İnsanlara hürriyət, millətlərə istiqlal!

Ağ Evdə reallıq hissini itiriblər: Gah Əfqanıstana gəmi alırlar, gah da Minsk Qrupuna həmsədr təyin edirlər

5003 26.08.2022 20:02 Analitika A A

Rəsmi Bakı Ağ Evin belə davranışları davam edərsə, ABŞ-ın Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesindən uzaqlaşdırıla biləcəyinə eyham vurdu... Bu sərt xəbərdarlıqdan sonra ABŞ geri çəkildi və dövlət katibi Entoni Blinkenin Filip Rikeri Cənubi Qafqazdakı danışıqlar üzrə baş müşavir təyin etdiyi vurğulandı...

ABŞ-ın Cənubi Qafqaz siyasəti anlaşılmaz məzmun daşıyır. Ağ Ev hər imkanda bu regionda sülhün və sabitliyin təmin olunması cəhdlərini dəstəklədiyini bəyan edir. Ancaq ABŞ-ın atdığı addımlar bu bəyanatlarla uzlaşmır. Bəzi hallardasa Ağ Ev öz davranışları ilə regionda sülhün və sabitliyin təmin edilməsinə yönəlik deyil, əksinə, gərginliyin daha da artmasına səbəb ola biləcək situasiya yaradır.

Təbii ki, ABŞ-ın belə davranışları bir qayda olaraq, Cənubi Qafqazda “erməni faktoru”nun gücləndirilməsinə istiqamətli addımlarla diqqəti çəkir. Yəni, Ağ Ev Ermənistanı Rusiyadan uzaqlaşdırmaq hədəfində hələlik ümid etdiyi nəticədən uzaq olsa da, bu istiqamətdə cəhdlərində israrlı görünür. Və ABŞ-ın Cənubi Qafqaz siyasətində əsas kəskin ziddiyyətlər də məhz bu isrardan qaynaqlanır.

Məsələ ondadır ki, ABŞ Azərbaycanla da tərəfdaşlıq münasibətlərində maraqlı olduğunu qətiyyən gizlətmir. Ağ Evdə anlayırlar ki, Cənubi Qafqazın superdövləti məhz Azərbaycandır. Bu regionda cərəyan edən geopolitik proseslərdə iştirak hüququnun qazanılması da elə rəsmi Bakının siyasi iradəsinə bağlıdır. Yəni, rəsmi Bakı razılıq verməzsə, ABŞ Ermənistan üzərindən Cənubi Qafqaza yaxın düşə bilməz.

12323.jpg (861 KB)

Ancaq bütün bunlara ABŞ “erməni faktoru”na ənənəvi rəğbətindən uzaqlaşmaqda da çətinlik çəkir. ABŞ-ın dövlət katibi Entoni Blinkenin son qərarı da böyük ehtimalla “erməni rəqbəti”nin təzahürüdür. Üstəlik, bu qərar Ağ Evin qətiyyən proqmatik davranmadığını göstərməklə yanaşı, həm də ABŞ-ın dünya supergücü iddialarına güvənməsindən qaynaqlanır.

Əks halda, yəni proqmatik davransaydı, ABŞ-ın dövlət katibi Entoni Blinken Filip Rikeri Minsk Qrupuna həmsədr təyin etməzdi. Çünki, ABŞ siyasi dairələri “Minsk Qrupu” adlı beynəlxalq üurum artıq yoxdur. Bu qurumun hətta II Qarabağ savaşından öncə belə, mövcudluğu formal xarakter daşıyırdı. Azərbaycanın tarixi qələbə qazandığı 44 günlük savaşdan sonra isə Minsk Qrupu ümumiyyətlə, “dəfn” olunub.

Əslində, Azərbaycan Minsk Qrupunun artıq mövcud olmadığını bir neçə dəfə diplomatik metodlarla bütün dünyaya bəyan edib. Rəsmi Bakı Minsk Qrupu həmsədrlərinin 30 il ərzində beynəlxalq hüquq normaları çərçivəsində nizamlaya bilmədiyi “Dağlıq Qarabağ problemi”ni Azərbaycan ordusunun hərbi əməliyyatları sayəsində artıq həll etdiyini hamının başa düşəcəyi dildə dəfələrlə vurğulayıb. Yəni, rəsmi Bakı anlatmağa çalışıb ki, daha Minsk Qrupuna da, onun həmsədrlərinə də heç bir ehtiyac qalmayıb.    

Ağ Ev isə nə qədər qəribə də olsa, Minsk Qrupundan hələ də əl çəkə bilmir. Hər imkanda fəaliyyəti dayandırılmış bu qurumla bağlı məsələni aktuallaşdırmağa çalışır. Bununla da Azərbaycanı ABŞ-dan narazı salır. Və rəsmi Bakı da öz narazılığını haqlı olaraq, sərt şəkildə biruzə verir.

553ca3cd-f6e8-4b12-8e68-cdd0639acd79.jpg (258 KB)

Məsələ ondadır ki, Azərbaycanın Xarici İşlər Nazirliyi bu təyinatla bağlı ABŞ-a xəbərdarlıq mesajı ünvanlayıb. Ağ Evin diqqətinə çatdırılıb ki, faktiki olaraq, fəaliyyət göstərməyən Minsk Qrupunun “reanimasiya” edilməsinə göstərilən cəhdlər ABŞ-ın Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesindən uzaqlaşması ilə nəticələnə bilər: “Qarabağ münaqişəsi həll olunub və Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir. Beynəlxalq ictimaiyyət, o cümlədən tərəfdaşlarımız anlamalıdır ki, Azərbaycan Ermənistan münasibətlərinin normallaşması üzrə danışıqların Qarabağ məsələsi ilə əlaqələndirilməsi, heç də normallaşmaya xidmət etmir”.​

Göründüyü kimi, kifayət qədər sərt və konkret xəbərdarlıq mesajıdır. Rəsmi Bakı Ağ Evin belə davranışlarını davam etdirəcəyi təqdirdə, ABŞ-ın Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesindən uzaqlaşdırıla biləcəyinə eyham vurur. Digər tərəfdənsə, ABŞ-a xatırladılır ki, Azərbaycan Ermənistan münasibətlərinin normallaşması prosesində Qarabağla bağlı hər hansı mövzu müzakirə edilmir. Yəni, bu mövzu müzakirə edilmirsə, deməli, Minsk Qrupu da mövcud deyil.

Onu da qeyd edək ki, rəsmi Bakının ABŞ-a bu xəbərdarlığı nəzərdə tutulan hədəfə tam dəqiqliyi ilə çatıb. Əks halda, ABŞ-ın ictimaiyyətlə qlobal əlaqələr bürosunun sədr müavini Vedant Patel dərhal aydınlaşdırıcı açıqlama vermək məcburiyyətində qalmazdı. O, bildirib ki, dövlət katibi Entoni Blinken Filip Rikeri Cənubi Qafqazdakı danışıqlar üzrə baş müşavir təyin edib və əsas məqsəd isə ABŞ-ın regionda sülh prosesinə sadiqliyini qabartmaqdır: “ABŞ Azərbaycan və Ermənistan arasında ikitərəfli dialoqu daha vacib hesab edir”.

Belə anlaşılır ki, ABŞ rəsmisi Minsk Qrupu formatının artıq mövcud olmadığını dolayısı ilə etiraf edir. Ona görə də, Filip Rikerin Minsk Qrupuna həmsədr deyil, Cənubi Qafqazdakı danışıqlar üzrə baş müşavir təyin olunduğunu vurğulayır. Və Ağ Evin mövqeyindəki bu önəmli dəyişiklik birmənalı şəkildə rəsmi Bakının sərt xəbərdarlığından yaranan narahatlıqdan qaynaqlanır.

08d7627d-c37a-4027-b621-d957c3ed31d5.jpg (105 KB)

Təbii ki, rəsmi Bakının üstüörtülü şəkildə Azərbaycanın geopolitik, geostrateji və geoiqtisadi əhəmiyyətinə eyham vurulmaqla, belə qətiyyətli davranması yaxın gələcək üçün də böyük önəm daşıyır. Çünki, bundan sonra Ağ Ev Azərbaycanın maraqlarına münasibətdə daha həssas davranmağın vacibliyini nəzərə almalı olacaq. Əks halda, ABŞ belə qəribə qərarlar qəbul etməyə onsuz da vərdişlidir.

Məsələ ondadır ki, ABŞ dünya tarixçilərinin baş verdiyini hələ də sübuta yetirə bilmədiyi, sadəcə, ermənilərin uydurduğu qondarma “soyqırımı” da reallıq kimi tanımışdı. Halbuki, rəsmi Ankara belə iddialara birdəfələik son qoymaq üçün bütün dünya dövlətlərinə ermənilərlə bağlı arxiv materiallarını açmağı təklif etmişdi. Ancaq Ağ Ev ABŞ arxivlərinə baş vurmaq əvəzinə, əsassız və uydurma olduğuna tam dəqiqliyi ilə əmin olduğu qondarma “erməni soyqırımı”nı rəsmən tanımağa üstünlük verdi.

Bütün bunlar onu göstərir ki, Ağ Evdə reallıqla uydurma arasındakı fərqi bir çox hallarda, ABŞ-ın və ya kimlərinsə maraqları müəyyən edir. Məsələn, Ağ Ev təmsilçiləri vaxtilə ABŞ-ın Əfqanıstana ümumi dəyəri 500 milyon dollar məğləğində sahil mühafizə gəmiləri almasının siyasi, hərbi və hüquqi məntiqini hələ də izah edə bilməyiblər. Çünki, Əfqanıstanın dənizə çıxışı olmayıb, deməli, sahili də mövcud deyil. Dənizlə heç bir sahili olmayan Əfqanıstan həmin mühafizə gəmilərindən necə istifadə edəcəkdi? Ağ Evdə bu hadisənin Əfqanıstana sahil uydurmaqla, böyük məbləğdə maliyyə vəsaitinin korrupsiyaya məruz qaldığı barədə düşünürlərmi?

Təbii ki, ABŞ dənizə heç bir çıxışı olmayan Əfqanıstana sahil mühafizə gəmiləri almaqla, bütün dünyanı özünə güldürmüşdü. İndisə, Ağ Ev mövcudluğunu artıq dayandırmış Minsk Qrupuna həmsədr təyin etməklə, yenə də ABŞ-ı çətin vəziyyətə salıb. Deyəsən, Ağ Evdə reallıq hissini itirənlərin sayı artmağa başlayıb.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR