Aktrisa Biran Damla Yılmaz iki illik nişanlısı Abdurrahman Aydın tərəfindən irəli sürülən ittihamlara cavab verib.
Musavat.com xəbər verir ki, aktrisa məsələ ilə bağlı susqunluğunu pozaraq yayılan iddiaların həqiqəti əks etdirmədiyini bildirib.

“Estetik yox, sağlamlıq problemimlə bağlı əməliyyat olunmuşam”
Biran Damla Yılmaz bildirib ki, Almaniyaya estetik əməliyyat üçün deyil, uzun illərdir yaşadığı ciddi sağlamlıq problemlərinin müalicəsi məqsədilə gedib:
“13 yaşımdan bəri müxtəlif sağlamlıq problemləri yaşamışam. Bu barədə danışmaq istəmirdim. Hətta sektorda “aktrisa sağlam görünməlidir” düşüncəsi olduğu üçün xəstəliyimi gizlətməyə çalışırdım. Böyrəküstü vəzi çatışmazlığından əziyyət çəkirdim və müalicə alırdım. Həmin dövrdə sevgilim mənə Almaniyada başqa müalicə üsullarını sınamağı təklif etdi. Uzun müddət xəstəxanada qaldım, bəzi günlər yeriyə bilmirdim. Buna görə bir çox layihələrdən imtina etməli oldum”.
Aktrisa qeyd edib ki, sonradan vəziyyəti yaxşılaşıb və ana olmaq şansını qorumaq üçün uşaqlığı ilə bağlı əməliyyat keçirib:
“Bu, estetik əməliyyat deyildi. Mən qadın sağlamlığımla bağlı əməliyyat olunmuşam. İddia edilən məsələ mənim qadınlığımla bağlıdır və bunu estetik əməliyyat kimi təqdim etmək düzgün deyil”.
“Qırmızı bülletenlə axtarılmağım yalandır”
Yılmaz onun barəsində yayılan qırmızı bülleten iddiasını da təkzib edib:
“Qırmızı bülletenlə axtarıldığımı bir televiziya proqramından öyrənirəmsə, burada problem var deməkdir. Bütün sənədlər araşdırılıb və mənim haqqımda belə bir qərar yoxdur”.
“Ayrılıqdan sonra təzyiqlər başladı”
Aktrisa keçmiş nişanlısı ilə münasibətlərini qarşılıqlı danışıq yolu ilə bitirdiyini, lakin sonradan müxtəlif təhdid və psixoloji təzyiqlərlə üzləşdiyini iddia edib:
“İki illik münasibətimizin xatirinə hər şeyi üz-üzə danışaraq bu əlaqəni davam etdirmək istəmədiyimi bildirdim. Ayrılıq səbəblərimi həm ona, həm də ailəsinə izah etdim. Lakin sonradan serial çəkiliş meydançası və tərəf müqabilimlə bağlı əsassız söz-söhbətlər ortaya çıxanda məndən münasibətimizin davam etdiyini göstərən paylaşım etməyimi tələb etdi. Razılaşmadıqda isə məni biabır edəcəyini söyləyərək psixoloji təzyiq göstərməyə başladı”.
Keçmiş nişanlısı Yılmazın Almaniyada estetik əməliyyat etdirdiyini, ödənişi etmədiyi üçün isə qırmızı bülletenlə axtarıldığını iddia etmişdi.
Könül
Musavat.com






