İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-ın “ölüm fabrikləri” öz işində - bölgədə xəstəlik təhlükəsi varmı...

906 04.06.2024 10:27 Gündəm A A

İlham İsmayıl: “Postsovet məkanı üçün Amerikanın belə bir siyasəti var və...”

“Ermənistanın şimal rayonlarında bugünlərdə olan daşqın zamanı ABŞ bioloji laboratoriyaları su altında qalıb. Erməni virusoloqlarının fikrincə, bununla əlaqədar ölkədə naməlum xəstəliklərin epidemiyası gözlənilir”. 

Bu sözləri mayın 31-də Ermənistanın keçmiş müdafiə naziri Arşak Karapetyan “Lazerev klubu”nun Moskva iclasında çıxışı zamanı söyləyib. 

Ermənistandakı ABŞ biolaboratoriyalarında konkret nə saxlandığı, bu obyektlərin gerçək hədəfinin nə olduğu hələ də müəmma olaraq qalır. Bəzi iddialara görə, hədəf həm də nəzəri düşmənə, o cümlədən Rusiyaya qarşı bioloji silah hazırlamaqdır. Bildirilir ki, həmin laboratoriyalarda əsasən brusellyoz, Sibir xorasının bioloji silah kimi istifadəsinin eksperimentləri keçirilir. 

Bu da maraqlıdır ki, laboratoriyalar ABŞ Səhiyyə Nazirliyi tərəfindən yox, Pentaqon (Müdafiə Nazirliyi) tərəfindən maliyyələşdirilir. Rəsmi Moskva zaman-zaman bu obyektlərlə bağlı etirazını bildirsə də, reallıq dəyişməyib. Əksinə, bu ilin yanvarında Ermənistanın müdafiə naziri Suren Papikyanın Pentaqonla imzaladığı müqaviləyə əsasən, daha bir laboratoriyanın Gümründə, Rusiyanın 102-ci hərbi bazası yaxınlığında qurulması nəzərdə tutulub. 

Bəs bu obyektlərin sel suları altında qalması Azərbaycan daxil, qonşu ölkələrə hər hansı təhlükə vəd edirmi? Karapetyanın iddiası doğrudursa, Azərbaycana da naməlum xəstəlik təhlükəsi varmı? 

Qeyd edək ki, ABŞ dünyanın 25 ölkəsində: Yaxın Şərqdə, Afrikada, Cənub-Şərqi Asiyada və keçmiş Sovet İttifaqında bioloji laboratoriyalar yaradıb. Təkcə Ukraynada ondan çox bioloji laboratoriya  var: Odessa, Vinnitsa, Ujqorod, Lvov (üç), Xarkov, Kiyev (həmçinin üç), Xerson, Ternopolda. 

Amerikalı alimlərin özləri bildirirlər ki, Pentaqonun bioloji laboratoriyalarında bioloji silahlar hazırlanır. Bioloji terrorizmə qarşı qanunun (1989-cu il Bioloji Silahlara Qarşı Terrorizm Aktı, BWATA) müəllifi, İllinoys Universitetinin (ABŞ) beynəlxalq hüquq professoru Frensis Boyl bildirib ki, 400 laboratoriyada 13 minə yaxın alim çalışır. ABŞ və xaricdə yeni döyüş mikrobları - vaksinlərə davamlı, öldürücü mikroblar yaratmaqla məşğuldur. Amerikanın bioloji hərbi laboratoriyaları yerləşdikləri ölkələr üçün birbaşa təhlükədir. Beləliklə, 2013-cü ildə DTRA-nın - Gürcüstandakı Luqar Mərkəzinin ön sıralarında qarayara peyvəndinin sınaqları başlayıb. Elə həmin il Gürcüstanda bu infeksiyanın epidemiyası baş verib. O vaxtdan bəri ölkədə qarayara xəstəliyinə yoluxma halları dayanmır. 2014-cü ildə Luqar Mərkəzində xüsusi həşərat yetişdirmə müəssisəsi tikilib və Sandfly layihəsinə start verilib. 2015-ci ildə qum milçəkləri Tiflis və qonşu Dağıstana hücum edib. Pentaqonun istinad laboratoriyalarından birinin yerləşdiyi Xarkovda 2016-cı ilin yanvarında 20 Ukrayna əsgəri donuz qripindən ölüb, daha 200-ü xəstəxanaya yerləşdirilib. Həmin ilin mart ayına qədər Ukraynada donuz qripindən 364 nəfər ölüb... 2017-ci ildə Ukraynada qızılca epidemiyası baş verib. 2019-cu ildə “simptomlara görə vəbaya bənzəyən” xəstəliyin epidemiyası qeydə alınıb. Rusiya sərhəddə nəzarəti kəskin şəkildə gücləndirib. Ukraynada Amerika bioloji laboratoriyaları yaranan kimi Afrika donuz taunu (ASF) epidemiyası müntəzəm xarakter alıb. Özbəkistan ərazisində ilk Amerika istinad laboratoriyası 2007-ci ildə Daşkənddə yaranıb. Hazırda DTRA-nın Özbəkistanda ondan çox belə laboratoriyası var. 2019-cu ildə Özbəkistanda səbəbi bilinməyən qızılca (Səmərqənd vilayətində 500 nəfər) və suçiçəyi xəstəlikləri qeydə alınıb. Rusiyanın baş sanitar həkimi Anna Popova ABŞ hərbi laboratoriyalarının açıldığı yerlərdə əvvəllər məlum olmayan infeksiyaların yayılmasına diqqət çəkib. O, xəritələri göstərərək vurğulayıb: "Birinci xəritə bütün dünyada DTRA laboratoriyalarının yeridir. İkinci xəritə yeni epidemioloji təhlükələrin yaranma zonalarıdır. Kartlar uyğunlaşıb. Bu müşahidə 2019-cu ildə aparılıb..."

İlham İsmayıl: “Hücum zamanı səfirliyin əməkdaşları niyə heç bir müqavimət  göstərməyiblər?” Pravda.az

İlham İsmayıl

Mövzu ilə bağlı “Yeni Müsavat”a təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl da qeyd edir ki, Amerikanın nəinki Ermənistanda, keçmiş postsovet məkanında bir sıra yerlərdə bioloji laboratoriyaları var: “Bu laboratoriyalar vaksinlərin hazırlanması ilə də məşğuldur. Tam açıqlanmır ki, o laboratoriyalar nə işlə məşğuldur, hədəfləri nədən ibarətdir. Baxmayaraq ki Rusiyanın müttəfiqidir, ABŞ üçün Ermənistanda belə bir şərait yaradılıb. Amma Ermənistanda sonuncu yağıntılar zamanı elə də ciddi zərbə dəyməyib. Bu məsələni Karapetyanın qaldırması da aydındır. Karapetyan Moskvada oturub hökumət uğrunda mübarizə aparır. Rusiyanın maraqlarına uyğun olaraq da Amerikanın əleyhinə Ermənistan çərçivəsində bəyanatlar verir. Bioloji məhsulların Azərbaycana da zərəri dəyə bilərmi? Bizim ölkəyə ziyanı dəyə bilməz. Ona görə ki, bu virusları yaymaq üçün xüsusi bu işlə məşğul olmaq lazımdır. Necə ki, nüvə başlıqları, bunun da külək şəklində, tutaq ki, Çernobldakı kimi yaymaq xüsusiyyəti yoxdur. Bu, sadəcə Karapetyan tərəfindən təntənəli şəkildə deyilmiş sözdür. Həm də Ermənistanda hazırda hakimiyyət uğrunda mübarizə gedir. Bir o qədər aktivlik də yoxdur. Xüsusilə də Ukraynadakı bioloji laboratoriyaların Rusiya tərəfindən hədəf götürüləndən sonra burada ciddi fəaliyyəti yoxdur. Amma Amerikanın əsas məqsədi bioloji silah hazırlamaqdan daha çox, Ermənistanı təsir altında saxlamaq və Rusiyanın təsiri altından çıxarmaqdır. Postsovet məkanı üçün Amerikanın belə bir siyasəti var. Arşak Karapetyan da Rusiyanın adamıdır. Hesab edirəm ki, Ermənistandakı yağışdan,  seldən sonra hər hansı bir təhlükə yoxdur. Olsaydı, o hay-küyü ermənilər salardılar, Rusiya məsələni qaldırardı. Belə bir ciddi məsələ yoxdur, Azərbaycan üçün də təhlükəsi yoxdur”. 

Afaq MİRAYİQ,
“Yeni Müsavat” 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR