İnsanlara hürriyət, millətlərə istiqlal!

Ağdam-Xankəndi yolu ilə bağlı yeni XƏBƏR - daimi açılması üçün...

745 14.09.2023 11:13 Siyasət A A

Azərbaycanın hədəflərinə doğru daha bir addım

Akif Nağı: “Ermənilər Ağdam-Xankəndi variantına maksimum müqavimət göstərir və göstərəcək”

Sentyabrın 12-si səhər saatlarında Rusiya “Qırmızı Xaç”ına məxsus yük maşını Ağdam-Xankəndi yolu ilə hərəkət edərək, Xankəndidəki ermənilərə humanitar yardım apardı. Azərbaycanın da tələbi məhz bu idi ki, müvəqqəti olaraq Rusiya sülhməramlılarının nəzarət zonasındakı ərazilərə, o cümlədən Xankəndinə humanitar yüklər məhz bu yolla daşınmalıdır.

Ermənilər daha əvvəl Azərbaycanın Qızıl Aypara Cəmiyyətinin bu yolla humanitar yardımını qəbul etməmişdi və artıq ikinci həftədir ki, 40 ton un yüklənmiş iki TIR Ağdamda gözləyir. Həmçinin Qırmızı Aypara Cəmiyyətinin əməkdaşları da çadırda Xankəndinə getmək üçün imkan yaradılmasını istəyirlər. Rusiyanın humanitar yardımının bu yolla getməsi o deməkdir ki, bundan sonra oxşar yüklər hamısı buradan daşınmaqda davam edəcək. Laçın-Xankəndi yolu isə mülki vətəndaşların gediş-gəlişi üçün istifadə edilə bilər. Təbii ki, buradan istər mülki şəxslər, istərsə də hər hansı yük keçərsə, Azərbaycanın sərhəd-buraxılış məntəqəsində yoxlamadan sonra hərəkət edəcək. Bu, birmənalı tələbdir, qanunun, Azərbaycan Konstitusiyasının tələbidir, eyni zamanda təhlükəsizliyin qorunmasıdır. Hesab olunur ki, faktiki olaraq Azərbaycan postmüharibə dövründə qarşısına qoyduğu hədəflərdən birinə nail olub və ciddi uğurdur. Təhlilçilər əminliklə ifadə edirlər ki, digər məsələlər də bu cür siyasi iradə və tələbkarlıqla, güzəştsiz həll ediləcək. Eyni zamanda artıq hərəkət başlayan Ağdam-Xankəndi yolunun yalnız Rusiya maşınları üçün açıldığına dair rəylər də var. Xüsusilə də Rusiya yüklərinin Xankəndinə çatdırılmasından sonra separatçıların yenidən Əsgəran istiqamətində yolu kəsməsi və anti-Azərbaycan şüarlar qaldırmaları prosesləri gərginləşdirmək istəyindən qaynaqlanır. Lakin bir gün əvvəl Rusiya TIR-ının Xankəndinə keçirdinə imkan vermək istəməyən erməni separatçıları qaramaskalılar tərəfindən zorakılığa məruz qaldıqlarını, daha sonra ərazidən uzaqlaşdıqlarını etiraf etmişdilər. Deməli, Rusiyanın bölgədəki qüvvələri istənilən zaman separatçıları öz təsir dairəsində olan ərazidən rədd edə, onların aksiya tamaşasına nöqtə qoya bilər. Təbii ki, əgər Rusiya Azərbaycanın sərt addımlar atmasını istəmirsə... Bəs ekspertlər nə düşünür, Ağdam-Xankəndi yolu bundan sonra davamlı olaraq açıq olacaqmı və ora  nəzarət necə həyata keçiriləcək?

YAŞAT" Fondu ilə media nümayəndələrinin görüşündə nələr müzakirə olunub? -  Deputat Arzu Nağıyevin təklifləri (VİDEO)

Arzu Nağıyev: “Qanunsuz silahlı birləşmələr Azərbaycan ərazisini tərk etməlidir”

Deputat, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə komitəsinin üzvü Arzu Nağıyev “Yeni Müsavat”a bildirdi ki, yolun açılmasına mane olan “qüvvələr” qondarma qurumun “sakin” adı ilə irəli verdiyi qanunsuz birləşmələrin üzvləridir: “Eyni zamanda ərazidə olan Rusiya sülhməramlı qüvvələri də qarşıdurmaya getməmək adı ilə yolu bağlı saxlamağa çalışırlar. Əvvəllər bu yolla onlar özləri üçün tikinti materialları və digər ləvazimatlar daşıyıblar. Yolu bağlı saxlamaq humanitar yardımın nəyin bahasına olursa-olsun Laçın yolu ilə daxil olması istəyi, həm də bu yolun "dəhliz" olmasını gündəmə gətirmək idi. Təbii ki, həmin istəyin əksinə olaraq Ağdam-Xankəndi yolu ilə bu yükün aparılması bütün prosedurlara uyğun həyata keçirildi və bu, müstəqilliyimizin ən vacib elementlərindən biridir. Ən əsası da odur ki, bu yükün daşınması gələcəkdə də davam edə bilər".

