Azərbaycanın 44 günlük Vətən müharibəsindən sonra torpaqlarını işğaldan azad etməsi, həmçinin cəmi bir gün çəkən antiterror əməliyyatı nəticəsində separatizmin kökünü kəsməsindən sonra bir çox xarici qüvvələrin qarnına əməlli-başlı sancı dolub. İllər keçsə də, hələ ki, bəzi çevrələr Azərbaycanın qazandığı zəfəri həzm edə bilmir.
Bundan öncə Avropa Parlamentinin və AŞPA-nın ölkəmizə qarşı qarayaxma kampaniyası heç bir nəticə vermədi, hətta ayrı-ayrı parlamentarlar səviyyəsində Azərbaycana qarşı çirkin kampaniyanın yolverilməz olduğu barədə etiraflar səslənməyə başladı. Bu dəfə estafet çubuğunu CNN-ə ötürüblər.

Xəbər kanalı internet səhifəsində Azərbaycana qarşı heç bir əsası olmayan çirkin məqsədli materialı tirajladı. Açıq şəkildə görünür ki, belə bir əsassız materialın, qarayaxmanın ortaya atılması, tirajlanması səbəbsiz deyil. Azərbaycanın sabitlik adası olması, öz hədəflərinə doğru qətiyyətli şəkildə irəliləməsi, prinsiplərindən zərrə qədər də olsun geri çəkilməməsi beynəlxalq səviyyədə bir sıra çevrləri narahat edir. Ona görə də ayrı-ayrı vətəndaş cəmiyyətinin təmsilçiləri, beynəlxalq təşkilatlar, media qurumları tərəfindən ölkəmizə qarşı iyrənc kampaniya davam etdirilir. Guya Azərbaycan ərazisində İrana qarşı hərbi və kəşfiyyat əməliyyatları üçün istifadə edilməsi məqsədilə İsrailin hansısa qüvvələri yerləşdirilibmiş. Absurd, cəfəngiyyat dolu iddia!
Əvvəla belə bir hadisə olsaydı, korrupsiya, rüşvət proqramından süzüldüyü aydın görünən bu “məlumat”dan ilk öncə CNN-in qərəzli və çərənçi təmsilçiləri xəbər tutmazdılar. Ən azı bütün sərhədlərini dörd gözlə müşahidə edən İran kəşfiyyatının hansısa iddiaları olardı və təbii ki, cavabı arqumentlərlə verilərdi. Digər tərəfdən, Azərbaycan dövlətinin birmənalı şəkildə prinsipial mövqeyi bundan ibarətdir ki, İrana qarşı planlarda hər hansı şəkildə yer almayacaq! Hətta cənab Prezident ilk dəfə Vaşinqtona rəsmi səfər edərkən bunu Ağ Evin qarşısında jurnalistlərə açıqlamasında bildirmişdi ki, Azərbaycan və İran arasında 2002-ci ildə bir-birinin ərazisindən istifadə edilməməsi barədə anlaşma var. Azərbaycan tərəfi öz imzasına sədaqətlidir. Hətta Qarabağın işğalda olduğu illərdə, İranın Ermənistan üçün nəfəsliyə çevrildiyi zamanda belə, Azərbaycan öz imzasına hörmətlə yanaşdı, cənub qonşumuza qarşı proseslərdə iştirak etmədi. Müxtəlif təzyiqlərlə Azərbaycanı buna vadar etmək istəyənlər də məqsədlərinə nail ola bilmədilər. Bəli, işğal illərində! O zaman idi ki, Qarabağdakı evlərimizin sökülməsində İrandan gələnlər də iştirak edirdilər, Şuşadakı məscidin “təmiri”ndə İran şirkəti iştirak edirdi, Araz üzərindən Şərqi Zəngəzura, Qarabağa qanunsuz yollar çəkilmişdi. Amma Azərbaycan prinsiplərinə sadiq qaldı!

Artıq Azərbaycan təkbaşına torpaqlarını azad edib, dinc quruculuq istiqamətində işlərini davam etdirir və regional əməkdaşlıq istiqamətində 3+3 formatlı əməkdaşlığı təklif edir, bu formatı bölgə üçün təhlükəsizlik çətiri sayır. Üstəlik, İranla İsrail və ABŞ-nin arasındakı problemlərin də danışıqlar yolu ilə həllini məqbul sayır. Belə bir durumda CNN hansı məntiqlə Azərbaycanın öz ərazisini İrana qarşı əməliyyatlar üçün verdiyi barədə cəfəngiyyat yayır? Azərbaycan ona qarşı düşmənçilik edən, torpaqlarını işğalda saxlayan Ermənistan üçün ərazisindən tranzit yolu – taxıl yolu açıb, təki bölgəmizə sülh gəlsin deyə! Bunu yalnız Prezident İlham Əliyev kimi bəşəri sülh naminə mövqelər sərgiləyən Lider edə bilərdi! İndi bu Liderin ölkəsinə necə belə iyrənc çamur atmaq olar? CNN-in quyruq acısı nəymiş görən?..
Azərbaycan dövləti torpaqlarını 30 ildən artıq bir müddətdə işğal altında saxlayan Ermənistanla belə sülhün bərqərar olması, əməkdaşlığın, normal münasibətlərin yaranması istiqamətində addımlar atır. Əgər Azərbaycan torpaqlarını illərlə işğal altında saxlayan ölkə ilə belə normal münasibətlərin qurulmasına çalışırsa, bu cür prinsipial və nümunəvi siyasətinə, mövqeyinə görə dövlət başçımız sülh mükafatına layiq görülürsə, o halda dövlətimiz niyə normal münasibətlərdə olduğu İrana qarşı əməliyyatlarda yer almalı, özünü faktiki olaraq hədəfə çıxartmalıdır?! Azərbaycan və İran prezidentləri arasında kifayət qədər yüksək münasibətlərin olması bir çoxlarını narahat edir, bilirik. Bəziləri şoka düşdülər ki, necə oldu körfəz ölkələrini hədəfə alan İran Azərbaycana zərbələr endirmədi, hətta Naxçıvana PUA zərbəsindən sonra ən yüksək səviyyədə məsələnin araşdırılması istiqamətində hərəkətə keçildi? Bəziləri çox narahatdır, Azərbaycan və İran arasında Araz dəhlizi razılaşması var və müharibə başlamasaydı, mart ayında tikintisi başa çatan körpünün açılışı olacaqdı. İstəyirlər ki, alternativ dəhliz reallaşmasın, İran və Azərbaycan arasında qan düşsün, özü də hər iki tərəfdə azərbaycanlılar bir-birini qırsınlar! CNN də qardaş qanı tökülməsi üçün hazırlanmış bu planda yer alır.

Azərbaycan və İran prezidentləri bir neçə dəfə görüşüblər - həm də Qarabağda - Məsud Pezeşkian İlham Əliyevə böyük etimadını dəfələrlə ifadə edib, iki türk prezident bir-birinə qardaş deyirlər. Bütün bunlardan sonra heç şübhəsiz ki, münasibətləri korlamaq və iki qonşu, tarixi münasibətləri, bağlılıqları olan iki müsəlman dövlət arasında düşmənçilik toxumu səpməkdən ötrü CNN öz tərəfindən üzərinə düşənləri etmək istəyir. Lənətlənməli bir addımdır. Faktik olaraq özünü qərəzsiz obyektlər sayan, beynəlxalq jurnalistikanın bir hissəsi hesab edən bu media orqanı bu məsələdə İranda da fəaliyyət göstərən anti-Azərbaycan çevrələrinin, SEPAH generallarının statusundan çıxış edib. Emənistandakı İran diplomatları, Şirqulami kimi səfirlər vaxtaşırı Azərbaycana qarşı cəfəng iddialar səsləndiriblər, bu yazı onların mövqeyini xatırladır.
Şübhəsiz ki, bu məlumatın yayılmasında məqsəd Azərbaycanı hədəfə çıxartmaq, müharibəyə cəlb etməkdir. Planları pozulub, qıcıqlanırlar ki, necə olur Azərbaycan bütün planlardan sağ-salamat, zərər görmədən çıxır? Qalib Azərbaycan regionun lider dövləti olaraq bir sıra beynəlxalq layihələrin ideya müəllifidir, bu, bəzilərini rəncidə edir. Azərbaycanın beynəlxalq mövqeyinə zərbə vurmaq, onun firavan həyatının tempini pozmağa yönəlik məkrli siyasət yürüdülür. CNN İrana qarşı hansısa əməliyyatlarla bağlı axtarışa çıxmışdısa, o halda nədən vaxtı ilə ABŞ-nin Ermənistan ərazisində “metallurgiya zavodu” adı altında hansısa layihəsindən bəhs etmirdi. Elə İranla sərhədinin beş addımlığındakı ərazidəydi bu işlər, Azərbaycan qarşısını aldı. Əgər CNN-i İrana qarşı hansısa hərəkətlilik narahat edirdisə, Fransa başda olmaqla, Avropa Parlamentinin Ermənistan-İran sərhədinə qədər yayılmış kəşfiyyatçı missiyasından bəhs edərdi, ikinci missiyanın göndərilməsindən həyəcana düşərdi. ABŞ-nin İrəvandakı səfirliyinin kontingenti Rusiyanın hərbi bazasının şəxsiyyətinin tən yarısı qədərdir. CNN nədən burada İrana qarşı əməliyyat notları axtarmır?

