Parlamentdə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılıb.
Musavat.com-un məlumatına görə, deputat Razi Nurullayev təqdim olunan qanun layihəsini ümumilikdə müsbət qiymətləndirdiyini və dəstəklədiyini bildirib:
“İnanıram ki, Media və Yayım Şurasının səlahiyyətlərinin dövrün tələblərinə uyğunlaşdırılması media sahəsində idarəetmənin daha sistemli qurulmasına xidmət edəcək.
Xüsusilə qeyd etmək istəyirəm ki, dövlət son illərdə media sektoruna ciddi dəstək göstərib. Media subyektlərinin bir sıra vergilərdən azad edilməsi çox düzgün qərardır. Bunun məqsədi media qurumlarının iqtisadi cəhətdən ayaq üstə durmasına, yalnız maliyyə çətinlikləri ilə mübarizə aparmasına deyil, keyfiyyətli jurnalistikaya daha çox diqqət ayırmasına imkan yaratmaqdır. Bu addımı yüksək qiymətləndirirəm.
Bununla bərabər, düşünürəm ki, artıq növbəti mərhələyə keçməyin vaxtıdır.
Bu gün inkişaf etmiş ölkələrin təcrübəsinə baxsaq görərik ki, müasir media yalnız reklam gəlirləri ilə yaşamır. Hərçənd ki, bu sahədə də ciddi gəlirlər yoxdur və reklamlar bərabər və ədalətli şəkildə bölünmür. Dünyanın aparıcı media qurumları podkastlar, sənədli filmlər, rəqəmsal platformalar üçün xüsusi məzmun, analitik hesabatlar, ödənişli abunə sistemləri, təlim proqramları, tədbirlər, multimedia məhsulları və müxtəlif rəqəmsal xidmətlər istehsal etməklə gəlirlərini şaxələndirirlər”.
Deputat qeyd edib ki, məhz bu model onların iqtisadi müstəqilliyini gücləndirir: “Məsələn, "The New York Times" rəqəmsal abunə və audio məhsullarından, "BBC Studios" proqram və format satışından, "Financial Times" isə analitik xidmətlər və korporativ abunələrdən əhəmiyyətli gəlir əldə edir. Bir çox Avropa ölkələrində media qurumlarına innovativ biznes modellərinin qurulması üçün xüsusi təlim və mentorluq proqramları təşkil olunur. Hesab edirəm ki, qanunun həyata keçirilməsi mərhələsində Media və Yayım Şurasının əsas istiqamətlərindən biri də məhz bu olmalıdır. Ölkənin bütün media subyektləri üçün beynəlxalq ekspertlərin iştirakı ilə sistemli təlimlər keçirilməli, media menecerlərinə yeni biznes modelləri, rəqəmsal məhsulların hazırlanması, süni intellektin tətbiqi, müəllif hüquqlarının kommersiyalaşdırılması və beynəlxalq bazarlara çıxış imkanları öyrədilməlidir.
Məqsəd yalnız mediaya dəstək vermək deyil, medianı dayanıqlı və iqtisadi baxımdan güclü etmək olmalıdır. Güclü iqtisadi əsaslara malik media həm daha peşəkar olur, həm də cəmiyyətə daha keyfiyyətli xidmət göstərir”.
E.Paşasoy,
Musavat.com






