ABŞ senatorlarından bir qrupu Tramp administrasiyasından qanunvericilik təsdiqi olmadan Venesuelaya qarşı hərbi güc tətbiq etməkdən çəkinməyi tələb edən qətnamə hazırlayıb.
Musavat.com xəbər verir ki, bu, Nümayəndələr Palatasının üzvü Tim Keynin (Virciniya ştatından Demokrat) saytında dərc olunmuş bəyanatda açıqlanıb. Bəyanatda bildirilir ki, senatorlar Rend Pol (Kentukki ştatından Respublikaçı) və Adam Şiff (Kaliforniya ştatından Demokrat) və Senat azlıq lideri Çak Şumer (Nyu-York ştatından Demokrat) tərəfindən hazırlanan sənədin məqsədi ABŞ-ın "Konqresin təsdiqi olmadan Venesuelaya və ya ona qarşı" hərbi müdaxiləsinin qarşısını almaqdır.
Qanunvericilər Trampın 2 dekabr tarixli ABŞ qüvvələrinin narkotik qaçaqmalçılığına qarşı mübarizənin bir hissəsi olaraq "çox tezliklə" Latın Amerikasındakı quru hədəflərinə zərbələr endirməyə hazır olduğu barədə bəyanatına istinad edirlər: "Amerikalılar ictimai müzakirə və ya səsvermə olmadan Venesuela ilə sonsuz müharibəyə cəlb olunmaq istəmirlər".
Qətnamədə vurğulanır ki, ABŞ-da müharibə elan etmək səlahiyyəti yalnız qanunverici orqana məxsusdur: "Konqres Venesuelaya və ya Venesuelada hər hansı bir şəxsə və ya quruma müharibə elan etməyib, Venesuelada və ya ona qarşı hərbi güc tətbiq etməyə də icazə verməyib". Sənəddə qeyd olunur ki, Vaşinqton da Venesuelaya qarşı bu cür güc tətbiqini dayandırmalıdır.
Noyabr ayında ABŞ Senatı oxşar məzmunlu qətnamə qəbul edə bilməyib. 49 qanunverici sənədi dəstəkləyib, 51-i isə əleyhinə səs verib. Qətnamənin təsdiqlənməsi üçün səs çoxluğu tələb olunub. Qanunverici orqanın hər iki palatası hazırda hakim Respublikaçılar Partiyası tərəfindən idarə olunur.
Noyabr ayında CNN mənbələrə istinadən xəbər verib ki, Tramp administrasiyası Ədliyyə Nazirliyindən Konqresin hərbi güc tətbiq etmək səlahiyyətini tələb etmədən Venesueladakı yerüstü hədəflərə zərbələri əsaslandıracaq hüquqi rəy almağa ümid edir.
Musavat.com






