İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞERON MEHİNİ FƏTH EDƏN KƏND - FATMAYI

7968 19.04.2010 09:38 Proje A A

O üzdən bura gələndə üzərimizə düşən ən əsas vəzifə məhz kəndin tarixi haqda geniş məlumat toplamaq idi. Elə isə gəlin birlikdə tanış olaq. Növbəti səfərimizin ünvanı Fatmayı kəndidir.

Kəndin adı ilə bağlı üç versiya var

Kənd Xəzər dənizindən 54 metr yüksəklikdə olan təpənin cənub yamacında yerləşir. Kənd sakinləri onun adı ilə bağlı müxtəlif versiyalar irəli sürürlər. Əhali arasında yayılan əsas variant bundan ibarətdir ki, kənd yelçəkən ərazidə yerləşib. Ona görə də kəndi “mehi fəth edən yer” mənasına uyğun olaraq “Fatmehi” adlandırıblar. Nəcəf kişi isə kəndin adının dini amillə əlaqədar olduğunu da qeyd edir. Deyir ki, kəndin adı “fatimi” sözündən gəlir, yəni Fatimənin nəslindən olanlar anlamını verir. Ancaq Nəcəf bəy bu mülahizədə də ikitirəliyin bu günə qədər mövcudluğunu izah edir: “İlkin mülahizəyə görə, ”Fatmayı" sözü bir qadının adı ilə bağlıdır. Digər bir versiya isə kəndin adının Həzrəti Fatiməni xatırlatdığını deyir. Bunu daha çox şiə təriqətinin inanc adamları söyləyirlər".
Kəndin adı haqda versiyalar bununla yekunlaşmır. Başqa bir versiyaya görə, “Fatmayı” sözü Salyan hakiminin dul qalmış arvadının adından götürülüb. Tarixi qaynaqlara görə, bu adın kökləri uzaq XIII əsrə qədər gedib çıxır.
Fatmayı 4 kəndlə həmsərhəddir. Bunlar qonşu Məhəmmədi, Digah, Pirşağı və Goradil kəndləridir.

Kənddə tarixi abidələrin az qismi günümüzə gəlib çıxıb

Fatmayını gəzdikcə qarşımıza hər tində tarixi abidələr çıxır. Əslində kəndin tarixi abidələrinin əksəriyyəti günümüzə gəlib çatmayıb. Olan-qalan bir qismi dövrümüzə qədər gəlib çıxıb. Onlar əsasən XVII-XIX əsrlərə aiddir. “Hacı Heybət” məscidi, hamam, türbə, “Salam” məscidi kimi tariximizi əks etdirən tikililər hələ də qalmaqdadır. Ən “gənc” məscid isə 1987-ci ildə xeyriyyəçi Hacı Hüseyn tərəfindən tikilən “İmam Hüseyn” məscididir.
Məscidin bir kənarında çıldaqlar özlərinə ofis açıb əhaliyə xidmət göstərirlər. Orada olarkən çıldağın qəbuluna düşmək üçün uzun növbə yaranmışdı.
Maraqlısı odur ki, Bakı kəndlərinin heç birində qədim hamamların fəaliyyətdə olanı ilə rastlaşmamışıq. Bu kənddəki qədim hamam da baxımsızlıq ucbatından bərbad haldadır. Buna baxmayaraq hamamın girişindəki lövhədə onun Mədəniyyət və Turizm Nazirliyi tərəfindən qorunduğu yazılıb. Kəndlilər hesab edir ki, ötən illərə nisbətən Fatmayı xeyli dərəcədə inkişaf edib. Bunu digər kəndlərlə müqayisədə daha aydın şəkildə müşahidə etmək olar. Kəndə çəkilən Abşeron su kanalı Fatmayıya əsl həyat gətirib.

Qara, Əbülfəs və Abdulla Qarayevlər, Rafael Allahverdiyev...

Abşeron kəndləri Azərbaycan xalqına görkəmli şəxsiyyətlər bəxş edib. Fatmayı da digər kəndlərdən geri qalmır. Fatmayı sakini Əsədqulu bəy onların adını bir-bir çəkməyə başlayır: “Bizim kənd nəhəng insanlar yetişdirib. Dahi bəstəkar Qara Qarayevin adını qeyd etmək kifayətdir. Siyasi xadim Dadaş Bünyadzadə, məşhur vitse-admiral Cəlil Cavadov bu kəndin övladlarıdır. Bundan əlavə, tanınmış alimlər Abdulla və Əbülfəs Qarayevlər, yazıçı Tağı Şahbazi (Simurq) kimi böyük adamlar burada anadan olub. Ünlü din alimi Şeyx Ağahüseyn Mirzəhüseyn oğlu və bir çox elm, incəsənət xadimləri də bu kənddən çıxıb. Bakının sabiq meri, rəhmətlik Rafael Allahverdiyev də bizim kəndəndir. O, kənd qəbiristanlığında torpağa verilib. Bu yaxınlarda rəhmətə gedən xalq artisti Telman Adıgözəlov da bizim kəndin qəbiristanlığında dəfn olundu”.
Kənd sakinləri deyir ki, dövlət tərəfindən aktyora biganə münasibət bəslənilsə də sakinlər onun qəbrini demək olar ki, hər gün ziyarət edirlər: “Torpağa veriləndən indiyə kimi kənd camaatı və digər rayonlarımızdan gələnlər sevimli aktyorun məzarını ziyarət edirlər. Onun ruhuna dualar oxuyurlar”.

Qəhrəman türk əsgərləri kəndi ermənilərdən necə xilas edib?

Kənd qəbiristanlığını da ziyarət edirik. Məzarlığın önündə bağ və bostan bitkiləri satan Qalib adlı kənd sakini bizə qəhrəman türk əsgərlərinin uyuduqları məzarlığı göstərib onların kəndi ermənilərdən necə xilas etmələrini nəql elədi: “Erməni-müsəlman davası olanda erməni ordusu dəniz tərəfdən kəndə hücum edib. Kənd sakinləri öz güclərinə müqavimət göstərməyə çalışsalar da düşmən kəndi top atəşinə tutub. O vaxt Azərbaycana yardıma gələn türk əsgərlərindən ibarət böyük bir batalyonu kəndimizə yönləndiriblər. Onlar burada mərdliklə döyüşüb. Türk əsgərləri canları bahasına kəndi erməni daşnaklarından təmizləyiblər. İndi onlar məzarlığın girişində uyuyur. Yaxınlarının məzarını ziyarət etməyə gələn hər bir kəndli öncə onların qəbirlərini ziyarət edib ruhlarına dua oxuyur”.
Fatmayını gəzərkən öyrənirik ki, bu kənd 6 böyük məhəllədən ibarətdir. Şah Hüseynlilər, Poladlılar, Kolanılılar, Gudeylər, Rəhmanlılar, Əlibeytlilər adlı məhəllələrin hər birinin özəl mənaları var. Kənd sakini Qabil kişi deyir ki, Şah Hüseynlilər cənubdan köçüb gəliblər. Poladlılar şimaldan, Gudeylilər qərbdən gələnlər, Rəhmanlı və Əlbeytlilər İçərişəhərdən, Kolanılılar isə Şamaxıdan köçüb gələnlərdir: “Mən dörd babamı tanıyıram. Biz İçərişəhərdən gələnlərik”.

Ecazkar hava burulğanı

Fatmayı Bakı kəndləri içərisində öz qeyri-adi bağları ilə də məşhurdur. Düzdür, kənd bələdiyyəsi dənizə yaxın ərazilərdə satılmamış bir ovuc boş torpaq qoymayıb. Amma bu da ümumi gözəlliyə xələl gətirmir.
Bu kənd həm də ecazkar hava burulğanı ilə məşhurdur. “Təpə” deyilən əraziyə çıxıb bu möcüzəvi təbiət hadisəsinə şahid oluruq, qeyri-adi hava burulğanını hiss edirik. Bu ərazinin ən böyük özəlliyi ondan ibarətdir ki, isti havalarda burada daima sərin meh əsir. Elə ona görə də son illər buralarda ayaq qoymağa yer qalmayıb. Orada olarkən öyrəndik ki, burada torpağın sotu 6 min manatdan başlamaqla lap yuxarıya qədər gedib çıxır. Amma Fatmayı kimi gözəl kənddə mülk sahibi olmaq üçün bu pulu verməyə dəyər...

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR