İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ radiosunda Azərbaycan məsələsi - Con Batçelorla Brenda Şafferin debatı

3035 23.06.2019 09:25 Müsahibə A A

Bu ilin 20 iyun tarixində ABŞ-da məşhur və geniş auditoriyaya malik olan Con Batçelor Şou (John Batchelor Show) radio proqramının canlı yayımlanan verilişlərindən birində radionun ev sahibi, məşhur yazar Con Batçelor ABŞ-ın Corctaun Universitetinin professoru Brenda Şafferdən müsahibə götürüb.

Musavat.com xəbər verir ki, bəzi elementləri ilə debata bənzəyən müsahibə zamanı Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Ermənistan Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə ATƏT-in Misnk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə keçirilmiş görüş ərəfəsində regionda cərəyan edən hadisələr müzakirə edilib.

İlk öncə jurnalist dəfələrlə Azərbaycana səfər etdiyini məmnuniyyətlə xatırladıb, Mərkəzi Asiya və Qafqazın əsas enerji və nəqliyyat layihələrinin mərkəzində yerləşən ölkəmizin sürətlə inkişaf etdiyini, əhalinin təhsil səviyyəsinin yüksək olduğunu vurğulayıb. Ermənistanın işğalçı əməlləri ucbatından uzun illərdir ölkəmizin münaqişədən əziyyət çəkdiyini qeyd edib, bu münaqişədə 30 mindən çox insanın həlak olması, 1 milyona yaxın insanın öz doğma torpaqlarından didərgin düşməsindən bəhs edib. 2018-ci ilin avqust ayında ölkəmizə səfəri zamanı təmas xəttinə də getdiyini bildirən jurnalist bu faciəvi mənzərəni öz gözləriylə gördüyünü dilə gətirib.

Minsk Qrupu həmsədrlərinin ölkəmizə səfəri zamanı təmas xəttində Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusunun öldürülməsi və bunun ardınca Ermənistan müdafiə nazirinin onu qətlə yetirən şəxsi mükafatlandırılması qarşı tərəfin növbəti təxribatçı addımı kimi qiymətləndirilib.

Münaqişə tərəfi nazirlərinin Vaşiqtondakı görüşünə vurğu edən C.Batçelor ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Con Boltonun regionda sülhün gücləndirilməsi istiqamətində səylərə dəstək verməsindən də bəhs edib.

Professor B.Şafer 1994-cü il sülh razılaşmasından sonra ATƏT-in Minsk Qrupu çərçivəsində ABŞ, Rusiya və Fransanın həmsədrliyi ilə aparılan danışıqlara toxunub, ABŞ tərəfinin baş tutacaq bu görüşə verdiyi önəmin əhəmiyyətini xüsusi vurğulayıb. O, C.Boltonun ötən ilin oktyabr ayında regiona səfərini və keçirdiyi yüksək səviyyəli görüşləri xatırladıb, bunun ABŞ tərəfinin regionda maraqlarından irəli gəldiyini qeyd edib.

B.Şaffer C.Boltonun qeyd edilən bəyanatını onun şəxsən münaqişənin həllinə verdiyi önəm kimi qiymətləndirib. O, deyib ki, unikal coğrafi mövqedə yerləşən Azərbaycan ABŞ-ın regionda maraqları üçün olduqca əhəmiyyətlidir. C.Bolton Azərbaycanı ABŞ-ın Rusiya və İrana qarşı siyasətinin bir hissəsi kimi görür. Çünki Azərbaycan hər iki ölkənin sərhəddində yerləşir.

Jurnalist münaqişə tərəflərinin konfliktdəki rolundan bəhs edərkən Ermənistanın daha çox Rusiya ilə yaxınlığı və bağlılığını, İranla iqtisadi və digər sahələrdə əməkdaşlığını xüsusi qeyd edib, Azərbaycanın isə müxtəlif ölkələrlə, o cümlədən İsraillə münasibətləri və əməkdaşlığından söz açıb. Azərbaycanın müttəfiqlərinə olduqca etibarlı tərəfdaş olduğunu qeyd edən B.Şaffer bu əməkdaşlığın dini, tarixi və hər hansı digər bağlılıqlar üzərində qurulmadığını xüsusi vurğulayıb.

Müzakirələr zamanı Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Vaşiqnton görüşünün səmərəli olacağına ümid ifadə edilib.

Müsahibənin tam versiyası ilə https://audioboom.com/posts/7295164-nsa-john-bolton-welcomes-an-intensive-dialogue-between-the-foreign-ministers-of-azerbaijan-and internet səhifəsindən tanış olmaq mümkündür. 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR