"Yeni Müsavat" Media Qrupunun Ukraynadakı təmsilçisi, Odessada yaşayan jurnalist Anar Natiqoğlu Ukrayna futbol ictimaiyyətinin diqqətini çəkən bir görüşlə bağlı paylaşım edib.
Musavat.com xəbər verir ki, Anar Natiqoğlunun Facebook sosial şəbəkə hesabında yer alan paylaşıma görə, Ukraynanın “Şaxtyor Donetsk” futbol klubunun türk baş məşqçisi, keçmiş ulduz futbolçu Arda Turan ilə Ukrayna futbolunun əfsanəvi simalarından biri, hazırda ölkənin milli komandasına baş məşqçilik edən Serhiy Rebrov arasında səmimi görüş baş tutub.
Paylaşımda qeyd olunur ki, bu görüşün video görüntüləri də paralel şəkildə təqdim edilib və Ukrayna futbol ictimaiyyətində müsbət rezonans doğurub. Videoda Arda Turan və Serhiy Rebrovun mehriban, qarşılıqlı hörmətə əsaslanan münasibəti açıq şəkildə hiss olunur.
Anar Natiqoğlu vurğulayır ki, Arda Turan qısa müddət ərzində Ukraynada böyük hörmət qazanıb. Onun gülərüz davranışı, peşəkar yanaşması və sayğılı münasibəti həm futbol cameəsində, həm də azarkeşlər arasında müsbət qarşılanır.
Qeyd edək ki, Arda Turanın “Şaxtyor Donetsk”dəki fəaliyyəti Türkiyə və Ukrayna futbol ictimaiyyətləri tərəfindən diqqətlə izlənilir. Serhiy Rebrovla baş tutan bu görüş isə iki fərqli futbol məktəbinin təmsilçiləri arasında formalaşan qarşılıqlı ehtiramın və peşəkar dialoqun bariz nümunəsi kimi dəyərləndirilir.
Musavat.com