Məqsəd yalnız və yalnız Azərbaycanı hədəfə çıxartmaqdır! Bu alçaq iftiranın arxasındakı məqsəd bölgəni alova qərq etməkdir, Azərbaycanın Zəfəri də, dinc quruculuğu da, sülhü də, Zəngəzur dəhlizi də, Araz dəhlizi də...burnumuzdan gəlsin deyə...Həm də bu, heç şübhəsiz ki, arxasında erməni diasporunun və erməni lobbisinin dayandığı bir fəaliyyətdir. Bu illərdə azmı gördük arxasında çirkli pulların dayandığı məkrli əməlləri, Avropadan Amerikayadək... Əks halda, əgər gerçəkdən İrana qarşı hansısa bir fəaliyyətdən bəhs olunursa, Ermənistandakı Qərb şəbəkəsini görməzdən gəlməzdi. Bütün bunlar ondan xəbər verir ki, məqsəd, məram Azərbaycanın qarşısını kəsməkdir, Zəngəzur dəhlizinin reallaşmasına maneə yaratmaqdır. Göründüyü kimi, ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatlarından sonra demək olar ki, bütün ətraf ölkələrlə gərginlik yaşandı və İran körfəz ölkələrini hədəfə aldı. Buradakı ABŞ hərbi qüvvələri, mövcudluğu, maraqları atəşə tutuldu. Eyni zamanda Azərbaycan və Türkiyə bəzi hallarda hədəfə alındı. Bu da heç şübhəsiz ki, İran daxilindəki anti-Azərbaycan qüvvələrin və casus şəbəkəsinin, CNN kimilərinin maraqlarını bölüşən çevrələrin “xidmətləri” idi. Bakı ilə Tehran arasında müharibə alovunu alışdırmaq istəyirdilər. Nəzərə almırlar ki, İran ərazisində 40 milyondan artıq Azərbaycan türkü var, onların təhlükəsizliyi Azərbaycan dövləti üçün önəmli bir məsələdir. Azərbaycan Prezidenti dəfələrlə bildirib, dünyanın hansı ölkəsində yaşamasından asılı olmayaraq, həm də Azərbaycan bütün dünyada yaşayan azərbaycanlıların vətənidir.

Bu mənada soydaşlarımızın təhlükəsizliyi məsələsi bizim üçün prioritetdir və ümumilikdə biz heç bir halda dünyada müharibələrin tərəfdarı olmamışıq, bunu dövlətimizin əməli siyasəti də hər zaman sübut edir. Dövlətimizin hətta gərginliklər fonunda təmkinli siyasət yürüdüb İrana humanitar yardım göstərməsi, eyni zamanda İrana göndərilən humanitar yardımlar üçün dəhliz rolunu oynaması özü də CNN və onun həmfikirlərinin, Azərbaycanla İran arasında müharibə toxumu səpməyə çalışan, savaş fitilini alışdırmağa cəhd göstərən qüvvələrin kefinə soğan doğrayıb və bütün bunlardan sonra növbəti dəfə bir gərginlik ocağının ssenarisini ortaya atıblar. Bu dəfə də yanıldılar, utanmağa üzləri olsa, üzr istəyərlər, Azərbaycan dövləti cavab gözləyir!






