İnsanlara hürriyət, millətlərə istiqlal!

Ağ Ev sahibi ağ elədi: “Demokratiya bayrağı" altında yeni “soyuq müharibə”

2431 12.12.2021 12:06 Yazarlar A A

ABŞ prezidenti Co Baydenin təşəbbüsü ilə 9-10 dekabrda keçirilən “Demokratiya naminə Sammit” əsas nə ilə yadda qaldı? Yəqin bu  suala müxtəlif cavablar var. Amma şəxsi qənaətimə görə, özünü “Demokratiyanın beşiyi” adlandıran ölkənin qocaman liderinin təşəbbüsü dünyanı ikiyə bölmək təşəbbüsü ilə xatırlanacaq.  Faktiki olaraq cənab Bayden yeni “soyuq müharibə” dövrünə qayıdış etmək, Varşava Müqaviləsi Təşkilatı kimi yeni bir qütbün formalaşmasına stimul vermək istədi, ancaq tam fərqli bir biçimdə, fərqli şəkildə. Sanki qəfildən qılıncını sıyırıb da “bunlar bizlikdir”, söylədi və digər ölkələri “yad”ların sırasına daxil etdi. Əfqanıstandan çıxan ABŞ-a yeni düşmənlər lazımdır, bəlkə həm də indiki mərhələdə amerikanları idarə etmək üçün...Axı, Bayden ikinci dəfə prezidentliyə iddialıdır...

Sammitin məram-məqsədləri açıqlanarkən əsas müzakirə mövzularının avtoritarizmin yayılmasının qarşısının alınması, korrupsiya ilə mübarizə və insan haqlarına hörmət edilməsinin təşviqinə istinad edildi. Amma elə ilkin addımda, ayrı seçkilik edilməklə milyonlarla insanın hüquqları pozuldu, qos-qoca Amerika tərəfindən.

Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” Proqramına daxil olan 6 ölkədən yalnız Azərbaycan (!) sammitə dəvət almadı. Təzadlıdır, deyilmi? Avropa Azərbaycanla assosiativ saziş imzalamaq üçün fürsət gəzir, Bakı fikirləşir. ABŞ isə ölkəmizi görməzdən gəlir. Görəsən, qonşu Gürcüstan hansı üstünlüklərinə görə qoca Conun gözlərinə yaxşı biçimdə görünüb: bəlkə, ölkənin sabiq prezidenti, həm də Qərbin sevimlisi demokrat Mişanın işgəncələr altında həbsdə saxlanmasına görə. Yaxud Gürcüstan hökumətinin Qərb və Rusiya arasındakı reveransları xoş təsir bağışlayıb? Ermənistanda demokratiyanın “doza”sı bu qədərmi ürəyəyatımlı olub ki, Paşinyana sammitdə tribuna verilib? Hə, rəqiblərini məhkəmə kuluarlarında süründürdüyünə, bir çoxunu artıq o dünyaya göndərdiyinə görə ənam alıb Nikol. Olsun! Allah mehriban eləsin! Amma daha bizi nağıllara inandırmağa da cəhd göstərməsinlər...

 

Birləşmiş Ştatlar Dövlət Departamentinin Avropa Bürosunda BBC News-in sorğusuna cavab olaraq bildirilib ki, siyahının hazırlanması zamanı bütün regionların sammitdə təmsil olunması əsas götürülüb. Sən demə, burada kriteriya olaraq, “ölkələrin qlobal demokratiya və sülhün inkişafına verdiyi tövhə” nəzərə alınıbmış. “Uzunmüddətli perspektivdə sammitin məqsədlərini dəstəkləyən bütün ölkələrlə əməkdaşlıq etməkdə maraqlıyıq” - deyə cavab məktubunda qeyd olunub. Maraqlıdır, ikitərəfli, bərabərhüquqlu əməkdaşlığa üstünlük verdiyini daim ən üst səviyyədə bəyan edən, bu əməkdaşlığı irəli apara biləcək bütün amilləri nəzərə alan, addımlar atan, korrupsiya, rüşvətə qarşı mübarizədə apardığı mübarizə hətta beynəlxalq rəy mərkəzlərinin belə, hesabatlarında xüsusi qeyd olunan Azərbaycanın adı nədən “unudulub?” Hətta ABŞ nəşrləri belə, Ağ Ev administrasiyasını gələcək məqsədləri dəqiq müəyyənləşdirməməkdə ittiham edib. Məsələn, “Foreign Policy” dərgisi dəvət olunan ölkələrlə bağlı bəzi ziddiyyətlərin olduğunu yazıb. Bildirilib ki, tədbirə dəvətli ölkələrin demokratik göstəriciləri “Freedom House”-un hazırladığı son hesabatlara əsasən nəzərə alındığı bildirilsə də, iştirakçıların yekun siyahısı daha çox geosiyasi məqsədlə hazırlanıb. Konkretləşdirsək: “Konqo Demokratik Respublikası “Freedom House”-un siyahısında Macarıstanla müqayisədə xeyli geridə olsa da, tədbirdə iştirak edib. Lakin rəsmi Budapeşt sammitdən kənarda saxlanılıb”.

Bax, iştə bu, “ədalət”, “demokratiya”. Ağ Ev rəhbəri siyahı hazırlayanda o dərəcədə “ağ” eləyib ki, hətta Amerika ekspertləri də onu görməzdən gəlməyə çətinlik çəkiblər. “The Economist” jurnalının ekspertlər qrupu qeyd ediblər ki, Çin və İsrail hökumətlərinin hər ikisi “ölkə daxilində yaşayan etnik azlıqların siyasi hüquqlarını sistematik olaraq pozsalar da, rəsmi Təl-Əviv sammitə dəvət alıb, Pekin isə yox”. Məsələnin məğzi hamıya aydındır: Çini qlobal miqyasda özünə ciddi rəqib görən ABŞ Anqolanı (!) sammitə dəvət etdiyi halda, Pekini “oyundankənar” vəziyyətdə saxlayıb.

Və...Daha bir qəbahət. ABŞ-ın NATO –dakı tərəfdaşı, on illərin strateji müttəfiqi Türkiyə kimi nəhəng sammitə dəvət edilmədi. Hansı ki, bir sıra göstəricilərinə görə, sammitə dəvətli olan bəzi ölkələr Türkiyənin “əllərinə su tökməyə” belə, layiq deyildilər. Azərbaycana və Türkiyəyə qardaş olan dövlətlərdən biri Pakistan görünür bu kimi ədalətsiz yanaşmaya görə, tədbirə dəvət alsa da, iştirakdan imtina etdi!

Oyun qurmaq nəyə lazım? Açıq şəkildə deyilməliydi ki, kim ABŞ-ın yanında, bəlkə də hüzurundadırsa, buyursun sammitə! Azərbaycan mövqeyini ifadə edib, kim ona sayğılı yanaşacaqsa, qarşılığını da görəcək, kiminsə əlində buyruq qulu olmaq niyyətimiz yoxdur! Xüsusilə də 44 günlük müharibə və ondan sonrakı dönəmlərdə bizi istəməyənlərin sayı artıb, qələbəmizi sinirə bilmirlər. Onların bir əsrdən çox müddətdə erməniyə qoyduqları “maya” batdı, indi də qəzəblidirlər. Ha vurnuxurlar, həmsədrlər qiyafəsində, ya başqa formada, maskalı-maskasız bölgəmizə girməyə cəhd göstərirlər, alınmır. Bunlar hətta ötən il Azərbaycan torpaqlarını erməni faşizmindən təmizləyən zaman BMT Təhlükəsizlik Şurasında ölkəmizə qarşı tələ qurmağa cəhd göstərənlərdir, yaxşı tanımayırıq. Həyatımızın ən həlledici dönəmində belə, bizi kürəyimizdə vurmağa çalışdılar. Hələ 1992-ci ilin “907”-ci düzəlişini də unutmamışıq. Azərbaycan torpaqlarını azad edirdi, bunlar da Konqresdə “Azadlığı Müdafiə Aktı”na 907-ci düzəlişi qəbul etdilər. Faktiki olaraq sanksiya qərarı! Yenə də “azadlıq”, “demokratiya” adı altında sanksiya! 1992-ci ildə də, 2021-ci ildə də! O zaman Buş idi, indi Baydendir, münasibətsə dəyişmir. Qonşu ölkənin ərazisini ilhaq etmək istəyən faşist nəvəsi Nikol Paşinyan bu sammitə “yaraşıq” verirdi. Olsun!

Türkiyəni niyə sevisinlər, niyə yuxarı başa dəvət etsinlər ki? Bu ölkənin lideri “Dünya 5-dən böyükdür”, deyirsə, onu təbii ki, sevməyəcək dünyanın “super gücü”.

Heç şübhəsiz, Türkiyə və Azərbaycan həm də ona görə kənarda saxlanılıb ki, 30 ildir həmsədr ABŞ-ın apardığı prosesin fiaskoya uğraması halında Qarabağı erməni işğalından azad ediblər. Üstəlik, Rusiyanın  vasitəçiliyi ilə postmüharibə dövründə sülhün təmin olunması prosesi gedir. Ağ Ev sahibi istərdi ki, Ağdamda heç olmasa ABŞ hərbçiləri monitorinq aparsın, rus hərbçilər yox. Türkiyə və Azərbaycanın Rusiya ilə əməkdaşlığını sinirə bilmir. Özü də bu qəzəb yeni deyil. Türkiyənin Rusiyadan aldığı S-400-lərin də qəzəbi var, daha nələr. Türkiyəni dollarla çökdürmək istəyənlər onu demokratiya sammitində görmək istəməz ki...

Türkiyə “Anadolu Ajansı” xəbər agentliyinin beynəlxalq təhlükəsizlik və hərbi innovasiyalar üzrə eksperti Bəkir İlhan qeyd edib ki, Co Bayden administrasiyasının dekabrda keçiriləcək “Demokratiya Sammiti”nə dəvət etdiyi 110 ölkənin üçdə biri “Freedom House” təşkilatı tərəfindən müəyyən edilmiş demokratik meyarlarda zəif nəticə göstərib.

 

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib ki, “ABŞ təkbaşına dominantlıq etmək niyyətində olduğu öz rahatlıq zonasını yaratmaq üçün beynəlxalq hüquqa əsaslanan beynəlxalq münasibətlər sistemini və BMT-nin mərkəzi rolunu məhv edir”. Rusiyaya münasibətimizdən asılı olmayaraq, bu yanaşmaya haqq qazandırmamaq mümkün deyil. Sanki ABŞ-a birqütblü dünya lazım deyil, hətta pandemiyanın yaratdığı fəlakətlər fonunda belə, özünə düşmən(lər) qazanmağa çalışır. Zatən, Bayden administrasiyası yerini bərkidən kimi, “Rusiya bizim düşmənimizdir”, demişdi.

ABŞ Rusiyanın köksündən vurub kənara itələməklə həm də 140 milyonluq rusiyalıya dirsək göstərmiş oldu, Rusiya demokratlarını belə, peşman etdi. Bu, faktiki olaraq avtoritarizmi çiçəkləndirəcək addım sayıla bilər. İndi Rusiyadakı düşmənlər Qərb demokratiyasına meyillənənlərə asanlıqla “gördünüzmü?”-sualını verməkdə haqlıdırlar.  Rusiya XİN-in saytından sitat: “Faktlar göstərir ki, ABŞ və onun müttəfiqləri “demokratiyanın mayakı" adına iddia edə bilməzlər və etməməlidirlər, çünki özlərinin söz azadlığı, seçki sistemi, korrupsiya və insan hüquqları sahəsində xroniki problemləri var”.

Haqlı deyillərmi? Həbsxanalardakı məhbusların sayına  görə - 2 milyon nəfərdən çox - görə dünyada liderlik edən ABŞ-ın “cümlə cahan”a liderlik etməkdə haqqı varmı?..

“Demokratiya şousu” əslində qeyri-demokratik çevrələrə əlavə stimul verdi, ancaq xalqların faydasına olmadı. Budur, Çin Xarici İşlər Nazirliyi ABŞ-ın öz meyarlarına əsaslanaraq dünya ölkələri və regionlarının yarısını “demokratiya” kateqoriyasında yerləşdirdiyinə diqqət çəkib, digər yarısını isə “qeyri-demokratik ölkələr” adlandırıb. Xarici İşlər Nazirliyinin sözçüsü Vanq Venbin bildirib ki, belə bir addım demokratiyanın ruhuna ziddir. Çinin xarici işlər naziri Vanq Yi isə hesab edir ki, ABŞ-ın məqsədi demokratiya deyil, hegemonluqdur. Tailandın baş nazirinin müavini və xarici işlər naziri Don Pramudvinai “Demokratiya Sammiti” toplantısının “sırf siyasi hadisə” olduğunu və Tailandın dəvət olunmadığına görə təəssüflənmədiyini bildirib. Hesab olunur ki, sammit Çinin və Rusiyanın davam edən təcavüzünün artmasına müqavimət göstərmək üçün geniş miqyaslı geosiyasi məqsədlər güdüb. Başqa sözlə, sammit böyük dövlətlər arasında sabit əməkdaşlıq münasibətləri üçün atmosferi zəhərləyir və kiçik ölkələri çətin vəziyyətə salır. Yəni: “hünərin varsa, mənim yanımda olmayan dövlətlərin yanında ol!”

Etirazlar isə səngimir. Kuba xarici işlər naziri Bruno Rodriqez Birləşmiş Ştatlarda "Demokratiya Sammit"in keçirilməsi üçün “beynəlxalq nüfuz”un yetərli olmadığını bildirib. Kubalı nazir öz tvitində əlavə edib ki, ABŞ-ın təşkil etdiyi "Demokratiya Sammiti" Birləşmiş Millətlər Təşkilatına  qarşı  nifrət hissi olduğunu nümayiş etdirir”. “Bu antidemokratik davranış digər xalqların qanuni və suveren iradəsinə açıq nifrət ortaya qoyan, əvvəlcədən müəyyən edilmiş reseptləri tətbiq etmək üçün riyakar bir cəhddir”, XİN rəhbəri deyib. İraqa “demokratiya bayrağı” altında hücumu bəşəriyyət unutmayıb, nə olsun ki, hakimiyyətlər fərqlidir.

Düzdür, öz xalqına qənim kəsilən Suriya prezidentinin siyasi müşaviri Butxayn Şəbaan da ABŞ-ın təşkil etdiyi “Demokratiya Sammiti”ni qəribə və gülünc adlandırıb. O, Qərbdə bərabər insan hüquqlarının mövcud olduğuna inanmadığını da söyləyib. “Həqiqət var ki, varlıların hüquqları var, lakin kasıblar üçün heç bir hüquq yoxdur”. Ancaq bir məsələ var ki, Suriya xalqına rifah vəd edən imperialist qüvvələr indi bu viranə ölkənin milyonlarla vətəndaşını qaçqın kimi qəbul etmək belə istəmir, yüzlərlə insan dənizlərdə məhv olur. Burada “demokratiya ixracatçıları”nın da günahı kifayət qədərdir.

ABŞ-ın ayrıseçkiliyi haqda kifayət qədər əsaslandırılmış rəylər var. Xarici siyasət və təhlükəsizlik üzrə ekspert Ted Pikkone yazıb ki, bəzi qonaqların iştirakı Çinin təsirinə qarşı çıxmaq üçün aydın seçim idi. Belə ki, ABŞ-ın müttəfiqi olan Filippin Şərqi Asiya və Sakit okean regionunun 15 ölkəsi arasında demokratiya indeksə görə ən aşağı yerlərdən birini tutur. Digər bir müqayisə: “Cənubi Asiyada qlobal hüquq aliliyi göstəriciləri üzrə 139 ölkə arasından 130-cu yeri tutan Pakistan dəvət olunsa da, bir qədər yüksək yerdə qərarlaşmış Banqladeş dəvət edilməyib. Pakistanın dəvət edilməsi çox güman ki, Hindistanı tarazlaşdırmaq istəyi ola bilər”. Diqqət edin, necə də “incəliklə” düşünülüb...

Bildirilir ki, 2015-ci ildən Polşanın ümumi indeksi təxminən 10% azasa da, Ağ Ev Varşavanı sammitə dəvət edib. Səbəb: Polşanın NATO-da Rusiyaya qarşı dayaq kimi mühüm rol oynaması! Macarıstan və ya Türkiyənin kənarda qaldığı “Demokratiya Sammiti”ndə Nigeriya yuxarı başda oturub, ötən il öz regionunda demokratik indeks üzrə balları azalsa da...Hansı ki, bu ölkədə dövlət səlahiyyətləri və əsas hüquqlar üzrə məhdudiyyətlərin pisləşməsi səbəbindən korrupsiya hələ də ölkənin ən böyük problemidir.

Hələ bu, harasıdır? Dünyada qanunun aliliyinin ümumi göstəricisinə görə 139 ölkə arasından 137-ci (!) yeri tutan, üstəlik Afrikada ən pis reytinqə (!) malik olan Konqo Demokratik Respublikası sammitə dəvət alıb. Həmçinin 2015-ci ildən etibarən davamlı olaraq demokratiya göstəricilərinə görə geriləmiş Meksika, 2020-ci ildən qanunun aliliyi səviyyəsində oxşar azalma müşahidə olunan Braziliyanı da unutmayıb.

Yeri gəlmişkən, Macar xəbər portalı “Hungary Today”in müxbiri Abraham Vass yazıb ki, Macarıstan Avropa İttifaqının bu ayın sonunda keçiriləcək “Demokratiya Sammiti” iştirakına veto qoyacaq. Vass qeyd edib ki, bunun səbəbi ABŞ-ın baş nazir Viktor Orbanı sammitdə iştiraka dəvət etməməsidir. Buna cavab olaraq Macarıstan qanuni hüququndan istifadə edərək bütün Aİ nümayəndə heyətinin iştirakını əngəlləyir. Macarıstanın xarici işlər naziri ABŞ-ın Aİ üzv dövlətlərini “parçalamağa və fəth etməyə” çalışdığını söyləyib. Xarici işlər naziri Sijarto əlavə edib ki, bunun səbəbi Macarıstan administrasiyasının ABŞ-ın əvvəlki prezidenti Donald Trampla yaxşı münasibətdə olmasıdır. “Qiymətləndirməyə” baxın, “demokratiyanın beşiyi”ndə... Kim Rusiya ilə yaxındır? Kim Trampa salam verib? Kim...

O qədər böyük yanlışlıqlara yol verilib ki, avropalılar da dözmürlər, etirazlarını bildirirlər. İtalyan xəbər saytında “Washington Examiner” xəbər agentliyinin Ağ Ev üzrə müxbiri Katerin Doyl tərəfindən dərc olunmuş məqalədə iddia olunur ki, korrupsiyaya qarşı mübarizənin sammitin gündəliyində olması Bayden ailəsi ətrafında baş verən böyük korrupsiya qalmaqalları fonunda çoxlu suallar yaradıb. Belə ki, prezidentin oğlunun firması ABŞ tərəfindən sanksiyalara məruz qalmış Çin şirkətlərinə sərmayə yatırıb, buna görə də, etik ekspertlər Ağ Evdən Hunter Baydenin əməlliyatlarına dair şəffaflığı dəfələrlə tələb ediblər. “Cidanı çuvalda gizlətmək” olmadı, nəinki 40 gün, heç 4 saat da...

Məşhur amerikalı politoloq Yan Bremmer əsasən inkişaf etmiş ölkələrdə aparılan sorğunun nəticələrini açıqlayıb. ABŞ-ın özündəki qorğu iştirakçılarının cəmi 19%-i (!) Bayden ölkəsinin nümunəvi bir demokratik ölkə olduğunu bildiriblər. İndi qoca Cənab Co hansı haqla ölkələrin təsnifatını aparır?

Ümumilikdə yanaşma budur ki, demokratiyaya həsr olunmuş sammitin seçmə yolla çağırılması, ABŞ-ın zəifliyindən və xarici siyasətinin BMT-də nüfuzdan salınmasına və təcrid olunmasına tab gətirə bilməməsindən xəbər verir. Üstəlik, bu sammit yeni “Soyuq Müharibənin ən son təxribatı” adlandırılır.

Görünən budur ki, ABŞ-ın beynəlxalq münasibətləri “demokratikləşdirmək” niyyəti qəti şəkildə yoxdur. Əslində isə vəziyyət bunun tam əksidir - ABŞ dünyaya ağalıq etmək niyyətini nümayiş etdirir. Əks təqdirdə, koronavirus pandemiyası dövründə belə, dünya ölkələri arasında “ağlar” və “qaralar” bölgüsü aparmazdı, heç olmasa, bu fəlakətdən dünya insanının xilas olunmasınadək öz maraqlarını boğub saxlayardı. Onun sammitdə görmək istəmədiyi Azərbaycan isə bu, kiçik canı ilə böyük ürək sahibi olaraq dünyanı pandemiyadan xilas etməkdən ötrü BMT tribunasından dəfələrlə mühüm təşəbbüslərlə çıxış edib.

 

Elşad PAŞASOY,
Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR