İnsanlara hürriyət, millətlərə istiqlal!

Aqrar istehsalda İsrail inqilabı: Azərbaycan bu təcrübədən nə qazana bilər?

1252 19.05.2022 10:30 İqtisadiyyat A A

Təl Əvivin təcrübəsini bölüşmək istəyi Bakıda isti qarşılanır

İsrailin kənd təsərrüfatı və kənd yerlərinin inkişafı naziri Oded Foreri Azərbaycanda səfərdədir. Mayın 17-də onu Prezident İlham Əliyev qəbul edib.

Görüşlə bağlı rəsmi məlumatdan aydın olur ki, qəbul zamanı Azərbaycanla İsrail arasında iqtisadi əlaqələrə toxunulub, kənd təsərrüfatı sahəsində həyata keçirilən əməkdaşlığın perspektivlərindən danışılıb.

İsrailin müasir texnologiyalarının Azərbaycanın kənd təsərrüfatında tətbiqi ilə bağlı fikir mübadiləsi aparılıb. Oded Forerin səfərinin kənd təsərrüfatı sahəsində əməkdaşlığın genişləndirilməsi işinə töhfə verəcəyinə əminlik ifadə olunub.

 

Devran Media - | Prezident Oded Foreri qəbul edib

İsrailli nazir həmçinin Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovla da görüşüb. M.Cabbarov işğaldan azad edilmiş ərazilərimizin iqtisadi potensialı barədə qonağa məlumat verib, əməkdaşlığın inkişafı imkanlarını diqqətə çatdırıb, İsrail şirkətlərini ölkəmizin işgüzar mühitindən yararlanmağa və fəal tərəfdaşlığa dəvət edib.

İsraillə iqtisadi əməkdaşlığın inkişafı müzakirə edilib

O.Forer isə ölkəsinin Azərbaycanla iqtisadi, o cümlədən aqrar sahədə əməkdaşlığın inkişafına mühüm önəm verdiyini, İsrail şirkətlərinin Azərbaycanın azad edilmiş ərazilərinin bərpası ilə bağlı layihələrdə iştiraka maraq göstərdiyini qeyd edib, tərəfdaşlığın gücləndirilməsi barədə fikirlərini bölüşüb.Tərəflər iqtisadiyyatın müxtəlif sferalarında, qida təhlükəsizliyi, su ehtiyatlarının idarə olunması, kənd təsərrüfatı və bu sahədə elmi-tədqiqat üzrə əməkdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər.

İnam Kərimova yeni vəzifə verildi

İnam Kərimov

Kənd təsərrüfatı naziri İnam Kərimovun verdiyi məlumata əsasən, bu ilin sentyabr ayından etibarən 50 azərbaycanlı tələbə İsraildə aqrar sahədə təhsil alacaq: “Bu layihə gənc mütəxəssislər üçün çox böyük əhəmiyyət kəsb edir. Tələbələr bir il ərzində həm aqrar sahədə çalışacaqlar və həm də fəaliyyət göstərəcəklər. Bir ildən sonra geri dönərək öz fəaliyyətlərini Azərbaycanda davam edəcəklər”. Nazir həmçinin bildirib ki, təcrübə proqramı çərçivəsində tələbələrin əsas məqsədi İsraildə aqrar sahədə mövcud olan yenilikləri, aqrar sahədə olan innovasiyaları, texnologiyaları, bilikləri öyrənmək, mənimsəmək və geri qayıdaraq onları Azərbaycanda tətbiq etməkdir.

Qeyd edək ki, son aylarda İsrail mətbuatı davamlı olaraq bu ölkənin kənd təsərrüfatı sahəsindəki təcrübəsini Azərbaycanla bölüşəcəyi, ölkələrin Azərbaycanın yaxın illərdə buğda idxalçısından ixracatçıya çevrilməsini nəzərdə tutan birgə layihənin icrasına başlayacaqlarına dair məlumatlar paylaşır. Aprel ayında İsrailin bir neçə yüksək vəzifəli şəxsinin Azərbaycana səfəri reallaşıb. Ayın əvvəlində İsrail-Azərbaycan Hökumətlərarası Birgə Komissiyasının həmsədri, İsrailin turizm naziri Yoel Razvozov Azərbaycanda səfərdə olub. Aprelin 25-də isə İsrailin maliyyə naziri Aviqdor Libermanın başçılıq etdiyi nümayəndə heyətinin Bakıya səfəri baş tutub. Bu səfərin məqsədi ilə bağlı İsrail mətbuatı maraqlı məlumat yayaraq, İsrailin Azərbaycandan taxıl almaq istədiyini açıqlamışdı. “Al-Monitor” nəşrinin yazdığına görə, İsrailin kənd təsərrüfatı naziri Oded Forerin Azərbaycana səfəri zamanı Bakıda keçiriləcək danışıqların əsas mövzularından birini Azərbaycandan İsrailə buğda ixracı təşkil edir. Nəşrin analitikləri qeyd edirlər ki, hazırda Azərbaycan ixrac üçün kifayət qədər buğda yetişdirmir. Bununla belə, respublika taxıl istehsalının genişləndirilməsi üçün böyük layihə həyata keçirmək niyyətindədir. İsrail də öz növbəsində Azərbaycanı kənd təsərrüfatı sahəsində ən son texnologiyalarla təmin etməyə hazırdır ki, bu da tezliklə istehsalı artıracaq. Hesab olunur ki, Azərbaycandan buğda alışı 2025-ci ildən mümkün olacaq.

Azərbaycan tərəfdən bu məlumatlarla bağlı rəsmi şəkildə hər hansı açıqlama verilməsə də, ölkənin İsrailin aqrar sahədəki təcrübəsindən istifadə etmək niyyətində olduğu açıq hiss edilir. Xüsusilə ötən ildən etibarən Azərbaycan İsrailin aqrar sahədəki təcrübəsini aktiv şəkildə öyrənir. Azərbaycanla İsrail arasında iqtisadi əməkdaşlığın məhz kənd təsərrüfatı sahəsində sürətlə inkişaf etdirilməsi diqqəti cəlb edir.

Azərbaycan İsraildən kənd təsərrüfatının inkişafını təmin edəcək hansı təcrübələri mənimsəyə bilər? Məlumdur ki, Azərbaycan su ehtiyatları məhdud ölkələr qrupuna daxildir. Qlobal iqlim dəyişikliyinin təsiri ilə ölkəmizin su ehtiyatlarının daha da azalacağı proqnozlaşdırılır. Kənd Təsərrüfatı Nazirliyinin Torpaqdan İstifadəyə Nəzarət şöbəsinin müdiri Firudin Tağıyevin dediyinə görə, Azərbaycan ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının 80-85 faizi suvarılan torpaqlardan götürülür. Nazirlik rəsmisi bildirib ki, hazırda Azərbaycanda 135 su anbarı var ki, onların da ümumi su tutumu 21,5 milyard kubmetrdir: “Su ehtiyatlarının qorunması ölkədə ali səviyyədə tam nəzarətdədir”.

Kənd təsərrüfatında suvarma problemləri (Firudin Tağıyev) - ARB24 (Gündəm)  - YouTube

Firudin Tağıyev

F.Tağıyevin sözlərinə görə, Azərbaycanın şirin su ehtiyatlarının əksər hissəsi xaricdə formalaşır: “İşğaldan azad edilmiş ərazilərdə 9 su anbarı və 17 çay var ki, bu çayların da su ehtiyatları böyükdür. Rəsmi torpaq balansına əsasən çoxillik əkmələrlə birlikdə bizim ümumi əkin sahəmiz 2 milyon hektardan artıqdır. Bunun isə 1,5 milyon hektarı suvarılan ərazilərdir. Suvarılan torpaqların 77,5 faizi əkin, 8,6 faizi çoxillik əkmələr və 13,9 faizi isə örüş, həyətyanı və s. bu kimi sahələrdir”.

Nazirlik rəsmisi əlavə edib ki, ölkədə müasir suvarma sistemlərinin tətbiqi çox aşağı səviyyədədir: “Su ehtiyatlarının qiymətləndirilməsi üzrə təkmil su balansı və uçotu sistemi yoxdur. Amma hazırda bu istiqamətdə iş gedir. Hazırda qurumlar arası ESTİS (Elektron Su Təsərrüfatı və İnformasiya Sistemi) yaradılıb və operatorluq Ekologiya və Təbii Sərvətlər Nazirliyindədir. Hər bir aidiyyəti qurum bu sistemə qoşulub. Bu, gələcəkdə təkmil uçot sistemi olacaq. Əgər 2010-cu ildəki daşqınları nəzərə almasaq, bu tarixdən etibarən Azərbaycanda şirin su ehtiyatları azalmağa başlayıb”.

F.Tağıyevin sözlərinə görə, Qafqaz regionunda su ehtiyatlarına görə, Azərbaycan ən kritik durumdadır: “Su ehtiyatlarının azalması özünü kənd təsərrüfatı sektorunda da göstərməkdədir. Belə bir təzadlı məqam da yaranıb. Şirin su ehtiyatlarının azalmasına baxmayaraq kənd təsərrüfatı sektoru inkişaf edir. Nazirlik olaraq bizim məqsədimiz ərzaq təhlükəsizliyinin təmin edilməsi olduğu üçün əhalinin qida ehtiyaclarına uyğun olaraq əkin sahələri mütəmadi olaraq subsidiyalar və digər vasitələrlə dəstəkləməklə məhsul istehsalının artırılmasıdır”.

Onun sözlərinə görə, su balansına əsasən ölkəmizdə yerüstü su ehtiyatları 34-36 milyard kubmetr təşkil edir. Amma bundan cəmi 12 milyard kubmetri istehlakdır. Həmin ehtiyarların 6 milyard kubmetri suvarmaya və kənd təsərrüfatının təchizatına, 2 milyard kubmetri içməli su istehsalı və digər məqsədlərə, 3-4 milyard kubmetri isə nəqliyyat zamanı müəyyən məqsədlərə sərf olunur: “Bu onu göstərir ki, biz bu su ehtiyatını rezervuarlarda yığa bilsək, bizim su problemlərimiz böyük ölçüdə həll oluna bilərdi. İstehlak edilən 12 milyard kubmetr suyun da təxminən 70-80 faizi kənd təsərrüfatı sahəsində, bilavasitə suvarmada istifadə olunur. Bu səbəbdən də biz suvarmada tətbiq olunacaq səmərəliliyi daha çox təşviq edirik və bu istiqamətdə də aidiyyəti qurumlarla iş aparılır”.

Dünyada kənd təsərrüfatını sudan qənaətə əsaslanan texnologiyalar əsasında qurmaqla ən yüksək nəticələr əldə edən ölkələrdən birinin İsrail olduğunu nəzərə alsaq, Azərbaycanın bu ölkədən nələri əxz edə biləcəyini təsəvvür edə bilərik. İsrail məhdud resurslar şəraitində kənd təsərrüfatı istehsalında dünyada ən yüksək nəticələr əldə etməyi bacaran nadir ölkədir. Ölkənin 22 min kv.km ərazisinin yalnız 20 faizi kənd təsərrüfatına yararlıdır: qalanı susuz səhralıq və daşlı dağlıq ərazilərdir. Cəmi 4 min kv.km ərazidə aqrar istehsalı ən müasir üsullarla quran yəhudi xalqı əksər məhsullarla nəinki özünü (9,5 milyon nəfər) tam təmin edir, hətta xaricə böyük həcmdə ixrac da həyata keçirir. Ümumilikdə, kənd təsərrüfatı məhsulları ilə özünütəminat səviyyəsi 95 faiz təşkil edir.  Ölkə yalnız buğda, kofe, ət və digər bir neçə kənd təsərrüfatı məhsulunu xaricdən idxal edir. Özü isə sitrus meyvələri, tərəvəzlərin ən böyük ixracatçılarındandır.

Aqrar sektor İsrail ÜDM-nin 2 faizdən, ixracının 4 faizdən çoxunu təmin edir. İsrail su ehtiyatlarının həcminə görə ən kasıb ölkələrdən biridir. Cəmi bərpaolunan su ehtiyatları 160 milyon kubmetr təşkil edir ki, onun da 75 faizi kənd təsərrüfatına yönəldilir. Burada yağıntı yalnız qışda - sentyabr-aprel aylarında, özü də ölkə ərazisində qeyri-bərabər paylanmaqla yağır. Bu yağışlardan toplanan suyu ölkənin şimalından cənubuna çatdırmaq üçün vahid İsrail supaylama sistemi yaradılıb. Nəticədə son 10 ildə kənd təsərrüfatında sudan istifadə 12 faiz azalıb, amma istehsalda 30 faizə yaxın artım var. Bu isə o deməkdir ki, yalnız sudan qənaətlə və səmərəli istifadədə İsrail təcrübəsini tətbiq etməklə Azərbaycan kənd təsərrüfatında bir neçə qat yüksək səmərəliliyə nail ola bilər.

İsrailin kənd təsərrüfatı istehsalı texnologiyası - torpağın qidalılığının artırılması, bitkilərə aqrotexniki qulluq, həmçinin bu prosesin müasir texnologiyalarla həyata keçirilməsi sahəsindəki təcrübəsi də Azərbaycan üçün nümunə sayılacaq səviyyədədir. Belə texnologiyaların tətbiq sayəsində aqrar sahədə istehsalın həcm baxımından dəfələrlə artırılması mümkündür.

Dünya SAKİT,
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR