İnsanlara hürriyət, millətlərə istiqlal!

Aİ nümayəndəsinin Bakı səfərinin pərdəarxası: Brüssel Azərbaycanla təmasları niyə artırır?

817 26.06.2026 20:44 Ölkə A A

Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono Bakıda səfərdədir.

Musavat.com xəbər verir ki, iyunun 25-də Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Elnur Məmmədov xanım Qrononu qəbul edib.

Tərəflər mövcud siyasi dialoqun, yüksək səviyyəli qarşılıqlı səfərlərin və intensiv təmasların Azərbaycan-Aİ münasibətlərinin inkişafına mühüm töhfə verdiyini vurğulayıblar.

Görüşdə Azərbaycan və Aİ arasında siyasi, iqtisadi, enerji, nəqliyyat-kommunikasiya və digər sahələr üzrə əməkdaşlığın cari vəziyyəti, habelə əldə edilmiş razılıqlar nəzərdən keçirilib.

fe1c4248-369f-4c55-a7a7-ab84b0f50c72.jpeg (60 KB)

Milli Məclisin deputatı Zaur Şükürov Musavat.com-a şərhində vurğulayıb ki, Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Maqdalena Qrononun son bir ildə Azərbaycan rəsmiləri ilə davamlı görüşləri baş tutub:

“Aİ rəsmisinin keçən ilin avqust və cari ilin yanvar aylarında ölkəmizə səfəri, aprel ayında Antalya Diplomatiya Forumu zamanı və hazırkı səfər çərçivəsində Azərbaycanın yüksək vəzifəli rəsmiləri ilə görüşlərdə tərəflər regionda cərayan edən hadisələr, həmçinin Ermənistan-Azərbaycan normallaşması prosesi, enerji təhlükəsizliyi, nəqliyyat bağlantısı və bu xüsusda, Azərbaycan-Aİ əməkdaşlığının genişləndirilməsi imkanları, ali və yüksək səviyyəli təmasların əhəmiyyəti barədə geniş fikir mübadiləsi aparıblar.

Eyni zamanda, Avropa rəsmilərinin Ermənistan hakimiyyəti ilə də sıx təmaslarını nəzərə alsaq, bu səfərlər rəsmi Brüsselin regiona artan marağının göstəricisi olmaqla yanaşı, qurumun sülh prosesinə töhfə vermək niyyətinin nümayişi kimi də qiymətləndirilə bilər.

Məlumdur ki, Azərbaycanla Aİ arasında hüquqi çərçəvini müəyyən edən sənəd 22 aprel 1996-cı il tarixində Lüksemburq şəhərində imzalanan və 1 iyul 1999-cu il tarixində qüvvəyə minən Tərəfdaşlıq və Əməkdaşlıq Sazişidir . Sənəd Aİ ilə, hərbi sahə istisna olmaqla, bütün sahələrdə əməkdaşlıq münasibətlərinin hüquqi əsasını təşkil edir. 10 il müddətinə imzalanmış Sazişin icra müddəti 2009-cu ildə bitməsinə baxmayaraq, onun icrası yeni sazişin imzalanmasına qədər hər il 1 il müddətinə uzadılır.
Xatırladım ki, bu il iyunun əvvəlində Bakı şəhərində Azərbaycan Respublikası ilə Avropa İttifaqının nümayəndə heyətləri arasında yeni hərtərəfli saziş layihəsi və 2026-2030-cu illəri əhatə edən Tərəfdaşlıq Prioritetləri sənədi üzrə danışıqlar aparılıb və Tərəfdaşlıq Prioritetləri sənədinin layihəsi ilkin olaraq razılaşdırılıb. Azərbaycan Respublikasının aidiyyəti dövlət qurumlarının nümayəndələrinin də qatıldığı səmərəli müzakirələr zamanı müəyyən istiqamətlər üzrə irəliləyişlərə nail olunub və danışıqların növbəti mərhələləri ilə bağlı planlar müəyyən edilib”.

Z.Şükürov xatırladıb ki, Aİ Şurasının prezidenti Antonio Koşta mart ayında ölkəmizə səfəri öncəsi sosial şəbəkə hesabında Azərbaycanı Avropa üçün etibarlı və strateji enerji tərəfdaşı kimi səciyyələndirib:
“Bu səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Aİ Şurasının Prezidenti Antonio Koştanın birgə mətbuat bəyanatında tərəflər arasında əldə olunmuş uğurlar və əməkdaşlığın inkişaf perspektivləri, Azərbaycanın regionda aparıcı roluna dair mühüm məqamlar əksini tapıb. Belə ki, bəyanatda Prezidentlər Azərbaycan-Avropa İttifaqı (Aİ) tərəfdaşlığının strateji əhəmiyyətini vurğulayaraq, təhlükəsizlik, enerji və nəqliyyat sahələri də daxil olmaqla, son dövrdə keçirilmiş yüksəksəviyyəli görüşlərin müsbət dinamikasına əsaslanaraq siyasi dialoqun və praktiki əməkdaşlığın daha da dərinləşdirilməsinə sadiqliklərini ifadə edərək, bu əməkdaşlığın hər iki tərəfin ortaq maraqlarını əks etdirdiyini, bütün Qara dəniz, Cənubi Qafqaz və Mərkəzi Asiya regionlarında sülhün, sabitliyin, daşımaların və davamlı inkişafın təşviqinə töhfə verdiyini bildiriblər. Tərəflər Azərbaycanın regional daşımalarda, xüsusilə də Orta Dəhliz vasitəsilə Qara dəniz, Cənubi Qafqaz və Mərkəzi Asiya arasında nəqliyyat, ticarət, enerji və rəqəmsallaşma sahələrində əlaqələrin gücləndirilməsində oynadığı aparıcı rolu vurğulayıblar. Uzunmüddətli vacib enerji tərəfdaşlığını xatırladaraq, Avropanın enerji təchizatının şaxələndirilməsində etibarlı tərəfdaş kimi Azərbaycanın rolunu etiraf ediblər və 2022-ci ildə imzalanmış enerji sahəsində Strateji Tərəfdaşlıq haqqında Anlaşma Memorandumunun davamlı icrasına sadiqliklərini bildiriblər. Cənub Qaz Dəhlizi və Yaşıl Enerji Məşvərət Şurasının əhəmiyyətini, külək və Günəş enerjisi də daxil olmaqla, bərpaolunan enerji mənbələri sahəsində enerji əməkdaşlığının genişləndirilməsi potensialını, həmçinin Qara dəniz sualtı kabeli layihəsi kimi qarşılıqlı elektrik enerjisi bağlantısı təşəbbüslərini qeyd ediblər.

Aİ Azərbaycanın etibarlı və məsuliyyətli tərəfdaş kimi əhəmiyyətli rolunu ali səviyyədə davamlı olaraq vurğulayır”.

qron.jpeg (85 KB)

Deputatın fikrincə, M.Qrononun sözügedən səfəri çərçivəsində aparılan müzakirələr yeni, hərtərəfli strateji saziş üzərində işlərin sürətləndirilməsinə müəyyən töhfə verə bilər:
“Tərəflər arasında enerji əməkdaşlığının prioritet istiqamət olduğunu və Azərbaycanın son illər Avropanın enerji təhlükəsizliyində mühüm rol oynamasını nəzərə alaraq, heç şübhəsiz bu məsələnin də xanım Qronunun səfəri zamanı danışıqların əsas müzakirə mövzularından olduğunu deyə bilərik. Statistik rəqəmlər də bunu sübut edir -Azərbaycan Trans-Adriatik Qaz Boru Kəməri (TAP) vasitəsilə Avropaya 54 milyard kubmetrdən çox qaz tədarük edib və 2025-ci ildə ixrac həcmi 12 milyard kubmetrdən çox olub.

Son dövrlər Avropa Parlamentinin Azərbaycana qarşı qərəzli və riyakar mövqeyi fonunda rəsmi Brüsselin daha praqmatik və əməkdaşlığa yönəlmiş yanaşma nümayiş etdirməsi, heç şübhəsiz Prezident İlham Əliyevin liderliyi ilə ölkəmizin regionda yaratdığı yeni geosiyasi reallığın və bu reallığın beynəlxalq miqyasda qəbul edilməsinin nəticəsidir. Regionumuzla əməkdaşlıq etmək niyyətində olan ölkələr və təşkilatlar bölgəmizdə həyata keçirilən və ya planlaşdırılan beynəlxalq layihələrin Azərbaycanın iştirakı olmadan gerçəkləşdirilməsinin mümkünsüz olduğunu birdəfəlik olaraq qəbul etməlidirlər və yalnız o halda regionumuzda davamlı sülh, sabitlik və inkişafa nail oluna bilər”, deyə Z.Şükürov qeyd edib.

Nigar Həsənli
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR