İnsanlara hürriyət, millətlərə istiqlal!

“ALMALI” MARKETLƏRİN ÇÖKÜŞ SƏBƏBLƏRİ “YENİ MÜSAVAT”da

9698 24.01.2010 09:05 İqtisadiyyat A A

“Əhmədli” metrostansiyasının yaxınlığında yerləşən “Almalı”da sakitçilik idi, dükanda cəmi dörd müştəri vardı. Marketə daxil olan kimi bəzi vitrinlərin boş, digərlərində isə malın az olduğu dərhal gözə çarpır. Satıcılar isə deyirlər ki, 1-2 günə yeni mal gələcək. Marketdə qiymətlər də digər iri marketlərdəkindən bahadır. Malların qiyməti başqa marketlərlə müqayisədə 20-40 qəpik, hətta 50-70 qəpik bahadır.
Metronun “Qara Qarayev” stansiyasının yaxınlığında yerləşən “Almalı”da da eyni vəziyyətdir. Dükanda bir neçə müştəri var. Malların çeşidi də azdır. Marketdə cəmi bir kassa aparatı var. Mağazada yeddi müştəri olsa da, kassada növbə gözləmək müştərilərin narazılığına səbəb olur. “Hər malın qiymətinin hesablanması vaxt aparır. İki çörək üçün 10-15 dəqiqə gözləyirəm”. 3-cü mikrorayon dairəsindən bir qədər aralıda yerləşən “Almalı” marketdə də vəziyyət əvvəlkilərlə oxşardır. Paytaxt sakinləri də “Almalı” marketlərin müştərilərinin azaldığını bildirirlər. Onların sözlərinə görə, malların çeşidlərinin azalması onların seçim imkanını daraldır: “Bir çox məhsulların, makaronun, yağın, hətta çayın çeşidləri azalıb. İstədiyin məhsulu çox vaxt tapa bilmirsən, problem budur”. “Almalı”nın qarşısında taksi sürücüsü işləyən Əvəz isə deyir ki, son vaxtlar bu marketlərdə ən zəruri məhsulları da tapmaq mümkün olmur: “Məsələn, bəzən diş pastası, yuyucu toz tapa bilmirəm. Əvvəl "Almalı"dan bazarlıq edirdim. İndi görürəm ki, çeşidlər azdır. Həm də işçilər də azalıb. 3-cü mikrorayondakı “Almalı”da əvvəl 20-dən çox işçi vardı, indi 5-6 işçi qalıb". Yasamal rayonunda yerləşən “Almalı”nın ayda iki həftə işlədiyi, iki həftə bağlı olduğu bildirilir. “Həzi Aslanov” metro stansiyasından bir qədər aralıda yerləşən “Almalı” market isə artıq bağlanıb, yerində mebel dükanı fəaliyyət göstərir.
Mətbuatın yazdığına görə, sözügedən marketlər şəbəkəsinin böhranla üzləşməsinin səbəbi iri holdinqlərə borclarının yaranmasıdır. Yəni mağazalar şəbəkəsinin topdansatış bazalarından və yerli istehsalçılardan aldığı malların pulları vaxtında ödənilmir. Nəticədə son iki ayda topdansatış bazaları və yerli istehsalçı şirkətlər “Almalı”lara mal verilişini dayandırıblar. Hətta borclar o qədər böyükdür, onların qısa müddətdə qaytarılması mümkün deyil. Bildirilir ki, sözügedən borcun yaranması heç də “Almalı”ların satış imkanlarının zəifliyi, alıcıların sayının azlığı ilə bağlı deyil. Bildirilir ki, “Almalı”marketlərin məxsus olduğu “ADA” Ticarət Qapalı Səhmdar Cəmiyyəti satışdan gələn pulları mənimsəyib. Nəticədə nəinki holdinqlərə, banklara da borc yaranıb.
Digər bir iddiaya görə isə, “Almalı” marketlərin iflasa uğramasının səbəbi “Jalə” şirələrini, həmçinin “Azərsun holdinq”in məhsullarını satmaması ilə bağlıdır. Bu məhsulları satmayan marketlər şəbəkəsi iri məmurların qəzəbinə tuş gəlib və nəticədə vergi və digər orqanlar tərəfindən sıxışdırılaraq mövcud vəziyyətlə üzləşib. Həmçinin “Azərsun holdinq”in oxşar market şəbəkəsi açmaq istəyi və bu səbəbdən “Almalı”nın sıxışdırılıb bazardan çıxarıldığı bildirilir.
“Almalı” ticarət şəbəkəsinin ictimaiyyətlə əlaqələr üzrə şöbə müdiri Nəsimi Lətifov isə məsələ ilə bağlı “Yeni Müsavat”a bildirib ki, marketlərin bağlanmasının səbəbi xərclərini ödəyə bilməməsidir: “Elə marketlərimiz var ki, heç böhrandan əvvəl satış rentabelliyini doğrultmamışdı. Həmin marketlərin yerləri düzgün seçilməmişdi. İdarə Heyətinin qərarına əsasən, dükanların bağlanmasına qərar verdik. Paytaxtda iki dükanımız bağlanıb. Biz həmin dükanları paytaxtın digər yerlərində açmağı planlaşdırırıq. İşçilər ezamiyyətə göndərilib, dükanlar açılan kimi onları geri çağıracağıq”. N.Lətifov qeyd edib ki, bu ilin sonunadək dükanların sayının artırılaraq 41-dən 50-yə çatdırılması da nəzərdə tutulub.
Qeyd edək ki, “Almalı” marketlər şəbəkəsi ADA Şirkətlər Qrupuna məxsusdur. ADA Şirkətlər Qrupu isə 2005-ci ildə təsis olunub. “Almalı” marketlər şəbəkəsinin yaradılması layihəsinin əsas donoru Beynəlxalq Maliyyə Korporasiyasıdır. Beynəlxalq Maliyyə Korporasiyası (İFC) həm də ADA qrupunun əsas səhmdarlarından biridir. Şirkət indiyədək bu maliyyə qurumundan həmin layihə üçün on milyonlarla dollar kredit alıb. Lakin hər dəfə layihəyə əlavə maliyyə dəstəyi verilməsinə baxmayaraq şirkət aldığı kreditlərin qaytarılması üçün müəyyən edilmiş qrafikə əməl edə bilməyib, üstəlik marketlər şəbəkəsinin gəlirləri də kəskin azaldığından layihənin ümumiyyətlə iflasa uğraması təhlükəsi yaranıb. Yaranmış vəziyyətlə bağlı bu ilin iyun ayında İstanbulda ADA səhmdarları ilə Beynəlxalq Maliyyə Korporasiyası arasında keçirilən görüşdə müzakirələr aparılıb, “Almalı” marketlər şəbəkəsini iflasdan xilas etmək üçün əlavə 6 milyon dollar kredit ayrılmasına qərar verilib. Bundan əvvəl isə ADA qrupu marketlər şəbəkəsini genişləndirmək üçün maliyyə qurumundan daha 18 milyon dollar kredit almışdı. Qeyd edək ki, IFC Dünya Bankının özəl sektorun maliyyələşdirilməsi qurumudur və inkişaf edən ölkələrdə özəl sektora maliyyə dəstəyi göstərən ən iri çoxsahəli fəaliyyət dairəsinə malik maliyyə təşkilatıdır. Göründüyü kimi, bu beynəlxalq maliyyə qurumunun Azərbaycandakı ən iri layihələrindən biri iflas təhlükəsi qarşısındadır. Səbəblər isə istər layihəni icra edənlərin yol verdiyi səhvlər, istərsə də ADA-ya qarşı inzibati təzyiqlər ola bilər. ADA qrupunun hansısa oliqarxla bağlılığın dair məlumat yoxdur, lakin bu şirkətin hakimiyyətdən dəstək almadan bu cür iri layihəyə başlayacağı da inandırıcı görünmür. Ekspertlərə görə, Azərbaycanda əhalinin alıcılıq qabiliyyəti hələ o qədər yüksək olmadığından ABŞ və Avropa ölkələrində olduğu kimi iri marketlər şəbəkəsi yaradıb onun rentabelli fəaliyyətini təmin etmək çətindir. Bu baxımdan kimə bağlı olduğu hələ qaranlıq qalan bu marketlər şəbəkəsinin gələcəyi dumanlı görünür.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR