İnsanlara hürriyət, millətlərə istiqlal!

Ala bilmədiyimiz kreditlər

2323 02.06.2022 09:40 Yazarlar A A

 “Torbada pişik var”

(ata sözü)

Mərkəzi Seçki Komissiyası seçicilərin sayını açıqlayıb, məlum olub hazırda Azərbaycanda səsvermə hüququ olan zəhmətkeşlərin sayı 6 milyon 402 min nəfərdir. 2020-ci ildə isə seçicilərimizin sayı cəmi-cümü 5 milyon 329 min imiş. Bəs əhali iki ildə 1 milyon arta bilərdimi? Bəzi xaricdən maliyyələşən qara qüvvələr bunu qabardır, iddia edirlər guya bizdə seçici siyahıları saxtadır.

Saxta-zad deyil. Saxta sizin özünüzsünüz. Bizdə seçici siyahıları müqəddəs kitab kimi bir şeydir, pis niyyətlə əl vurana dövlətçilyimiz qənim olur. Mən özüm 30 ildir heç bir seçici siyahısında adımı tapa bilmirəm. Niyə? Çünki əsrarlı siyahıdır, yuxarıda yazdım: müqəddəsdir. Trendə uyğun Anadolu türkcəsində də yazıram: qutsaldır. Hamının adı seçici siyahısında görünsə, daha onun mənası qalmaz.

Başqa tərəfdən, seçicilərimizin sayının həndəsi silsilə ilə artmasına daxildə aparılan islahatlar müsbət təsirini mütləq göstərir. Son iki ildə xaricdən nə qədər adam Azərbaycana gəlmişdir. Sel kimi, axın-axın, qatar-qatar, uçaq-uçaq, bəziləri gəmiylə, bəziləri dəvənin belində... Haçan baxsan belə gözəl nümayəndə heyətlərinin cənnət Qarabağımıza səfərlərini görürük. Siyasi mühacirlər, qeyri-siyasi tacirlər, xaricilər, qaçqınlar, köçkünlər, turistlər, səfirlər... Saydıqca qurtarmır. Maşallah, ölkəmiz böyük bir qonaq otağına, toy, şadlıq evinə dönmüşdür.

İndi mən sual edirəm, bu qədər qonağın cüzi bir hissəsi Azərbaycanda qalıb yaşamağı seçərsə, seçici siyahıları artmazmı? Qalanlar isə cüzi deyil, milyona çatıbdır. Şairin misrası yerinə düşür: “Bəzənib başdan-başa, şəhərləri kəndləri, Cənnət görmək istəyən Azərbaycana gəlsin”.

İnşallah, bu mundar meymun çiçəyi-filan aranı qatmasın, əlaqələri, beynəlxalq münasibətləri pozmasın, ilin axırınacan seçicilərimizin sayı daha 1 milyon artacaqdır. Mən eşitdiyimə görə rəhbərlik Məzahir müəllimin qarşısında plan qoyubdur, yaxın illərdə seçicilərimizin sayı 15 milyon olmalıdır. Əhali sayı lap 12-13 milyon olsa belə. Biz elə etməliyik seçicilər əhalidən çox çıxsın. Keçən parlament seçkisində bəzi ölülər də həvəslənib məntəqələrə gəlmişdilər. Çünki bahalaşma yuxarı qalxdıqca ölülər həvəslənir, dirilmək istəyir. Şeyx Nəsrullahı MSK-da işə düzəldəcəyik. Ata sözündə deyilən kimi, ölülərimiz dəqiq bilirlər ki, dirilər halva yeyir.

Artım hər şeydə olmalıdır. Maliyyə sabitliyi, manatın qüdrəti pulumuzun dəyərini artırır. Sözgəlişi, eyni hal qonşumuz Rusiyada da müşahidə edilir. Orda yerli valyuta rubl son 3 ayda dollara nisbətən azı iki dəfə möhkəmlənib. Nəticədə ortaya məzəli vəziyyətlər çıxır. Məsələn, Ukraynaya dava üçün aparılan əsgərlərə gündəlik 50 dollar vəd ediblər. Nəticədə son vaxtlar əsgərlərin pulu yarıbayarı azalıb. 100 min rubl alan, 50 min rubl alır. Şikayət edənlərə isə deyirlər ki, rubl möhkəmlənib, dolların kursu düşüb, nə edə bilərik...  Bizdə də manat elə möhkəmlənib, bu dəqiqə manatla adamın başına vursan ölər. Qiymətlər uçur, inflyasiya göynən gedir, manat isə bərkiyir. Aşıq Ədalətin sözü olmasın, adamın manat kimi bir... Nəsə, mövzunu dəyişək.

Mövzu isə qəlizdir. Bu qəlizlik MTN generallarının məhkəməsində mənim qarşıma çıxdı. Orda bir neçə yolunmuş biznesmen ifadə verib, deyirlər MTN zabitləri bizi türməyə saldı, pul verdik, buraxıldıq. Pulu isə banklardan kreditə alıblarmış. Söhbət neçə yüz minlərlə manatdan gedir. Bəzən milyonlardan. Təsəvvür edin, eyni dönəmdə, yəni, 2010-2012-ci illərdə bizim - sadə xalqın, jurnalistlərin, həkimlərin, müəllimlərin banklardan 5 manat kredit alması itin zülmü idi. (Bəlkə eyni durumdur, son vaxtlardan xəbərsizəm). Hansı banka getsən, ilan dili çıxarıb yalvarsan jurnalistə, həkimə, müəllimə kredit vermirdilər. Deyirdilər sizin maaşınız faizləri ödəməyə qarant vermir, kasıbsınız, ümumiyyətlə, adam sayılmırsınız. Bu avara, maymaq biznesmenlərə isə yüz minləri tum pulu kimi verirmişlər. Ki, onlar da aparıb sonra çekistlərə yedirsinlər.

Axx... Elə əcəb olub hamınızın dərisinə saman təpiblər. O bankların çoxu iflas olub bağlanıb. “İş adamları” da qapılarda, bəzisi krediti vermədiyi üçün türmədə. Kinoda deyilən kimi, qurban olum Şura hökumətinə...

 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR