İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-ın hədiyyə etdiyi skaner İrandan gələn 90 milyonluq heroin “karvanı” aşkarlayıb - TƏFƏRRÜAT

1020 28.11.2025 15:50 Gündəm A A

Azərbaycan-İran sərhədində, Astarada ələ keçirilən 90 milyon dollar dəyərində heroin partiyası sadəcə uğurlu əməliyyat deyil, regionda təhlükəsizlik arxitekturasının necə dəyişdiyini göstərən strateji mesajdır.

ABŞ səfirliyinin rəsmi açıqlamasına görə, bu nəticə 2021-ci ildə ABŞ-ın Hərbi Əməkdaşlıq Qrupu tərəfindən Azərbaycan Gömrük Xidmətinə bağışlanan müasir qatar skaneri sayəsində mümkün olub.

Bu fakt ilk baxışda texniki əməkdaşlıq təsiri bağışlasa da, mahiyyət etibarilə Cənubi Qafqazda böyük güclərin qarşılıqlı maraqlarının kəsişdiyi nöqtənin real təsviridir. Hər il milyonlarla dollar dəyərində narkotik yükünün İran üzərindən Avropaya daşınması fonunda Azərbaycana verilən texniki dəstək həm Vaşinqtonun, həm də Bakının ortaq hədəfini – regionu narkotik tranzit koridorundan çıxarmaq strategiyasını gücləndirir.

ABŞ səfirliyi açıq şəkildə bildirir ki, heroin Estoniyaya gedən yük qatarında gizlədilmişdi və bu, artıq klassik qaçaqmalçılıq deyil, yaxşı təşkil olunmuş, transsərhəd, böyük maliyyə şəbəkələrinin idarə etdiyi bir əməliyyatdır. Yəni Azərbaycana qarşı hər hansı “təsadüfi marşrut”dan söhbət getmir, ölkəmiz bu xəttin qarşısında duran əsas baryerdir.

ARZU SON.jpg (42 KB)

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev Musavat.com-a deyib ki, məsələ üç vacib istiqamətdə dəyərləndirilməlidir:

“Narkotik qaçaqmalçılığı bu regionda təkcə pul dövriyyəsi deyil, həm də siyasi alətdir. İran ərazisindən Avropaya yönələn narkotik şəbəkələrinin uzun illərdir mövcudluğu hər kəsə məlumdur. Yükün Astara sərhədində aşkarlanması, əslində, Azərbaycanın bu qeyri-leqal sistemin tam qarşısında dayandığını bir daha sübut edir.

Narkotik tranziti çox zaman radikal qrupların maliyyələşməsi, region ölkələrini zəiflətmək məqsədilə aparılan qeyri-sabitlik siyasəti ilə paralel işləyir. Yəni bu, milli təhlükəsizlik məsələsidir.

Digər tərəfdən, ABŞ tərəfindən skaner avadanlığının məhz 2021-ci ildə verilməsi təsadüf sayıla bilməz. Həmin il region post-müharibə mərhələsinə girir, sərhəd zonasındakı risklər artırdı. ABŞ bu dəstəklə Azərbaycan dövlətinin sərhəd və gömrük təhlükəsizliyinə investisiya etmiş oldu.

Səfirliyin “əməliyyat hər iki ölkənin təhlükəsizliyinə xidmət edir” mesajı əslində Vaşinqtonun Cənubi Qafqazdakı uzunmüddətli maraqlarına işarədir. Yəni ABŞ anlayır ki, Azərbaycan regionda sabitlik üçün əsas dayaqlardan biridir.

Bir məsələni də vurğulamaq yerinə düşər. 90 milyon dollar təkcə rəqəm deyil, bu, böyük bir şəbəkənin “illik büdcəsi” deməkdir. Bu qədər heroinin Astarada aşkarlanması göstərir ki, Azərbaycan gömrüyü artıq ciddi kəşfiyyat-təhlükəsizlik funksiyasını daşıyan struktura çevrilib. Bu, həm də Azərbaycana qarşı son illər aparılan qarayaxma kampaniyalarına verilən cavabdır. Ölkəmiz narkotik tranzitinə göz yuman yox, onu dayandıran dövlət olduğunu real faktlarla göstərir”.

A.Nağıyev bildirib ki, ABŞ diplomatik missiyası birinci dəfə deyil ki, Azərbaycana verilən texniki dəstəyin nəticələrini vurğulayır:

“Budəfəki bəyanat isə daha geniş mənaya malikdir. İran tranzitindən gələn regional təhlükələrin etirafı, Azərbaycanın regionda təhlükəsizliyin “ön xəttində” durduğunun təsdiqi, Bakının Qərb strukturları ilə əməkdaşlığının real nəticələrinin nümayişidir.

Astarada heroinin ələ keçirilməsi həm də onu göstərir ki, Azərbaycan təkcə özünü yox, regionu qoruyur. Üstəlik, bunu artıq beynəlxalq tərəfdaşları da açıq şəkildə qəbul edir. Söhbət bir skanerin işindən deyil, ölkənin geosiyasi çəkisindən, təhlükəsizlik arxitekturasının möhkəmlənməsindən və narkotik şəbəkələrinə qarşı prinsipial mövqelərindən gedir”.

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR