İnsanlara hürriyət, millətlərə istiqlal!

Asiyadan Avropaya yük tranziti - Azərbaycan biznesinə açılan yeni imkanlar

963 21.05.2022 14:08 İqtisadiyyat A A

Dövlətin bu məsələdə yerli şirkətlərə dəstək verməsinə ehtiyac var

Ukraynaya hücumu ilə dünyanı üzərinə qaldıran Rusiya Asiya ilə Avropa arasında tranzit daşıma mərkəzi rolunu sürətlə itirməkdədir. Qərbin Moskvaya qarşı tətbiq etdiyi iqtisadi sanksiyaların hələ uzun illər davam edəcəyini Rusiya rəsmilərinin özləri də etiraf edirlər. Belə bir şəraitdə Asiyadan Avropaya yük daşıyan beynəlxalq şirkətlər yeni marşrutlar axtarmağa başlayıblar və bu axtarışlar zamanı diqqətlər sürətlə Azərbaycan üzərindən  keçən Orta Dəhlizə yönəlir.

Artıq mart ayından qlobal yükdaşımalarda ilk beşlikdə qərarlaşan beynəlxalq şirkətlərin 3-ü Rusiyadan, Rusiyaya və Rusiya üzərindən mal daşımaqdan imtina edib. Bunlar Danimarkanın “Maersk”, Almaniyanın “Hapag-Lloyd” və Yaponiyanın ONE şirkətləridir. Onlar Ukraynaya qarşı işğalçı müharibəyə başladığına görə Rusiya mənşəli və bu ölkəyə ünvanlanan, həmçinin bu ölkədən keçərək yüklərin daşınmasını dayandırdıqlarını elan ediblər.

Dünya üzrə yükdaşımaların 20 faizini həyata keçirən “Maersk” şirkəti 135 ölkədə nümayəndəliyə və 83 min işçiyə malikdir. Rusiyanın Sankt-Peterburq limanı vasitəsli yükdaşımaların 20 faizi bu şirkətin gəmilərinin payna düşürdü. “Hapag-Lloyd” qlobal konteyner daşımalarının 25 faizini həyata keçirir. Onun Rusiyanın 5 ən böyük limanında nümayəndəliyi vardı. Qlobal konteyner daşımalarında 6-cı yerdə gələn Ocean Network Express (ONE) şirkəti də Rusiyanın 5 limanında təmsil olunurdu.

Artıq “Maersk” Rusiya üzərindən daşımalara alternativ olaraq Orta Dəhlizi seçib. Şirkətin bununla bağlı açıqlamasında bildirilir ki, Orta Dəhliz üzərindən Çin və Avropa arasında yeni dəmir yolu xəttini işə salır. Beləliklə, Çinin müxtəlif şəhərlərindən yola düşən yeni “Maersk” xidməti Qazaxıstan, Azərbaycan, Gürcüstan və Rumıniya vasitəsilə onu Avropa ilə birləşdirir. Çatdırılma müddəti təxminən 40 gündür: “Çin və Qazaxıstan arasında Xorqos sərhədini keçdikdən sonra konteynerlər dəmir yolu ilə Aktau stansiyasına çatır və oradan barjaya yüklənilərək Bakıya yola salınır. Daha sonra isə konteynerlər Gürcüstan Potidəki APM terminallarına göndərilir və oradan fider gəmisinə yüklənilərək Rumıniyanın Konstansa limanına, daha sonra isə müxtəlif Avropa ölkələrinə göndərilir”.

Avropa-Qafqaz-Asiya nәqliyyat dәhlizinin Azәrbaycan hissәsindә daşınmış  yüklәrin hәcmi 18% azalıb

Digər beynəlxalq yükdaşıma şirkətləri də həm Ukrayna ilə həmrəylik nümayiş etdirmək, həm də sanksiyaların təsirinə düşməmək üçün Rusiya ərazisindən yükdaşımaları dayandırmağa, yükləri yeni marşrutlara yönəltmək imkanlarını genişləndirməyə başlayıblar. Orta Dəhliz isə bu genişlənmənin mühüm istiqamətinə çevrilib. Aprel ayında bu marşrutla Çinin Sian şəhərindən ilk konteyner qatarı Rusiyadan yan keçərək Çindən Avropaya yola düşüb. Yük Qazaxıstan, Azərbaycan, Rumıniya, Macarıstan, Slovakiya və Çexiya vasitəsilə Sian şəhərindən Mannheymə (Almaniya) göndərilib.

May ayının 10-da isə Finlandiyanın Rusiyada fəaliyyətini  “Nurminen Logistics” şirkətinin ilk konteyner qatarı Çinin Çonqinq şəhərindən  yola düşüb. Marşrut Çindən başlayaraq Qazaxıstan, Azərbaycan, Gürcüstan və Rumıniyadan keçərək Mərkəzi Avropaya qədər uzanır. “Nurminen Logistics” şirkəti bildirir ki, dəmir yolu və dəniz nəqliyyatını birləşdirən Transxəzər marşrutu müasir nəqliyyat zəncirlərinin ehtiyaclarına mükəmməl cavab verir. Burada vaxt və ekoloji təmizlik mühüm rol oynayır, Çindən Mərkəzi Avropaya daşınma müddəti dəniz daşımasından təxminən üç dəfə tez başa gəlir.

Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi ilə daşınan yüklərin həcmi açıqlanıb  | marja.az

Regional tranzit mərkəzinə çevrilməyi hədəfləyən Azərbaycan üçün bu proseslər geniş imkanlar yaradır. Belə ki, tranzit daşımalara bağlı iri infrastruktur layihələri icra edən Bakı yeni şərtlərdən öz ərazisindən keçən dəhlizləri yükdaşımalar üçün daha əlverişli vəziyyətə gətirməyə çalışır. Burada əsas diqqət marşrut boyu ölkələrin vahid yanaşma tətbiq etməsinə yönəldilir. Dövlət Gömrük Komitəsinin Gömrük nəzarətinin təşkili və ticarətin asanlaşdırılması idarəsinin rəis müavini Samir Qaralovun sözlərinə görə, Azərbaycan, Gürcüstan və Qazaxıstanın gömrük orqanları arasında tranzitin sadələşdirilməsi sahəsində razılaşmanın imzalanması beynəlxalq yükdaşımalarına müsbət təsir göstərəcək. O bildirib ki, sözügedən razılaşma layihəsi üç olkənin iştirakı ilə 2016-cı ildə hazırlanıb, lakin hələ də imzalanmayıb. Samir Qaralov qeyd edib ki, həm Gürcüstan, həm də Azərbaycan sənədi imzalamağa hazırdı. O, TRACECA rəhbərliyinə müraciət edərək, Qazaxıstanın da bu prossesə cəlb edilməsinə kömək etməyə çağırıb. Samir Qaralov vurğulayıb ki, bu razılaşmanın imzalanması TRACECA koridoru çərçivəsində daşıyıcıların işinin 100 faiz yaxşılaşmasına və sadələşməsinə böyük töhfə verəcək.

Qeyd edək ki, hazırda Azərbaycan Qazaxıstan, Özbəkistan və Qırğızıstanla yükdaşımalar sahəsində fəaliyyətlərin əlaqələndirilməsi istiqamətində fəal iş aparır. Bundan əlavə, Gürcüstan və Türkiyə ilə əməkdaşlıq dərinləşdirilir. Eyni zamanda rəsmi Bakı Xəzər dənizi üzərindən gələcək yüklərin bir hissəsini İran vasitəsilə Naxçıvana, oradan isə Türkiyəyə çatdırmağı hədəfləyir. Tehranla imzalanan müqavilə əsasında Şərqi Zəngəzurdan İran ərazisi ilə Naxçıvana avtomobil, dəmiryolu xətlərinin tikintisinə artıq start verilib. Bu marşrutun işə salınması Azərbaycana öz ərazisindən Avropaya daha  çox həcmdə yük ötürməyə imkan verəcək.

Tranzit yükdaşımaların sürətli artımı yaxın illərdə Azərbaycanda logistika sahəsində biznesin inkişafı baxımından böyük imkanlar açacaq. Bu imkanlardan bəhrələnmək üçün yerli şirkətlərin müvafiq kadr potensialı, həmçinin texnologiyalarla təmin olunmasına vaxt itirmədən başlanmalıdır. Bu sahədə dövlətin şirkətlərə hərtərəfli dəstəyi təmin olunmalıdır...

Dünya SAKİT,
"Yeni Müsavat"

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR