın yüksək həddində, iqtisadi-siyasi narahatlıqlar, monetar siyasətdə problemlər doğura bilər. Avropada inflyasiya özünün ən yüksək hədlərindən birinə çatıb. Mart ayında işsizlik 6,4 faiz təşkil edib. Yəni əmək bazarı, iqtiadiyyatın digər sahələrindəki problemlər imkan vermir ki, Avropa Mərkəzi Bankı uçot dərəcəsini artırsın. Avropa Mərkəzi Bankı özü açıq bəyan edir ki, əllərində olan rıçaqlar uçot dərəcəsini artırmağa imkan vermir. Xüsusilə əmək bazarındakı problemlər Mərkəzi Bankın sərt monetar siyasətə keçməsini əngəlləyir. Çünki indiki şərtlər daxilində belə syasətə keçid valyuta, səhm bazarlarında güclü volatilliyə, iqtisadi daralmaya və əmək bazarında gərginliyə səbəb ola bilər.  ABŞ-da vəziyyət daha yaxşı olduğuna görə Federal Ehtiyatlar Sistemi uçot dərəcəsini bu il ərzində artıq iki dəfə artırıb. İlin sonunadək faiz dərəcəsinin 2,5-3 faizə çatdırılması gözlənilir. Avropa Mərkəzi Bankı faiz dərəcəsini artıra bilmədiyi üçün dollar avro qarşısında möhkəmlənir. İlin sonunadək bu prosesin daha da güclənməsi gözlənilir”.

E.Sadiqovun sözlərinə görə, avronun Azərbaycan manatı qarşısında ucuzlaşmasının səbəbi dolların məzənnəsindəki artımla bağlıdır: “Bildiyiniz kimi, Azərbaycan manatı dollara peg olunub. Yəni vahid bir mübadilə kursu var - 1,7 manat. Buna görə də hər hansı bir valyuta dollar qarşısında möhkəmlənirsə, manat qarşısında da dəyər qazanmış olur. Yaxud dollar hər hansı valyutaya münasibətdə möhkəmlənirsə, manat da həmin valyuta qarşısında bahalaşır. Bu o deməkdir ki, bu gün avro manat qarşısında deyil, dollar qarşısında dəyər itirir. Bu itki avronun manata qarşı məzənnəsinə də yansıyır. Belə vəziyyət digər valyutalara münasibətdə də hökm sürür”.

Onu da qeyd edək ki, Azərbaycanın valyuta ehtiyatlarının xeyli hissəsi avrodadır. Son aylarda avro ilə ifadə olunan aktivlərin dəyərsizləşməsi həm Azərbaycan Mərkəzi Bankının, həm də Dövlət Neft Fondunun zərərə düşməsini şərtləndirən amillərdən birinə çevrilib.

Dünya SAKİT,
“Yeni Müsavat”

 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR