İnsanlara hürriyət, millətlərə istiqlal!

“Ağ qızıl” fermerlərə nə qədər qazandırır...

1323 14.11.2019 11:10 İqtisadiyyat A A

Məhsuldarlıq artır, yığım rekord həddə

Pambıqçılıqda son illərin rekord yığım göstəricisi qeydə alınıb. Belə ki, noyabrın 13-dək ölkə üzrə pambıq qəbulu məntəqələrinə 281 min 506 ton məhsul təhvil verilib. Dövlət Statistika Komitəsindən bildiriblər ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 34,5 faiz çoxdur. Keçən il noyabrın 13-dək 209 min 368 ton pambıq yığılıb. Pambıq yığımında Saatlı (40 min ton), Bərdə (32 min 576 ton), Ağcabədi (31 min 29 ton), Beyləqan (28 min 389 ton) və Biləsuvar (28 min 95 ton) rayonları irəlidə gedirlər.

Prezident İlham Əliyev Bakının Suraxanı, Yasamal və Xətai rayonlarının, eləcə də Şirvan şəhərinin yeni icra başçıları ilə görüşündə pambıqçılıqdan danışaraq bildirib ki, Azərbaycanda həm sənaye, həm də kənd təsərrüfatı istehsalı sahələrinə dövlət xətti ilə çox böyük dəstək göstərilir: “Təsadüfi deyil ki, bu ilin 9 ayının yekunlarına görə qeyri-neft sənayemiz 15%-dən, kənd təsərrüfatımız 7%-dən çox artıb. Artıq pambıq yığımı mövsümü başa çatır, mənə verilən məlumata görə, bu il biz rekord göstəriciyə nail olmuşuq. Biz keçən ilə nisbətən əkin sahələrini azaltdıq, 132 min hektardan 100 min hektara endirdik, çünki bəzi yerlərdə torpaqlar düzgün seçilməmişdi. Ancaq məhsuldarlıq artdı. Hazırda yığım davam edir və hektardan məhsuldarlıq 27 sentnerə çatıb, keçən il 17 sentner idi. Keçən il biz 132 min hektardan 233 min ton pambıq yığmışdıqsa, bu il 100 min hektardan artıq 270 min tondan çox pambıq yığmışıq”.

Qeyd edək ki, həqiqətən builki pambıq yığımı əsasən səssiz və problemsiz keçdi, bölgələrdə kifayət qədər texnikanın pambıq yığımına cəlb olunmasının şahidi olduq. Yığım ötən illə müqayisədə daha tez yekunlaşdı. Həmçinin havanın yağıntısız keçməsi də pambıq yığımı üçün əlverişli imkan yaratdı.

Mövzu ilə bağlı “Yeni Müsavat”a danışan Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov bildirdi ki, artıq pambıq istehsalında  intensiv üsula keçid  baş tutmaqdadır: “Əkin ərazilərinin azaldılması, orta məhsuldarlığın artırılması pambıqçılıqda ekstensiv üsuldan intensiv üsula keçidin başlanğıcı sayıla bilər. Azərbaycanın torpaq və su ehtiyatları məhduddur, məhdud resurslardan rasional istifadə bu gün kənd təsərrüfatı fəaliyyətinin əsas istiqamətlərindən biri sayılır.  2019-cu ildə Azərbaycanın 20 rayonunda 100 min  hektar ərazidə pambıq əkini aparılıb. Bu il ötən ilə nisbətən pambıq əkini sahələrinin həcmi 32 min 401 hektar azalıb. Əkin sahələrinin azalmasına rəğmən bu il pambıq yığımında ötən illə müqayisədə yüksək göstəricilər əldə olunub. Noyabrın 13-dək fermerlər tərəfindən qəbul məntəqələrinə 281 min tondan artıq pambıq təhvil verilib ki, bu da ötən ilin yekun göstəricisindən 48 min ton çoxdur”.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov ile ilgili görsel sonucu

V.Hüseynovun sözlərinə görə, orta məhsuldarlıqda da 2018-ci illə müqayisədə ciddi fərq qeydə alınıb: “Ötən il pambıqçılıqda orta məhsuldarlıq 17,6 sentner təşkil etmişdisə, hazırda bu rəqəm 28,1 sentnerə yüksəlib, yəni bir ərzində müsbət fərq 10,5 sentner təşkil edib. Mövsümün digər uğurlu nəticəsi 2018-ci illə müqayisədə pambıq yığımının təxminən ay yarım tez başa çatmasıdır. Burada məhsulun demək olar ki, tam şəkildə texnika ilə yığılması, hava şəraitinin münasib olması amilləri əsas rol oynayıb. 2019-cu ildə əllə yığım 10 faizdən də az təşkil edib. Bu il pambıq yığımına 469 pambıqyığan kombayn cəlb olunub.

Pambıqçılıq kənd təsərrüfatının çox az sahələrindən biridir ki, burada məhsulun alıcı problemi yoxdur. Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda təxminən 110 milyon dollarlıq pambıq ixrac olunub. Pambıq lifi və mahlıcı ölkədən ixrac olunan kənd təsərrüfatı məhsulları sıralamasında ilk dördlükdə təmsil olunur. Bu il məhsulun bol olması önümüzdəki dövrdə pambıq ixracı rəqəminin daha da böyüməsinə səbəb olacaq".

Nazirlik sözçüsü vurğuladı ki, pambıqçılıqda dövlət dəstəyi tədbirləri genişləndirilir: “Bildiyiniz kimi, gələn ildən aqrar subsidiyalar Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi üzərindən veriləcək. Artıq Aqrar Subsidiya Şurası pambığa görə əmsalları müəyyənləşdirib. Pambıq çox azsaylı bitkilərdən biridir ki, burada dövlət həm əkin subsidiyası - yəni əkinin sahəsinə görə, həm də məhsul subsidiyası, yəni təhvil verilmiş məhsulun çəkisinə görə fermerə vəsait ödəyir. Bu isə pambıqçılığa marağı artırır. Məsələn, bir fermer 20 hektar sahədə pambıq əkirsə və mövsümün sonunda orta hesabla hər hektardan 30 sentner məhsul götürürsə, ona dövlət tərəfindən hər hektara görə 520 manat subsidiya ödənilir. Bunun 220 manatı bir hektar pambıq sahəsinə görə ödənilən subsidiya, 300 manatı isə məhsulun həcminə görə ödənilən subisidiyadır. Bilirsiniz ki, dövlət artıq neçə ildir ki, qəbul məntəqələrinə təhvil verilən pambığın hər tonuna görə 100 manat subsidiya ödəyir. Beləliklə, göstərdiyimiz misalda fermer 20 hektar sahəyə görə təkcə subsidiya şəklində dövlətdən 10400 manat əvəzsiz vəsait alır. Buraya fermerin pambıq satışından əldə etdiyi gəliri də əlavə etsək, pambıqçılığın nə qədər gəlirli sahə olduğunu görə bilərik”.

KTN rəsmisinin sözlərinə görə, subsidiya mexanizmi elə qurulub ki, fermer aqrotexniki qulluq qaydalarına düzgün riayət edərək daha çox məhsul əldə etməkdə maraqlı olsun: “Ötən il pambığın alış qiyməti 50 manat artırılıb, fermerlərə təhvil verdikləri 1-ci sort pambığa görə 650 manat, 2-ci sort pambığa görə 630 manat, 3-cü sort pambığa görə 590 manat, 4-cü sort pambığa görə isə 550 manat pul ödənilir. Yəni fermer nə qədər çox məhsul təhvil versə, bir o qədər çox qazanır. Bu səbəbdən fermerlər sahələrdən daha çox məhsul götürməkdə maraqlıdırlar. Əkin sahələri azaldılsa da məhsuldarlığın artması faktının əsasında dayanan amillərdən biri məhz budur - fermer aqrotexniki qulluq qaydalarına düzgün riayət edərək daha çox məhsul əldə etməkdə maraqlıdır. Təbii ki, məhsuldarlığın artmasında dövlət dəstəyinin artırılması ilə yanaşı digər önəmli amillər də rol oynayıb. Buraya düzgün toxum seçimini, gübrə ilə təminatın yaxşılaşdırılmasını, fermerlərin mütəmadi təlimlərə cəlb olunmasını qeyd edə bilərik”.

Qeyd edək ki, Azərbaycanda pambıqçılığın yeni inkişaf dövrü bu istiqamətdə əsaslı tədbirlərin görüldüyü, bu sahənin inkişafını nəzərdə tutan Dövlət Proqramının qəbul olunduğu 2016-cı ildən başlayıb. Azərbaycanın müstəqillik dövründə ən çox pambıq istehsalı 2018-ci ildə qeydə alınıb. Ötən il ölkə üzrə sahələrdən 230,4 min ton xam pambıq yığılıb. Bu, 2015-ci ilin göstəricisindən 6,54 dəfə çoxdur. 2018-ci ildə Azərbaycanda 132,5 min hektar sahədə pambıq əkilib, 2019-cu ildə pambıq əkini sahələrinin həcmi məhsuldarlığı az olan torpaqların əkin dövriyyəsindən çıxarılması hesabına 100,1 min hektaradək azaldılıb. Bu addım pambıqçılıqda orta məhsuldarlığı artırmağa, pambıq əkini dövriyyəsindən çıxarılmış torpaqları daha səmərəli istifadə etməyə imkan verib.

Nərgiz LİFTİYEVA,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR