ABŞ Senatı Prezident Donald Trampın İrana qarşı hərbi səlahiyyətlərini məhdudlaşdırmağa yönəlmiş ikinci qətnamə cəhdini də rəsmən rədd edib.
Musavat.com xəbər verir ki, "Politico" nəşrinin yaydığı məlumata görə, demokratların hazırladığı və ABŞ ordusunun Konqresin xüsusi icazəsi olmadan İrandakı hərbi münaqişədə iştirakını dayandırmağı tələb edən sənəd səsvermədə lazımi dəstəyi qazana bilməyib.
Səsvermə zamanı 47 senator qətnamənin lehinə, 53 senator isə əleyhinə səs verib; bu nəticə Tramp administrasiyasının "Epik Qəzəb" (Epic Fury) əməliyyatını heç bir qanunvericilik maneəsi olmadan davam etdirməsinə yaşıl işıq yandırıb. Maraqlıdır ki, respublikaçılar arasından yalnız senator Rend Pol demokratların təşəbbüsünə qoşulub, demokratlar düşərgəsindən isə senator Con Fetterman partiya xəttinə qarşı çıxaraq sənədin əleyhinə səs verib. Senatın bu qərarı göstərir ki, Konqresdəki respublikaçı əksəriyyət Trampın İrana qarşı tətbiq etdiyi sərt hərbi təzyiq strategiyasını tam dəstəkləyir və onu hər hansı bürokratik çərçivəyə salmaq niyyətində deyil. Bu qanunvericilik qələbəsindən sonra Trampın Yaxın Şərqdəki hərbi addımları, o cümlədən dəniz piyadalarının İran adalarına mümkün desant çıxarışı daha da sürətlənəcək.
Demokratlar isə prezidentin "Konqresə məhəl qoymadan" ölkəni böyük bir regional müharibəyə sürüklədiyini iddia edərək xəbərdarlıqlarını davam etdirirlər.
Musavat.com