A.Nağıyev hesab edir ki, Laçın yolu ilə daxil olacaq yüklər ikinci bir dövlətin ərazisindən daxil olduğu üçün mütləq şəkildə gömrük və sərhəd prosedurlarını keçməlidir və belə də olacaq: “Hər hansısa bir dəhlizdən söhbət gedə bilməz. Yəni kimsə bizə beynəlxalq səviyyədə təzyiq edə bilməz, çünki Azərbaycanın öz qanunları var. Münaqişə dövründə dəmir yolu xətti sıradan çıxsa da, hazırda avtomobil yolu ilə gediş-gəliş tamamilə mümkündür. Yəni Bakı-Ağdam-Xankəndi-Şuşa avtomobil yolu və Bakı-Ağdam-Xankəndi dəmir yolu xətti Qarabağın inkişafında önəmli rol oynayıb. Ona görə də nə Fransa, nə Ermənistan və ya digər dövlətlər, hər hansısa bəhanə gətirə bilməzlər”. Millət vəkili gündəmin əsas məsələsinə diqqət çəkdi: “Əsas problem ərazilərimizdəki qanunsuz hərbi birəşmələrlə bağlıdır. İlk növbədə 2020-ci ilin noyabr sazişinə uyğun olaraq qanunsuz silahlı birləşmələr Azərbaycan ərazisini tərk etməlidir! Onsuz da ərazini tərk edəndə də müxtəlif bəhanələr altında Beynəlxalq Qızıl Xaç Cəmiyyətinin avtomobilləri ilə necə keçməsindən asılı olmayaraq, mütləq şəkildə yoxlanacaqlar. Bu proseslərə nəzarət də Azərbaycanın müvafiq orqanları və hələlik ərazidə olan sülhməramlı qüvvələr vasitəsilə həyata keçirilməlidir. Üçüncü bir qüvvə müdaxilə edə bilməz”.

“Laçın yoluna tətbiq edilən məhdudiyyətdən sonra ermənilərin genişmiqyaslı "humanitar fəlakət", “genosid” və bu tipli təbliğatı, açığı, Azərbaycanı kifayət dərəcədə beynəlxalq təzyiq hədəfinə çevirə bildi. Təbii, Azərbaycan öz maraqlarını bu cür təzyiqlərə qurban verəsi deyildi və bu prinsipial məsələdən çıxış yolunun düzgün variantı Ağdam yolu oldu".

İlham İsmayıl – Yeni Çağ Media

İlham İsmayıl: “Laçın yoluna nəzarətimiz beynəlxalq qayda və qanunlara əsasən həyata keçirilməlidir”

Bu fikirlər təhlükəsizlik üzrə ekspert İlham İsmayıla məxsusdur. Ekspert qəzetimizə dedi ki, hər halda, yolun ilk olaraq Rusiya yükləri üçün açılması yüz faizlik uğur sayılmasa da, bu gediş indiki dönəmdə vəziyyətin normallaşması üçün praktik addım hesab edilir: “Düzdür, bu yoldan yalnız Rusiya və başqa bir ölkənin humanitar yükü keçiriləcəksə, bu hədəfə aldığımız "inteqrasiya" prosesi olmayacaq. Bizim hədəfimiz ermənilərin dünyaya sırıdığı “etnik təmizləmə” deyil, inteqrasiya və birgəyaşayışdır. Amma bizim humanitar yükümüz və adamlarımız bu yoldan keçməyəcəksə - açığı deyək ki, belə olacağı daha real görsənir - Laçın yolundan güzəştli istifadə də mümkün olmamalıdır. Yəni Laçın yoluna Azərbaycanın irəli sürdüyü şərtlər - bu şərtlər qarşı tərəfin reaksiyasından asılı olaraq yüngülləşə və ya ağırlaşa bilər - birmənalı olaraq yerinə yetirilməlidir". İlham İsmayıl hesab edir ki, Laçın yolunda nəzarətimiz beynəlxalq qayda və qanunlara əsasən həyata keçirilməlidir: “Bütün yüklər gömrük nəzarətindən keçməli, dövlət strukturlarımızın Xankəndi və ətrafında fəaliyyəti yaranmadığı müddətdə keçirilən mallara vergi ödənişləri də əlavə olunmalıdır. Üstəlik, Ermənistan vətəndaşlarına viza tətbiq edilməli, Azərbaycan ərazisində qeydiyyatı olan ermənilərə Azərbaycanın müvəqqəti olaraq verdiyi sənəd təqdim olunmalı və Ermənistan ərazisinə gediş-gəlişin yalnız bu sənəd əsasında baş tutacağı elan olunmalıdır. Ümumiyyətlə, Laçın yoluna nəzarət və gediş- gəliş əməliyyat şəraitini nəzərə almaqla həyata keçirilməlidir, çünki burada sabit əməliyyat şəraiti mövcud deyil, tez-tez dəyişir”.

Qarabağın Azərbaycanlı icması təxribatlara çevik reaksiya verir - Akif Nağı

Akif Nağı

Azad Vətən Partiyasının sədri Akif Nağı isə qeyd etdi ki, Ağdam-Xankəndi marşrutu Laçın yolu ətrafındakı gərginliklə bağlı gündəmə gəlib: “Ermənistan nəyin bahasına olursa-olsun Laçın yolunu nəzarətə götürməyə, hətta bu yol üzərində eksterritorial hüquqa malik olmağa çalışır. Bu, onlara Qarabağda yenidən "gec partlayan mina" saxlamaq üçün lazımdır. Eksterritorial hüquq bu məkrli niyyətin həyata keçirilməsi üçün vacibdir. Ona görə də ermənilər Ağdam-Xankəndi variantına maksimum müqavimət göstərir və göstərəcək. Rusiyadan gələn yardıma yol açmaları epizodik hadisə idi. Oradakı terrorçu-separatçı rejim əsasən Moskvanın nəzarətindədir, tapşırıqları oradan alır. Humanitar yükün buraxılması Rusiyanın “güc”ünün nümayişinə xidmət edirdi. Onu da bir dəfə göstərmək kifayət etdi. İndi yenidən “erməni fəallar” yolu bağlayıb, “ölərik, dönmərik iradəsi”ni göstərməyə çalışırlar. Hələlik vəziyyət belədir".

A.Nağının fikrincə, yolun davamlı fəaliyyəti inandırıcı görünmür: “Kreml o yolun işləməsində maraqlı deyil. Yol işləyərsə, Rusiyanın regionda təxribat imkanları azalmış olar. Yolun açılması ermənilərə də sərf etmir. Bu halda Azərbaycan Xankəndinə giriş etməklə suveren hüquqlarını bərpa etmiş olar. Hər halda, yol açılarsa, Azərbaycan yükləri və sərnişinləri ciddi şəkildə yoxlamalıdır. Bu məsələdə yumşaq davranmaq, güzəştə getmək qətiyyən olmaz. Bu yol daimi işlək hala gətirilərsə, təkcə Rusiyanın deyil, digər ölkələrin, o cümlədən Ermənistanın yükləri üçün də açıq olacaq. Bu yolun silah-sursat, terrorçu daşınması üçün istifadə olunmasının qarşısı sərt şəkildə alınmalıdır”.

Azərbaycan dövləti hələ ki, təmkinini qoruyub-saxlayır. Amma düşmən tör-töküntüləri yaxın tarixdən dərs çıxarmadıqları üçün getdikcə qudururlar. Azərbaycan Müdafiə Nazirliyi sentyabrın 13-ü saat 12:20 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazilərimizdəki qeyri-qanuni erməni silahlı dəstələrinin növbəti təxribatı barədə məumat yayıb. Məlumatda bildirilir ki, ordumuzun Ağdam rayonu istiqamətindəki döyüş mövqeləri intensiv atəşə tutulub və bölmələrimiz tərəfindən zəruri tədbirlər görülüb.

Ardınca Ermənistanın İctimai Televiziyası Xocavənd rayonunun Yenikənd istiqamətində qanunsuz hərbi birləşmələrin “hərbçi”sinin yaralandığı barədə xəbər yayıb. İstisna deyil ki, erməni terrorçu zəruri tədbirlər nəticəsində zərərsizləşdirilib. Amma bölgədəki qanunsuz birləşmələrlə bağlı beynəlxalq hüququn tələb etdiyi çərçivədə davranılacağı, onların kökünün kəsilməsi istiqamətində hərəkətə keçiləcəyi də istisna deyil. Azərbaycan dövlətinin humanitar yardım əlini geri itələyib, həyasızlıq edənlərin niyyəti bəllidir, görünür, onlar Ağdam-Xankəndi yolu ilə çörək maşınlarının yox, tankların getməsini istəyirlər. Əks təqdirdə, ona çörək uzadan Azərbaycana qarşı atəşlə cavab verməzdilər...

Rusiyaya məxsus TIR-ın Xankəndinə çatmasından sonra Rusiyadan və Avropadan Laçın yolu ilə bağlı mesajlara gəlincə, hələ ki rəsmi Bakının irəli sürdüyü şərt icra olunmayıb. O halda Laçın yolundan danışmaq yersizdir...

E.PAŞASOY,
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR