İnsanlara hürriyət, millətlərə istiqlal!

Antalyaya “səfər edən” Paşinyan niyə 288 milyon dolları Qarabağa göndərir?

1821 26.01.2022 16:08 Yazarlar A A

Heç şübhəsiz, Nikol Paşinyan bütün masalarda oyunbazlıq edir. Hətta koronavirus pandemiyasına yoluxduğu üçün özünütəcridə keçdiyi barədə dedikləri də şübhəli görünür. Bundan əvvəl də hansısa vacib məqamda vursa yoluxduğunu əsas gətirib, yoxa çıxmışdı. Nə oldu, mətbuat üçün brifinq keçirdi, sonra hökumətin iclasını keçirdi, sonra hətta Araik Arutyunyanla görüşdü və COVİD oldu? Hər halda Armen Sarkisyanın müəmmalı istefasından sonra gündəmdə çox olması əslində ona sərfəli də deyildi...

Bütün bunlar heç, necə deyərlər, can onun (oxu: ermənilərin) cəhənnəm Tanrının. Son açıqlamalarından görünən budur ki, mahir bir hiyləgər dayanır Ermənistanın başında. Məsələn, deyib ki, martın 11-13-də keçirilməsi planlaşdırılan Antalya Diplomatiya Forumunda iştirak etmək istəyir. Sitat: “Türkiyə ilə normallaşma danışıqlarına çox ciddi yanaşırıq. Əvvəlki uğursuz cəhdlərdən əldə etdiyimiz təcrübələri nəzərə alaraq, qonşumuzla münasibətləri qeyd-şərtsiz normallaşdırmağı başa çatdırmağı qarşımıza məqsəd qoymuşuq”.

Anlaşılandır, Ermənistanı təcrid vəziyyətindən çıxartmağın iki yolu varsa, biri Azərbaycan, digəri Türkiyə yoludur. Xilas yolundan imtina etdikləri üçün bu kökə düşdüklərini dərk edirlər, amma kiflənmiş, şablon, xəstə iddialardan da əl çəkmirlər, bu da var. Məsələn, Paşinyan “qeyd-şərtsiz” ifadəsini işlədir. Burada da hiylə var, çəlimsiz Ermənistanın Türkiyə kimi qos-qocaman dövlət qarşısında nə şərti ola bilər ki? Sadəcə Nikol bununla demək istəyir ki, Türkiyə də Ermənistanla münasibətlər qurması yolunda hər hansı şərt irəli sürməsin. Yəni sərhədlərin açılması məsələsi gündəmə gələndə Ankara İravandan tələb etməsin ki, gerbindəki Ağrının əksini, Konstitusiyanda Türkiyə torpaqlarına rəsmi iddianı çıxar, qondarma “soyqırım” iddiasından birdəfəlik, özü də rəsmi qaydada imtina et, İrəvandakı “soyqırım” yalanına qoyduğun abidəni, həmçinin Şirakda qoyulmuş, böyük Türk sərkərdəsi Tələt Paşanı təhqir edən heykəli rədd elə! Paşinyan anlayır ki, Moskvadakı ilk görüşün ardınca keçiriləcək görüşlərdə ortaya bu kimi məsələlər gələcək, ona görə də “gəlin heç nə olmamış kimi danışaq, mehriban qonşu olaq”, kimi mesaj vermək istəyir. Günün birində də iddia edəcək ki, Türkiyə Azərbaycanla bağlı hər hansı şərt irəli sürməsin, yoxsa münasibətlərimiz alınmaz, 2009-cu ildə imzalanmış Sürix protokolları arxivə göndərildiyi kimi...

Heç şübhəsiz ki, qardaş Türkiyə Ermənistanın bu oyunbazlığınu görməzdən gəlməyəcək, ötən illərin təcrübəsi, Azərbaycana qardaş münasibəti buna tam əminlik yaradır. Amma bəzən hansısa paytaxtlar da Ermənistanı xilas layihələrini işə salırlar, eyni zamanda qardaşlar arasında təfriqə yaratmaqdan ötrü çeşidli hiylələr qururlar, bu mənada ayıq olmaqda fayda var. Xatırladaq ki, ermənilər ötən əsrin əvvəlində Batumda da öhdəlik götürmüşdülər, Osmanlı Türkiyəsi qarşısında, Azərbaycan və Türkiyəyə qarşı hər hansı iddiada olmayacaqları, normal münasibətlər sərgiləyərək yaşayacaqları barədə. Amma nə baş verdi? İrəvanı istədilər, verdik, Zəngəzuru qopardılar, Türkiyəyə qarşı “soyqırım” iddiasını bütün dünyaya yaydılar və anti-türk paytaxtların əlinə dəstəvuz verdilər, Azərbaycan Cümhuriyyətini quran kişilərə qarşı terror aktları həyata keçirdilər, sonra da türk diplomatlarını qətlə yetirdilər. Sonda da Qarabağ, Xocalı soyıqırımı, insanlığa qarşı saysız-hesabsız müharibə cinayətləri...Yəni Türkiyə ilə əlaqələr qurandan, bir az dirçələndən sonra Ermənistanın yenidən 150 min kv km-lik “tarixi ərazilər” uğrunda axmaq və əsassız iddialara başlamayacağına kimsə təminat verə bilməz? Elə son illərdə Türkiyəyə uçan ermənilərin “Qərbi Ermənistana” gəldikləri barədə sarsaqlamalarını izləmədikmi? Ermənilər ötən illər ərzində Ankaranın israrlı təklifləri əsasında arxivlərin birgə araşdırılmasına belə, razı olmadılar. Çünki bilirdilər “soyqırım”ın “s”-sı belə yoxdur, olmayanı necı tapsınılar? İstəmədilər, çünki onlara sərf eləmir həqiqət.

Bütün bunları bildiyimiz halda, Nikol Paşinyanın Türkiyə ilə bağlı bəzəkli fikirlərinə necə inana bilərik? Çox da ki, rəqibləri onu “türk cəsusu” adlandırır...

Paşinyan Azərbaycana ünvanlı çoxsaylı gedişlərini də izləməkdəyik. Elə bir neçə gün əvvəl sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlı dedikləri də səmimi təsir bağışlamır. Bir tərəfdən yeri gəldi-gəlmədi Azərbaycan hərbçilərinin Ermənistan ərazisinə (?) doğru irəlilədiyini iddia edir, hətta Putinə də bundna şikayətlənir, digər tərəfdən deyir delimitasiya-demarkasiya prosesinə başlamağa hazırdır. Azərbaycan dövlət başçısı dəfələrlə bildirib ki, əsgərimiz öz ərazimizdədir, əgər istəsəydi, Ermənistanın içərilərinədək irəliləyə bilərdi, çünki tarixi torpaqlarımızdır. Paşinyansa nə reallığı qəbul etmək istəmir, nə tarixi xatırlamağa cəhd göstərmir, amma deyir “biz hazırıq”. Deməli, onun çəkmək istədiyi “sərhəd” bir başqadır.

Nikol Paşinyanın başqa arqumenti də var: ərazi bütövlüyünün tanınmasından söhbət düşəndə iddia edir ki, hələ 90-cı illərdə Azərbaycan və Ermənistan bir-birinin ərazi bütövlüyünü tanıyıb. Oyunbazlıq deyilmi? Ermənistan ərazi bütövlüyümüzü tanınmışdısa, bəs, 30 illik işğal nə idi? Bəs, Paşinyanın özünün “Qarabağ Ermənistandır. Nöqtə” sayıqlamasına nə ad qoyaq? Bəs, Nikol çaxır içib, Şuşada nə sərələnmişdi? Elə 44 günlük müharibəyə səbəbkar özü olmadımı? Paşinyanın “Qarabağ Ermənistana birləşdirilib” kimi sayıqlamasını da eşitmişik.

Belə aydın olur ki, erməni baş nazir Azərbaycan ərazisi Nikol Paşinyan hələ də reallığı dərk etmək istəmir və öz aləmində Qarabağı Azərbaycandan “ayırmağa” cəhd edir. Sərhədlə bağlı komissiya yaradacağını deyən, sülh sazişinin zəruriliyindən danışan Paşinyan ardınca bildirib ki, bu məsələlərin Qarabağ probleminə aidiyatı yoxdur. Yəni sülh sazişi ayrı, Qarabağın status ayrı. Azərbaycan dəfələrlə mövqeyini bəyan edib, amma Paşinyan bu halında da “cəhənnəmlik status”u diriltməyə cəhd edir, Avropa İttifaqına, ATƏT-ə, həmsədrlərə, KTMT-yə minnətçi düşür. Deməli, islah olunmayıb, hər dəmdə kəmfürsətlik edəcək bu gedişlə.

Bəziləri Ermənistan prezidentinin qəfil istefasına belə yozum verdilər ki, guya Paşinyan onun Azərbaycan və Türkiyə ilə sülhünə mane olmaq istəyən adamı neytrallaşdırmaqla sülh yolunu açdı. Ədalətli sülh bağlamaq istəyən adam “nala-mıxa” vurmazdı və Qarabağ terrorçularının başçısı, Azərbaycanda barəsində 4 maddə ilə cinayət işi qaldırılan Araik Arutyunyanı qəbul etməz, Qarabağdakı separatçılara milyonlarla dollarlıq yardım vədini verməzdi.

Paşinyan özü deyib ki, Ermənistanın dövlət büdcəsindən Qarabağdakı erməni əhaliyə 2022-ci il üçün 288 milyon dollar ayrılacaq. 2021-ci ildən 48 milyon dollar çox!!! Azərbaycanın ərazi bütövlüyü İrəvanda, Paşinyan dediyi kimi, 1992-ci ildən tanınırsa, onda bu milyonlar niyə köçürülür? Özü də cəmi 25 minlik əhaliyə! Ermənistan dilənçi kökündədir, hər gün sosial tələblərlə aksiyalar keçirilir, Avropa İttifaqından, Amerikadan dilənir, Rusiyadan silahı kreditlə alır. İndi bu ölkənin Qarabağda nə ölümü var ki, ora milyonlar ötürür və hardandır o pullar?! Faktiki olaraq terroru və terrorçuluğu maliyyələşdirmədir bu!

Amma “qeyd-şərtsiz” münasibətlərdən bəhs edən Paşinyana bu situasiya sərd edir təbii ki. Odur ki, “sülh göyərçini” statusunda çıxış etməklə status-kvonu qorumağa çalışır...

Sonda zəruri xatırlatma: Azərbaycanın dövlət başçısı faktiki olaraq İrəvana 6 ay vaxt vermişdi, onun biri tamamlanmaq üzrədir...Növbəti hesab gününə 5 ay qalır. Suala cavab istəniləcək, Nikol, Qarabağ iqtisadi zonasına sən niyə və hansı cəsarətlə pul ayırırsan?

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR