İnsanlara hürriyət, millətlərə istiqlal!

“AtaBank” iflas edəcək, yoxsa...

2681 18.02.2020 18:57 Gündəm A A

Əkrəm Həsənov: “Hər bir halda, dövlət iri həcmdə xərcə düşəcək”

Azərbaycanda daha bir bank iflas etməkdədir. Söhbət sabiq vergilər naziri Fazil Məmmədova məxsus olduğu deyilən “AtaBank” ASC-dən gedir. Belə ki, bank ötən ilin sentyabrından etibarən pulunu geri çəkmək istəyən əmanətçilərin tələblərini ödəyə bilmir. Bununla bağlı mətbuatda və sosial şəbəkələrdə məlumatların yayılmasından sonra yanvarın 31-də məsələ ilə bağlı açıqlama verən Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmovun dediyinə görə, "AtaBank"da ciddi problemlər var. Baş bankir bunun səbəbinin bankın rəhbərliyi tərəfindən çox riskli bir neçə iri layihəyə kredit ayrılması olduğunu qeyd edib: “Azərbaycan Mərkəzi Bankı (AMB) “Atabank” ASC-də yaranmış vəziyyətə dair təkliflər hazırlayıb və bu gün Maliyyə Sabitliyi Şurasına təqdim edəcək. Bankla bağlı atılacaq addımlar ciddi olduğu üçün Şurada müzakirə ediləcək. Görüləcək tədbirlərin “Atabank”ın əmanətçiləri üçün hər hansı qorxusu yoxdur. Bu bankda qorunmayan əmanətlər də var. Biz bank rəhbərliyinə dedik ki, hər bir müştəriyə bildiriş göndərilsin və onlar gəlib əmanətlərini sığortalasınlar”. 

Kartlarla əməliyyatlar bərpa olunmayıb

Fevralın 7-dən etibarən “AtaBank” müştəriləri bu bankın kartları ilə hər hansı əməliyyat aparmaq imkanından da məhrum olublar. Bankdan bunun texniki səbəblərlə bağlı olduğu və maksimum növbəti həftə ərzində əməliyyatların bərpa olunacağı açıqlansa da, bu, reallaşmayıb. Bununla bağlı sualımıza bankdan verilən məlumata görə, kartlarla əməliyyatların ayın sonunadək bərpa olunması gözlənilir.

Kartlarla əməliyyatlar ile ilgili görsel sonucu

Qeyd edək ki, “AtaBank”ın açıqlanan son maliyyə göstəriciləri 2019-cu il oktyabrın 1-nə dairdir. Həmin tarixə “Atabank”ın aktivləri 532,074 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 9,7 faiz azdır. Bunun 341,465 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. 2018-ci ilin eyni dövrü ilə müqayisədə Bankın kredit portfeli 16,1 faiz kiçilib.

Hesabat dövründə “AtaBank”ın öhdəlikləri 389,438 milyon manat (illik müqayisədə 12,4 faiz az), o cümlədən depozit portfeli 286,268 milyon manat (6,2 faiz az), balans kapitalı isə 142,636 milyon manat (1,3 faiz az) təşkil edib. Bununla belə, bank ötən ilin yanvar-sentyabr aylarını 22 min manat xalis mənfəətlə (74,4 faiz az) başa vurub.

Xatırladaq ki, “AtaBank” 1993-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 120,02 milyon manatdır. Bankın səhmlərinin 86 faizi daxil olduğu “Synergy Group” MMC-yə, 9,26 faizi Əşrəf Kamilova (“Synergy Group”un 99 faizlik səhmdarı, “Ata Holdinq” MMC-nin Müşahidə Şurası sədrinin I müavini), 4,74 faizi isə Mahir Rəfiyevə məxsusdur.

Qeyd edək ki, sabiq vergilər naziri Fazil Məmmədova məxsus bankda tam nəzarətsizliyin, ikihakimiyyətliyin hökm sürdüyü, bankın ağır duruma düşdüyü barədə məlumatlar lap çoxdan var.

Yanvarda iqtisadçı-alim Qubad İbadoğlu da bankda baş verənlərlə bağlı yazıb. O bildirib ki, “AtaBank” ASC əmanətlərini geri götürmək niyyətində olanların pullarını ödəyə bilmir: “Ötən il oktyabr ayının 1-nə olan son məlumata görə, aktivləri 532 milyon manat, depozitləri 286.3 milyon manat, kredit portferli 374.7 milyon manat olan ”AtaBank" ASC əmanətçiləri qarşısında öhdəliklərini yerinə yetirə bilmir. Belə ki, 2019-cu ilin sentabr ayından etibarən əmanətlərini geri çəkmək istəyənlər bu istəklərini reallaşdıra bilmirlər. Bir sözlə, “Ata Bank” ASC əmanətlərini geri götürmək niyyətində olanların pullarını ödəyə bilmir. Hesab edirəm ki, yaranmış vəziyyətlə bağlı “AtaBank” ASC, Mərkəzi Bank və Əmanətlərin Sığortalanması Fondu ən qısa müddətdə açıqlamalar verməlidir. Çünki söhbət 286.3 milyon manatlıq əmanətlərin taleyindən gedir".

Ötən gün isə “AtaBank” ASC-nin İdarə Heyəti sədri Dəyanət Quliyevin vəzifəsindən azad edildiyinə dair məlumat yayılıb. D.Quliyev 2016-cı ilin iyun ayında səhmdarların qərarı ilə İdarə Heyətinin sədri təyin edilmişdi.

Bildirilir ki, Bankın Audit Komitəsinin sədri Dadaşov Miryaqub Mirdadaş oğlu və üzvi olan Səfərov Elvin Tahir oğlu da vəzifələrini tərk ediblər.

Bundan öncə “AtaBank” sədrinin müavini vəzifəsində çalışan Hüseynov Rauf Qəhrəman oğlu dövlət kapitallı səhmdar cəmiyyətə transfer olub. Adını açıqlamasını istəməyən mənbə D.Quliyevin vəzifəsini tərk etdiyini “Marja”ya təsdiqləyib.

Digər məlumata görə, Mərkəzi Bankın əməkdaşları "AtaBank"da çalışırlar. Bankın ləğv olunmaması üçün bütün variantlar qiymətləndirilir.

Bankla bağlı qərar niyə yubanır?

Ötən həftə bank sahəsi üzrə mütəxəssis, hüquqşünas Əkrəm Həsənov “AtaBank”da 400 min dollar əmanəti olan Belarus vətəndaşının bu bankın müflis elan olunması tələbi ilə Mərkəzi Banka müraciət etdiyinə dair məlumatla çıxış edib: “Müraciətdə qeyd olunur ki, “Atabank” əmanətlərin qaytarılması üçün yetərli maliyyə vəsaitinə malik deyil və Mərkəzi Bank özü də rəsmi bəyanatlarında bunu etiraf edib.

Kartlarla əməliyyatlar ile ilgili görsel sonucu

“Banklar haqqında” Qanunun 61.1.3-cü maddəsi ilə bankın vaxtı çatmış maliyyə öhdəliklərini kreditorlar tərəfindən tələblər irəli sürüldükdə ödəməyə qadir olmaması bank barəsində iflas proseduruna başlanılmasının əsaslarından biri kimi qiymətləndirilmişdir. Qanunun 62.2-ci maddəsinə əsasən, bank öz öhdəliklərini yerinə yetirmədikdə, bir və ya bir neçə kreditor Mərkəzi Banka vəsatətlə müraciət edə bilər. Mərkəzi Bank vəsatətə onu aldığı gündən 5 təqvim günü müddətində baxır və əgər bankın öz öhdəliklərini yerinə yetirmədiyi faktını müəyyənləşdirirsə, bank lisenziyasının ləğvi və iflas proseduruna başlanılmasına dair məhkəməyə ərizə vermək haqqında qərar qəbul edir. Mərkəzi Bank məhkəməyə ərizəni bu barədə qərarı qəbul etdikdən sonra 3 təqvim günü ərzində verir. Bankın öz öhdəliklərini yerinə yetirmədiyi faktı müəyyən edilməmişdirsə, Mərkəzi Bank kreditorlara əsaslandırılmış imtina göndərir.

Qeyd edilənləri nəzərə alaraq, Belarus vətəndaşı “Atabank”ın iflas proseduruna başlanılması ilə əlaqədar lazımi tədbirlərin görülməsinin təmin edilməsini, əks təqdirdə, ona imtina ilə əlaqədar əsaslandırılmış cavab göndərilməsini Mərkəzi Bankdan xahiş edib. O, eyni zamanda qeyd edib ki, Mərkəzi Bankın bu məsələ üzrə vaxtında və lazımi tədbiri görməməsi onun özü üçün də məsuliyyət yaradır. Belə ki, əgər bank müflis deyilsə və sadəcə ödəmə qabiliyyətinin qısamüddətli pozulması və likvidlik çatışmazlığı ilə üzləşibsə, “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Qanunun 49-cu maddəsinə əsasən Mərkəzi Bank sonuncu instansiya kreditoru olaraq Banka kredit verməlidir ki, borclarını vaxtında ödəyə bilsin”.

Əkrəm Həsənov ile ilgili görsel sonucu


Ekspert qeyd edir ki, iflas proseduruna vaxtında başlanılmaması kreditorlar arasında qeyri-bərabərlik yaradır: “Hazırda onların bəzilərinin tələbi bizə məlum olmayan meyar əsasında ən azı qismən ödənilir, qalanlarına isə heç nə ödənilmir (deməli, nəticədə sonunculara daha az vəsait çatacaq). Digər tərəfdən isə qorunan əmanətlər tam və ya qismən qorunmayan statusuna keçə bilər. Çünki martın 4-də  “Əmanətlərin tam sığortalanması haqqında” Qanunun müddəti bitir. Bu müddət yenidən uzadılmasa, 30 min manatdan yuxarı olan əmanətlər sığortalanmamış hesab olunacaq. Konkret olaraq Belarus vətəndaşının əmanəti tam qorunan və sığortalanandır. Lakin 4 mart 2020-ci il tarixdə “Əmanətlərin tam sığortalanması haqqında” Qanun qüvvədən düşəcək və Bankın bank lisenziyasının ləğvi və iflas proseduruna başlanılması ondan sonra həyata keçirilsə, əmanət artıq tam sığortalı olmayacaq”.

Ə.Həsənovun musavat.com-a  dediyinə görə, Mərkəzi Bankdan Belarus vətəndaşının müraciətinə cavab verilməyib: “Dünən(17 fevral) cavab verilməsi üçün son gün idi. Hələlik bir cavab yoxdur. Məndə olan məlumata görə, “AtaBank”da təxminən 200 milyon manata yaxın sığortalanmış əmanət var. Yəni söhbət on minlərlə vətəndaşdan gedir. Bura hələ hüquqi şəxslər, şirkət və təşkilatlar daxil deyil. Hazırda bankdan bəzi əmanətçilərin vəsaitlərinin qaytarılması həyata keçirilir. Bu proses qeyri-şəffaf həyata keçirildiyi üçün hansı qrupların əmanətlərinin qaytarıldığını söyləmək mümkün deyil. Lakin ehtimal olunur ki, daha çox fiziki şəxslərin deyil, hüquqi şəxslərin vəsaitləri qaytarılır. Əmanətlərin Sığortalanması Fondunda bu gün “AtaBank”ın əmanətçilərinin pulunu qaytarmağa yetəcək qədər vəsait yoxdur. Güman ki, Mərkəzi Bank bunu da fikirləşir. Burada iki variant var: ya bankı müflis elan edəcəklər – bu halda əmanətlər Fondun hesabına qaytarılmalıdır. Bunun üçün isə dövlət Fonda vəsait ayırmalıdır. Yaxud da dövlət bankın sağlamlaşdırılması üçün vəsait ayırmalıdır. Yəni hər iki halda dövlət böyük miqdarda xərcə düşəcək. Bizim gözləntimiz odur ki, məsələ martın 4-dək həll olunsun. Ümid edirik ki, bu həftə “AtaBank”la bağlı yekun qərar bəlli olacaq. Yəni prosesin daha uzun müddətə uzadılması ciddi narazılıq yarada bilər”.

Bərbad idarəetmə və saxta kreditlər

Ekspertin fikrincə, “AtaBank”da problemin yaranmasının əsas səbəbi bərbad idarəetmə və irihəcmli saxta kreditlərdir: “Mən bu barədə əvvəllər də demişəm. Yalnız “AtaBank” deyil, digər bir çox banklar da bank idarəçilərinə yaxın olan şəxslərin adına saxta kreditlər rəsmiləşdirilib. Elə adamlar var ki, adlarına 35-50 milyon manat kredit rəsmiləşdirilib. O adamların çoxunun heç bu barədə məlumatı belə yoxdur. Ötən həftə mənim hüquqlarını müdafiə etdiyim bir nəfər belə şəxsin şikayəti Ali Məhkəmə tərəfindən araşdırılmaya göndərildi. Bank rəhbərləri pulları çıxarmaq üçün belə saxtakarlıqlara əl atıblar. Bu səbəbdəndir ki, Azərbaycanda problemli kreditlərin böyük əksəriyyəti məhz saxta kreditlərdir. Bütün bu məsələlərlə bağlı hüquq-mühafizə orqanları ciddi addımlar atmalıdılar. Düşünürəm ki, banklarda bu cür qanunsuzluqların baş verməsində Azərbaycanda bank nəzarətinin çox zəif olması da mühüm rol oynayır. Banklar nə istəyirlər edirlər, min cür oyunlardan çıxırlar. Bunun qarşısını almaq üçün bank nəzarəti gücləndirilməlidir”.

P.S. “AtaBank” ASC-dən və Mərkəzi Bankdan bankdakı problemlərin həlli istiqamətində hansı addımların atılmasına dair suallarımıza cavab ala bilmədik.

Dünya SAKİT, 
Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR