İnsanlara hürriyət, millətlərə istiqlal!

“Akinak” filmi təqdim olundu – Azərbaycan kinosunda yeni mərhələ başlayır - VİDEO

884 01.05.2026 12:31 Mədəniyyət A A

Nizami Kino Mərkəzində “Akinak” tammetrajlı bədii filminin təqdimatı və ilk nümayişi keçirilib.

Musavat.com xəbər verir ki, tədbirdə Azərbaycan Kino Agentliyinin (ARKA) rəhbəri Rəşad Əzizov, tanınmış mədəniyyət və incəsənət nümayəndələri, eləcə də media təmsilçiləri iştirak ediblər.

Təqdimat zamanı Kino Mərkəzinin direktorunun səlahiyyətlərini icra edən Turan Məmmədli çıxış edərək film haqqında tamaşaçılara ətraflı məlumat verib.

Bildirilib ki, ekran əsəri “Narimanfilm” MMC tərəfindən istehsal olunub, Azərbaycan Kino Agentliyi tərəfindən maliyyələşdirilib və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi layihəyə dəstək göstərib. Qeyd edilib ki, film macəra janrındadır və qədim mifoloji motivlərlə tarixi elementlərin sintezi əsasında ərsəyə gətirilib.

Filmin quruluşçu rejissoru, Əməkdar incəsənət xadimi Elxan Cəfərov çıxışında süjet və yaradıcı heyət barədə danışaraq vurğulayıb:

“Film sırf tarixi ekran əsəri deyil, daha çox macəra və nağıl üslubunda qurulub. Əsas auditoriya kimi gənclər və yeniyetmələr nəzərdə tutulub. İstərdik ki, məhz bu yaş qrupu filmi izləsin, dəyərləndirsin və ondan öz payını götürsün”.

Azərbaycan Kino Agentliyinin rəhbəri Rəşad Əzizov isə Musavat.com-a açıqlamasında bildirib:

“Ümumiyyətlə, bu filmin ərsəyə gəlməsi Azərbaycan kinematoqrafiyası üçün mühüm addımdır. Çünki uzun illər idi ki, uşaqlar və yeniyetmələr üçün belə filmlər çəkilmirdi. Layihənin istehsalına ötən il başlanılmışdı və Kino Agentliyinin dəstəyi ilə uğurla başa çatdırıldı”.

Qeyd edək ki, “Akinak” tarixi-macəra filmində hadisələr indiki Azərbaycan ərazilərində mövcud olmuş qədim İşquz (İç Oğuz) dövlətində cərəyan edir. Süjetə əsasən, düşmən hücumuna məruz qalan dövləti və xalqı xilas etmək üçün vaxtilə göylərdən göndərilmiş dörd müqəddəs əmanətdən biri – “Akinak” qılıncının tapılması zərurəti yaranır. Bu taleyüklü missiyanı yerinə yetirmək üçün dörd cəsur gənc təhlükələrlə dolu səyahətə çıxır. Onlar yalnız real düşmənlərlə deyil, həm də qaranlıq qüvvələrin yaratdığı tilsimlərlə mübarizə aparmalı olurlar.

Filmin yaradıcı heyətinə quruluşçu rejissor Elxan Cəfərov, ssenari müəllifləri İlqar Safat, Azər Ziyadlı, İrəvani və Lətif Lətifsoy, quruluşçu operator isə Ruslan Ağazadə daxildir.

“Akinak” filmi 2026-cı ilin may ayından etibarən Azərbaycan kinoteatrlarında nümayiş olunur.

Ekran əsəri ailəvi auditoriya üçün nəzərdə tutulub.

Xalidə Gəray
Video müəllifindir
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR